Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4369/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı İrzavan qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İrzavan qızı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Akasya Park”-da A blokunun *** saylı mənzildən cavabdeh1 və cavabdeh2 çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi AR MPM-nin 39.1-ci maddəsinin təsiri dairəsinə düşdüyündən, mübahisə obyekti olan mənzil Sumqayıt şəhəri, Sülh küçəsində yerləşdiryndən tələbə ərazi aidiyyəti baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Həmin qərardaddan iddiaçı İddiaçı İrzavan qızı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad etməklə müstəsna aidiyyət qaydalarının tətbiq olunmalı olduğunu və iddia verilərkən aidiyyət qaydalarına riayət olunmadığını hesab etmişdir. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Akasya Park”-da A blokunun *** saylı mənzildən cavabdeh1 və cavabdeh2 çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia qaldırmışdır. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, onun konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin mahiyyəti müqavilə üzrə yaranmış öhdəliyin icra edilməsi ilə əlaqədardır. İddiaçının mənzilə dair mülkiyyət hüquqları hələ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olduğu təqdirdə işə müstəsna aidiyyat qaydalarına görə daşınmaz əmlakın yerləşdiyi yer üzrə deyil, cavabdehin qeydiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Göründüyü kimi iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin təsiri altına düşən tələblərə müstəsna ərazi aidiyyəti qaydasında daşınmaz əmlakın olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Belə ki, iddianın cavabdeh olan fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsini nəzərdə tutan ümumi ərazi aidiyyəti qaydası yalnız qanunla başqa aidiyyət qaydasının müəyyən edilmədiyi hallarda tətbiq olunur. Kollegiya hazırkı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddiaçı özünə məxsus olduğunu bildirdiyi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsini tələb edir. Mahiyyət etibarılə bu tələb müqavilədənkənar xarakter daşıyır. Mülkiyyətçi ilə əşyanın faktiki sahibi arasında mübahisəli əşyaya dair müqavilə münasibətləri mövcud olduqda isə əşyanın qaytarılması həmin münasibətlərdən irəli gələn tələb əsasında həll edilməlidir. Hazırkı işin materiallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında belə münasibətlər mövcud deyildir. İddiaçı cavabdehlərdən müqavilə öhdəliklərinin icrasını deyil, özünə məxsus olduğunu bildirdiyi əmlakın ona təhvil verilməsini tələb edir. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Beləliklə hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı İrzavan qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-4369/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4369/2026
21.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver