Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1398/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlu X1 ünvan 1 79 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 6-da yerləşən 79 saylı mənzili xx.xx.2019-cu il tarixində bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Alğı-satqı müqviləsinin 2.2.4-cü bəndinə görə, cavabdeh bu müavilə üzrə notariat qaydasında təsdiq olunduğundan 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxması ilə bağlı üzəinə öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdehlər və Cavabdeh1 yetkinlik yaşına çatmayan oğlu sözügedən mənzildə yaşamasa da, formal olaraq hələ də, onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Bu səbəbdən də, cavabdehlərin günahı üzündən mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Bundan əlavə mənzil və kommunal xidmət haqqlarını artq məbləğdə ödəməyə məcbur olur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Cavabdeh1 ilə İddiaçı ilə arasında bağlanan xx.xx.2019-cu il tarixli № İ100825- 665293/1 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 mənzil 79 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********95-05101-093037 olan daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışa əsasən ona məxsus olan əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı bu müqavilə notarial qaydada təsdiq olunduqdan 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyaytda olan şəxslərlə birgə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1491977 saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2, X2(xx.xx.2003-cü il təvəllüdlü) və Cavabdeh1 ünvan 1 mənzil 79 ünvanında digər şəxslərlə birgə qeydiyyatdadırlar. Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh2, qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin, 79 saylı mənzilinin satılmasına etiraz etmir. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 ilə İddiaçı ilə arasında bağlanan xx.xx.2019-cu il tarixli № İ100825-665293/1 saylı alğı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Mənzilin satıcısı həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən müqavilənin notarial qaydada təsdiq olunduğu vaxtdan 1 ay ərzində qeydiyyatdan çıxmaq barədə öhdəlik götürüb, lakin qeydiyyatdan çıxmamışdır. Həmçinin mənzildə qeydiyyatda olan Cavabdeh2 mənzilin satılmasına razılıq versə belə, həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehlən mübahisə predmeti olan mənzildə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, mənzil satılarkən satıcı həmin mənzildən çıxmağı öhdəsinə götürdüyündən, mənzildə qeydiyyatda olan digər cavabdeh mənzilin satılmasına etiraz etmədiyindən, cavabdehlərin faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh1 və onun xx xxxxxx 2003-cü il təvəllüdlü övladı X2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin, 79 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və onun xx xxxxxx 2003-cü il təvəllüdlü övladı X2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin, 79 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1398/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1398/2021
25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver