Məhkəmə qərarları › İş №2(001)-1253/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1253/2021

08.04.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1253/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pulların geri ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pulların geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xxxx müqavilənin ləğv edilməsi və cavabdehdən 34000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 14 iyun 2010-cu il tarixində “xxxx” müqavilə bağlanaraq cavabdehə məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən binanın 2-ci girişi, 2-ci mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan , 2 otaqlı 123 saylı mənzil payı ona 34000 manata satılmışdır. Pul vəsaiti tərəfindən tam ödənilmiş və cavabdeh ona 14.06.2010-cu il tarixli maliyyə arayışını təqdim etmişdir. Bir neçə ildən sonra ona məlum olmuşdur ki, həmin mənzil sahəsi başqa şəxsə satılmışdır. Həmin şəxs X5 uzun müddət cavabdehlə mübahisəli münasibətdə olduqdan sonra Yasamal Rayon Məhkəməsnə müraciət etmiş və cavabdeh təşkilata qarşı iddia ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-8003/2017 saylı 15.12.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdehə qarşı irəli sürdüyü tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK tərəfindən inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının 2-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan 123 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmaqla, həmin mənzil Cavabdeh MTK tərəfindən istismara tam hazır vəziyyətdə iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. X3 cavabdehlə münaqişəli münasibətdə olmasını bildiyi halda Yasamal Rayon Məhkəməsinin 2(004)-8003/2017 saylı qətnaməsindən bir müddət sonra məlumatlı olmuşdur. Bundan sonra belə bir qənaətə gəlmişdir ki, cavabdeh həmin mənzil sahəsini ondan əvvəl R.Həsənovaya satmışdır. Bundan sonra cavabdeh təşkilata ərizə ilə müraciət edərək, pullarının geri qaytarılamasını xahiş etsə də, cavbadeh təşkilat tərəfindən buna məhəl qoyulmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 16.11.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin etməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MTK ilə İddiaçı arasında bağlanan 14 iyun 2010-cu il tarixli “xxxx” müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan binanın 2-ci girişi, 2-ci mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 2 otaqdan ibarət 123 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəpul etməyi və qabaqcadan müəyyən olunmuş 34000 manat məbləğində mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilən 14 iyun 2010-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan, 2 otaqlı, 123 saylı mənzilin ümumi pay dəyərinin məbləği 34000 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(004)- 8003/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, iddiaçı X3 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən, Cavabdeh MTK tərəfindən inşa edilən, çoxmərtəbəli yaşayış binasının 2-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.m 123 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmaqla, həmin mənzil Cavabdeh MTK tərəfindən istismara tam hazır vəziyyətdə iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. Həmçinin qətnamədən görünür ki, məhkəmə iclasında iştirak edən Cavabdeh MTKnın nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçı həqiqətən də, Cavabdeh MTK ilə müqavilə bağlayaraq. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın inşa etdiyi binanın 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95,0 kv. m olan 123 saylı mənzili tam dəyərini ödəməklə almışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Həmin qətnamədə sadalanan iş materiallarından görünür ki, Cavabdeh MTK ilə X5 arasında bağlanan “xxxx” 26 may 2007-ci il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa olunan Cavabdeh MTK-nın tikilməkdə olan binasının 123 saylı mənzilini alıcıya verməyi, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 24.02.2020-ci il və 13.11.2020-ci il tarixlərində pretenziya qaydasında müraciət edərək, 123 saylı mənzil üçün ödənilən 34000 manat məbləğində pulunun geri qaytarılmasını xahiş etmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, mübahisə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95,0 kv. m olan 2 otaqlı, 123 saylı mənzillə bağlıdır və işin faktiki halları aşağıdakılardan ibarətdir. 1.İddiaçı cavabdehlə arasında olan 14 iyun 2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi” haqqında müqaviləsinin ləğv edilməsini və həmin mənzilə görə cavabdehə ödədiyi 34000 manat məbləğində pul vəsaitinin ona geri ödənilməsini xahiş edir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-8003/2017- saylı qətnaməsi ilə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95,0 kv. m olan 2 otaqlı. 123 saylı mənzilinə X3 sahiblik və istifadə hüquqları tanınmaqla həmin mənzil MTK tərəfindən istismara tam hazır vəziyyətdə X4 təhvil verilməsi qət edilmişdi.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-8003/2017- saylı qətnaməsində Cavabdeh MTK-nın nümayəndəsi mənzilin X4 məxsus olmasını etiraf etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Göründüyü kimi iddiaçı tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsi 14 iyun 2010-cu il tarixində verilən maliyyə arayışı ilə təsdiq olunur. Həmçinin həmin mənzilin 26 may 2007-ci il tarixində hazırki iddiaçdan əvvəl Həsənova Ruhiyyə Rufulla qızına satılması isə Yasamal Rayon Məhkəməsinin 2(004)-8003/2017-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Belə olduğu təqdirdə məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı faktiki olaraq müqavilədən imtina edərək müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb edir. Bunu da onunla əsaslandırır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, müqavilədə nəzərdə tutulan mənzili ona təhvil verməmiş, üstəlik məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan mənzil digər şəxsə təhvil verilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli predmetini təşkil edən mənzili digər şəxsə satmaqla faktiki olaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməkdən yayınmışdır, həmin mənzil də başqasına artıq təhvil verildiyindən iddiaçının müqavilənin icrasının davam etdirilməsinə marağı itmişdir. Odur ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan “xxxx” 14 iyun 2010-cu il tarixli müqavilə, müqavilədən imtina edilməsi əsası ilə ləğv edilməli, mənzilin dəyəri üçün ödənilmiş 34000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan “xxxx” 14 iyun 2010-cu il tarixli müqavilə ləğv edilməli, 34000 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan “xxxx” 14 iyun 2010-cu il tarixli müqavilə ləğv edilsin. 34000 (otuz dörd min) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar