Məhkəmə qərarları › İş №2(001)-1342/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1342/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1342/2022 17.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan 600.0 kv.m torpaq sahəsini və üzərində yerləşən iki otaqdan ibarət yaşayış sahəsi 33.62 kv.m, köməkçi sahə 44.31 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Təlimatın mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar. Həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etmələridir. Hazırki ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən isə müəyyən olunur ki, ərizəçi notariat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da mülki prosessual qanunvericiliyin məhkəməyə qədər (pretenziya) nizama salınma tələbinə riayət etməmişdir. Ona görə də, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Ərizəçi (maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar