Məhkəmə qərarları › İş №2(001)-1309/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1309/2023

05.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1309/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli, İ-2874 nömrəli əmək müqaviləsi əsasında İddiaçı “Pərakəndə satış şöbəsi” bölməsində “Mobil və İT üzrə texnik” kimi işə qəbul edilmiş, həmin tarixdə tərəflər arsaıdna “Tam maddi məsuliyyət haqqında” İ-2874 nömrəli müqavilə bağlanmışdır. 04 noyabr 2022-ci il tarixli, X/311-22 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, onun işə bərpa edilməsini və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının aylıq əmək haqqı 420 manat təşkil etmiş, gördüyü işin qarşılığında əmək haqqının az olması ilə əlaqədar dəfələrlə rəhbərliyə müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir. 12 oktyabr 2022-ci il tarixdə xidmət göstərdiyi filiala müştəri yaxınlaşaraq “iPhone 13 Pro MAX” modelli telefonuna ekran qoruyucusu çəkdirmək istəmişdir. Həmin vaxt filialda bu modelə uyğun qoruyucu olmadığından, filial müştəri itirməsin deyə, iddiaçı yaxınlıqda yerləşən başqa mağazadan məhsulu götürmüş, müştəriyə lazımi xidməti göstərmişdir. Həmin məhsul işlədiyi mağazaya aid olmadığından, görülmüş işin qarşılığında müştərinin ödədiyi pulu mağazanın kassasına ödəməmişdir. Mağazanın rəhbərliyi həmin anları qeydə alan kamera görüntülərini izlədikdən sonra tənbeh məqsədilə iddiaçıya bir ay müddətində işə gəlməməyi tapşırmış, 12 oktyabr tarixində iddiaçıdan ilk izahatı alınmışdır. İddiaçı 13 oktyabr 2022-ci il tarixdən işə getməmiş, 21 oktyabr 2022-ci il tarixdə müdiriyyət tərəfindən işə çağırılaraq ondan hədə-qorxu altında yeni izahat alınmış, sonradan Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsas tutulmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçının izahatında göstərilənlər həqiqəti əks etdirmir, bu ifadələr mağazanın rəhbərliyinin təzyiqi altına verilmişdir. Sözügedən ekran qoruyucusu başqa mağazadan alındığı üçün iddiaçı cavabdehə heç bir maddi zərər vurmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya ödənilməli 217 manat əlavə gəlir dəymiş ziyanın əvəzi kimi hesablanaraq ona ödənilməmişdir. İddiaçı işdən çıxarılma əmrini 22 noyabr 2022-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək izahatında əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə onun izahatları mövcuddur. Həmin izahatlarda göstərilənlər tam olaraq həqiqəti əks etdirmir. Belə ki, o, 12 oktyabr 2022-ci il tarixdə müştərini məmnun yola salmaq üçün ona lazım olan ekran qoruyucusunu işlədiyi mağazada olmaması səbəbi ilə yaxınlıqda olan başqa mağazadan alıb gətirmiş, buna görə də, həmin qoruyucunun pulunu işlədiyi mağazanın kassasına köçürməmişdir. Belə hadisə yalnız bir dəfə olmuşdur. 13 oktyabr 2022-ci il tarixdə mağaza rəhbərliyi tərəfindən ondan izahat alınmış, növbəti bir ay ərzində işə gəlməməsi bildirilmiş, lakin bir neçə gün sonra ona zəng vuraraq, izahatın səhv yazıldığı, yenidən yazılması zərurətinin olduğu bildirilmişdir. O, bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsin deyə, müdiriyyət tərəfindən deyilənləri öz izahatı kimi yazmışdır. Hazırda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq xitam verildiyindən, başqa yerdə işə düzələ bilmir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirmişdir. Tədqiq edilən sübutlar: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli, İ-2874 nömrəli Əmək müqaviləsinə əsasən, İddiaçı “Pərakəndə satış şöbəsi” bölməsində “Mobil və İT üzrə texnik” kimi işə qəbul edilmiş, müqavilənin 5.1-ci bəndində qeyd edilmişdir ki, “Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.” - İddiaçı cavabdeh MMC-nin direktoruna ünvanlandırdığı 13 oktyabr 2022-ci il tarixli izahatında göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə tanıdığı xanım müştərinin telefonuna qoruyucu şüşə vurmuş, şüşənin ödənişini kassaya etməmişdir. Sonra iki nəfər yaşlı kişinin teleofnuna quraşdırma etmiş, 10 manat ödəniş almışdır. - İddiaçı cavabdeh MMC-nin direktoruna ünvanlandırdığı 21 oktyabr 2022-ci il tarixli izahatında göstərmişdir ki, bu ay müştəridən göstərdiyi xidmətə görə 10 manat xidmət haqqı almış, kassaya ödəməmişdir. Hadisə 2-3 dəfə olmuş, bunu etməyinin səbəbi isə əmək haqqının az olmasıdır... - İddiaçı ilə cavabdeh arasında 08 sentyabr 2021-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır ki, həmin müqavilənin şərtlərinə əsasən, İşçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır;... ona etibar edilmiş maddi sərvətlərin, pul vasitələrinin və başqa görüləcək işlərin uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir... - 04 noyabr 2022-ci il tarixli, X/311-22 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə təqsirli hərəkətləri nəticəsinə mülkiyyətçiyə maddi ziyan vurması səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - əsasən 05 noyabr 2022-ci il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması ... işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin mövqeyi: İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, Baku Electronics” MMC ilə İddiaçı arasında 08 sentyabr 2021-ci il tarixli, İ-2874 nömrəli əmək müqaviləsi bağlanaraq sonuncu “Pərakəndə satış şöbəsi” bölməsində “Mobil və İT üzrə texnik” qismində işə qəbul edilmişdir. Müqavilənin 5.1-ci bəndində görə “bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.” Bundan başqa tərəflər arasında 08 sentyabr 2021-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır ki, həmin müqavilənin şərtlərinə əsasən, İşçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır;... ona etibar edilmiş maddi sərvətlərin, pul vasitələrinin və başqa görüləcək işlərin uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. 12 oktyabr 2022-ci il tarixdə xidmət göstərdiyi filiala müştəri yaxınlaşaraq “iPhone 13 Pro MAX” modelli telefonuna ekran qoruyucusu çəkdirmək istəmiş, iddiaçı yaxınlıqda yerləşən başqa mağazadan məhsulu götürərək müştəriyə xidmət göstərmiş, görülmüş işin qarşılığında 10 manat əldə etdiyi pulu mağazanın kassasına ödəməmişdir (13.10.022-ci il tarixli izahat). Belə halların 2-3 dəfə təkrarlandığını iddiaçı 21 oktyabr 2022-ci il tarixli izahatında da göstərmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, onun tərəfindən cavabdehə heç bir zərər vurulmamışdır. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsinin şərtlərinə zidd olaraq iddiaçı tərəfindən öhdəlikləri lazımı qaydada yerinə yetirilməyərək mağazanın kassasından kənar ödənişlər qəbul edərək cavabdehə maddi ziyan vurmuşdur. Bununla bağlı iddiaçının izahatları alınmış, əmək müqaviləsinə xitam verilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada elektron bildiriş göndərilmişdir. İddiaçının sözügedən izahatların hər hansı təsir altında yazmazına dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia rədd edildiyindən, iddiaçının mediasiya sessiyasında iştirakla bağlı ödədiyi pul vəsaiti onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia təmin edilməsin, mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar