Məhkəmə qərarları › İş №2(001)-1315/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1315/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1315/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, mənzil 30 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 1, mənzil 30 ünvanda yerləşən mənzili xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. mülkiyyətçisidir. Mənzil Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək xx xxxxxx 2019-cu il tarixdə müvafiq olaraq onun adına çıxarış verilmişdir. Cavabdehlər həmin mənzildə yaşamır, mənzili satdıqdan sonra tərk edərək getmişlər və mənzildə cavabdehlərə aid heç bir əşya və əmlak qalmamışdır. Cavabdehlər qeydiyyatdan çıxacaqlarını bildirsələr də, uzun müddət keçməsinə baxmayaraq qeydiyyatdan çıxmamışlar, cavabdehlərin formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdehlərin harada yaşaması ona məlum deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, mənzil 30 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Onlar özlərinə aid hüquq müəyyənedici sənədi olmayan mənzilin 1 otağını Rövşən Hüseynova satmışlar. O da həmin 1 otağa çıxarış alaraq həmin mənzili hazırkı iddia üzrə iddiaçıya satmışdır. Ev iddiaçıya satılan zaman onlar notarial qaydada öz razılıqlarını bildirmişlər. İddiaçı da evi aldıqdan sonra çıxarış əldə etmişdir. Onların mənzillərinə aid çıxarışları olmadığından iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmışlar. İddiaçının mənzilinə aid olan hissədə istifadə hüququmun itirilməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə hazırlıq iclasında iştirak edərkən bildirmişdir ki, o, iddia tələbini qəbul edir, onların 3 otaqlı mənzilləri olmuş, onun birini Hüseynov Rövşən Allahverdi oğluna satmışlar. Rövşən özünə aid mənzilə çıxarış almış, daha sonra mənzili İddiaçı satmışdır. Onlar isə öz mənziillərinə çıxarış almamışdır. İddiaçıya aid hissədən istifadə hüququnun itirilməsinə razıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Ofisində xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Hüseynov Rövşən Allahverdi oğlu ünvan 1, 30 saylı ümumi sahəsi 13 kv.m mənzilini İddiaçı satmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1, 30 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 3, 30 saylı mənzildə daimi qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Hüseynov Rövşən Allahverdi oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin ümumi sahəsi 13 kv.m 1 (bir) otağının satılmasına etiraz etməmişlər. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, Hüseynov Rövşən Allahverdi oğlu cavabdehlərdən ünvan 1, 30 saylı mənzilin 1 otağını almış, daha sonra həmin mənzilə hüquqmüəyyənedici sənədlər əldə etmişdir. Hüseynov Rövşən Allahverdi oğlu bundan sonra həmin mənzili notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və İddiaçı həmin mənzilə qeydiyyat şəhadətnaməsi alaraq mülkiyyət hüququ əldə etmişdir. Hüseynov Rövşən Allahverdi oğlu evi satdığı vaxtdan iddiaçıya təhvil vermiş və ailə üzvləri ilə birlikdə köçüb getmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxmamışlar, bunun səbəbini də özlərinə aid olan hissənin çıxarışının olmaması ilə əsaslandırmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilin 1 otağını satıb oradan köçdükləri halda qeydiyyatdan çıxmamaları iddiaçının mülkiyyət hüququna maneədir. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı şəxsi mülkiyyətində olan ünvan 1, 30 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, 30 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, 30 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar