Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-718/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən maraqlı şəxs DƏDKR PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(051)- ***/**** nömrəli qərardadından maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Mingəçevir şəhər Samux küçəsi ** saylı evdə yerləşən miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və ona mülkiyyət haqqında qeydiyyat vəsiqəsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə, ərizəçinin xahişi təmin edilmiş, Mingəçevir şəhər Samux küçəsi ** saylı evdə yerləşən miras əmlakın Ərizəçi qəbul edilməsi faktının müəyyən edilməsi və ona mülkiyyət haqqında qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi DƏDKR PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi ##.##.2026-cı il tarixdə apelyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə maraqlı şəxs DƏDKR PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi ##.##.2006-cı il tarixdə çıxarılmış, həmin qətnamənin surəti məlumat üçün AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax rayonlararası idarəsinə göndərilmiş, ##.##.2006-cı il tarixli icraata başlamaq haqqında qərara əsasən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, 2(051)- ***/**** saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bununla belə maraqlı şəxs DƏDKR PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi apelyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Eləcə də, maraqlı şəxs DƏDKR PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi qətnamədən apelyasiya şikayəti vermə müddətini 20 ildən artıq müddətə ötürmüş, lakin buraxılmış müddətin üzürlü sayılması barədə vəsatət verməmişdir Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən apelyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apelyasiya şikayəti elektron imza ilə imzalansa da “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, AR MPM-də apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş * saylı əlavəyə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Odur ki, birinci instansiya məhkəməsi apelyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən, elektron imza ilə imzalansa da, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, həmçinin AR MPM-də apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş * saylı əlavəyə uyğun tərtib edilmədiyindən, apelyasiya şikayətini geri qaytarmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən DƏDKR PHŞ-nin ** saylı Yevlax Əraz İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(051)- ***/**** nömrəli qərardadı ilə ərazi idarəsinin verdiyi apellyasiya şikayəti qərardadda göstərilən hallara görə geri qaytarılmışdır. Məhkəmə qərardadı ilə tanış olunmuş və qərardadda göstərilən hallar araşdırılmış, nəticə etibarı ilə müəyyən olunmuşdur ki, qərardadın müəyyən etdi hissəsinin 6-cı abzasında Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2006-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ərazi idarəsinə göndərildiyi qeyd edilmişdir. Lakin ərazi idarəsində saxlanılan arxiv məlumatlarına istinadən nəzərə çatdırılır ki, həmin qətnamənin ərazi idarəsinə daxil olması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Eyni zamanda məhkəmə ikinci hal olaraq qətnamədən apellyasiya şikayəti verilməsini elektron məhkəmə sistemi vasitəsi ilə bildirmişdir. Halbuki, həmin qətnamə dövrünə görə elektron məhkəmə sistemi ilə qeydə alınmamış və ya ərazi idarəsinin elektron məhkəmə sistemində əks olunmamışdır. Üçüncü hal olaraq məhkəmə bildirir ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir, halbuki, məhkəmə qətnaməsi icra vərəqəsi ilə birgə elektron sənəd dövriyyəsi vasitəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən ərazi idarəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi məlumat xarakterli olaraq Mingəçevir şəhər Məhkəməsi tərəfindən ərazi idarəsinə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddənin dispozisyasından məlum olur ki, məhkəmə qətnaməsi ərazi idarəsinə ##.##.2026cı il tarixdə daxil olduğu andan etibarən şikayətin verilmə müddəti əmələ gəlmişdir. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadını ləğv edərək məhkəmənin qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Kollegiya maraqlı şəxsin şikayətində göstərdiyi Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ərazi idarəsinə daxil olması ilə bağlı hər hansı məlumatın olmaması, məhkəmə qətnaməsinin icra vərəqəsi ilə birgə elektron sənəd dövriyyəsi vasitəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən ərazi idarəsinə göndərilməsi və məhkəmə qətnaməsinin məlumat xarakterli olaraq Mingəçevir Şəhər Məhkəməsi tərəfindən ərazi idarəsinə göndərilməməsi, məhkəmə qətnaməsinin ərazi idarəsinə ##.##.2026-cı il tarixdə daxil olduğu andan etibarən apellyasiya şikayətinin verilmə müddətinin yaranmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax rayonlararası idarəsinə göndərilmiş, ##.##.2006-cı il tarixdə sözügedən qətnamə icra edilməsi üçün Mingəçevir şəhər Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinə ünvanlanmış, ##.##.2006-cı il tarixli icraata başlamaq haqqında qərara əsasən həmin qətnamə üzrə icra hərəkətlərinə başlanılmışdır. Həmçinin sözügedən qətnamədən görünür ki, maraqlı şəxs AR Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin Yevlax rayonlararası idarəsinin nümayəndəsi Azər Hüseynov məhkəmə prosesində iştirak etmiş və ərizə üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, maraqlı şəxsin sözügedən qətnamədən məlumatı olmuş, lakin maraqlı şəxs Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2006-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayətini 20 ildən artıq müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə vermişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iş üzrə prosessual müddətin ötürülməmiş hesab olunmasına əsas ola biləcək hallar müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(051)- ***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(051)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1 apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(051)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-718/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-718/2026
11.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver