Məhkəmə qərarları › İş №2(1-8)-1537/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1537/2026

31.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1537/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ünvan 1 A tikilisi 1 otaq və B tikilisinə X2 mülkiyyət hüququ 2007-ci ildə, A tikilisi 1 otağa isə İddiaçı mülkiyyət hüququ 2013-cü il tarixdə qeydə alınmışdır;

3. Iddiaçının qardaşı ilə cavabdeh 2009-cu ildə nikah bağlamışlar. Onların nikahdan 2010 və 2016-cı il təvəllüdlü iki uşaqları var.

4. Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, ev 9/1 A tikilisi 1 otaq və B tikilisinə X4 mülkiyyət hüququ 2016-cı ildə qeydə alınmışdır;

5. X4 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Iddiaçı onun qızıdır;

6. Iddiaçının qardaşı ilə cavabdehin nikahı 2021-ci ildə məhkəmə qaydasında pozulmuşdur;

7. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra - mübahisəli ev) vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə keçmişdir. Belə ki, sözügedən evi miras kimi X3 və İddiaçı qəbul etmişlər, X3 ona çatacaq miras əmlak payından imtina etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin himayəsində olan yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia belə əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda həmin evdə cavabdeh və iki yetkinlik yaşına çatmayan övladı yaşayır. Cavabdeh ##.##.2009-cu il tarixdə iddiaçının qardaşı Ilqar Abidovla rəsmi nikaha daxil olaraq ailənin gəlini kimi mübahisəli yaşayış evinə köçmüş və ailə üzvü qismində orada yaşamışdır. Onlar arasında nikah isə 2021-ci ildə məhkəmə qaydasında pozulmuş, cavabdehin iddiaçı ilə ailə üzvü münasibətləri həmin tarixdən hüquqi baxımdan başa çatmışdır. Mübahisəli ev əvvəllər iddiaçının mərhum atası X4 mülkiyyətində olmuş, cavabdeh isə həmin evdə yalnız mülkiyyətçinin razılığı ilə ailə üzvü (gəlin) statusunda yaşamışdır. Onun yaşayış hüququnu təsdiq edən hər hansı yazılı müqavilə və ya ayrıca razılaşma mövcud olmamışdır. Hazırda isə iddiaçı İddiaçı həmin yaşayış evinin qanuni və yeganə mülkiyyətçisidir və bu hüquq ##.##.2023-cü il tarixli dövlət reyestrindən çıxarışla təsdiq olunur. Iddiaçı onu da bildirmişdir ki, cavabdehin evdən çıxması müqabilində 5000 manat ödəməyə hazırdılar. 10.Cavabdeh izahatında bildirmişdir ki, 20-30 min manat ödəniş olsa evdən çıxar. Təklif olunan məbləğ həmin ev üçün çox azdır. Onlar B tikilisində yaşayırlar. 11.Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehin və onun himayəsində olan yetkinlik yaşına çatmamış uşaqların mübahisəli evdən 5 ay müddətinə istifadə hüququnun saxlanılması və onların ##.##.2026-ci il tarixdə mübahisəli evdən çıxarılması qət edilmişdir (hakim: Zaur Tağıyev). 12.Məhkəmə mövqeyini əsaslandırarkən bildirmişdir ki, mübahisəli əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Həmin əmlak mərhum X4 mirası kimi qanun üzrə vərəsəlik qaydasında iddiaçı tərəfindən tam hissədə qəbul edilmiş və bununla da iddiaçının bu əmlak üzərində müstəsna sahiblik, istifadə və sərəncam səlahiyyətləri hüquqi cəhətdən rəsmiləşdirilmişdir. Vərəsəlik işindən görünür ki, mirası yalnız iki şəxs – X3 və İddiaçı qəbul etmişlər, X3 ona çatacaq miras əmlak payından imtina etmişdir və mübahisə predmetinə aid olan yaşayış sahəsi tam şəkildə iddiaçının mülkiyyətinə daxil olmuşdur. 13.Cavabdeh mübahisəli yaşayış sahəsinə yalnız iddiaçının qardaşı X3 ilə bağladığı ##.##.2009-cu il tarixli rəsmi nikaha əsasən, yəni ailə üzvü (gəlin) statusunda daxil olmuş və həmin nikah müddətində mərhum qayınatasının mülkiyyətində olan evdə yaşamışdır. Lakin Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra cavabdehin iddiaçının ailə üzvü statusu hüquqi baxımdan xitam tapmış və bu tarixdən etibarən onun həmin yaşayış sahəsində qalmasının heç bir mülki-hüquqi əsası qalmamışdır. 14.Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, cavabdehin himayəsində azyaşlı iki uşağın olması faktı onların mübahisəli mənzildə qalmasına müstəqil, əşya hüququ xarakterli təminat yaratmır, çünki uşaqlar həmin ünvanda yalnız valideynlərinin ailə münasibətlərinə bağlı olaraq yaşamış və onların adına ayrıca yaşayış hüququ formalaşmamışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilən “alternativ yaşayış yeri yoxdur” iddiası sübut olunmasa da, uşaqların sosial vəziyyəti səbəbindən bu hal məhkəmə tərəfindən qiymətləndirilməsi zəruri sosial amil kimi nəzərə alınmışdır. Cavabdeh və uşaqların həmin əmlakda qalmasının hüquqi legitimliyi mövcud deyil. Cavabdeh nə vərəsədir, nə mülkiyyətçi ilə müqavilə bağlamış şəxsdir, nə də qanunla himayəsi tələb olunan yaşayış hüququ olan subyekt kateqoriyasına daxildir. Bu səbəbdən onun və uşaqlarının həmin evdə yaşaması hüquqi təminata malik olmayan faktiki istifadə kimi qiymətləndirilmişdir. Həmçinin məhkəmə BMT Uşaq Hüquqları Konvensiyasında nəzərdə tutulan “uşağın üstün maraqları” prinsipinə və proporsionallıq meyarlarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, mülkiyyətçinin hüququ bərpa olunmalıdır, lakin uşaqların sosial vəziyyətinin kəskin pisləşməsi yolverilməzdir. Bu səbəbdən çıxarılma qərarının icrası üçün müəyyən vaxt intervalı təyin edilmişdir və cavabdehə alternativ yaşayış sahəsi tapması üçün real imkan yaradılmışdır. 15.Məhkəmə mövqeyini Konstitusiyanın 13 və 29-cu, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci; Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88,-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16.Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli mənzildə ##.##.2009-cu ildən, həmin ərazi əvvəlki mülkiyyətçinin (X4) mülkiyyətində olduğu vaxtdan yaşayır və bu fakt iddiaçı tərəfindən də bilinə-bilə qəbul edilmişdir. Cavabdeh və onun azyaşlı uşaqlarının həmin evdə uzunmüddətli yaşayışı və sosial-məişət ehtiyacları nəzərə alınmadan onların kompensasiya verilmədən evdən çıxarılması ədalətsiz və qanunsuz hesab edilir. Həmçinin iddia olunur ki, mülkiyyət hüququ yalnız ##.##.2023-cü il tarixdə iddiaçıya keçdiyindən, cavabdehin əvvəlki faktiki yaşayışının hüquqi nəticələri nəzərə alınmalı, xüsusilə kompensasiya tətbiq edilmədən evdən çıxarılma mümkün olmamalıdır. Bu baxımdan mübahisənin həlli Mülki Məcəllənin 228-ci maddəsinə uyğun aparılmalı olduğu halda, məhkəmə yanlış olaraq Mənzil Məcəlləsinin müddəalarına istinad etmişdir. Cavabdeh hesab edir ki, iş üzrə sübutlar onun və uşaqlarının həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını təsdiq edir və məhkəmə bu faktı düzgün qiymətləndirməmişdir. Nəticədə qətnamə tərəflərin faktiki münasibətləri və uzunmüddətli yaşayış vəziyyəti nəzərə alınmadan, prosessual və maddi hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmişdir. 18.Cavabdeh izahatında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin evdən çıxarılma ilə bağlı qərarı ilə razı deyil. Həmin qətnamə qəbul edilərkən işin faktiki halları, azyaşlı iki oğlan uşağının mənafeyi nəzərə alınmamışdır. Burda üstün məsələ uşaqların mənafeyinin qorunmasıdır. O, bir vətəndaş kimi, məcburi köçkün olaraq iki azyaşlı oğlan uşağının anası kimi bu qətnaməni qanunsuz hesab edir. Prezidentin belə bir fərmanı var ki, məcburi köçkünlər yaşayış yerlərindən başqa alternativ yerlərə təyin edilmədən çıxarıla bilməzlər. Onu da qeyd etmək istəyir ki, həmin evə qaynatası Nazim Abidovun razılığı ilə qeydiyyata düşmüş və 2 uşaq dünyaya gətirərək 10 il onların himayəsində yaşamışdır. Gedə biləcək yeri olsaydı, əsla belə bir vəziyyətdə yaşamazdı. Uşaqlarının təhsili ilə bağlı Mərdəkan qəsəbəsindən uzaq yerdə yaşaya bilməz. Uşaqlarından biri 4, digəri isə 10-cu sinifdə oxuyur. Uşaqların təhsildən yayınmalarını istəmir, onların imtahanları yaxınlaşır. Bu vəziyyətdə yaşamaq ona da xoş deyil. Ilqar Abidovu o boşamış, 10 il müddətində davamlı şəkildə fiziki təzyiqə məruz qalmışdır. Aprel ayının 13-dək vaxt verilməsi adekvat deyil. Hər məhkəmə iclasında ona evdən çıxmağı üçün pul təklif edildi, o razılaşmadı. Yekunda ona evdən çıxmağı üçün 4 ay vaxt verilir. Qaynatası və qaynanası da həmişə onun tərəfində olublar. O, uşaqlarının haqqını tələb edir, onların gedib qala biləcəyi alternativ bir yeri yoxdur. Onun ailəli olduğu dövrdə qaynatası, qaynanası və baldızı ilə münasibətləri yaxşı olub. Qaynanası həmişə deyirdi ki, bu ev qaynatası N.Abidovun olub, müəyyən müddətdə bacısının adına keçirib. Həmişə ev qaynatasının olub. O, heç vaxt ev davası etməmişdir, sadəcə olaraq uşaqlarının evsiz qalmasını istəmir. Işsizdir, məcburi köçkündür. Baldızı həmişə deyirdi ki, onu və uşaqları evsiz qoymayacaq. 19.Iddiaçinin nümayəndəsi izahatında bildirmişdir ki, həmin məhəllədə A və B tikililəri olub. Cavabdehin ailə qurduqdan sonra gəlin köçdüyü ev B tikilisi olub. 2007-ci ildə Elvira Abidovanın adına rəsmiləşdirilib, o, iddiaçının bibisidir. 2009-cu ildə cavabdehlə iddiaçının qardaşı ailə qurub, həmin evdə yaşayıblar. 2016-cı ildə Elvira Abidova evi qardaşı Nazim Abidova bağışlayıb. Onun adına sənədləşdirilib, bununla bağlı çıxarış da var. 2021-ci ildə cavabdehin təşəbbüsü ilə iddiaçının qardaşı İ.Abidov arasında olan nikah pozulmuşdur. X1 vəfat etdikdən sonra, iddiaçının qardaşı imtina etdiyi üçün bütün mülk iddiaçı İddiaçı mülkiyyətinə keçmişdir. 2021-2025-ci illərdə cavabdehin həmin evdə yaşamasına şərait yaratmışdır. Sonradan iddiaçı qardaşı ikinci dəfə ailə həyatı qurduqdan sonra yaşamağa yeri olmadığı üçün qardaşının ailəsi ilə birlikdə orada yaşamasına razılıq vermişdir. Lakin bu da həmin evdə münaqişələrin yaranmasına səbəb olub. Artıq cavabdeh evi yararsız hala salmaq həddinə gətirib. Digər tərəfdən cavabdeh məcburi köçkün olduğunu bildirir, lakin o həmin mülkdə məcburi köçkün kimi məskunlaşmadığından sözügedən fərmana istinad etməsi də əsassızdır. Əvvəllər tərəflər arasında inzibati məhkəmədə mübahisə olub. Sonradan həmin ərizə baxılmamış saxlanılıb və tərəfə tövsiyyə olunub ki, mülki mühakimə icraatı qaydasında iddia qaldırılsın. Mülkiyyətçi işin gedişatında bir bibi kimi pul təklif edib ki, başqa yerdə kirayə ev tutaraq yaşasın. Çünkü artıq həmin evdə böyük uşaq ata ilə mübahisə həddindədir. Lakin cavabdeh həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. 20.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- */**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Günay Axundova – sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasımov). 21.Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh mübahisə predmeti olan B tikilisinə gəlin köçdüyü zaman ev cavabdehin ərinin bibisinin mülkiyyətində olmuşdur. Cavabdeh gəlin köçərkən evin mülkiyyətçisi ilə evdən istifadə ilə bağlı notariat qaydasında yazılı razılıq əldə edilməmişdir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mübahisə predmeti olan B tikilisinə 2016ci ildə cavabdehin keçmiş qayınatasının, 2023-cü ildə isə keçmiş baldızının mülkiyyət hüququ qeydə alınmışdır. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququnun yaranma əsası ailə münasibətlərinin mövcudluğudur. Deməli, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. 22.Beləliklə, cavabdeh Cavabdeh hazırda yaşadığı evin mülkiyyətçisinin ailə üzvü kateqoriyasına aid edilmədiyindən məhkəmə iddianı təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdehin uşaqlarının nəzərə alınmaması ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşraq qeyd edir ki, uşaqlar həmin ünvanda yalnız valideynlərinin ailə münasibətlərinə bağlı olaraq yaşamış olduqlarından, cavabdehin himayəsində azyaşlı iki uşağın olması faktı onların mübahisəli mənzildə qalmasına müstəqil, əşya hüququ xarakterli təminat yaratmır. Bununla belə məhkəmə bu halı nəzərə alaraq uşaqların sosial müdafiəsi ilə mülkiyyətçinin hüquqları arasında zəruri hüquqi balansı qorumaq baxımından qətnamənin daha gec – ##.##.2026-cı il tarixdə icra edilməsini məqsədəmüfaviq hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehə kompensasiya ödənilməli olması ilə bağlı şikayətin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, cavabdehin mübahisə predmeti olan evə məhdud əşya hüququ yaranmamışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23.Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. 24.Şikayət belə əsaslandırılmışdır ki, maddi hüquq baxımından Mülki Məcəllənin 152.3cü maddəsində nəzərdə tutulan istifadə hüququnun mahiyyəti və bu hüquqdan irəli gələn təminatlar nəzərə alınmamış, cavabdehin uzun müddət ərzində yaşayış evində ailə üzvü kimi formalaşmış faktiki istifadə hüququ qiymətləndirilməmişdir. Həmçinin Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə baxmayaraq, yaşayış sahəsindən istifadə hüququnun xitamı məsələsində kompensasiya mexanizmi tətbiq edilməmiş, bunun əvəzində yanlış olaraq Mənzil Məcəlləsinin müddəalarına istinad edilərək hüquqi səhvə yol verilmişdir. Halbuki mübahisəli yaşayış sahəsində cavabdehin ailə münasibətləri əsasında formalaşmış istifadə hüququ mövcud olmuş, həmin hüququn xitamı yalnız qanunda nəzərdə tutulmuş qaydada və kompensasiya ödənilməklə mümkündür. Məhkəmə bu faktları nəzərə almadan cavabdehin yaşayış və istifadə hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır. Bundan əlavə, iş materialları üzrə iddiaçının ilkin mərhələdə cavabdehin ailə üzvü və istifadə hüququ olan şəxs olduğunu qəbul etməsi, habelə mübahisə predmeti olan evdə uzunmüddətli yaşayış faktının mövcudluğu məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirilməmişdir. Özü və uşaqlarımın hazırda iddiaçının mülkiyyətində оlan yaşayış evinə ehtiyacları aradan qalxmadığından, həmin evdə istifadə hüquqları olduğundan müvafiq kompensasiya ödənilmədən evdən çıxarılmaqları qanunsuzdur. Prosessual pozuntular nəticəsində məhkəmə həqiqətin müəyyən edilməsi vəzifəsini icra etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25.Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.Etiraz belə əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti işin faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəldiyindən Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə ziddir və kassasiya baxışının hədlərindən kənara çıxır. Kassasiya instansiyası yalnız hüquq normalarının tətbiqini yoxlayır, faktların yenidən araşdırılmasını həyata keçirmir. Iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan yaşayış evi ##.##.2023-cü il tarixli dövlət reyestr çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Konstitusiyanın 13 və 29-cu maddələri, eləcə də Mülki Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçi öz əmlakına tam sərəncam vermək hüququna malikdir və bu hüquqa əsassız müdaxilə yolverilməzdir. Cavabdehin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinadı hüquqi əsasa malik deyil, çünki həmin normanın tətbiqi üçün mütləq notariat qaydasında bağlanmış yazılı razılaşma tələb olunur. Belə razılaşma mövcud olmadığından istifadə hüququ da yaranmamışdır və kompensasiya tələbi hüquqi əsasdan məhrumdur. Eyni zamanda, cavabdehin ailə üzvü statusuna və istifadə hüququna dair dəlilləri Mülki Məcəllənin 228.5-ci maddəsi baxımından da əsassızdır, çünki mülkiyyətçi ilə ailə münasibətləri və ya hüquqi əsaslandırılmış razılaşma mövcud deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

28.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 29.Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

36.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh mübahisə predmeti olan B tikilisinə gəlin köçdüyü zaman ev onun ərinin bibisinin mülkiyyətində olmuş, lakin evdən istifadə ilə bağlı mülkiyyətçi ilə Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanmamışdır. Sonradan, 2016-cı ildə ev üzərində mülkiyyət hüququ cavabdehin keçmiş qayınatasının, 2023-cü ildə isə keçmiş baldızının adına qeydə alınmışdır. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsindən istifadə hüququnun əsası mülkiyyətçi ilə ailə münasibətlərinin mövcudluğudur. Cavabdeh isə hazırkı mülkiyyətçinin ailə üzvü olmadığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yoxdur. Bu səbəbdən cavabdehin müvafiq kompensasiya ödənilməsi barədə etirazı da əsaslı sayılmamışdır.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Kassasiya şikayətinin uşaqlarla bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi vurğulayır ki, cavabdehin himayəsində uşaqların olması onların iddiaçının mülkiyyətində olan mənzilə əşya və digər əmlak hüquqlarını yaratmır. Cavabdeh uşaqların yaşayış yeri ilə təmin olunması ehtiyacı ilə bağlı ailə hüquq münasibətləri çərçivəsində uşaqları saxlamaq öhdəliyini daşıyan şəxsə qarşı ayrıca iddia qaldırmaq hüququna malikdir.

43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar