Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1379/2021 02.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əlioğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabehin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, onun azyaşlı, xəstə oğlu ilə birlikdə cavabdehin Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1-də yerləşən özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə ismayıllı rayonunun Aşıq Bayramlı kəndində doğulmaqla cavabdeh Məmmədov Sadiq Məmməd oğlu ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından Məmməd adlı övladları olmuşdur. Məmməd fiziki və əqli cəhətdən qüsurlu doğulduğundan onun xüsusi olaraq valideyn nəvazişinə ehtiyacı vardır. Cavabdeh ilə el adəti ilə toy edib Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bütün cehiz əşyaları hazırda həmin evdədir. Cavabdehin valideynləri də həmin evdədir. Onlar ilə birgə təsərrüfat aparmaqla birgə ailə tərkibində yaşamışlar. İlk vaxtlar münasibətlərinin yaxşı olmasına baxmayaraq, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşmiş, xx xxxx 2020-ci i ltarixdə onu zorla yaşadıqları evdən çıxarmışlar. Ailənin bərpasının mümkün olması səbəbindən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Lakin son vaxtlar cavabdeh ona məxsus cehiz əşyalarını evdən ataraq yandıracağı ilə onu hədələmişdir. Cavabdehin iddiası ilə Ağdam Rayon Məhkəməsində aralarında olan nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. Özbaşına fərdi ev barəsində Biləcəri Bələdiyyəsinə, Binəqədi RİH-nə sorğu ünvanlanmış, həmin ünvanda olan tikiliyə heç kimin qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin bacısı ilə bu yaxınlarda danışmışdır. Əşyaları hal-hazırda həmin evdədir. Orada o, Sadiq, onun atası və anası birlikdə yaşamışlar. O, İsmayıllıda bir otaqlı evdə atasının himayəsindədir. Onun qardaşı həmin mənzildə yalnız atasını və anasını saxlamaq imkanının olduğunu bildirir. Uşağı autizm xəstəsidir. Özü işləmir. Uşağın müalicəsi üçün teztez Bakı şəhərinə gəlməyə məcburdur. Uşağı şəhərdə olan reabilitasiya mərkəzinə aparmalıdır. Başqa yaşayış yeri isə yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, birgə nikah dövründə əldə edilən maşın hazırda cavabdehin istifadəsindədir. Həmçinin məhkəməyə yazılı ərizəsini təqdim edərək, bildirmişdir ki, cavabdehin evində aşağıdakı əmlakları qalmışdır: Mebel avadanlığı: qonaq dəsti, qorka, kamot, bar, bir ədəd stol , 8 ədəd stul, televizor altı, yazı stolu, künc divanı, pərdələr, xalça, lüstr, tumba, termo, taxt (sandıq və tumbalar) 2 gecə işığı, uşaq beşiyi, lüstr, pərdə, xalça; Mətbəx avadanlığı: qaşıq dəsti, çörək qabı, 4 ədəd aliminium qazan, 1 ədəd nikel qazan, tefal dəsti, qazan, tava, çaydan, 7 ədəd tefal dəsti, 6 ədəd tefal dəsti, 50 manatlıq tefal qazan, aşsüzən, 4 ədəd nikel tava dəsti, çuqun və kauçuqun qablar, 2 ədəd qoz sındıran, 2 ədəd masa və müxtəlif mətbəx avadanlığı, kamot üstü xrustal 2 ədəd vaz, 1 ədəd güldan, stol üstü bahalı xrustal vaz və güldan, iri qara güldan; Hamam dəsti: çexol, prostina, ütü altı, hamam dəsmalları, şay dəsmalları, yay, qız xalatları, sandıq və s; Yatacaq əşyaları: taxt döşəyi, 4 ədəd yastıq, 4 ədəd sintetik yastıq, Elektrik əşyaları: tozsoran, ütü, bardo, blender, mikser, elektrik çaydan, elektrik peçi, oxlov, ələk, dörd ayaq, elektrik samovar. Bütün qeyd etdiyi əşyaları həmin mübahisəli mənzildə qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsii xahiş edir. Həmçinin bildirmişdir ki, iddiaçıya məxsus cehiz əşyaları həmin evdədir. Tərəflər arasında nikah pozulmuşdur. Bununla bağlı nikahın pozulması barəsində şəhadətnamə alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli mənzil sənədsiz tikilidir. Həmin evdə iddiaçının qayınatası, qaynanası və baldızı yaşamışdır. Həmin evdə şəkillərin çəkilməsi iddiaçının həmin evdə yaşamasını təsdiq etmir. İddiaçının heç kommunal ödənişlərin edilməsində iştirakın təsdiq edən sübut da yoxdur. Ev cavabdehin atasının yaşadığı evdir. Onda olan məlumata əsasən iddiaçının həmin evdə əşyaları yoxdur. Ev həyət evidir. Xanım isə uzun müddət həmin evdə yaşamayıb. Əvvəlki məhkəmə iclaslarında cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi Cavabdeh atası X1 məxsusdur. 2001-ci ilin avqust ayında torpaq sahəsini almış və özünə 1 mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Hansı ki, həmin vaxt Cavabdeh 17 yaşı olmuş və orta məktəbi təzə bitirmişdir. Orta məktəbdə oxuyan bir şəxsin təbii ki, hər hansı qazancı olmamışdır ki, özünə Bakı şəhərində torpaq sahəsi alıb, mənzil inşa etsin. Bundan sonrakı müddətdə isə Sadiq 2001-2005-ci illərdə Bakı Texniki Universitetin “dəmiryol nəqliyyatı” fakultəsində ali təhsil almış, 2005-ci ilin oktyabr ayından 2006-cı ilin oktyabr ayınadək hərbi xidmətdə olmuş, ondan sonra isə 2007-ci ilin oktyabr ayında “xxxx” ASC-də labaratoriya xidmətində mühəndis vəzifəsinə daxil olmuş, aylıq əmək haqqı 243 manat, sosial ödənişlər və vergilər çıxdıqdan sonra isə aldığı 183 manat əmək haqqı olmuşdur ki, həmin məbləğlə şəxsn torpaq sahəsi alaraq, mənzil tikməsi mümkün deyildir. xx.xx.2009-cu ildən Xırdalan şəhərind ETSİ-nin istismar şöbəsində mühəndis işləyir və işlədiyi rayon üzrə kirayə yaşayır. Tərəflər xx.xx.2017-ci ildə nikaha daxil olub, onların nikahından xx.xx.2018-ci ildə X2 doğulmuşdur. xx.xx.2020-ci iləd Göyçay şəhərində xanımın xalası oğlunun toyuna getməməsi səbəbinə görə mübahisə baş vermiş, xx.xx.2020-ci il tarixində Sadiq işdə olduğu vaxt Masazır qəsəbəsində yaşayan bacısı Humay və bacısının qaynanası ilə birlikdə Xırdalan şəhərində kirayə qaldıqları mənzildən əmlaklarınıda götürərək çıxıb getmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, bu barədə xx.xx.2020-ci ildə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Bundan əlavə cavabdeh Ağdam rayonundan məcburi köçkün düşməklə hazırda Ağdam rayonunun, Yusifcanlı kəndində qeydiyyatdadır. Adına hər hansı əmlak mövcud deyildir. “xxxx” ASC tərəfindən verilmiş abunə haqqında çıxarışdan görünür ki, Binəqədi rayonundan DYP-nin üst hissəsində, 2-ci məhəllə ünvanında yerləşən özbaşına tikilinin sahibi Məmmədov Məmməd olmaqla xx.xx.2005-ci ildən abonent qismində qeydiyyata alınmışdır. Hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni tikiliyə köçürülməsini tələb etmək hüququna malik deyildir. Mülki hüquq müasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətdən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Həmçinin nəzərə almaq lazımdır ki, ümumiyyətlə mənzilə köçürülməyə dair iddia yalnız belə köçürülməni tələb edən şəxsin mənzilə dair qanunla qorunan mülkiyyət hüququnun mövcudluğunda aslıdır.Hazırki vəziyyətdə iddiaçının köçürülməsinin tələb etdiyi tikili X1 məxsusdur ki, iddiaçı ilə həmin şəxs arasında hər hansı müqavilə münasibətləri və ya ailə münasibətləri mövcud deyildir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-737/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 716 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci ildə anadan olmuş Məmməd adlı uşaq yetkinlik yaşına çatanaqədər anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2020-ci il tarixindən başlayaraq, Cavabdeh xx.xx.2018-ci ildə anadan olan Məmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Abunə haqqında çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, DYP-iin üst hissəsi, İİ məhəllə, ev (bina) 0002, mənzil 0039 saylı mənzilə Məmmədov Məmməd adına **********20039 saylı abonent kodu verilmişdir. Binəqədi RİB-nın Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil1 verilən xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Məmmədov Məmməd barəsində nümayəndəlikdə rəsmi məlumat yoxdur. Eyni zamanda vətəndaşın Biləcəri qəsəbəsində hansı ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunan sübutlarla və tərəflərin izahatları işin faktiki halı aşağıdakı kimi müəyyən edilmişdir: 1) iddiaçı ilə cavabdeh 2017-ci ildən 2020-ci ilədək nikahda olmuşlar, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları vardır, 2) iddiaçı nikaha daxil olduqdan sonra həmin evdə yaşadığını bildirir və bunu müxtəlif vaxtlarda çəkilmiş özünün və uşağının fotoşəkilləri ilə təsdiq edir, 3) iddiaçı münasibətləri pozulduqdan sonra evdən məcburi qaydada çıxarıldığını bildirir, cavabdeh isə iddiaçının kirayə yaşadıqları evdən könüllü olaraq əşyalarını götürərək çıxdığını bildirir, 4) cavabdeh nikah dövründə kirayədə yaşadıqları və cehiz əşyalarının orda olması barədə hər hansı sübut təqdim etməmişdir, 5) cavabdeh evin atasına məxsus olduğunu və onun tərəfindən tikildiyini bildirir və bununla bağlı Azərışıqla atası Məmmədov Məmməd arasında bağlanmış abonent müqaviləsinə istinad edir, 6) iddiaçı mübahisəli evin mövcudluğunu cavabdehin nikahın pozulması barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşayış ünvanı kimi Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosessi, döngə 1 qeyd etməsiylə əsaslandırır. Odur ki, cavabdeh iddianı yalnız mübahisəli evin ona deyil atasına məxsus olması və iddiaçının həmin evdə əşyalarının olmaması hissəsində mübahisələndirir. Bu baxımdan işin mübahisələndirilməyən hissəsi evin özbaşına tikili olaraq fiziki baxımdan mövcud olması və iddiaçının həmin evə köçürülməsinə mane törədilməsidir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Təqdim edilmiş fotoşəkillərdən tərəflərin birgə nikah dövründə mübahisəli evdə qonaq kimi deyil, sakin kimi yaşaması açıq aşkardır. Cavabdehin birgə nikah dövründə kirayədə yaşadıqlarını və əşyaların həmin evdə olmasını bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Tərəflərin münasibətlərinin pozulması və mübahisələrinin olması da mübahisə edilmir. Cavabdehin iddiaya qəti etiraz etməsi də, iddiaçının həmin evdə yaşamasına törədilmiş manenin dolayı yolla təsdiqidir. Sadalananlara əsasən, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, iradəsi əlehinə evdən çıxmaq məcburiyyətində qalmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehin və ya onun atasının mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda birgə nikah dövründə, birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. Bundan başqa, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının gəlin köçməsi ilə əlaqədar ailə münasibətləri çərçivəsində orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Həmçinin cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Proessual Məcələsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan xx xxxxxx 2018-ci il təvəllüdlü Məmməd adlı oğlu(nikahın pozulması haqqında qətnamədə o formada qeyd edilmişdir) ilə birlikdə Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1-də yerləşən özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan xx xxxxxx 2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1379/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1379/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver