Məhkəmə qərarları › İş №2(102)-4649/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4649/2022

20.09.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4649/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğvi, borcun tutulması) 20.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, borun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1907/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 27-ci Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş borcun etirafı haqqında 31 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən İmanov X1 Zəfər Nadir oğlundan 120000 ABŞ dolları məbləğində borc aldığını etiraf etmiş və həmin borcu xx.xx.2017-ci il tarixdə qaytaracağına təminat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 121.000 ABŞ dolları məbləğində borca pul verib. Bir müddət borcu qaytarmadığı və müxtəlif bəhanələrlə borcu qaytarmaqdan ya yındığı üçün iddiaçı məcbur qalaraq 31 oktyabr 2017-ci il tarixdə onunla borcun etirafı haqqında müqavilə bağlayıb.Belə ki, cavabdeh son dəfə iddiaçıya olan borcunu 30 noyabr 2017-ci il tarixə qədər qaytarmağı söz vermişdi. İddiaçının ona inamı olmadığı üçün borcun etirafı ilə bağlı notariat kontorunda müqavilə bağlamışdır. Buna baxmayaraq cavabdeh yenidən borcunu qaytarmaqdan boyun qaçırır. İddiaçı isə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edib. Qeyd olunanları nəzərə alıb Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günü ABŞ dollarının Azərbaycan manatı nəzərə alınmaqla manatla tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulması qət edilmişdir..

5. Cavabdehin ərizəsi əsasında Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, xx.xx.2021-ci il tarixli qəradadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)741/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

6. Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzən nəsi nəzərə alınmaqla manatla tutulması qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh 121000 ABŞ dolları məbləğində borc vermiş, 31 oktyabr 2017-ci il tarixdə həmin borcu cavabdeh notarial qaydada təsdiq olunmuş müqavilə ilə etiraf etmiş və borcu 1 aydan sonra, 30 noyabr 2017-ci il tarixdə qaytaracağına təminat vermişdir.Lakin bu müddət ərzində borcu qytarmamışdır.Ona görə də məhkəmə iddianı əsaslı heasb etmişdir.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (Bundan sonra MM) 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-741/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiy a şikayəti vermişdir.

10. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, pretenziya qaydasına əməl olunmamış, həmçinin cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə binasında olmağına baxmayaraq, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, belə ki, vəkil məhkəmə zalına daxil olmuş və onunla bağlı iclasın başlama vaxtına qədər pandemiya ilə əlaqədar olaraq çöldə gözləməyi, iclas olduqda çağırılacağını bildirmiş, bir qədər vaxt keçdikdən sonra o, zala daxil olduqda, isə iştirakı olmadan baxıldığını, qətnamənin qəbul edildiyini və elektron sistemə vurulduğunu öyrənmişdir. Hesab edir ki, işə baxılarkən tərəflərin çəkişmə prinsipi təmin edilməmiş, Cavabdeh iclasın keçirilməsindən xəbərsiz olmuş, onun izahatı alınmamış, sənədlər təqdim etməsinə şərait yaradılmamış, onu n dinlənilmək hüququ pozulmuşdur.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, cavabdehin iştirakı olmadan işə baxılıb və cavabdehin nümayəndəsi və vəkili kimi o, həmin vaxt məhkəmə binasında olsa da, iclasda iştirakı təmin edilməmişdir. Belə ki, o, məhkəmə zalına daxil olmuş və onunla bağlı iclasın başlama vaxtına qaldığını, pandemiya ilə əlaqədar olaraq çöldə gözləməyi, iclas başladıqda çağırılacağı bildirilmişdir. Bu minvalla o, bir müddət gözləmiş, sonra o, zala daxil olduqda isə iştirakı olmadan işə baxıldığını və qətnamənin qəbul edildiyini və nəticənin də elektron sistemə vurulduğunu öyrənmişdir. Bu səbəbdən, hesab edir ki, çəkişmə prinsipi və cavabdehin dinlənilmə hüququ pozulmuşdur, bununla yanaşı n ümayəndə bildirdi ki, cavabdeh mübahisəni barışıq yolu ilə həll etmək istəyir, borc məbləğini ödəmək üçün müəyyən vaxt lazımdır, buna görə də barışıq üçün onlara vaxt verilməsini və məhkəmə baxışının təxirə salınmasın xahiş etdi. Növbəti məhkəmə iclasında nümayəndə cavabdehin borclu olduğu pul vəsaitini əldə edə bilməməsi səbəbindən barışığın baş tutmadığını və şikayətinə mahiyyəti üzrə baxılaraq təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin ediləməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmiş, eyni zamanda tərəflər arasında, həqəqətən də barışıqla bağlı danışıqların olduğunu, barışığın əldə olunması üçün vaxt verilməsi və məhkəmə iclasının t əxirə salınmasına o da tərəfdar olduğunu bildirmiş, eləcə də rayon məhkəməsində işə baxılıb qətnamə çıxarılan gün cavabdehin vəkilini məhkəmə binasında gördüyünü təsdiq etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2) 2(103)-1907/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-741/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmiş, Cavabdeh 121000 (bir yüz iyirmi bir min) ABŞ dolları ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə manatla və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət ed ilmişdir.

14. Məhkəmə kollegiyası bildirmişdir ki, caavabdeh apellyasiya şikayətində qətnaməni borcun olması və onun məbləği hissəsində mübahisələndirməmiş, şikayətin əsas dəlili pretenziya qaydasına əməl edilməməsi və rayon məhkəməsi tərəfindən işə baxılarkən onun iştirakının təmin edilməməsi ilə bağlıdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin pretenziya qaydasına əməl edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, MPM-in 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməldir.

16. Kollegiya bildirmişdir ki, nə tərəflər arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli müq avilədə mübahisənin məhkəməyə qədər həlli ilə bağlı qayda, nə də Mülki Məcəllənin borc müqaviləsinə dair 739-cu maddəsində pretenziya ilə bağlı qayda nəzərdə tutulmamışdır. Belə olan halda aydın olur ki, cavabdehin şikayətinin həmin dəlili əsassızdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili R.Abbaszadə, rayon məhkəməsində işə baxılan gün məhkəmə zalına daxil olmuş və onunla bağlı iclasın başlama vaxtına qədər pandemiya ilə əlaqədar olaraq çöldə gözləməyi, iclas olduqda çağırılacağını bildirmişlər. Lakin bir müddət sonra o, zala daxil olduqda isə iştirakı olmadan qətnamənin qəbul edildiyini və elektron sistemə vurulduğunu öyrənmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da rayon məhkəməsində işə baxılıb qətnamə çıxarılan gün cavabd ehin vəkilini məhkəmə binasında gördüyünü təsdiq etmişdir. Beləliklə, kolegiyanın araşdırmaları ilə müəyyən olmuşdur ki, rayon məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan baxılmış, bununla da şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvinə səbəb olan prosessual pozuntuya yol verilmişdir.

18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 427.3, 448.1, 739.1, 882.1, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 387.2.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1907/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (vəkili X4) kassasiya şikayəti vermişdir.

20. Kassator kassasiya şikayətini əsaslandıraraq qey d etmişdir ki, Qanunun normasından görünür ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl tərəf digər tərəfə təklif göndərməli idi. Lakin mülki iş materiallaında olan iddia ərizəsinə əlavə edilmiş qoşmadan da görunür ki, belə bir təklif tərəfə ünvanlanmamışdır. Buna görə də məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. Lakin Apelyasiya Məhkəməsi də qətnaməsində Mülki Məcəllənin qeyd edilən imperativ normasını nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə qeyd edilən halı borc müqaviləsində qeyd edilən halla bağlı hər hansı tələbin olmadığını bildirsə də, qeyd edilən müqavilənin ləğvi və dəyişdirilməsi ilə bağlı birbaşa göstəriş nəzərədə tutulmuşdur.

21. Kassator qeyd etmişdir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi iddiaçı tərəf məhkəməyə hər hansı pretenziya məktubunun göndərilməsi barədə sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kredi tlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyasının mövqeyi onda n ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassator qeyd etmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl tərəf digər tərəfə təklif göndərməli idi. Lakin mülki iş materiallaında olan iddia ərizəsinə əlavə edilmiş qoşmadan da görunür ki, belə bir təklif tərəfə ünvanlanmamışdır. Buna görə də məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. Lakin Apelyasiya Məhkəməsi də qətna məsində Mülki Məcəllənin qeyd edilən imperativ normasını nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə qeyd edilən halı borc müqaviləsində qeyd edilən halla bağlı hər hansı tələbin olmadığını bildirsə də, qeyd edilən müqavilənin ləğvi və dəyişdirilməsi ilə bağlı birbaşa göstəriş nəzərədə tutulmuşdur. Göründüyü kimi iddiaçı tərəf məhkəməyə hər hansı pretenziya məktubunun göndərilməsi barədə sübut təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir.

40. Kollegiya bildirmişdir ki, nə tərəflər arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli müqavilədə mübahisənin məhkəməyə qədər həlli ilə bağlı qayda, nə də Mülki Məcəllənin borc müqaviləsinə dair 739-cu maddəsində pretenziya ilə bağlı qayda nəzərdə tutulmamışdır. Belə olan halda aydın olur ki, cavabdehin şikayətinin həmin dəlili əsassızdırMəhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

41. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1907/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar