Məhkəmə qərarları › İş №2(001)-1335/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1335/2025

03.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1335/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı “işlədiyi müddətdə əmək haqqından tutulan, lakin ödənilməyən DSMF ödənişlərinin məcburi qaydada ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı “işlədiyi müddətdə əmək haqqından tutulan, lakin ödənilməyən DSMF ödənişlərinin məcburi qaydada ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2007-ci ilin aprel ayından Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-də böyük atıcı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində vaxtı-vaxtında əmək haqqı almışdır. 01 noyabr 2024-cü il tarixdə yaşla bağlı təqaüdə çıxmışdır. O, təqaüdü ilə bağlı DOST Mərkəzinə müraciət etmiş və orada ona 321 manat pensiya kəsmişlər. O, təqaüdünün nə üçün az olduğunu soruşduqda, ona bildirilmişdir ki, onun kapital yığımı az olduğundan və bundan başqa, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən DSMF-yə 21258.04 manat ödənilməli olduğu halda 14956.82 manat pul vəsaiti ödənilmişdir və hazırda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh onun ödənişi ilə bağlı DSMF-yə 6301.22 manat pul vəsaitini ödəməmişdir. O, dərhal bu işlə əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehnə getmişdir və orada özünə məxsus araşdırmalar aparmışdır. Ona şifahi məlumat vermişlər ki, deyilən məlumatlar düzdür. Şifahi olaraq pulun ödənilməsindən imtina etmişlər və bildirmişlər ki, indi pul yoxdur, məhkəmə qətnamə qəbul edər, o zaman ödəniş edərlər. Artıq onun başqa yolu olmadığı üçün gələcəkdə bununla bağlı mediasiyaya, sonra isə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək münasibətləri ilə əlaqədar olan mübahisələrə görə mediasiya şurasına müracət etmişdir. Orada onun müraciətinə əsasən mediator təyin edilmiş, mediatora onun tərəfindən 51 manat dövlət rüsumu ödənilmiş və 26 noyabr 2024-cü tarixdə Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəf iştirak etmədiyinə görə Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən 26 noyabr 2024-cü il tarixli, № MŞB/8/2024-02554 saylı arayış verilmişdir. O, DOST Mərkəzinə müraciət edən zaman orada ona sosial arayış və sığorta olunanın hesab vərəqəsini vermişlər, burada ona aid olan sosial arayışa və sığorta olunanın hesab vərəqəsinə baxış keçirilsə, açıq aydın görmək olar ki, DSMF-yə nə qədər ödənişlər edilmiş və nə qədər borc qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən DSMF-yə 21258.04 manatdan 14956.82 manat pul vəsaiti ödəniş etmişlər və hazırda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh onun ödənişi ilə bağlı DSMF-yə 6301.22 manat pul vəsaitini ödəməmişdir. Bundan başqa, o, rəsmi məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. O, hesab edir ki, yuxarıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən DSMF-yə 6301.22 manat pul vəsaiti ödənilməlidir. Çünki, bu onun yığılmış kapitalına zərər vurması deməkdir. Beləliklə o, hesab edir ki, onun iddia tələbi maddi hüquq normalarına uyğun düzgün tərtib və tətbiq edildiyindən irəli sürdüyü iddia tələbi təmin edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, idda tələbinin təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən DSMF-yə məcburi qaydada 6301.22 manat pulun ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 51 manat məbləğində pul vəsatinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Nümayəndə cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02554 saylı arayışdan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 12:00-dan 13:00-dək keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat məbləğində poçt-kargüzarlıq xərcini ödəmişdir. Lakin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan sığortaolunanın hesabından çıxarışdan görünür ki, sığortaedən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC tərəfindən sığortaolunan İddiaçı 21258.04 manat məbləğində pul vəsaiti hesablanmış, MMC-nin uçotda olduğu DSMF filialına İddiaçı adına 14956.82 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli 247/K satlı əmrinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Təhlükəsizlik və Mühafizə İdarəsinin 3 saylı komandasına böyük atıcı vəzifəsinə işə qəbul olunmuş, İdarənin xx.xx.2024-cü il tarixli 102/K saylı əmrinə əsasən xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Nümayəndə MMC-yə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, MMC-yə qarşı irəli sürülmüş hal-hazırda yaşla bağlı təqaüddə olan iddiaçı X1 iddiasının təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində işçinin əsas hüquqları təsbit edilmiş və həmin hüquqlar arasında işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsində isə işəgötürənin əsas vəzifələri sırasında işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək vəzifəsi təsbit edilmişdir. Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, bilavasitə iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, İddiaçı 2007-ci ilin aprel ayından Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-də böyük atıcı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində vaxtı-vaxtında əmək haqqı almışdır. 01 noyabr 2024-cü il tarixdə yaşla bağlı təqaüdə çıxmışdır və ona 321 manat pensiya kəsilmişdir. Pensiya məbləğinin aşağı həddə müəyyən edilməsinin səbəbini araşdıranda iddiaçıya bildirilmişdir ki, işlədiyi müddət ərzində işəgötürən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta qismində 21258.04 manat ödənilməli olduğu halda 14956.82 manat pul vəsaiti ödənilmişdir. Bu faktı məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq etmişdir və iddianı qəbul etmişdir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu və cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-dən 6301.22 manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-dən 6301.22 manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-dən 51 manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar