Məhkəmə qərarları › İş №2(001)-1337/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1337/2022

01.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1337/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçı Kəlbiyeva (Zeynalova) Gülnar Səxavət qızının, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X3 Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 10 nömrəli şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 nömrəli şəhər Poliklinikasının baş həkimi tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 30 avqust 2021-ci il tarixli, 216-k saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun həmin poliklinikada xadimə vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi və mediasiya sessiyasında iştirakla bağlı ödədiyi pul vəsaitinin əvəzi kimi 25 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 27 fevral 2012-ci il tarixdən 10 nömrəli şəhər Poliklinikasında xadimə işləmiş, işlədiyi dövrdə işi ilə bağlı hər hansı nöqsana yol verməmişdir. 2018-ci ilin avqust ayında səhhətində hamiləliklə bağlı narahatlıqlar yarandığı üçün həkimə müraciət etmiş, sonrakı dövrdə həkim nəzarətində olmuşdur. Narahatlığı artdığı üçün 07 avqust 2018-ci il tarixdə işə gedə bilməmiş, 3 saylı Suraxanı Rayon Xəstəxanasına müraciət etmişdir. Bundan sonrakı günlərdə də səhhətindəki problemlərlə bağlı həkim nəzarətində olduğu üçün işə gedə bilməmiş, bu barədə işə məlumat vermişdir. Buna baxmayaraq, 2018-ci ilin oktyabr ayından işə buraxılmamışdır. Səbəbi ilə maraqlandıqda ona bidirilmişdir ki, işə laqeyd yanaşdığı üçün işdən azad edilmişdir. O, işdən çıxarılma əmrinin surətini və əmək kitabçasını götürmək üçün müraciət etdikdə müxtəlif bəhanələrlə sənədlər ona təqdim edilməmişdir. Bu yaxınlarda o, yeni işə düzələrkən müəyyən olunmuşdur ki, cavabdeh poliklinikanın baş həkiminin 30 avqust 2018-ci il tarixli əmri ilə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Bundan sonra o, yenidən poliklinikaya müraciət edərək əmək kitabçasının və əmrin surətinin ona verilməsini tələb etmiş, bir müddət yubandırıldıqdan sonra 03 noyabr 2021-ci il tarixdə əmək kitabçası ona təqdim edilmişdir. İşlədiyi dövrdə poliklinika rəhbərliyi tərəfindən ona əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi əsası ilə heç bir tənbeh tədbiri tətbiq edilməmişdir. Cavabdehin baş həkimi onu tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi onun tərəfindən güyə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyini göstərmişdir ki, bunun heç bir əsası yoxdur. Belə ki, o, səhhəti ilə bağlı müəyyən iş günü buraxmışdır ki, bu da onun tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla azad edilməsi üçün əsas ola bilməzdi. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı 09 avqust 2018-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək işə gəlmədiyinə görə 28 avqust 2018-ci il tarixdə əlaqə saxlanılan zaman iddiaçı xəstəlik vərəqəsinin olmadığını bildirmişdir. Səhəri gün iddiaçının əri zəng vuraraq onu təhqir etmiş, arvadının istədiyi vaxt işə gələcəyini bildirmişdir. Bütün bunlar barəsində poliklinikanın baş həkiminə məlumat verilmiş və baş həkimin 30 avqust 2018-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilmişdir. Səhhəti ilə bağlı işi buraxmalı olmasını təsdiq edən həkim sənədi bu gün də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçı həqiqətən də heç bir üzrlü səbəb olmadan işi buraxmışdır. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 10 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini, tibb bacısı, kadrlar üzrə mütəxəssisi və tibb qeydiyyatçısı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Gülnar Zeynalovanın 09 avqust 2018-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək işə gəlmədiyi göstərilmişdir. - 10 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aşura Şirinova tərəfindən verilmiş 30 avqust 2018-ci il tarixli, 216-K saylı əmrə əsasən, Poliklinikanın 1-ci Terapiya şöbəsinin sanitar qadını X1 ilə bağlanmış əmək müqaviləsinə akt və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 30 avqust 2018-ci il tarixdən xitam verilmişdir. - Ambulator kitabçadan çıxarışdan görünür ki, Zeynalova (Kəlbiyeva) Gülnar Səxavət qızı 07 avqust 2018-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etmiş, ona “6 həftə inkişafdan qalmış hamiləlik” diaqnozu qoyulmuş, həmin tarixdə əməliyyat edilmiş və həmin gün qadın məsləhətxanasının nəzarəti altında evə yazılmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçı öz iddiasının əsası kimi səhhətindəki problemlərə görə işə müəyyən müddət getmədiyini bildirsə də, iş materiallarında iddiaçının 07 avqust 2018-ci il tarixdən sonrakı tarixlərdə hansı əsasla işi buraxmasına dair heç bir sübut mövcud deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ... işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı Gülnar Zeynalovanın 09 avqust 2018-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək olan iş günlərində gəlməməsinin üzürlü səbəbdən olması işin halları təsdiq edilmədiyindən cavabdeh tərəfindən qəbul edilmiş 30 avqust 2021-ci il tarixli, 216-k saylı əmr qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun qanuni əsaslarla ləğv edildiyindən iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia rədd edildiyindən, iddiaçının mediasiya sessiyasında iştirakla bağlı ödədiyi pul vəsaiti onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X3 Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 10 nömrəli şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar