Məhkəmə qərarları › İş №2(001)-1243/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1243/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1243/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh-a qarşı mənzil tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh-a qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən (dəyişikliklər 01.10.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir), ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... İddia ərizəsində iddiaçının soyadı, adı, atasının adı, ünvanları və telefon nömrəsi göstərilsə də, cavabdehə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbləri tam həcmdə icra edilməmişdir. Belə ki, ilk növbədə cavabdeh hüquqi şəxsin VÖEN-i qeyd olunmamış, vergi ödəyicisinin tam adı göstərilməmişdir. Eyni zamanda iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı da qeyd olunmamışdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində yerləşən 21 mərtəbəli yaşayış evində yerləşən 139 saylı mənzilin iddiaçıya verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin mənasına görə müəyyən kateqoriya mülki-hüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydada müəyyən edilib. Qanun bu halda mülki işin yalnız bu maddədə göstərilən məhkəmələrə aidiyyətini nəzərdə tutur və bu aidiyyət növü müstəsna aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibrətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Sadalanan işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Bununla da, hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın Bakı şəhərinin Nərimanov rayonunda yerləşməsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması üçün hər hansı hüquqi əsas mövcud deyil. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli, 2(005)-5628/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı Cavabdeh-a qarşı mənzil tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsas ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə şikayət vermək hüququnun olmasına baxmayaraq, iddiaçı həmin qərardadı mübahisələndirməmiş və 07.01.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hər hansı məhkəmə tərəfindən iddia ərizəsinin artıq bir dəfə qaytarılması digər məhkəmənin üzərinə həmin iddia ərizəsini qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilməsi öhdəliyini qoymur. Bununla da, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə, eyni zamanda aidiyyət qaydaları pozulduğuna görə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh-a qarşı mənzil tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar