Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1273/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə girərək evlənib ailə qurmuşdur. 15 il bir yerdə yaşayıb birgə təsərrüfat aparmış, birgə nikahlarından uşaqları olmamış, nikahlarını rəsmiləşdirməmişlər. Yaşadıqları evin inşasına o, 2005-ci ildə başlamış, 2008-ci ildə Cavabdeh aldığı 500 ədəd kubik daşı ilə evin zalının bir hissəsi inşa olunmuş, qalan tikinti işləri onun və anasının vəsaiti hesabına aparılmışdır. Ev iki otaq, bir zal, mətbəx, hamam və ayaqyolundan ibarətdir. Birgə yaşadıqları müddət ərzində evə tələb olunan əşyaların alınmasında o da iştirak etmişdir. Məhkəməyə müraciət etməzdən bir müddət əvvəl onun Cavabdeh ilə münasibəti pozulmuşdur. Ailə münasibətlərinə son qoyulmuş, cavabdeh mütəmadi olaraq onları təhqir etməyə başlamışdır. Cavabdeh birgə yaşayış qaydalarını pozur, mütamadi olaraq evdə dava-dalaş yaradır, onları öldürməklə hədələyir. Yaşadıqları fərdi yaşayış evi onun tərəfindən inşa edilmiş və evin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Həmin fərdi yaşayış evinə aid bütün kommunal xərclər, torpaq vergisi və s. onun tərəfindən hal-hazırki dövrədək mütəmadi olaraq ödənilir. Cavabdeh artıq onlara yad adamdır və ailə münasibətlərinə son qoyduqdan sonra fərdi yaşayış evindən çıxmamış və onların iradəsi əleyhinə həmin evdə yaşamaqda davam edir. Cavabdeh tərəfindən onların hüquqları kobud şəkildə pozulmuş, cavabdeh bu tikilini ələ keçirmək məqsədi güdür. Cavabdehin bu fərdi yaşayış evinə heç bir aidiyyatı yoxdur. Onlar cavabdehə sadəcə olaraq bu evdə müvəqqəti yaşamaq üçün icazə vermişlər. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edib, İddiaçı1 izahatı ilə oxşar məzmunlu izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla yalnız onun vəsaiti hesabına inşa olunmuşdur. Cavabdeh 2006-cı ildə onun oğlu ilə faktiki nikaha girmiş və həmin fərdi yaşayış evinə köçmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi əşyaların alınması ilə bağlı qeyd edir ki, həmin əşyaların alınmasına dair sənədlər cavabdehin adına tərtib olunsa da, dəyəri onun vəsaiti hesabına ödənilmişdir. Hazırda cavabdehlə bir yerdə yaşamaq mümkün deyildir. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2006-cı ildən İddiaçı1la faktiki nikaha girərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Uzun müddət İddiaçı1la ailə nikah münaibətlərində olsa da, övladı olmadığından iddiaçıların ona qarşı münasibətləri dəyişmişdir. O, 2006-cı ildən iddiaçılarla birlikdə yaşadığı evin tikintisində öz vəsaitini sərf etməklə iştirak etmiş, bu evə öz vəsaiti hesabına əşyalar almışdır. Belə ki, o, daim fərdi qaydada işləmiş, bütün qazancını ailəsinin normal evdə yaşamasına sərf etmişdir. Onun bu evdən başqa yaşayış yeri yoxdur. Sözügedən fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X1 Cavabdeh izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh 15 il iddiaçılarla birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evini iddiaçılarla birlikdə inşa etmiş, bu ev cavabdehində yeganə yaşayış sahəsidir. İddiaçılar fərdi yaşayış evinin qiymətləndirməsini aparıb həmin dəyərinin 1\3 hissəsini cavabdehə verib mübahisəni həll edə bilərlər. Cavabdeh yeganə yaşayış sahəsindən məhrum edilə bilməz, belə ki, onun da həmin evə iddiaçılarla bərabər hüququ vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Ə.Əliyevin xx.xx.2020-ci il tarixli 475 saylı arayışından müəyyən olunur ki, İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Ə.Əliyevin xx.xx.2020-ci il tarixli 476 saylı arayışından müəyyən olunur ki, Cavabdeh 2006-ildən Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Əmlak-F MMC-nin xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Xırdalan yolu döngə 2-də yaşayan İddiaçı2 məxsus yaşayış evi 2005-ci il tarixdə tikilmiş, bazar dəyəri 57500 manat təşkil edir. xx.xx.2013-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 500 manat olan LG markalı televizoru təhvil almışdır. xx.xx.2013-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 205 manat olan Samsung S 6312 markalı mobil telefonu təhvil almışdır. xx.xx.2014-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 500 manat olan LG markalı televizoru təhvil almışdır. xx.xx.2014-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 540 manat olan tək şifoneri təhvil almışdır. xx.xx.2015-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 950 manat olan Mitsubishi markalı kondisioneri təhvil almışdır. xx.xx.2015-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 954 manat olan Toshiba markalı soyuducunu təhvil almışdır. xx.xx.2016-cı il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 245 manat olan LG markalı tozsoranı təhvil almışdır. xx.xx.2016-cı il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 980 manat olan Elektrolux markalı kombi sistemini təhvil almışdır. xx.xx.2016-cı il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 240 manat olan radiatoru təhvil almışdır. xx.xx.2017-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 294 manat olan Hisense markalı mobil telefonu təhvil almışdır. xx.xx.2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 488 manat olan Samsung Galaxy J330 markalı mobil telefonu təhvil almışdır. xx.xx.2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 1585 manat olan Delfa markalı kondisioneri təhvil almışdır. xx.xx.2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 640 manat olan Varma markalı radiatoru təhvil almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh 2006-cı ildən etibarən yeganə yaşayış sahəsi olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən özbaşına inşa olunan fərdi yaşayış evində iddiaçılarla birlikdə yaşayır, bu evin inşa olunmasında iştirak etmiş, bu evdə istifadə olunan məişət əşyalarını alaraq bu evə yerləşdirmiş, iddiaçılarla uzun müddət birgə təsərrüfat aparmış, tərəflərin heç birinin inşa olunmuş evə, həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənələri mövcud deyildir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində özbaşına inşa olunan fərdi yaşayış evinə cavabdehlə bərabər hüquqi satusa malik olan iddiaçıların iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1273/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1273/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver