Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1265/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixində cavabdehlə rəsmi nikah bağlanmışdır. Nikahları İsmayıllı rayon VVADQ şöbəsində qeydə alınmışdır. Nikah bağlanandan sonra cavabdeh mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilinə köçüb, orada yaşamağa başlamışdır. Qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2004-cü il tarixli məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən mənzil ünvan 4ş xx.xx.2006-cı il tarixli 4Ə-2-302 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdə onun adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Göründüyü kimi, adı çəkilən mənzil onunla cavabdehin arasında nikah bağlandıqdan əvvəl alınıb və onun şəxsi əmlakıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 5693/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Halhazırda cavabdeh onun mülkiyyətində olan mənzilə yaşayır, həmin mənzilin giriş qapısının qıfılını dəyişdirib və onu öz mənzilinə buraxmır. Cavabdeh, hətta mənzilində qalmış onun mövsümü paltarını, sənədlərini, mənzilin sənədlərini qaytarmaqdan imtina edir. Bu səbəbdən o, qohumlarının evində qalmağa məcburdur. Bildirir ki, onunla cavabdeh arasında mənzildən istifadə hüququna dair hər hansı bir yazılı razılaşma əldə edilməmişdir. Bildirir ki, DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2004-cii il tarixli məktubuna əsasən, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 7, 10 saylı mənzil qeydiyyatdan keçirilmiş və hazırda mülkiyyətindədir. Beləliklə, cavabdeh özünün mülkiyyətində olan mənzilini icarəyə verərək, onun mülkiyyətində olan mənzildə yaşayır və onu həmin mənzilə buraxmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2007-ci il tarixdə tərəflər birgə nikaha daxil olmuşlar xx.xx.2024-cü il tarixdə aralarındakı nikah pozulmuşdur. İddiaçı xx.xx.2007ci il tarixdə mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almış və xx.xx.2024-cü il tarixdə mənzilə çıxarış almışdır. Mənzil birgə nikah dövründə əldə olunmamışdır, yəni, tərəflərin birgə mülkiyyəti deyil. Cavabdeh imkan vermir iddiaçı evinə daxil olsun, evi yandırmaqla hədələyir. Cavabdeh həmin evə gəlin köçüb. Həmçinin qeyd etdi ki, cavabdehin özünün mənzili var, lakin evdən çıxmaq istəmir. Həmçinin iddiaçı hazırda həm aliment ödəyir, həm də evindən istifadə edə bilmir. Belə ki, iddiaçı hazırda qardaşının evindən istifadə edir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh 05 fevral 2025-ci il tarixdə vermiş olduğu iddia tələbinə dair etiraz ərizəsini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı “mənzildən çıxarılmağa dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərir ki, o, xx.xx.2007-ci il tarixdə onunla rəsmi nikah bağlamış, bu nikah İsmayıllı rayonu VVADQ şöbəsində qeydə alınmış, nikah bağlanandan sonra o, iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilə köçmüş, orada yaşamış, hal-hazırda da orada yaşayır. İddiaçı daha sonra iddia ərizəsində göstərir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2004-cü il tarixli məktubuna əsasən ünvan 6 ünvanında yerləşən mənzil ünvan 4ş xx.xx.2016-cı il tarixli 4Ə-2-302 reyestr nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən xx.xx.2007ci il tarixdə onun adına qeydiyyatdan keçmiş və hal-hazırda da onun mülkiyyətindədir. İddiaçı daha sonra iddia ərizəsində göstərir ki, adı çəkilən mübahisəli mənzil nikah bağlandıqdan əvvəl alınmış və onun şəxsi əmlakıdır. İddiaçı həmçinin bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2(001)-5693/2024 saylı qətnaməsi ilə onunla aralarında bağlanmış nikah pozulmuş, hal-hazırda o, iddiaçının mülkiyyətində olan mənzildə yaşayır, onu mənzilə buraxmır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad edərək onun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzilindən çıxarılmağına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Hesab edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi “mənzildən çıxarılmağa dair” iddia ərizəsi əsassız və qanunsuz olduğuna görə rədd edilməlidir. İddia tələbindən də görünür ki, o, həmin mənzilə 2007-ci il tarixindən etibarən və hal- hazırda da yaşamağa davam edir. Onu da bildirir ki, barəsində mübahisə olunan mənzil onun valideynləri tərəfindən alınmışdır. Belə ki, həmin vaxt nikah bağlananadək yetkinlik yaşına çatmadığı üçün, həmçinin iddiaçı ilə qohumluq münasibətlərində olduğu üçün iddiaçıya inandıq və həmin mənzil valideynləri tərəfindən pulu ödənilməklə iddiaçının adına alınmış və bu barədə də iddia tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Həmçinin bildirdi ki, onun adına heç bir mənzil yoxdur. Əvvəl bacısına məxsus müvəqqəti onun adına keçrilmişdir, sonradan bağışlama yolu ilə keçib bacısının adına. Ona görə də qanunların normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi təmamilə əsassiz olmaqla qanunun normalarına ziddir. Ona görə də iddia tələbi təmamilə qanunsuz və əsassız olduğuna görə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 həm özü tərəfindən, həm də nümayəndəsi olduğu Cavabdeh tərəfindən verilmiş etiraz ərizələrində göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki, cavabdehin həmin mənzildə istifadə hüququ var. O, 2007-ci ildən həmin mənzilə gəlin köçüb və daimi olaraq yaşamaqdadır. Bundan əlavə bildirdi ki, qeyd edilən mübahisəli mənzil cavabdehin anası tərəfindən alınıb. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 504907 nömrəli, 03 dekabr 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5693/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 51.84 kv/metr Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci Mikrorayon, 3123-cü məhəllə, ev 3a, mənzil 39 (Yeni qaydalarla: AZ1115, ünvan 11 29, M2, m1) xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 3a, 39 saylı mənzil ünvan 4ş xx.xx.2006-cı il tarixli 4Ə-2-302 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözgedən mənzilə dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 7, 10 saylı mənzil qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh ilə iddiaçı xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girdikdən sonra cavabdeh İddiaçı xüsusi mülkiyyətdində olan ünvan 2 ünvanında yerləşən mənzilinə köçüb, orada yaşamağa başlamış və hal-hazırda da yaşamağa davam edir. Hazırkı mübahisə ər arvad olmuş tərəflər arasında mənzildən çıxarılma ilə bağlı olduğundan məhkəmə hesab edir ki, ilk növbədə mənzildən çıxarılması tələb edilən şəxsin həmin mənzilə hər hansı hüququnun olub olmaması araşdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.”. Tərəflər arasında olan münasibətlərin 2009-cu ilin oktyabr ayının 1-dək, konkret olaraq 2007-ci ildə yarandığı nəzərə alındıqda, istifadə hüququ ilə bağlı məsələləri Mülki Məcəllənin 228-ci maddəsi tənzimləyir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından cavabdehin sözügedən mənzilə dair istifadə hüquqları mövcuddur. Həmin maddədə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Göründüyü kimi məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyyətçisi ilə ya notariat qaydasında müqavilə bağlanmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdır. Hazırkı halda mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətinədir, cavabdeh isə iddiaçının keçmiş ailə üzvü hesab edilir. Odur ki, yuxarıda qeyd olunan hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları mövcuddur və bu hüquqlar mövcud olduğu halda onun mənzildən çıxarılması qanuni hesab edilə bilməz. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır Həmin maddədə göstərilən digər şəxslərin istifadə 4 hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Cavabdeh V.X isə iddiaçının gəlini olmaqla, mübahisəli mənzilin mülkiyyətçisi olan qayınatasının ailə üzvləri sırasına daxil deyil və onun mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iuddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 10 ünvanında (yeni qaydalarla: AZ1115, ünvan 11 29, M2, m1) yerləşən mənzildən Cavabdeh çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1265/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1265/2025
03.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver