Məhkəmə qərarları › İş №2(1-8)-1546/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1546/2026

10.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1546/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2009-cu il tarixdə Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsini anası Əliməmmədova Gülnaz Hacı qızının adına özəlləşməsinə etiraz etmir və yazılanları öz imzası ilə təsdiq edir.

2. ##.##.2011-ci il tarixli mənzilin bağışlanması haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan Əliməmmədova Gülnaz Hacı qızı ünvan 3 saylı mənzili və həmin ünvanda yaşayan Cavabdeh bağışlamışdır. Müqavilə tərəflərin imzası ilə təsdiqlənmişdir.

3. ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir.

4. ## #### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “hədiyyə verən”- Cavabdeh ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzili tam mülkiyyət üzrə oğlu olan “hədiyyə alan”- İddiaçı mülkiyyətinə verir.

a) Birinci instansiya məhkəməsində icraat

5. Ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası-Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ilkin iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Qeyd edilir ki, atası-Cavabdeh artıq uzun illərdir ki, tamamilə başqa bir ünvana köçmüşdür və sözügedən mənzildə yaşamır. Lakin bu günədək rəsmi qeydiyyatda qalmağa davam edir. Bu isə onun bir mülkiyyətçi kimi öz əmlakı üzərində hüquqlarının tam həyata keçirilməsinə müəyyən maneələr yaradır. Mənzil ona məxsus daşınmaz əmlakdır və həmin daşınmaz əmlakı istənilən kənar təsirlərdən və əlavə yüklülükdən bütün vasitələrdən istifadə etmək yolu ilə azad etmək hüququna malikdir. Mübahisəni aralarında həll edə bilmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Ilkin iddia üzrə cavabdeh Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 30.82 kv.m, yardımçı sahəsi 25.18 kv.m olan 2 otaqlı mənzilə dair Bakı şəhəri ** saylı Notariat Ofisinin tərəfindən rəsmiləşdirilmiş ##.##.2022-ci il tarixli, *Ə-*** nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, mənzilin onun mülkiyyətinə geri qaytarılması, hüquqi yardım üçün ödənilmiş 200 manatın, dövlət rüsumu kimi ödənilmiş 110 manatın, etibarnamə verilməsi üçün ödənilmiş 17 manat 50 qəpiyin ilkin iddia üzrə iddiaçı İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur. Bu mənzilin bağışlanmasına dair onunla İddiaçı arasında formal xarakterli ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanmışdır. Həmin bağışlama müqaviləsinin bağlanmasında əsas məqsəd əmlakın İddiaçı mülkiyyətinə keçməsi deyil, onun mülkiyyətində daşınmaz əmlak olması görüntüsü yaratmaq olmuşdur. Belə ki, hazırda ABŞ-da yaşayan İddiaçı ondan xahiş etmişdir ki, ABŞ-a getməsi üçün onun viza alması zəruridir və vizanın alınması üçün onun mülkiyyətində daşınmaz əmlakın olması mütləqdir. Lakin ABŞ-a viza alaraq getdikdən sonra, orada sənəd məsələlərini həll edərək, sənədlərini qaydaya saldıqdan sonra, imkan olan kimi geri qayıdıb əmlakı geri qaytaracaqdır. O, xüsusi mülkiyyətində olan mübahisəli mənzilin müvəqqəti olaraq formal xarakterli olaraq bağışlama müqaviləsi əsasında övladı İddiaçı adına rəsmiləşdirmək məcburiyyətində qalmışdır. Göründüyü kimi tərəflərin əsas niyyəti əmlakın hədiyyə verilməsi ilə bağlı olmamış, onun adında daşınmaz əmlak olması görüntüsü yaratmaqla ABŞ-a İddiaçı getməsi üçün viza almasına kömək məqsədi ilə hazırki uydurma əqd bağlanmış, daha sonra isə İddiaçı həmin ünvanda yaşamamış, ABŞ-na köçmüş, hal-hazırda da orda yaşamaqdadır. Lakin İddiaçı hal-hazıradək ona məxsus daşınmaz əmlakı geri qaytarmamış, əksinə ümumi razılaşmadan kənara çıxaraq ##.##.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək onun mənzildən qeydiyyatdan çıxarılmasını, həmçinin Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək onun mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmişdir. Bununla da, ona məxsus yeganə ümid yeri olan mənzil övladı İddiaçı tərəfindən aldadılaraq ələ keçirilmiş, onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və o, öz mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Göründüyü kimi İddiaçı öz hüquqlarından sui-istifadə edərək, onu aldadaraq ona məxsus yeganə ümid yeri olan əmlakı, mənzili ona qaytaracağı ilə bağlı inamından, etibarından sui-istifadə edərək qanunsuz olaraq ona məxsus əmlakı ələ keçirmişdir. Bununla da, İddiaçı öz doğma, ahıl atasına qarşı qanunsuz və vicdanlılığın tələb etdiyi tərzdə davranış göstərməməklə onu mülkiyyətindən qanunsuz olaraq məhrum etmişdir. Buna görə də, hesab edilir ki, aldatma yolu ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilərək daşınmaz əmlak əsl sahibi ona geri qaytarılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, formal olaraq bağlanmış olsa belə bağışlama onun üçün son dərəcə ağır yükə çevrilmiş, o, əmlakından məhrum olub, evsiz-eşiksiz qalmış, yeganə sığınacaq yeri olan daşınmaz əmlakı etibar etdiyi, qaytarılması ilə bağlı vəd verən doğma övladı cavabdeh İddiaçı tərəfindən onun əlindən aldatma yolu ilə alınmışdır.

9. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, Cavabdeh ilə 2021-ci ildən etibarən bir yerdə işləyir. Üç il öncə Cavabdeh Firuzun ABŞ-a getmək istədiyini və buna görə evi onun adına keçirtmək istədiyini bildirdi, daha sonra mənzili oğlunun mülkiyyətinə keçirtdi. Bağışlama niyyəti olmayıb, oğlu xaricə köçə bilsin deyə müqavilə bağlanıb. Oğlu köçəndən sonra mübahisə yarandı. Bildiyinə görə cavabdehin həmin mənzildə 1 ildir ki, yaşamır.

10. Şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdehlə 90-cı illərin sonunda ortaq dostlar vasitəsilə tanış olub. Firuzun oğlu Ələsgər təxminən 2023-cü ildə xaricə köçüb. Bundan əvvəl qaçaq yollarla gedib-gəlib, daha sonra rəsmi sənədləşmə üçün mənzil lazım olub. Əvvəl Avropaya, sonra ABŞ-a köçüb. Firuz mənzili oğlu xaricə köçə bilsin deyə onun adına keçirib. Ələsgər tərbiyəli oğlan olub, gözünün önündə böyüyüb. Bildiyinə görə ailədaxili 2-3 ildir ki, mübahisə var.

11. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır və cavabdeh ilə 2000-2001-ci illərdən dostluq münasibətləri var. 2022-ci ilin sonlarında cavabdehin oğlu Avropaya getmək istədiyini və buna görə də mülkiyyətində əmlakın olmasının lazım olduğunu bildirib. Iddiaçı iş yerinə gələrək, atası ilə danışıb, əmlakı onun mülkiyyətinə keçirilməsini və sonradan qaytaracağını bildirib. Cavabdeh də iddiaçı ilə danışıb, razılaşıb.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir (hakim M.Əfəndizadə).

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “AZEMIS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayında 5 gün müddətində ölkə hüdudlarını tərk edib. Bundan sonra ölkə hüdudlarından növbəti dəfə 2023cü ilin mart ayının 6-da ölkə hüdudlarını Milan istiqamətində tərk etmişdir. Bundan sonra cavabdehin sərhəd keçməsi barədə məlumat müəyyən edilmir. Bağışlama müqaviləsindən görünür ki, müqavilə ## #### 2022-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmışdır. Tərəflərə bağışlanma müqaviləsinin hüquqi nəticələri izah edilmişdir. Bağışlanma müqaviləsində hədiyyəni qəbul edənin – İddiaçı qarşısında hər hansı şərt, öhdəlik qoyulmamışdır.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin bağlanmasından 3 ildən çox vaxt keçmiş, cavabdehin özünün izahatına əsasən həm oğlu, həm keçmiş həyat yoldaşı ilə münasibətləri uzun müddətdir pisləşmişdir. Mübahisəli mənzildə iki ildir ki, yaşamır. Mənzildə yaşamasına keçmiş həyat yoldaşı maneə yaratmışdır. Belə olan təqdirdə cavabdehin bağışlama müqaviləsini münasibətlərin pisləşdiyi, iddiaçının mənzili qaytarmaq niyyətinin olmadığının cavabdehə məlum olduğu vaxt mübahisələndirmədiyi, yalnız mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə müraciət edildikdən sonra qarşılıqlı iddianın verilməsini məhkəmə ağlabatan mühakimə əsasında inandırıcı hesab etməmişdir.

15. Məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər ##.##.2009-ci il tarixədək yaranmışdır. Cavabdeh Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıbyaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlmişdir ki, hazırki mübahisəyə ##.##.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Lakin mülki iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Cavabdeh daimi yaşayış yeri yoxdur, buna dair iddiaçı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, elektron məhkəmə informasiya sistemində də cavabdehin mülkiyyətində hər hansı əmlakın olduğu müəyyən edilmir. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 33-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 140, 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.7, 182.1, 228.1, 228.2, 228.5, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339.1, 339.2 və 339.3-cü maddələrinə; ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54, 60, 87, 118.1 və 123-cü maddələrinə; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Ilkin iddia üzrə iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh uzun illərdir həmin mənzildə yaşamır. O, faktiki olaraq mənzildən istifadə etmir, başqa ünvanda yaşayır. Həmçinin qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə atası-cavabdeh Cavabdeh ilə anası-X5 nikahları da pozulmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı başqa ailə münasibətləri mövcuddur və onun nikahdankənar övladı da olmuşdur. Bu da, onun başqa ailə münasibətləri və yaşayış yeri formalaşdırdığını sübut edir. Cavabdeh öz arzusu ilə mənzili tərk etmiş, mənzilə olan ehtiyacını başqa yaşayış sahəsi ilə ödəmişdir. Hazırda isə cavabdeh mənzildə formal qeydiyyatda qalmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, mülkiyyətində olan əmlaka sərəncam verilməsinə maneə yaradır. Həmçinin qeyd edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında da faktiki olaraq həmin mənzildə yaşamadığını bildirmişdir. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh xeyli müddətdir ki, həmin ünvanda yaşamır. Bu qədər müddət ərzində cavabdehin həmin ünvanda yaşamaması daimi əsaslarla başqa ünvana köçdüyünü təsdiq edir.

20. Ilkin iddia üzrə cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən - ilkin iddia üzrə cavabdeh Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı qarşı bağışlama müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsinə dair hissəsində ləğv edilməsi, tərəfindən verilmiş iddia tələbinin tam həcmdə təmin edilməsi, ünvan 1 60 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzilə dair Bakı şəhəri ** saylı Notariat Ofisinin tərəfindən rəsmiləşdirilmiş ##.##.2022-ci il tarixli, *Ə-*** nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, mənzilin onun mülkiyyətinə geri qaytarılması, hüquqi yardım üçün ödənilmiş 200 manatın, dövlət rüsumu kimi ödənilmiş 110 manatın, etibarnamə verilməsi üçün ödənilmiş 17 manat 50 qəpiyin ilkin iddia tələbi üzrə iddiaçı İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan yeganə mənzili oğluna bağışlamaq niyyətində olmamışdır, yalnız oğlunun ölkə hüdudlarına getməsi məqsədi ilə viza alması üçün müvəqqəti olaraq onun adına keçirməsi, daha sonra isə sonuncu həmin əmlakı geri qaytarması ilə bağlı razılıq əldə etmələri, lakin həyat yoldaşı ilə münasibətləri korlandığı üçün əvvəllər valideynlərinin mübahisəsinə qarışmasa da, sonradan anasının tərəfini saxlayan və anasının təsiri altında ona nəinki əmlakı geri qaytarmaq hətta həmin əmlaka dair onun istifadə hüququnun itirilməsi və onun qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etməsi olmuşdur. Həmçinin diqqət yetirmək lazımdır ki, heç bir əsas olmadan əmlakı oğlunun adına rəsmiləşdirməsi həqiqətə uyğun deyil. Belə ki, bağışlama müqaviləsindən sonra Ələsgər ölkə hüdudlarını tərk etmiş və bir daha geri qayıtmamış, faktiki olaraq mənzilə ehtiyacı olmamışdır. Belə olan halda sual yaranır ki, hansı ağlabatan əsasla o mənzili oğlunun adına rəsmiləşdirib? Hansı ki, həmin mənzil onun yeganə sığınacaq yeridir, başqa əmlakı yoxdur, ahıl vaxtında isə oğul onu elə öz mənzilindən qovur. Məhkəmə əslində həqiqətləri görür, lakin nədənsə həqiqətləri, müəyyən istiqamətdə təhrif edir, digər hissədə isə görməzdən gəlir. Bunun adı isə ədalətsizlik və qərəzdir. Bununla yanaşı məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ata oğula əmlakı müvəqqəti deyil, həqiqətən də hədiyyə edərək bağışlamaya yolu ilə onun mülkiyyətinə keçirmişdir. Məhkəmənin bu mövqeyi həqiqəti əks etdirməsə də, hesab edilsə ki, məhkəmə əsaslı olaraq onun oğluna öz yeganə sığınacağı olan mənzili heç bir tutarlı əsas olmadan səbəbsiz yerə hədiyyə etmiş olsaydı belə yenə də oğlu onu yeganə yaşayış yerindən məhrum etməklə övlad kimi üzərinə düşən vəzifəni kobud şəkildə pozduğu üçün, hədiyyə alan oğlu tərəfindən hədiyyə verən atanın özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas yaradır və hədiyyənin geri tələb edilməsinin hüquqi əsasını təşkil edir. Qanunvericilik yalnız müstəsna hallarda xüsusilə mürəkkəb işlərdə qətnamənin nəticəvi hissəsinin elan etməsi təxirə salınması nəzərdə tutulsa da, hazırkı işin xüsusi mürəkkəbliyi yoxdur. Hakim müşavirəyə gedərkən işin nəticəsinin hansı əsasla ##.##.2025-ci il tarixdə deyil, məhz ##.##.2025-ci il tarixdə elan edilməsinin zəruriliyini izah etməmişdir. Hazırkı iş materialları ilə müəyyən edilir ki, qarşı tərəf heç bir hüquqi əsası və sübutu olmayan sadə bir iddia vermiş, qarşılıqlı verdiyi iddia ərizəsi isə sübutlarla əhatə olunan əsaslı iddia tələbi olmasına baxmayaraq heç bir xüsusi mürəkkəbliyi olmayan iş üzrə işin nəticəsinin dərhal elan edilməməsi, bir gün sonra isə tamamilə qərəzli mövqedən çıxış edən qətnamə elan edilməsi prosessual qanunvericiliyin qeyd edilən normasının kobud pozulması ilə nəticələnmişdir. Məhkəmə şahid ifadələrinə obyektiv qiymət vermədən, heç bir hüquqi əsası olmadan şahid ifadələrini sübut kimi qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Halbuki, şahid ifadələri bir-birinə ziddiyyət təşkil etməmiş, iddia tələbinə uyğunluğu isə onların verdiyi iddianın əsaslı və reallıqdan ibarət olmasına dəlalət edir. Məhkəmə prosesi zamanı sədrlik edən və qarşı tərəf kifayət qədər şahidlərə suallar verdilər, şahidlər əgər məhkəməyə həqiqəti deyil, yalan uydurub demiş olsaydılar, bunu onların ifadələrindən müəyyənləşdirmək mümkün olardı. Məhkəmə şahid ifadələrinin əsassız olmasını mütləq şəkildə öz qətnaməsində əsaslandırmalı idi, lakin tutarlı əsaslar olmadan bir kəlmə ilə şahid ifadələrini şübhə altına almışdır.

22. Məhkəmə kollegiyasının iclasında “WhatsApp” proqramı üzərindən video zəng vasitəsilə şahid qismində dindirilmiş Əliməmmədova Gülnaz Hacı qızı ifadəsində bildirmişdir ki, o, nəvəsinin belə qurma quracağını bilmirdi. Ələsgər dedi ki, Amerikaya gəlməlidir, adına ev olmalıdır, evi onun adına keçirsin. Qız nəvəsi, gəlini də dedilər. O düşünmədi ki, onu aldadarlar. Onu aldatmışdırlar, ona dedilər ki, evi müvəqqəti nəvəsinin adına keçirmək lazımdır. Daha sonra isə atasının adına keçirər. Qız nəvəsi və Ələsgər ona yalvardılar ki, evi müvəqqəti keçirsin. Evin oğlunun adına keçirilməsini istəyir.

23. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh onun atasıdır. Münasibətləri yoxdur. Münasibətləri tam olaraq ## ###### 2024-cü il tarixində pozulmuşdur. Atası rəsmi boşanma olmadan 2022-ci ilin avqust ayında evi tərk etmişdir. Həmin ünvanda onun 3 yaşı olandan bəri yaşayırdılar. O vaxt mənzil atasına məxsus idi. Ev əvvəl nənəsinin adına idi, daha sonra atasına, atasından sonra isə qardaşına verilmişdir. 2021-ci ildə bu söz-söhbətlər yarandı. 2022-ci ildə yay aylarında o, Türkiyədə olan zaman nənəsi ilə səs yazıları vardır ki, nənəsi evi qardaşına bağışlayacağını demişdir. 2018-ci ildən Ələsgər nələr baş verdiyini bilirdi, lakin onlara demirdi. O, bu məsələni Tiktok sosial şəbəkəsi vasitəsilə atası ilə qadının münasibətini öyrəndi. Və bunları nənəsinə danışdı. Bundan sonra nənəsi əsəbiləşdi və evi Ələsgərin adına keçirəcəyini bildirdi. Onda bununla bağlı səs yazıları da vardır. Nənəsi dedi ki, o ev atasının qeyri-rəsmi nikahdan olan uşağına qalmamalıdır. Ona görə də ev qardaşına bağışlandı. Atasına təzyiq olmamışdır. Nənəsi dedi ki, sabah gedirlər Asan Xidmətə imza çəkirlər və ev qardaşının adına keçiriləcəkdir. Firuz həmin vaxt etiraz etmədi. Etiraz etsə idi, imza çəkməzdi. Sadəcə məsləhət edilmişdir. 2022-ci ilin iyun ayında notariusa nənəsini o aparmışdır. Daha sonra isə Ələsgər atası ilə Asan Xidmətə getmişdir. Həmin vaxt nənəsi həmin evdə qeydiyyatda idi. O da həmin evdə qeydiyyatda idi. Nənəsi ilə münasibətləri əvvəl yaxşı idi, daha sonra isə korlandı. 2022-ci ilin yay aylarında atasına dəfələrlə dedi ki, anası ilə barışsın, düz yola gəlsin, lakin etmədi. Bundan sonra isə evdən çıxdı. Hal-hazırda atası kirayədə yaşayır. Atası evi bağışlayan zaman qardaşı ilə münasibəti yaxşı idi. Viza almaq üçün ev olması vacib deyildir. Qardaşı iki dəfə Avropada olmuşdur. Qardaşı proqram vasitəsilə Amerikaya getmişdir, əvvəl Meksikaya, oradan isə Amerikaya köçmüşdür. Amerika səfirliyinin rəsmi səhifəsini araşdırmışdır, orada ev lazım olduğu bildirilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qətnaməsi qismən – ilkin iddiaya aid hissədə ləğv edilməklə, həmin hissədə ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, ilkin iddia üzrə cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir (hakimlər – C.Musayeva (məruzəçi), F.Babayev və F.Abdıyev).

25. Şahid ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin yaxın münasibətdə olduğu şəxslərin – dostlarının, anasının şahid qismində verdikləri ifadələrin qərəzli olması ehtimalı yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin şahid ifadələrinə tənqidi yanaşaraq, onların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlmişdir.

26. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, bağlanılmış əqdin uydurma əqd (görünüş üçün bağlanmış) əqd kimi qiymətləndirilməsi üçün iş materiallarında bunu təsdiq edən çox ciddi, aydın və təkzibolunmaz sübutlar mövcud olmalıdır. Lakin cavabdeh tərəfindən notariat qaydasında təsdiqlənmiş müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən, müqavilənin yalnız görünüş üçün bağlanması barədə nəticəyə gəlməyə əsas verən mötəbər sübutlar təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh yenidən ailə həyatı qurmaq məqsədilə ən azı ##.##.2022-ci il tarixindən etibarən mübahisəli mənzili tərk etmiş, könüllü olaraq 3 ildən artıq müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra hüquqlarının tanınmasını istəmişdir. Cavabdehin tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olmasının təsbit edilməsi üçün iş materiallarında hər hansı sübut mövcud deyildir. Əksinə cavabdehin mübahisəli mənzili iddiaçının anası ilə münasibətləri pozulduqdan sonra tərk etdiyi, o vaxtdan bəri həmin mənzildə yaşamadığı iş materialları ilə təsdiq olunur. Odur ki, ilkin iddia tələbi təmin edilməlidir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 14, 152, 324, 337, 340, 666-cı, Mənzil Məcəlləsinin 30-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. Ilkin iddia üzrə cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə əsas mübahisə predmeti bağışlama müqaviləsinin etibarlılığıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Firuz öz adına olan və şəxsi mülkiyyətində olan mənzili oğlu Ələsgərə bağışlamışdır. Həmin bağışlama müqaviləsi Firuzun azad və sərbəst iradə ifadəsinin nəticəsi olmamışdır. Bağışlama müqaviləsi əvəzsiz əqddir. Qarşı tərəfin izahatlarından və məhkəməyə gətirdiyi şahid Taştan Ləmanın ifadəsindən müəyyən olunur ki, mənzil “kompensasiya” kimi verilmişdir, ailə münaqişəsinin həlli üçün şərt kimi irəli sürülmüşdür. Bu isə bağışlamanın hüquqi təbiətinə ziddir və onun formal xarakter daşıdığını göstərir.

31. Apellyasiya icraatı zamanı qarşı tərəf bildirmişdir ki, mənzil Ələsgərin ABŞ-ə getməsi məqsədilə viza alması üçün müvəqqəti olaraq onun adına keçirilməmiş, ümumiyyətlə viza alınması üçün Ələsgər sənədlər təqdim edərkən mübahisəli daşınmaz əmlakla bağlı sənədləri ora əlavə etməmişdir. Belə olan halda, məhkəmədə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsaslanaraq Ələsgər tərəfindən viza alınması üçün müraciətinə hazırkı daşınmaz əmlakın sənədlərini əlavə edib-etməməsinin müəyyən edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qanunun normasını səhv təfsir edərək vəsatəti rədd etmişdir.

32. Məhkəmə şahid ifadələrinə obyektiv qiymət vermədən, heç bir hüquqi əsası olmadan şahid ifadələrini sübut kimi qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Halbuki, şahid ifadələri bir birinə ziddiyyət təşkil etməmiş, iddia tələbinə uyğunluğu isə bizim verdiyimiz iddianın əsaslı və reallıqdan ibarət olmasına dəlalət edir. Məhkəmə prosesi zamanı sədrlik edən və qarşı tərəf kifayət qədər şahidlərə suallar verdilər, şahidlər əgər məhkəməyə həqiqəti deyil, yalan uydurub demiş olsaydılar, bunu onların ifadələrindən müəyyənləşdirmək mümkün olardı. Məhkəmə şahid ifadələrinin əsassız olmasını mütləq şəkildə öz qətnaməsində əsaslandırmalı idi, lakin tutarlı əsaslar olmadan bir kəlmə ilə şahid ifadələrini şübhə altına almışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Iddiaçı etiraz göndərərək Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil tərəflərin azad iradə ifadəsi əsasında bağlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmış müqavilə ilə İddiaçı mülkiyyətinə keçmişdir. Qarşı tərəfin müqavilənin formal olması barədə iddiaları həqiqəti əks etdirmir. Cavabdeh mənzili İddiaçı bağışlayarkən tamamilə sərbəst, şüurlu və könüllü hərəkət etdiyini birmənalı təsdiqləyərək bu iddiaları tamamilə puça çıxarmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

«Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsi

36. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

39. Maddə 324.1-ci, 324.2-ci və 324.3. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

40. Maddə 337.1-ci və 337.2. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 337.3-cü və 337.4. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

44. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

45. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qaldırılan hüquqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq qiymət verilmişdir. Kollegiya həmin qiymətləndirməni əsaslı və işin hallarına uyğun hesab edərək, onunla razılaşır.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

60. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar