Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-123/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29473,34 manat əsas, 17111,11 manat faiz və 14607,32 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15 mart 2020ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 441.72 manat məbləğində borc olmaqla, ümumilikdə 61633,49 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 5 saylı evin, 23 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 5 saylı evin, 23 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 Mikayl qızı arasında xx.xx.2015-ci il tarixli BK001-2015 saylı BA. Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 30 faizdən, kreditin qaytarılması gecikdirildiyi halda isə 60 faiz dərəcəsindən çox olmamaq şərti ilə 120 ay müddətinə 50000 manat və onun valyuta ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli KM001- 2015 saylı kredit müqaviləsi üzrə illik 22%-lə 36 ay müddətinə 22000 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi üzrə 2 saylı əlavə saziş bağlanmış, həmin sazişə əsasən borcalanın kreditor qarşısındakı 17138.8 ABŞ Dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə ( 1 USD = 1.7883 AZN) 30650 manat müəyyən edilmiş, müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 5 saylı evin, 23 saylı mənzili xx.xx.2015-ci il tarixli, SİP001-2015 saylı sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmış, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişə münasibət bildirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - BK001-2015 saylı, xx.xx.2015-ci il tarixli baş kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək 50.000 manat və onun valyuta ekvivalentində kredit limiti ayrılmışdır. - KM001-2015 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 illik 22%-lə 36 ay müddətinə 22000 ABŞ Dolları məbləğində kredit verilmişdir. - ZM001-2015 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcun təminatı olaraq zamin kimi çıxış edir. - SİP001-2015 saylı, xx.xx.2015-ci il tarixli X2 əsasən, tərəflər arasında bağlanmış BK001-2015 saylı, xx.xx.2015-ci il tarixli baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 88.96 kv.m, yaşayış sahəsi 59.84 kv.m. olan, 5 otaqdan ibarət 23 saylı mənzil 80.000 (səksən min) manat məbləğində qiymətləndirilərək, bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 23 İddiaçı ASC-nin “Xəzər” filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. - KM-001-2015 saylı, xx.xx.2015-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən, Cavabdeh1 tərəfindən illik 15%, 2 saylı əlavə sazişə əsasən illik 25% ödənilməsi müəyyən edilmişdir. - KM-001-2015 saylı, xx.xx.2015-cı il tarixli kredit müqaviləsinə 2 saylı əlavə sazişindən görünür ki, Cavabdeh1 iddiaçı qarşısındakı 17138.8 ABŞ Dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə ( 1(bir) USD= 1.7883 AZN) 30650 (otuz min altı yüz əlli) manat təşkil etmiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli QXM 397/M saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 5 saylı evin 23 saylı mənzilinin bazar dəyəri 85000 manat, ilkin satış (likvid) dəyəri 80.000 manat təşkil edir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/239 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 29463,44 manat əsas borc, 18378,88 manat faiz borcu (illik 25%-lə), 437,86 manat faiz borcu (illik 5%-lə) təşkil edir. - maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə 29473.34 manat əsas, 17111.11 manat faiz, 14607.32 manat cərimə borcu, 441,72 manat gecikdirilmiş vaxt üçün faiz məbləği olmaqla, cəmi 61633 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 470.1, 472.2, 739-cu maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 29463.44 manat məbləğində əsas borc (ekspert rəyinə əsasən), 17111,11 manat məbləğində faiz borcu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 441.72 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir. Həmçinin məhkəmə qeyd edir ki, digər Cavabdeh2 (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 iddiaçı-kreditor qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Həmçinin Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyər) məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). - 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. - 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda həmin qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. - 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə münasibətdə hesab edir ki, bu tələb hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı məsələdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Məhkəmə həmçinin cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair münasibətdə hesab edir ki, iddiaçı mənzilin faktiki mülkiyyətçisi olmadığından, bu hüquq yalnız faktiki mülkiyyətçisinə məxsus olduğundan, iddiaçı Bank cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair iddiada haqqlı deyil, bu səbəbdən həmin hissədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1000 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 29463.44 manat məbləğində əsas, 17111,11 manat faiz və 1000 manat cərimə borcu olmaqla, ümumilikdə 47574,55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 88.96 kv.m ümumi, 59.84 kv.m yaşayış və 29.12 kv.m yardımçı sahədən ibarət 5 saylı evin 23 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməli və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməli, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29463.44 manat məbləğində əsas, 17111,11 manat faiz və 1000 manat cərimə borcu olmaqla, ümumilikdə 47574,55 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilsin. Cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 5 saylı evin 23 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilsin və əldə edilmiş pul vəsaiti hesabına borc İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsində yerləşən 5 saylı evin 23 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat ekspertiza xərcin 50%-i, yəni 100 (bir yüz) manatı iddiaçı LPO İddiaçı ASC-dən, qalan 50%-i yəni 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-123/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-123/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver