Məhkəmə qərarları › İş №2(3-1)-171/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-171/2026

21.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-171/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayət (Açar sözlər: iş üzrə icraata xitam qərardadından şikayət) Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. Iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vətəndaş Cavabdeh X1 məxsus 1 otaqlı mənzildən məcburi çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

3. Həmin qərardaddan iddiaçının nümayəndəsi Vəkil/Nümayəndə şikаyət verərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardadının ləğv edilməsi, işə yenidən baxılarkən: ##.##.2022-ci il tarixli ** nömrəli kirayə müqaviləsinə hüquqi qiymət verilməsi, X10 Idarəsinin əməkdaşlarının tərtib etdiyi aktın araşdırılması və həmin aktı imzalamış şəxslərin şahid qismində dindirilməsi, mübahisəli yaşayış sahəsinin faktiki vəziyyəti, o cümlədən orada yaşayan şəxslərin hüquqi vəziyyətinin araşdırılması, təqdim olunmuş sübutların MPM-in tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyətin əsassız hesab edilərək təmin edilməməsi və mülki işlə birlikdə bаxılmаsı üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən məlum olur ki, iddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X4 Idarəsinin cavabdehlər X7, Cavabdeh, X14, X9, X5, X3, X11 və X8 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X2 Idarəsinin ünvan 2 ünvanında yerləşən yataqxanasından cavabdehlər X7, X14 və X9 məcburi qaydada çıxarılmış, iddia tələbi cavabdehlər Cavabdeh, X5, X3, X11 və X8 münasibətdə əsassız olduğundan rədd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda kassasiya şikayəti verilmiş və həmin qətnamədən şikayət təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Işin araşdırması zamanı sübut təqdimi üçün dəfələrlə şərait yaradılsa da, iddiaçı tərəfin nümayəndəsi cavabdehin istifadəsinə məhz həmin yataqxanada olan evin 2 otağının verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, bununla bağlı əllərində hər hansı sənəd olmadığını bildirmişdir. Müəyyən edilmişdir ki, hazırki cavabdehin məcburi çıxarılması tələb olunan ev elə məhz Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə rədd edilmiş iddia tələbi üzrə eyni mənzil olmuşdur. Yəni eyni qaydada eyni tərəflər arasında mövcud qətnamə olduğu halda iddiaçı tərəf yenidən məhkəməyə eyni tələblə müraciət etmişdir. Iddiaçı tərəf iddia ərizəsinin əsaslandırmasında ünvan 1 ünvanında yerləşən yataqxanada 1-ci giriş, 3-cü mərtəbədə 2 ədəd ayrı ayrılıqda olan 1 otaqlı evdən cavabdehin çıxarılmasını istədiklərini qeyd etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi eyni əsaslarla eyni tərəflər arasında mövcud qətnamə olduğu halda iddiaçı tərəf yenidən məhkəməyə eyni tələblə müraciət etmişdir. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətin dəlilləri

6. Iddiaçı tərəf şikayəti onunla əsaslandırmışdır ki, əvvəla, məhkəmənin istinad etdiyi əvvəlki məhkəmə qətnaməsi ilə hazırkı işin predmeti eyni deyildir. Əvvəlki işdə mübahisə yalnız bir neçə şəxsin, o cümlədən Cavabdeh yaşayış yerindən çıxarılması ilə bağlı olmuşdur. Həmin qətnamədə mübahisəli bir otaqlı yaşayış sahəsi ümumiyyətlə mübahisə predmeti olmamış, həmin bir otaq barədə araşdırma aparılmamış və qətnamənin nəticə hissəsində həmin bir otaqla bağlı heç bir qərar qəbul edilməmişdir. Bu səbəbdən həmin qətnamənin hazırkı mübahisəyə preyudisial təsir göstərməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsi yalnız əvvəlki işdə araşdırılmış və müəyyən edilmiş hallara tətbiq oluna bilər. Ikincisi, birinci instansiya məhkəməsi əvvəlki işin predmeti ilə hazırkı işin predmetini müqayisə etmədən qanunsuz olaraq icraata xitam vermişdir. Üçüncüsü, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən ## ###### 2022-ci il tarixli ** nömrəli kirayə müqaviləsi iş materiallarında olduğu halda, məhkəmə həmin sənədə heç bir hüquqi qiymət verməmişdir. Bu isə MPM-in 88-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Dördüncüsü, məhkəmənin hazırlıq iclasında Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X10 Idarəsinin yataqxanasında yaşayan və işləyən 5 əməkdaş tərəfindən tərtib edilmiş akt məhkəməyə təqdim edilmişdir. Həmin akt mübahisənin düzgün həlli üçün mühüm sübut olduğu halda, məhkəmə həmin aktı araşdırmamış və hüquqi qiymət verməmişdir. Beşincisi, həmin aktı imzalamış şəxslərin şahid qismində dindirilməsi təmin edilməmiş, bu barədə qərardad qəbul olunmamışdır. Nəticədə MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipi, 14-cü maddəsində nəzərdə tutulan işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipi pozulmuşdur. Altıncısı, qərardadda iddiaçının adı düzgün göstərilməmişdir. Belə ki, iş üzrə iddiaçı Naxçıvan MR FHN-in X10 Idarəsi olduğu halda, qərardadda Naxçıvan MR FHN-in X2 Idarəsi göstərilmişdir. Bu uyğunsuzluq məhkəmənin iş materiallarını lazımi diqqətlə araşdırmadığını göstərən prosessual pozuntudur. Yeddincisi, məhkəmə yaşayış sahəsinin faktiki istifadə vəziyyətini də araşdırmamışdır. Belə ki, hazırda cavabdeh Cavabdeh bir neçə ildir ki, faktiki olaraq həmin yaşayış sahəsində yaşamır. O, Bakı şəhərində yaşayır və yalnız arabir həmin ünvana gəlib-gedir. Mübahisəli otaqdan isə faktiki olaraq onun qızı və kürəkəni istifadə edirlər.

7. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyətin əsassız hesab edilərək təmin edilməməsi və mülki işlə birlikdə bаxılmаsı üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

11. Maddə 261.0 Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: - 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

12. Maddə 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

13. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

14. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb

15. qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

16. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. IV. Məhkəmə kollegiyasının mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, MPM-in 261.0.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduqda, məhkəmə həmin mübahisəyə yenidən baxa bilməz və iş üzrə icraata xitam verməlidir. Bu norma hüquqi müəyyənlik (res judicata) prinsipinin prosessual ifadəsi olmaqla, artıq məhkəmə tərəfindən qəti həll olunmuş hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin qarşısını almağa xidmət edir. Həmin prinsipin məqsədi yalnız tərəflərin eyni mübahisəni dəfələrlə məhkəmə baxışına çıxarmasının qarşısını almaq deyil, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və hüquq münasibətlərinin davamlılığını təmin etməkdir.

19. Iş materiallarından müəyyən olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Idarəsinin, digər şəxslərlə yanaşı hazırkı cavabdeh Cavabdeh qarşı mənzildən məcburi çıxarılma tələbi üzrə iddiasına baxılmış, həmin qətnamə ilə Cavabdeh münasibətdə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.

20. Bununla yanaşı, hazırkı iş üzrə də iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən həmin yataqxana binasındakı yaşayış sahəsindən məcburi çıxarılmasını tələb etmişdir. Beləliklə, tərəflərin eyniliyi baxımından əvvəlki və hazırkı mübahisə arasında əsaslı fərq müəyyən edilmir. Hazırkı cavabdeh Cavabdeh əvvəlki işdə də cavabdeh qismində iştirak etmiş və onun həmin yaşayış sahəsindən çıxarılması məsələsi artıq məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.

21. Iddiaçı tərəfin şikayətində irəli sürdüyü əsas arqument ondan ibarətdir ki, əvvəlki məhkəmə işində hazırda mübahisələndirilən bir otaqlı yaşayış sahəsi ayrıca predmet kimi araşdırılmamış, həmin otaqla bağlı nəticə hissəsində ayrıca qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası bu arqumenti qiymətləndirərkən ilk növbədə nəzərə alır ki, məhkəmə aktının hüquqi qüvvəsinin müəyyən edilməsi yalnız onun nəticə hissəsində ayrı-ayrı əmlak vahidlərinin ayrıca sadalanıb-sadalanmaması ilə məhdudlaşdırıla bilməz. Bunun üçün əvvəlki məhkəmə araşdırmasının faktiki və hüquqi çərçivəsi, tərəflərin tələbləri, mübahisənin aid olduğu yaşayış sahəsi və həmin sahədən cavabdehin çıxarılmasının tələb olunub-olunmaması kompleks şəkildə müəyyən edilməlidir.

22. Hazırkı işdə isə birinci instansiya məhkəməsi iş materiallarını araşdırmaqla müəyyən etmişdir ki, hazırkı cavabdehin çıxarılması tələb olunan yaşayış sahəsi əvvəlki məhkəmə işində mübahisələndirilmiş və həmin iş üzrə Cavabdeh münasibətdə mənzildən məcburi çıxarılma tələbi rədd edilmişdir. Iddiaçı tərəf isə hazırkı iş üzrə həmin yaşayış sahəsinin əvvəlki işdə mübahisə predmeti olan yaşayış sahəsindən fərqli olduğunu təsdiq edən, bu fərqi obyektiv şəkildə müəyyən etməyə imkan verən hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir.

23. Xüsusilə nəzərə alınmalıdır ki, iş üzrə sübutların təqdim edilməsi üçün tərəfə prosessual imkan yaradılmasına baxmayaraq, iddiaçı tərəf Cavabdeh Yaqul oğlunun məhz iddia ərizəsində göstərilən iki otaqdan birinin və ya ayrıca bir otaqlı yaşayış sahəsinin istifadəsinə hansı hüquqi əsasla buraxıldığını, həmin yaşayış sahəsinin əvvəlki işdə mübahisə edilmiş mənzildən faktiki və hüquqi baxımdan fərqləndiyini təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Əksinə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar mübahisəli yaşayış sahəsinin əvvəlki məhkəmə qətnaməsində həll edilmiş mübahisənin əhatəsində olduğunu göstərir.

24. Iddiaçı tərəfin ## ###### 2022-ci il tarixli, ** nömrəli kirayə müqaviləsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hər bir təqdim edilmiş sübutun ayrıca araşdırılması və qiymətləndirilməsi məhkəmənin iş üzrə yekun nəticəsinin həmin sübutun mövcudluğundan asılı olduğu hallarda əhəmiyyət kəsb edir. Lakin iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsi əsasında xitam verilməsi üçün zəruri olan prosessual maneə müəyyən edildikdə, məhkəmənin sonradan həmin mübahisənin mahiyyəti üzrə həllinə yönəlmiş bütün sübutları ayrıca araşdırmaq və onların əsasında maddi hüquqi nəticəyə gəlmək vəzifəsi yaranmır. Çünki icraata xitam verilməsi işin mahiyyəti üzrə yeni qərarın qəbul edilməsini deyil, eyni mübahisənin təkrar məhkəmə baxışına çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur.

25. Eyni zamanda, iddiaçı tərəfin X10 Idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktın məhkəmə tərəfindən araşdırılmaması və həmin aktı imzalamış şəxslərin şahid qismində dindirilməməsi barədə dəlilləri də hazırkı şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin sübutlar mübahisəli yaşayış sahəsinin faktiki vəziyyətinin, orada kimlərin yaşamasının və ya istifadə etməsinin müəyyən edilməsinə xidmət etsə belə, MPM-in 261.0.2ci maddəsinin tətbiqi üçün əhəmiyyətli olan əsas məsələ əvvəlki qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu və hazırkı iddianın həmin qətnamə ilə həll edilmiş mübahisə ilə eyniliyidir.

26. Başqa sözlə, tərəfin təqdim etdiyi sübutların mahiyyəti üzrə araşdırılması yalnız məhkəmənin mübahisəyə mahiyyəti üzrə baxmaq səlahiyyətinin mövcud olduğu halda əhəmiyyət kəsb edir. Qanuni qüvvəyə minmiş qətnamə ilə artıq həll edilmiş eyni mübahisənin yenidən məhkəmə baxışına çıxarılması prosessual baxımdan yolverilməz hesab edildikdə isə həmin sübutların sonradan araşdırılması iş üzrə hüquqi nəticəni dəyişdirə bilməz.

27. Iddiaçı tərəfin şikayətində göstərilən şahidlərin dindirilməməsi ilə bağlı dəlilə də eyni mövqedən yanaşılmalıdır. Şahid ifadəsi iş üçün əhəmiyyətli faktların müəyyən edilməsinə xidmət edən sübut vasitəsi olsa da, şahidin dindirilməsi zərurəti yalnız işə mahiyyəti üzrə baxılması mümkün olduğu halda ortaya çıxır. Hazırkı halda isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni yaşayış sahəsinə dair məcburi çıxarılma tələbi artıq qanuni qüvvəyə minmiş qətnamə ilə həll edilmişdir.

28. Həmçinin məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərardadında iddiaçının adının “Naxçıvan MR FHN-in X2 Idarəsi” kimi göstərilməsi əvəzinə “Naxçıvan MR FHN-in X10 Idarəsi” olması barədə şikayətçinin dəlili formal xarakter daşıyır. Qərardadda tərəfin adının bu şəkildə qeyd edilməsi işin nəticəsinə təsir edən və məhkəmə aktının ləğvini şərtləndirən mahiyyətli prosessual pozuntu deyil, aşkar texniki xarakter daşıyan yazı səhvi kimi qiymətləndirilməlidir.

29. Kollegiya bir daha qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli əsas məsələ iddiaçı tərəfindən təqdim edilmiş hər bir sübutun mahiyyəti üzrə qiymətləndirilməsi deyil, ilk növbədə hazırkı iddianın qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli qətnamə ilə həll edilmiş mübahisədən hüquqi və faktiki baxımdan fərqlənib-fərqlənməməsidir. Birinci instansiya məhkəməsi həmin məsələni araşdırmış və hazırkı iş üzrə tələb olunan yaşayış sahəsinin əvvəlki məhkəmə işində mübahisələndirilən yaşayış sahəsi ilə eyni olduğu qənaətinə gəlmişdir.

30. Məhkəmə kollegiyası da iş materiallarının məzmunundan çıxış edərək hesab edir ki, iddiaçı tərəf hazırkı iş üzrə əvvəlki məhkəmə qətnaməsinin hüquqi qüvvəsindən kənarda qalan yeni və müstəqil mübahisə predmetinin mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Iddia ərizəsində yaşayış sahəsinin “1-ci giriş, 3-cü mərtəbədə yerləşən iki ayrı-ayrı bir otaqlı evdən biri” kimi təsvir edilməsi əvvəlki məhkəmə mübahisəsinin konkret yaşayış sahəsinə aid olması barədə məhkəmənin gəldiyi nəticəni təkzib edən kifayət qədər əsas yaratmır.

31. Beləliklə, iş materialları ilə müəyyən edilmiş hallar göstərir ki, əvvəlki məhkəmə qətnaməsi ilə hazırkı işdə tələb olunan məcburi çıxarılma tələbinin tərəfi olan Cavabdeh həmin yataqxanadakı yaşayış sahəsindən çıxarılması məsələsinə artıq hüquqi qiymət verilmiş, iddia tələbi onun barəsində rədd edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Iddiaçı tərəf isə sonrakı müraciəti ilə əvvəlki qətnamə ilə həll edilmiş hüquqi vəziyyəti aradan qaldırmağa yönələn eyni məzmunlu tələb irəli sürmüşdür.

32. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı nəticə yalnız iş materiallarında müəyyən edilmiş və əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə əhatə olunan hüquq münasibətinə aiddir və iddiaçı tərəfin gələcəkdə əvvəlki mübahisədən fərqli yeni hüquqi və faktiki hallar əsasında, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməklə müstəqil tələb irəli sürmək imkanını istisna etmir. Lakin belə halda yeni tələbin hüquqi və faktiki əsasları əvvəlki qətnamə ilə həll edilmiş mübahisədən aydın şəkildə fərqlənməli və MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulan eynilik meyarları mövcud olmamalıdır.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar