Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4367/2022 03.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 104 nömrəli Mənzil Tikintisi haqqında müqavilənin ləğv edilməsi və 17250 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 104 nömrəli müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında “C” bloku, 4-cü mərtəbə 38 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı həmin mənzilə görə ümumilikdə 17250 manat pul ödəsə də, sonradan ödəniş etməyi dayandırmışdır. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, mənzili 4 ildən çoxdur ki, təhvil vermir. Bununla bağlı iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ödədiyi 17250 manat məbləğində pulun 15 gün müddətində geri qaytarılmasını, əks halda məhkəməyə müraciət edəcəyini bildirsə də, cavabdeh nə ərizəyə cavab vermiş, nə də ki pulu qaytarmışdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, aralarında olan müqavilə ləğv edilməli və ödədiyi pul geri qaytarılmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı barədə rəsmi məktub göndərilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçının nümayəndəsi-vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Mənzil Tikintisi haqqında 104 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC (icraçı) Sumqayıt şəhəri İB başçısının xx.xx.2016-cı il tarixli, 135 saylı sərəncamı ilə ünvan 1 ünvanına “C” blok, 4-cü mərtəbə, 38 nömrəli mənzili, izolə olunmuş 3 otaqlı payçıya, yəni İddiaçı verir. Müqaviləyə əsasən, mənzilin ümumi sahəsi 80.67 km.m olmaqla, hər 1 kvadratının dəyəri 700 hesablanmaqla, dəyəri 56.469 manat müəyyən edilmişdir. Payçı ilkin olaraq 3000 manat ödəniş etmiş, qalan məbləğ üçün hər ay 891 manat ödənilməklə, kreditin (müqavilənin) müddəti 60 ay müddətinə müəyyən edilmişdir. - pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 17.250 manat məbləğində ödənilmiş pulun geri qaytarılması xahiş edilmiş, əks halda müqavilənin ləğv edilməsi və pul tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Pretenziya məktubu xx.xx.2021-ci il tarixdə imzalanmaqla qəbul edilmişdir. - kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 17273 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin, yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. - 421.2-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 117.1-ci maddəsinə əsasən, kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn ziyanın ödənilməsindən başqa, həm də tərəflərin bağladıqları müqavilənin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddiaçı tərəfindən müqavilədən imtina olunmasından xəbərdar edilməsinə rəğmən, onların aralarında olan müqavilənin şərtlərinə uyğun davranmamış və hüquqi hərəkətləri yerinə yetirməmişlər ki, buna görə də Payçı tərəfindən müqavilədən imtina edilməsinin hüquqi nəticəsi reallaşmamış qalmışdır. Cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilədən imtina etdikdən sonra ona qaytarılmalı olan pul vəsaitindən və həmin vəsaitin mülki dövriyyəyə buraxılması nəticəsində əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 104 nömrəli Mənzil Tikintisi haqqında Müqavilənin 4.2-ci bəndinə əsasən, sifarişçi mənzili nağd olaraq alarsa mənzilin ümumi dəyərini tam ödədikdən sonra müqavilədən imtina etdikdə və ya sifarişçi mənzili kreditlə alarsa və sonra Müqavilədən imtina etdikdə və ya sifarişçi mənzili aldıqdan (müqavilə bağlandıqdan) sonra başqa şəxsin adına dəyişdirmək və ya satmaq istəyərsə və ya sifarişçi kredit öhdəliklərini tam və ya lazımınca yerinə yetirmədikdə mənzilin ödənilən ümumi məbləğinin 10%-i MTK tərəfindən dəbbə pulu tutulacaqdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. Müqavilənin 3.6-cı bəndinə əsasən (kreditin müddəti 60 ay) tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil “Payçı”ya verilənədək Müqavilə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Mənzil Tikintisi haqqında 104 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilməli, müqavilənin şərtlərinə uyğun olaraq, İddiaçı tərəfindən ödənilən ümumi məbləğin 10%-i tutulmaqla, (17 273x10%=1727,3) 15 545,70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Mənzil Tikintisi haqqında 104 saylı xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 15 545,70 (on beş min beş yüz qırx beş manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4367/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4367/2022
03.11.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver