Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1374/2023 19.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Ninəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Almaniya FR-da doğulmuş X1(X2) adına verilmiş 333045 saylı,xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən tərtib edilən və imzalanan iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2014-cü il tarixdə Almaniya FR-da(Nordhorn) doğulmuşdur.İlk dəfə 4 yaşında Azərbaycan Respublikasına gələn M.Yunusova 2022-ci ildə Azərbaycan Respublikası vətəndaşları olan valideynləri Ərizəçi və X5 ilə Azərbaycana gəlməyə hazırlaşarkən “stick visa” sistemində maneələr yaranmışdır. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında Məryəm həmçinin Almaniya vətəndaşı, Almaniyada isə Azərbaycan vətəndaşı olaraq görünür. Sonradan məlum olmuşdur ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən də Məryəmə xx.xx.2014-cü il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. X4 Almaniya FR-da doğulmuş və Azərbaycan Respublikasına ilk dəfə 4 yaşında olarkən gəlmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ə rizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması , yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci, 305.1.8-ci və 339- 341-ci maddələri ləğv edilmişdir, hansı ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında xüsusi icraatda baxılan işlər də bunlara aid edilmişdir. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının Almaniya FR-da doğulmasına və ona həmin ölkədə doğum haqqında şəhadətnamənin verilməsinə baxmayaraq, Maraqlı şəxs əsassız olaraq doğumu qeydə almasından narazıdır. Bu səbəbdən də həmin qeydin etibarsızlığını və ya ləğvini tələb edir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” təsdiq edilmişdir və həmin qaydalarda doğumun qeydə alınması proseduru öz əksini tapmışdır. Göründüyü kimi mübahisə inzibati orqanın publik hüquq münasibətlərindən irəli gələn fəaliyyəti ilə bağlıdır və bu işlərə mülki icraat qaydasında baxılması artıq nəzərdə tutulmamışdır. Odur ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçıya izah edilməlidir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtinasından müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1374/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1374/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver