Məhkəmə qərarları › İş №2(001)-1229/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1229/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1229/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi Vəkil X1 iştirakı ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2014-cü ildə X3 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ünvan 1 6 mənzil 38 ünvanında yaşamağa başlamışdır. Bir neçə il ərzində yaşadıqdan sonra nikahları xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Son bir neçə ay ərzində onun, həyat yoldaşı F.F.Dadaşovanın cavabdehlərlə mübahisələri yaranmışdır. Nəticədə cavabdehlər onu 2020-ci ilin yayında yaşadığı evdən zorla çıxarmışlar. Onların yaşadığı otaqların giriş-çıxışı ayrı, küçə qapısı isə eynidir. Ev 2 otaq 1 zaldan ibarət olmaqla mətbəx, hamam, tualet ümumi istifadədədir. O, dəfələrlə cavabdehlərdən yaşadığı evdən qanunsuz olaraq çıxarılmasına son verilməsini xahiş etsə də həyat yoldaşı ilə birlikdə yaşadığı evə buraxılmamışdır. Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla heç bir hüquq müəyyənedici sənədi yoxdur. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evi özbaşına tikilidir, evin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Onun övladları ilə birlikdə yaşadıqları ev plana düşdüyündən o, 2009-cu ildə bu evi almışdır. İddiaçı 4-5 ildir ki, onun qızı F.F.Dadaşova ilə nikaha daxil olaraq onun evində yaşayır. Lakin son vaxtlar İddiaçı onun oğlu ilə münasibətləri pozulmuş, nəticədə İddiaçı evdən çıxmağa məcbur olmuşdur. O, hazırda İddiaçı Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evinə köçürülməsinə razıdır. Ona görə də iddia ərizəsini təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 1128 saylı arayışından müəyyən olunur ki, Quliyev X2 qəsəbəsi Gülüstan küçəsi döngə 6 ev 38 ünvanında qeydiyyatsız yaşayır. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 336601 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1623 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə 5 il əvvəl faktiki nikaha daxil olmuş, nikahları xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, nikaha daxil olduqdan sonra ərinin soyadını qəbul etsə də, şəxsiyyət vəsiqəsini dəyişməmişdir. Yaşadıqları ev 2009-cu ildə plana düşdüyündən onlar ünvan 3 ünvanında yerləşən hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evini almış, İddiaçı isə onunla faktiki nikaha daxil olduqdan sonra yaşamağa yeri olmadığından onun yaşadığı evə köçmüş, həmin vaxt onun anası və qardaşı buna etiraz etməmişlər. Lakin 2020-ci ildə qardaşı onlardan evdən çıxmağı tələb etmiş, həmin ilin yay fəslində İddiaçı evdən çıxmağa məcbur olmuşdur. Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evində onun anası, qardaşı, qardaşının arvadı və 3 uşağı yaşayır. Ev 2 otaq 1 zaldan ibarətdir. Böyük zal qardaşının və onun ailəsinin, iki otaq isə anası ilə onun istifadəsindədir. İddiaçı məxsus əşyalar onun otağındadır. İddiaçı başqa yaşayış yeri olmadığından iş yerində, qohumlarının evində gecələməli olur. Ona görə də o, ailə üzvü olan İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evinə köçürülməsinə razıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı F.F.Dadaşova ilə ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinə köçmüş, lakin cavabdehlərlə münasibətləri pozulduğundan iddiaçı yeganə yaşayış sahəsindən çıxmalı olmuşdur. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün yeganə yaşayış sahəsi olan Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət yaşadığından, Cavabdeh1 və onunla birlikdə yaşayan qızı, iddiaçının isə həyat yoldaşı olan F.F.Dadaşova iddiaçının həmin evə köçürülməsinə etiraz etmədiklərindən, digər cavabdehlər məhkəmə iclaslarına gəlməməklə iddia tələbinə qarşı öz etirazlarını bildirmədiklərindən iddia tələbi əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 6-cı döngə 38 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar