Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1907/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin ləğv edilməsini, Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, 07.06.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulması qət edilmişdir. Cavabdehin ərizəsi əsasında Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, 21.10.2021-ci il tarixli qəradadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 741/2021 saylı, 07.06.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılmaı təzələnmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, pretenziya qaydasına əməl olunmamış, həmçinin cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə binasında olmağına baxmayaraq, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, belə ki, vəkil məhkəmə zalına daxil olmuş və onunla bağlı iclasın başlama vaxtına qədər pandemiya ilə əlaqədar olaraq çöldə gözləməyi, iclas olduqda çağırılacağını bildirmiş, bir qədər vaxt keçdikdən sonra o, zala daxil olduqda, isə iştirakı olmadan baxıldığını, qətnamənin qəbul edildiyini və elektron sistemə vurulduğunu öyrənmişdir. Hesab edir ki, işə baxılarkən tərəflərin çəkişmə prinsipi təmin edilməmiş, Cavabdeh iclasın keçirilməsindən xəbərsiz olmuş, onun izahatı alınmamış, sənədlər təqdim etməsinə şərait yaradılmamış, onun dinlənilmək hüququ pozulmuşdur. Göstərilənlərə əsasən, Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Bunula belə cavabdeh apellyasiya şikayətində yenidən tələblə bağlı hansı qətnamənin qəbulunu istədiyini göstərməmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, cavabdehin iştirakı olmadan işə baxılıb və cavabdehin nümayəndəsi və vəkili kimi o, həmin vaxt məhkəmə binasında olsa da, iclasda iştirakı təmin edilməmişdir. Belə ki, o, məhkəmə zalına daxil olmuş və onunla bağlı iclasın başlama vaxtına qaldığını, pandemiya ilə əlaqədar olaraq çöldə gözləməyi, iclas başladıqda çağırılacağı bildirilmişdir. Bu minvalla o, bir müddət gözləmiş, sonra o, zala daxil olduqda isə iştirakı olmadan işə baxıldığını və qətnamənin qəbul edildiyini və nəticənin də elektron sistemə vurulduğunu öyrənmişdir. Bu səbəbdən, hesab edir ki, çəkişmə prinsipi və cavabdehin dinlənilmə hüququ pozulmuşdur, bununla yanaşı nümayəndə bildirdi ki, cavabdeh mübahisəni barışıq yolu ilə həll etmək istəyir, borc məbləğini ödəmək üçün müəyyən vaxt lazımdır, buna görə də barışıq üçün onlara vaxt verilməsini və məhkəmə baxışının təxirə salınmasın xahiş etdi. Növbəti məhkəmə iclasında nümayəndə cavabdehin borclu olduğu pul vəsaitini əldə edə bilməməsi səbəbindən barışığın baş tutmadığını və şikayətinə mahiyyəti üzrə baxılaraq təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin ediləməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etdi, eyni zamanda tərəflər arasında, həqəqətən də barışıqla bağlı danışıqların olduğunu, barışığın əldə olunması üçün vaxt verilməsi və məhkəmə iclasının təxirə salınmasına o da tərəfdar olduğunu bildirdi, eləcə də rayon məhkəməsində işə baxılıb qətnamə çıxarılan gün cavabdehin vəkilini məhkəmə binasında gördüyünü təsdiq etdi. Sübutların tədiqi: İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 27-ci Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş borcun etirafı haqqında 31 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, İmanov X1 Zəfər Nadir oğlundan 120000 ABŞ dolları məbləğində borc aldığını etiraf etmiş və həmin borcu 30.11.2017-ci il tarixdə qaytaracağına təminat vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 739 və 882-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir. Məhkəmə kollegiyası bildirir ki, caavabdeh apellyasiya şikayətində qətnaməni borcun olması və onun məbləği hissəsində mübahisələndirməmiş, şikayətin əsas dəlili pretenziya qaydasına əməl edilməməsi və rayon məhkəməsi tərəfindən işə baxılarkən onun iştirakının təmin edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin pretenziya qaydasına əməl edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, MPM-in 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməldir. Kollegiya bildirir ki, nə tərəflər arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli müqavilədə mübahisənin məhkəməyə qədər həlli ilə bağlı qayda, nə də Mülki Məcəllənin borc müqaviləsinə dair 739-cu maddəsində pretenziya ilə bağlı qayda nəzərdə tutulmamışdır. Belə olan halda aydın olur ki, cavabdehin şikayətinin həmin dəlili əsassızdır. Kollegiya apellyaiya şikayətinin işə cavabdehin iştirakı olmadan baxılması barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 9.1 maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 9.2. maddəsinə əsasən həmin məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Kolegiya bildirir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil qeyd etmişdir ki, rayon məhkəməsində işə baxılan gün məhkəmə zalına daxil olmuş və onunla bağlı iclasın başlama vaxtına qədər pandemiya ilə əlaqədar olaraq çöldə gözləməyi, iclas olduqda çağırılacağını bildirmişlər. Lakin bir müddət sonra o, zala daxil olduqda isə iştirakı olmadan qətnamənin qəbul edildiyini və elektron sistemə vurulduğunu öyrənmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da rayon məhkəməsində işə baxılıb qətnamə çıxarılan gün cavabdehin vəkilini məhkəmə binasında gördüyünü təsdiq etdi. Beləliklə, Kolegiyanın araşdırmaları ilə müəyyən olmuşdur ki, rayon məhkəməsi tərəfindən işə cabdehin iştirakı olmadan baxılmış, bununla da şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvinə səbəb olan prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinin tələbinə görə də işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bunula da cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin əsaslı olduğu müəyyən olunur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin qətnaməsi prosessual əsasa görə ləğv edilməli, cavabdeh borcun olmasını və onun məbləğini mübahisələndirmədiyindən, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borc ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh 121000 (bir yüz iyirmi bir min) ABŞ dolları ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə manatla və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1907/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1907/2022
22.04.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver