Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1264/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun da üçüncü şəxs qismində cəlb olunduqları “zəbt olunmuş mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun da üçüncü şəxs qismində cəlb olunduqları “zəbt olunmuş mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla X5 arasında 11 iyul 2023-cü il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətinə keçmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən ona 12 iyul 2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin vaxtdan sözügedən ünvan onun xüsusi mülkiyyətindədir. 1993-cü ildən Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmış cavabdehlər, yəni Cavabdeh1, X2, Cavabdeh3 məcburi köçkün kimi həmin ünvanda yerləşən mənzili zəbt edərək evdən çıxmaqdan boyun qaçırmışlar. Dəfələrlə özlərinə xəbərdarlıq edilməsinə baxmayaraq həmin ünvanda yaşamağa davam etmişlər. Bu isə onun mülkiyyət hüququnu məhdudlaşdırır. Bu barədə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə Sektoruna müraciət etməsinə baxmayaraq, cavabdehlərin onun xüsusi mülkiyyətindən çıxarılmasına köməklik göstərilməmişdir. Cavabdehlər 1993-cü ildən onun xüsusi mülkiyyətində olan mənzili zəbt etmişlər və hal-hazırda mübahisəli mənzili boşaltmaqdan imtina edirlər. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq o, mülkiyyətində olan mənzilə köçmək istəsə də, həmin mənzili zəbt etmiş cavabdehlər ona məxsus mənzildən istifadə etməsinə imkan vermirlər. O, cavabdehlərdən onun xüsusi mülkiyyətində olan mənzili boşaltmağı tələb etsə də, cavabdehlər yaxın zamanda köçəcəklərini bildirsələr də, bu günə qədər o, öz xüsusi mülkiyyətində olan mənzilə köçə bilməmişdir. Cavabdehlər Şuşa rayonunun işğalından sonra ünvan 1 ünvanında məskunlaşmışlar. Cavabdehlər Şuşa rayonundan məcburi köçkün olsalar da, 31 ildir ki, qanuni əsaslar olmadan onun hazırda xüsusi mülkiyyətində olan mənzili zəbt edərək orada yaşayırlar. Keçən illərdə məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar və normativ-hüquqi aktlar qəbul edilsə də, həmin normativ aktlar onun mənzil (mülkiyyət) hüququnun pozulması üçün əsas ola bilməz. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına və mənzildən istifadə üçün yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektoru məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, 3 saylı evin 75 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan hədiyyə verən X5 ilə hədiyyə alan İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən R.Ağayev Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, ev 3, mənzil 75 ünvanında yerləşən, ümumi sahəsi 56.82 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alan İddiaçı hədiyyə etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o, ərizəsində iddia tələbini qismən qəbul etdiyini, sözügedən mənzildən işğaldan azad edilmiş Şuşa şəhərinə köç etdikdən sonra və avadanlıqlarını ora apardıqdan sonra çıxa biləcəklərini qeyd etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin qərarda göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin qərarda Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Göründüyü kimi istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, X5 ilə İddiaçı arasında xx.xx.2023cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, 3 saylı evin 75 saylı mənzil İddiaçı hədiyyə edilmişdir. Bağışlanma müqaviləsi əsasında İddiaçı daşınmaz əmlak üzərindəki hüquqları qeydiyyata alınaraq, ona xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, ev 3, 75 saylı mənzil cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan zəbt edildiyindən və bununla da iddiaçının qanunla və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, ev 3, 75 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1264/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1264/2025
07.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver