Məhkəmə qərarları › İş №2(001)-1196/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1196/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1196/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X5, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X2 və X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, giriş 9, məhəllə 3169, 11 saylı evin 31 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmi olaraq Kəpəz rayon qeydiyyat şöbəsində xx xxxxxx 2014-cü il tarixində 431 nömrə ilə qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. O, cavabdehlə evlənərkən mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, giriş 9, məhəllə 3169, ev 11, 31 saylı mənzilə gəlin köçmüşdür. Həmin vaxtdan o, gəlin köçdüyü mənzildə yaşamış, uşaqları da həmin mənzildə doğulmuşdur. Cavabdehin razılığı ilə o və onun uşaqları həmin mənzilə qeydiyyata düşmüşlər. Hazırda cavabdehlə ayrılmışlar, cavabdeh ona həmin mənzildə yaşamağa imkan vermir və onu qeydiyyatdan çıxaracağı ilə hədələyir. Onun və iki azyaşlı uşaqlarının həmin mənzildən başqa yaşamağa evi, mənzili yoxdur. Odur ki, o, həmin evdən istifadə hüququ almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflər xx xxxxxx 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Sonradan tərəflər cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, giriş 9, məh 3169, ev 11, 31 saylı mənzildə yaşamağa başlamışlar. Cavabdeh iradə ifadəsinə əsasən iddiaçı xx xxxx 2015-ci ildə mübahisəli mənzilinə qeydiyyata düşmüşdür. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-1435/2020 saylı qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuşdur. Nikahın pozulmasına dair iddianı İddiaçı özü qaldırmışdır. İddiaçı nikah pozulmamışdan öncə, yəni xx xxxxxx 2018-ci il tarixdən və hazırda da öz atasına məxsus olan Gəncə şəhəri, İ.Məşədizamanoğlu küçəsi, ev 4, mənzil 55-də övladları ilə birgə yaşayır. İddiaçı öz xoşu ilə atası evinə atası ilə birgə xx xxxxxx 2018-ci il tarixində getmişdir. İndi də onun cavabdehə məxsus mənzilə köçürülməsini istəməsi absurddur. İddiaçının hal-hazırda övladları ilə birgə Gəncə şəhərində yaşaması Binəqədi Rayon Məhkəməsinin nikahın pozulmasına dair 2(001)- 1435/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsində də göstərilmişdir. Məhkəmə tərəfindən göndərilən bildirişlər və qətnamə iddiaçının yaşadığı Gəncə şəhərinə getmişdir. Bundan başqa, iddiaçının özünün nikahın pozulması prosesində Binəqədi rayon İcra Hakimiyyətinə göndərdiyi ərizədə həmin İcra Hakimiyyəti və Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi Rayon Məhkəməsinə verdiyi rəylərdən görünür ki, iddiaçı hal-hazırda Gəncə şəhərində övladları ilə birlikdə yaşayır, övladları orada uşaq bağçasına gedir, iddiaçı isə Gəncə şəhər GEM-də həkim işləyir. İddiaçının hal-hazırda məhkəməyə istifadə hüququnun tanınması və köçürülməsinə dair iddia ərizəsində əks olunan məlumatların açıq aydın yalan olması üzə çıxır. Bundan əlavə, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, giriş 9, məh 3169, ev 11, 31 saylı mənzili cavabdeh, iddiaçı ilə nikaha girməmişdən öncə əldə etmişdir. Buna dair Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Çıxarışa əsasən cavabdehin həmin mənzilin tam payçısı olaraq sahiblik hüququ xx xxxx 2014-cü il tarixində (nikaha daxil olma tarixi xx xxxxxx 2014-cü il) qeydiyyatdan keçmişdir. Həmin mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi (vəkilinin) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZ-T seriyalı, 098333 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-T seriyalı, 098332 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 1435/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 431 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli “uşağın yaşayış yerinin müəyyən edilməsi” barədə rəyi nin surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, uşaqların azyaşlı olması və Gəncə şəhərində yaşamaları səbəbindən komissiya iclasında iştirak etməməsinin üzürlü sayılmasını, yazılı izahatının nəzərə alınmasını xahiş etmişdir. O, yazılı izahatında göstərmişdir ki, o, Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant işləyir. Onun cavabdehlə birgə nikahından 5 yaşlı Şərabanu, 3 yaşlı Alxas adlı övladı var. Onların hazırda xüsusi qayğı və qulluğa ehtiyacları vardır. Uşaqların mehriban və xoşbəxt ortamda yaşamaları üçün əlindən gələni edir. Qızının əvvəllər ünsiyyət problemi olmuş, cəmiyyətə uyğunlaşa bilməmişdir. Cavabdehə uşağı bağçaya qoymağı bildirsə də, o, əlavə xərc olacağı baxımından razı olmamışdır. Lakin, qızı hazırda Gəncə şəhərində 53 saylı uşaq bağçasına gedir, ünsiyyətə girməkdən çəkinmir. Cavabdeh uşaqların səhhətində olan problemlərə laqeyd yanaşmış, həkimə aparmamışdır. O, cavabdehdən ayrılıb Gəncə şəhərinə köçdükdən sonra uşaqları aparmış, müalicə etdirmişdir... Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsləhətçisi (hüquqşünas) Elnur Rəhimovun, Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 2 saylı SİƏDnin nümayəndəsi Nəsir Hacıyevin və 2 saylı SİƏD-nin nümayəndəsinin müavini Abbas Xammədovun tərtib etdikləri və öz imzaları ilə təsdiq etdikləri xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, onlar tərəfindən İddiaçı övladları ilə birgə yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı himayəsində olan azyaşlılar ilə birgə yuxarıda yerləşən ünvanda 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayırlar. Mənzilin ümumi sahəsi 40.0 kv.m olmaqla 3 (üç) yaşayış otağından, 1 (bir) mətbəxdən, 1 (bir) açıq və və 1 (bir) örtülü eyvandan hamam və tualetdən ibarətdir. Evin istilik sistemi qaz sobasıdır. Otaqlar təmirlidir. İddiaçı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində laborant vəzifəsində işləyir, gəliri 348 manatdır. Bundan başqa, yuxarıda göstərilən ünvanda aşağıdakı şəxslər də yaşayırlar: X10 – 1957-ci il təvəllüdlü (İddiaçı atası, işləmir, təqaüdçüdür), X6 – 1960-cı il təvəllüdlü (İddiaçı anası, Gəncə Dəmir yolu Xəstəxanasında tibb bacısı işləyir, aylıq gəliri 170 manat), X7 – 1987-ci il təvəllüdlü (İddiaçı bacısı, Gəncə şəhər 53 saylı uşaq bağçasında müəllimə işləyir, aylıq gəliri 348 manat). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Adil Məmmədov küçəsi, ev 11, giriş 9, 31 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxx 2014-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “xxxx” MTK-nın 115 nömrəli xx xxx 2014-cü il tarixli protokoldan çıxarışa, xx xxxx 2014-cü il tarixli 192 nömrəli forma-2 arayışına və 193 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, bina 11, yaşayış sahəsi 40.8 kv.m, ümumi sahəsi 75.78 kv.m olan 2 otaqlı 31 nömrəli mənzil (giriş 9) Cavabdeh adına xx xxxx 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Adil Məmmədov küçəsi, ev 11, giriş 9, 31 saylı mənzildə yaşamışlar. Daha sonra isə tərəflər arasında münasibətlər korlanmış, iddiaçı uşaqları ilə birlikdə Gəncə şəhərinə ailəsinin yanına getmişdir. Bundan sonra isə, iddiaçı nikahın pozulması barədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-1435/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Eyni zamanda, həmin qətnamə ilə uşaqlar iddiaçının yanında qalmış və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı hazırda uşaqları ilə birlikdə Gəncə şəhərində yaşayır, özü Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant işləyir, qızı - xx xxxxx 2015-ci il təvəllüdlü X2 isə Gəncə şəhərində 53 saylı bağçaya gedir. Hazırda isə iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri olmadığına görə cavabdehə məxsus mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini xahiş edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir və bildirir ki, iddiaçı hazırda Gəncə şəhərində atasına məxsus evdə yaşadığından, iddiaçının onun evinə istifadə hüququnun tanınmasına, habelə mənzilə köçürülməsinə hər hansı zərurət qalmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflərin 2014-cü ildə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birlikdə yaşamaqları işin mübahisə olunmayan halıdır, bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla hazırki iddia tələbinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçı və onun övladları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmiş, bu səbəbdən də mübahisəli yaşayış sahəsindən istifadə etmək hüquqları olmuşdur. Lakin, tərəflər arasında nikah xx xxxxxxxx 2020-ci il tarixdə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyindən iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin, buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Məhkəmə, iddiaçının istifadə hüququnun müəyyən müddətə saxlanmasına əsasların olub-olmaması məsələsini də araşdırıraq qeyd edir ki, hazırkı iş materiallarından da görünür ki, iddiaçı uşaqları ilə birlikdə Gəncə şəhərində yaşayır, özü Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant işləyir, qızı - xx xxxxx 2015-ci il təvəllüdlü X2 isə Gəncə şəhərində 53 saylı bağçaya gedir. Bununla da müəyyən olunur ki, hazırkı halda iddiaçının mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq olunması üçün əsaslar da mövcud deyil. Beləliklə, məhkəmə iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının həmin mənzilə ehtiyacının olması iş materialları ilə təsdiqini tapmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin “evdən istifadə hüququnun tanınması” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia tələbinin “mübahisəli mənzilə köçürülmə” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələb iddiaçının mənzilə istifadə hüquqlarının olub-olmaması ilə birbaşa bağlıdır. Belə olan halda, iddiaçının həmin mənzilə istifadə hüquqları tanınmadığına görə iddia bu hissədə də rədd edilməlidir. Bunlardan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə olan halda, məhkəmə qətnaməsi əsasında uşaqların iddiaçının yanında saxlanılmaqla, yaşayış yerlərinin iddiaçının yaşayış yeri olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi uşaqların mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və onların mənzilə köçürülməsi hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları X2 və X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, giriş 9, məhəllə 3169, 11 saylı evin 31 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları X2 və X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, giriş 9, məhəllə 3169, 11 saylı evin 31 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar