Məhkəmə qərarları › İş №2(001)-1352/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1352/2020

26.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1352/2020 26.02.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, döngə 5, dalan 1, 10 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, 5-ci döngədə, 1-ci dalanda yerləşən 10 saylı evi 04 dekabr 2019- cu il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh, X2, X7 almışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, 5-ci döngə, 1-ci dalanda yerləşən 10 saylı ev ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cıı il tarixdə verilmiş **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ev boşaldılaraq, ona təhvil verilmişdir. Lakin, mənzilin sahibləri həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Belə ki, AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən xx.xx.1969-cu ıl təvəllüdlü Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 birlikdə ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, 5-ci döngədə, 1-ci dalan, 10 saylı evdə pasport qeydiyyatındadır. Azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X9 Cavabdeh oğludur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, döngə 5, dalan 1, 10 nömrəli ev Cavabdeh, X9, X8 paylı mülkiyyətində olmuşdur. Cavabdeh (eyni zamanda X1i nümayəndəsi olaraq), X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin mənzil İddiaçı satılmış və bundan sonra sonuncunun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda həmin mənzil İddiaçı mülkiyyətindədir. Müqaviləyə əsasən Cavabdeh, X9, X10 (satıcı) İddiaçı (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi və xx.xx.2019-cu il tarixədək həmin mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdürlər. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra cavabdehlər mənzili daimi əsaslarla tərk etmiş və həmin vaxtdan mübahisəli mənzildə yaşamırlar. Lakin buna baxmayaraq Cavabdehpasport qeydiyyatında qalmaqda davam edir. Onun bu mənzildə pasport qeydiyyatında olmaları formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə dair qanunvericiliyin tələblərinə uyğun şəkildə alğı-satqı müqaviləsi bağlandığından, cavabdeh mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, alqı-satğı müqaviləsində cavabdehin istifadə hüququnun saxlanılması ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla cavabdeh arasında istifadə hüququnun itirilməsinə dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından Cavabdeh mübahisəli mənzildən istifadə hüququ itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh uşağı, xx.xx.2007-ci il təvəllüdlü X9 də hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdeh bu mənzildən olan istifadə hüququnun itirilməsi hüquqi nəticə etibarı ilə onun yetkinlik yaşına çatmayan bu uşağının da mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnəcəkdir. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni atası Cavabdeh qoruyur. Ona görə bu şəxsin mübahisəli evdən istifadə hüquqlarının itirilməsi, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşağın istifadə hüququnun itirilməsini də ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (xx.xx.2007-ci il təvəllüdlü X4 birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, 5-ci döngə, 1-ci dalan, 10 saylı evdən istifadə hüququ itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (xx.xx.2007-ci il təvəllüdlü X4 birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, 5-ci döngə, 1-ci dalan, 10 saylı evdən istifadə hüququ itirilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar