Məhkəmə qərarları › İş №2(001)-1279/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1279/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1279/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X5, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin ona qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin ona qaytarılması” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun (iddiaçı) tərəfindən xx.xx.2017-ci il tarixdə X1 18.000 manata aldığı boş torpaq sahəsində tikdirdiyi iki ədəd fərdi yaşayış evindən və fundamenti qoyulmuş evə aid torpaq sahəsindən çıxarılması və həmin iki ədəd fərdi yaşayış evinin və fundamenti qoyulmuş evə aid torpaq sahəsinin ona (iddiaçıya) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, kirayədə yaşadıqları üçün 2017-ci ilin aprel ayında mərhum həyat yoldaşı X13 ilə birgə qazancları olan pul hesabına Bakı şəhəri, Binəqədi rayonu, 1 mədən, korpus 15 ünvanda qiyməti 18.000 manat olan torpaq sahəsini X1 almış, elə həmin ildə torpaq sahəsində yenə də birgə qazancları olan pul hesabına özlərinə ev tikdirmişlər. Həyat yoldaşı X13 xx.xx.2019-cu ildə “qaraciyər serrozu” xəstəliyindən vəfat etmişdir. İnşa etdirdikləri evdə qaz, su və işıq xətləri tamamlanmadığından evdə yaşaya bilməmişdir. Eyni zamanda pulu tükəndiyi üçün həmin evi satmaq qərarına gəlmiş, 2019-cu ilin avqust ayında həmin evi X9 şifahi razılaşma əsasında 25.000 manata nisyə olaraq satmışdır. Belə ki, Amil Babazadə ilə aralarında olan şifahi razılaşmaya əsasən ilkin olaraq 18.000 manat verilmiş, qalan pulun isə notarial qaydada razılaşmaya əsasən hər ay 300 manat verilməsini razılaşdırmışlar. xx xxxxxxxx 2019-cu ildə Amil Babzadənin nişanlısı onun mobil telefonuna zəng edərək aldıqları evə tanımadığı şəxsin daxil olduğunu bildirmiş, dərhal evə gedərək evin darvazasının qarşısında 4 nəfər tanımadığı şəxsləri görmüş və onlardan kimliklərini soruşduqda onlar evin sahibi olduqlarını bildirmişlər. Bu zaman evin Amil Babazadəyə satılması üçün alqısatqıda iştirak etmiş Vahid adlı maklerin ora gəldiyini görmüş, həmin vaxt əlində əsa olan cavabdeh X3 onun üzərinə gəlmiş və əsa ilə onu vurmağa cəhd etdikdə makler Vahid araya girərək evin ona məxsus olduğunu bildirmişdir. Bu zaman cavabdeh maklerin üzərinə gələrək əsa ilə başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirmiş, Vahidin hücuma məruz qaldığını, başından zərbələr aldığını görüb dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, hadisə yerinə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları gələrək Vahidi və onu həmin ərazidən çıxarmışlar. Sonra 43-cü Polis Bölməsinə gedib hadisənin hansı səbəblərdən baş verməsi barədə izahat yazmışlar. Binəqədi rayon X12 Şöbəsində ilkin olaraq araşdırma polis mayoru Əli İsmayılovun icraatında olmuş, sonuncu hazırki mübahisə tələbinin mülki xarakterli olduğunu əsas gətirməklə xx.xx.2019-cu il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan Binəqədi rayon məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini və işin yenidən prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 6(001)82/2019 saylı qərarı ilə şikayəti təmin edilərək yenidən istintaqa qaytarılması qərara alınmış, buna baxmayaraq Binəqədi rayon X12 Şöbəsinin müstəntiqi, polis mayoru X15 xx xxxxxx 2019-cu il tarixdə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi” haqında qərar qəbul edərək hazırki mübahisə tələbinin mülki xarakterli olmasını göstərmişdir. Araşdırma zamanı izahatları alınmış makler X6 və mənzili satdığı X16 da öz izahatlarında qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu, lakin X2 həmin evə qanunsuz daxil olaraq orada yaşadığını göstərmişlər. Torpağın və torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin ona məxsus olması Binəqədi rayon X12 Şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən qəbul edilmiş qərarda da öz əksini tapmışdır. Bundan əlavə 2017-ci ilin aprel ayında torpaq sahəsinin X1 alınması ilə bağlı Elşən Əsədullayev, mərhum həyat yoldaşı və torpağın alqı-satqısında iştirak edən digər şəxslərin iştirakı ilə akt tərtib olunmuş və həmin aktda X4 da imza edərək Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1 korpus mədən 15 ünvanında yerləşən torpaq sahəsini 18.000 manata İddiaçı satdığını təsdiq etmişdir. Qanunun tələblərinə görə, mülkiyyət dövlət tərəfindən qorunan hüquqdur və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X10 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və həmçinin bildirmişlər ki, mübahisəli fərdi yaşayış evinin altındakı torpaq sahəsini iddiaçı mərhum həyat yoldaşı ilə birlikdə X1 18.000 manata almış və bu barədə xx.xx.2017-ci il tarixdə akt tərtib olunmuşdur. Həmin Akt iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı mərhum həyat yoldaşı ilə birlikdə həmin torpaq sahəsində üç ədəd fərdi ev tikdirmiş və evlərdən birini başqa şəxsə satmışlar. Həyat yoldaşı vəfat etdikdən sonra mübahisəli evi 2019-cu ilin avqust ayında X9 25.000 manata satmış, şifahi razılaşmaya əsasən sonuncu iddiaçıya 18.000 manat vermiş, qalan pulu notarial qaydada razılaşmaqla hər ay 300 manat verməyi öhtəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən mübahisəli ev zəbt olunduqdan sonra iddiaçı X7 pulunu qaytarmışdır. Cavabdehin mübahisəli evi zəbt etməsi ilə əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət edilmiş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmaqla mübahisənin mülki xarakterli olduğu bildirilmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin araşdırma zamanı mübahisəli fərdi evin iddiaçıya məxsus olması tam sübuta yetirilmişdir. Cavabdeh, xx.xx.2017-ci il tarixdə X1 18.000 manata alınmış boş torpaq sahəsində tikilmiş iki ədəd fərdi evi və fundamenti qoyulmuş evə dair torpaq sahəsini də zəbt etmiş və iddiaçını ümumiyyətlə həmin əraziyə buraxmır. Buna görə də iddia təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan evlər qanunsuz tikilidir. Evlərin yerləşdiyi torpaq Neft Şirkətinin ərazidir. Həmin evləri Əhməd və Fəqan birlikdə tikdirmişlər. 1-ci qrup Qarabağ əlili olduqlarına görə onlara belə bir icazə verilmişdir. Evlər tikiləndən sonra ortadakı ev Fəqana düşmüşdür. Fəqanla iddiaçının nikahı olmamışdır. Fəqan rəhmətə getməmiş evlərin biri satılmış, onların da pulunu verilmişdir. Həmçinin evlərdən birini Əhməd Dimaya satmışdır. Birində isə hazırda o, qalır. Evlərdə sayğac onun və Dimanın adınadır. O, iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 ifadəsində bildirmişdir ki, 2019-cu ilin avqustunda evi Sevgiyyə xanımdan almışdır. Torpağın sənədi olmadığından notariat qaydasında podrat müqaviləsi bağlamışlar və Sevgiyyə xanıma 18.000 manat pul vermişdir. Evdə düzəldilməli şeylər olduğundan evə köçməmiş, 20 gün sonra isə qayınatası zəng edərək evdə kiminsə yaşadığını demişdir. Sonradan Sevgiyyə xanım onun pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, torpağı Mamed adlı şəxsdən 11.000 manata almışdır. Həmin torpaq Mamedin atasından qalmış, lakin heç bir sənədi olmamışdır. Torpaq bələdiyyənin balansındadır. Sonradan oranı 18.000 manata Fəqana satmışdır. Cavabdehi isə tanımır. Mülki işin materiallarından görünür ki, İddiaçı “xx.xx.2019-cu il tarixdə ona məxsus Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə tanımadığı şəxslərin daxil olaraq oradan çıxmamaları, onların evdən çıxarılmasına köməklik edilməsi və barələrində tədbir görülməsi” barədə ərizəsi Binəqədi RPİ-də araşdırılmış, nəticə etibarı ilə mübahisənin mülki xarakterli olduğu müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ərizəçi İddiaçı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşin müəyyən olunan hallarından göründüyü kimi iddiaçı, ona məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin “mülkiyyət hüququ”na dair normalarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddi hüquq normasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu mənada məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakın özünə məxsusluğunu və cavabdehdə olduğunu sübut etməsidir. Lakin o, əmlakın özünə məxsusluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir; əksinə, qaytarılmasını tələb etdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun (mülkiyyət hüququ, icarə hüququ, istifadə hüququ və s.) olmadığı, eləcə də onun (iddiaçının) heç bir hüquq müəyyənedici sənədi olmayan həmin torpaq sahəsində mərhum əri ilə birlikdə tikdiyini iddia etdiyi evlərin özbaşına tikili olduğu müəyyən edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin ona qaytarılması” tələblərini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin ona qaytarılması” tələbi barədə iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar