Məhkəmə qərarları › İş №2(001)-1270/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1270/2021

08.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1270/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə, ödənilməmiş əmək haqqının bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktorunun Korkmaz Mustafanın 19.10.2020-ci il tarixli K-39/20 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması, Cavabdeh MMC-nin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb cavabdeh tərəfindən ona ödənilməsi və ona işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09.02.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktru Korkmaz Mustafanın 19.10.2020-ci il tarixli K-39/20 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması, Cavabdeh MMC-nin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqının həmçinin istifadə olunmamış məzuniyyət haqlarının MMC tərəfindən ona ödənilməsi, işlədiyi 2019-cu ilin iyun ayından 19.10.2020-ci il tarixədək olan müddətdə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildən Cavabdeh MMC-nin Bakı şəhərində həyata keçirdiyi çoxmərtəbəli bina inşaatında suvaqçı vəzifəsində çalışır. MMC-nin rəhbərliyi işçilərlə əmək müqaviləsini qısa müddtli 5 ay müddətinə bağlamışdır. Hər 5 aydan bir əmək müqaviləsinin müddəti uzadılmışdır. Sonuncu dəfə MMC ilə arasında bağlanmış əmək müqaviləsi 05 avqust 2020-ci ili tarixində 5 aylılq, yəni 30 dekabr 2020-ci il tarixinədək bağlanmışdır. Əmək müaviləsinə əsasən bir aylıq əmək haqqı 295 manat təşkil etsə də, şirkət rəhbərliyi ilə arasında olan ilkin anlaşmaya əsasən işçilərin əmək haqqı günəmuzd müəyyən edilmişdir. Bir günə görə onlara 25 manat əmək haqqı ödənilmişdir. Bir ay üçün ona ödənilməli olan əmək haqqının məbləği 700-750 manat təşkil etməli idi. 1 sentyabr 2020-ci il tarixdən bəri MMC-nin rəhbərliyi ona ona və digər əməkdaşlara əmək haqqını vermir, hər gün bir bəhanə ilə gecikdirmişdir. Bundan başqa o, qanunla müəyyən edilmiş əmək haqqından belə istifadə etməmişdir. O, hər gün şirkət rəhbərliyindən əmək haqqını tələb etsə də, ona 1 manat belə pul verilməmişdir. 17 oktyabr 2020-ci il tarixində o şirkətin tikinti işlərinin rəisi Çingizdən pulu tələb etdikdə o, şirkət rəhbərliyi tərəfindən pul verilmədiyini və biraz gözləməli olmasını qeyd etmişdir. O da, rəisə bildirmişdir ki, onda inşaatdan laqonda daşı götürüb satıb, pula çevirəcək. O da başqa çarə görməyib inşaata daxil olmuş, 10-20 laqonda daşı götürərək oradan çıxmışdır. Oradan çıxdığında mühafizəçi və sahə rəisi onu saxlamış və izahatını almışlar. Yazdığı izahatında səhv hərəkət etdiyini sabaha gəlib pulunu alacağını bildirmişdir. O da, onlara inanıb izahat yazmışdır ki, şirkətdən laqonda daşı götürmüşdür.19 oktyabr 2020-ci il tarixində işə getdiyi zaman əmək haqqısını tələb etsə də, şirkət rəhbərliyi ona əmək haqqını verməkdən imtina etmişdir. Ona hədə qorxu gələrək tutduracaqlarını bildirmişlər. Ondan işdən çıxması ilə bağlı komputerdə yazılmış hazır ərizəyə imza etməli olduğu göstərilmişdir. O da onları təzyiqi altında işdən çıxarılması barədə ərizəyə imza etdirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi əldə etdikdən sonra ona məlum olmuşdur ki, o, MMC-nin direktorunun 19.10.2020-ci il tarixli K-39/20 saylı əmri ilə işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. O, heç bir əmək haqqı cədvəlinə imza etməmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək, işinə bərpa edilməsi, müqavilədə ona günə 25 manat, 2019-cu il iyun ayından 2021-ci ilin oktyabr ayına qədər maaş cədvəlinə qol çəkmədiyi və almadığı maaşın ona verilməsi, 17 oktyabr 2020-ci il tarixdən məhkəmənin qərar qəbul etdiyi tarixə kimi maaşının , ona vurulan maddi və mənəvi zərərin tam ödənilməsi, ona tuzaq quraraq, başqa obyektə göndərmək bəhanəsi ilə ərizə yazdırıb, işdən azad edərək 20000 manata yaxın pulunu ona verə bilmədiklərini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, orada 2007ci ildən bəri işləmişdir. Qəlibçi və suvaqçı kimi işləmişdir. Onun xəbəri olmadan cavabdeh müailəni 5 aydan bir dəyişmişdir. Ona heç vat əmək müqaviləsi təqdim edilməmişdir. Sadəcə hər hansı sənədləşmə zamanı müvafiq sənədlərə imza etmişdir. O sadəcə ona təqdim edilən sənədlərə qol çəkilmişdir. Bu zamana kimi onu aldatmışlar.O şirkət rəhbərliyi ilə dost münasibətində olmuşdur. Ona heç bir cədvələ imza etdirilməmişdir. 2019-cu ildə sadəcə 100 manat pul almışdır. Hətta mübahisə etmişdir ki, o efirə çıxmalıdır. 20 yanvar günü münasibəti ilə efirə çıxmalı idi. Özü şairdir. Onlarla mübahisə etmişdir. 2019-cu ilin dekabr ayının axırında 2020-ci ilin yanvar ayının əvvəlində qəsdən onu döydürmüşlər. Onları eyni zamanda polisə də vermişdir. İndi artıq o işi istəmir. Ona qarşı təzyiq olundu. Pis sözlərlə təhqir olundu. Ona dedilər ki, get neyniyirsən elə. Onun millətini eşşək adlandırdılar. O vətənpərvər mahnı yazsa da aranjıman elətdirməyə pul tapa bilmədi. 2020-ci ilin 15 oktyabrında veriləvək pul verilmədi. Sonra dedilər ki, pul olmayacaq. Girişçıxışa qol çəkərək sahə rəisinin yanına getmişdir. Sahə rəisinə demişdir ki, pulu yoxdur və efirlər ödənişlidir. 20 yanvarda verilişi olsa da yeri boş qalmışdı. Efirə çıxa bilməmişdir. O, heç bir maaş cədvəlinə qol çəkməmişdir. Maaşının verilməsini istəyir. O, gününə 25 manatdan işləmişdir. Mübahisələrdən sonra 100 manat ödəniş etdilər. Əvvəllər cədvəl var idi və qol çəkilirdi. Baxırdı ki, pulunu düz yazıblar ya yox. Cəmi 2800 manat şəxsən direktor Mustafa verməlidir. Onun 5600 manatdan çox pulu var idi. Ona deyildi ki, 5000 manat verəcək. Lakin fevral ayında onu döydürdü. Ona əl qaldırdı və eşşək adlandırdı. Onu zorla aldadaraq işdən çıxarılması barədə ərizəyə imza etdirmişlər. İşinə bərpa olunmaq istəyir. Ona artıq-əksik pis sözlər deyildi və pulunu da vermədilər. Bütün iclas və tədbirlərdən məhrum olundu. Maddi və mənəvi zərərə məruz qaldı. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 05 avqust 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də suvaqçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla, 5 ay müddətinə bağlanmış, müqavilənin bitmə tarixi 31 dekabr 2020-ci il müəyyən edilmişdir. Müqavilə üzrə əmək haqqı 295 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə yazılan ərizənin surətindən görünür ki, öz ərizəsi ilə MMC-dən azad edilməsini xahiş etmişdir. Həmçinin “Cavabdeh MMC-dən heç bir alacağının olmamasını və şikayətinin olmamasını demişdir. Sosial arayışdan görünür ki, İddiaçı “Cavabdeh“ MMC-də 31.01.2019-cu ildən 15.10.2019-cu il tarixinədək bənna, 31.01.2019-cu il tarixdən 08.09.2020-ci il tarixədək bənna, 05.08.2020-ci il tarixdən 22.10.2020-ci il tarixədək əmək müqaviləsi əsasında suvaqçı kimi çalışmışdır. Sonuncu müqavilə üzrə əmək haqqı 295 manat müəyyən edilmişdir. 17.10.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-də suvaqçı vəzifəsinə çalışan İddiaçı mühafizə otağından kənara çıxarkən onun üstünə keçirilən baxış zamanı MMC-yə məxsus olan böyük laqonda daşı (10 ədəd), kiçik laqonda daşı (26 ədəd) , iş əlcəyi (iki cüt) olmaqla, ümumi dəyəri 33 mnaat,70 qəpik dəyərində əşyalar aşkar edilmişdir. Həmin akt Sadıxlı Kənan, Rəhimli Rəhim, bayramov Çingiz tərəfindən tərtin edilərək imzalanmışdır. İddiaçı tərəfindən “Cavabdeh“ MMC-yə yazılan 17.10.2020-ci il tarixli ərizənin surətindən görünür ki, O, 17.10.2020-ci il tarixində şirkətdən çıxarkən böyük laqonda daşı (10 ədəd), kiçik laqonda daşı (26 ədəd) , iş əlcəyi (iki cüt) əşyaları özü ilə aparma istədikdə müfaizəçi tərəfindən tutulmuşdur. Əfv edilməsini xahiş etmiş və bir daha belə bir səhv etməyəcəyini bildirmişdir. Cavabdeh MMC-nin direktoru X1 tərəfindən verilən 19.10.2020-ci il tarixli K-039/20 saylı əmrdən görünür ki, İddiaçı ilə əmək müqavləsinə xitam verilməsi, onun Cavabdeh MMC-dən 19.10.2020-ci il tarixdən işdən azad olunması əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 19.10.2020-ci il tarixli, K-39/20 saylı əmr ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan 05.08.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Bildiriş 22.10.2020-ci il tarixinə imzalanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 5 avqust 2020-ci il tarixli əmək müqaviləsi əsasında “xxxx” MMC-də suvaqçı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətli olmaqla 5 ay müddətinə bağlanmışdır. Cavabdeh tərəfindən 19.10.2020-ci il tarixli K-039/20 saylı əmrlə İddiaçı tutduğu vəzifədən öz xahişi əsasında azad edilmişdir. Hazırda iddiaçı tutduğu vəzifədən təzyiq altında, ərizə yazdırılaraq azad edildiyini bildirir və həmin əmrin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün və istifadə edilməmiş məzuniyyət haqlarının hesablanıb ona ödənilməsini və 2019-cu ilin iyun ayından işdən azad edilənə qədər ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı bunun əksini, yəni ərizə yazmağa məcbur edildiyini bildirsə də, istinad etdiyi hallara dair sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bundan başqa iddiaçı işəgötürən tərəfindən ona 2019-cu ilin iyun ayından 19.10.2020- il tarixinədək əmək haqqı ödənilmədiyini qeyd etsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı öz iddia ərizəsində və məhkəmədə səsləndirdiyi fikirlər arasında ziddiyətlər mövcuddur. Belə ki, ilk dəfə MMC-nin ona 5000 manat borclu olduğunu, daha sonra isə 2800 manat borcu olduğunu bildirmişdir. Sonuncu dəfə məhkəmə iclasında isə MMC-dən ona 20000 manat pulun ödənilməli olduğunu demişdir. Bundan başqa ona aylıq 700-750 manat ödənilməli olduğunu bildirsə də, əmək müqaviləsindən görünür ki, iddiaçıya rəsmi ödənilməli olan əmək haqq məbləği 295 manatdır. Odur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə, ödənilməmiş əmək haqqının bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə, ödənilməmiş əmək haqqının bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar