Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1399/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi 13.03.2013-cü il tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 13.03.2013-cü il tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktının müəyyən edilməsinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1993-cü ildə Samux rayonu Sərkar kəndində anadan olmuş və hazırda ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 2011-ci ildə o, qeyri-rəsmi olaraq Maraqlı şəxs2 ilə ailə həyatı qurmuş, hazırda da birlikdə yaşayırlar. Həyat yoldaşı Maraqlı şəxs2 ilə birgə nikahından 13.03.2013-cü il təvəllüdlü Musa adlı oğlu anadan olmuşdur. Lakin övladı ev şəraitində doğulduğundan doğum haqqında tibbi şəhadətnamə ala bilməmiş, bu səbəbdən də bu günə kimi övladına doğum haqqında şəhadətnamə alması mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin alınması üçün aidiyyəti orqan olan 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi doğum haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və doğum faktının müəyyən olunması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirmişdir. Hal-hazırda 9 yaşı olan musanın doğum haqqında şəhadətnaməsi olmadığından o, məktəbə getmir. Bu da onun yaşıdları kimi təhsil almaq hüququnu pozur. Ona görə də 13.03.2013-cü il tarixdə ev şəraitində X4 adında oğlan övladının doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil Ərizəçi izahatını təsdiq etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizə ilə razılaşaraq izahatında göstərmişdir ki, o, 2011-ci ildə Ərizəçi ilə faktiki nikah münasibətlərinə daxil olmuş, hal-hazıradək birgə yaşayıb, birgə təsərrüfat aparırlar. Faktiki nikah münasibətlərindən 13.03.2013-cü il tarixdə ev şəraitndə onun oğlu Musa anadan olmuşdur. Oğlu yaşadıqları evdə anadan olduğundan ona doğum haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Ona görə də bu günə kimi övladına doğum haqqında şəhadətnamə alması mümkün olmamışdır. Bu da oğlunun yaşıdları kimi təhsil almaq hüququnu pozur. Ona görə də Ərizəçi 13.03.2013-cü il tarixdə bir oğlan uşağını, yəni oğlu Musanı doğması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan 13.03.2013-cü il təvəllüdlü Musa izahatında göstərmişdir ki, onun anası Ərizəçi, atası Maraqlı şəxs2dur. 9 yaşı olsa da, sənədləri olmadığından məktəbə getmir. O, dostları kimi məktəbə gedib təhsil almaq, böyüyəndə polis olmaq istəyir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı Baş Səhiyyə İdarəsi M.H.Qəmbərov adına 5 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş 05.11.2021-ci il tarixli 600 saylı arayışdan müəyyən olunur ki, 13.03.2013-cü il təvəllüdlü X2 5 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, qızı Ərizəçi 2011-ci ildə Maraqlı şəxs2n ilə faktiki nikah münasibətlərinə daxil olmuş, hal-hazıradək birgə yaşayıb, birgə təsərrüfat aparırlar. Onların faktiki nikah münasibətlərindən 13.03.2013-cü il tarixdə ev şəraitində övladları Musa anadan olmuşdur. Hal-hazırda Musanın 9 yaşı olsa da, doğum haqqında şəhadətnaməsi olmadığında təhsil ala bilmir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, qardaşı Maraqlı şəxs2 2011ci ildə Ərizəçi ilə faktiki nikah münasibətlərinə daxil olmuş, hal-hazıradək birgə yaşayıb, birgə təsərrüfat aparırlar. Onların faktiki nikah münasibətlərindən 13.03.2013-cü il tarixdə ev şəraitində övladları Musa anadan olmuşdur. Hal-hazırda Musanın 9 yaşı olsa da, doğum haqqında şəhadətnaməsi olmadığında təhsil ala bilmir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən Yasamal rayonunda kirayə tutduğu evdə yaşayır. Ərizəçi, Maraqlı şəxs2, İlahənin anası X3 qonşu kimi tanıyır. Ona görə də bilir ki, Ərizəçi və Maraqlı şəxs2 13.03.2013-cü il tarixdə ev şəraitində bir oğlan uşaqları anadan olmuş, həmin uşağın adını Musa qoymuşlar. Musa 9 yaşı olmasına baxmayaraq məktəbə getmir. Ərizəçi və Mahmudov X6 rayonuna köçsələr də, X5 onunla qonşuluqda yaşamaqda davam edir. Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinin 29.11.2021-ci il tarixli 05/Q-4990/15 saylı arayışından müəyyən olunur ki, arxiv məlumatları 13.03.2013-cü ildən 29.11.2021-ci ilədək Vətəndaşlıq vəziyyəti aktlarının ümumrespublika elektron məlumat bankında Bakı şəhəri üzrə yoxlanmış, Ərizəçi övladı barəsində Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinin 13.12.2021-ci il tarixli 05/Q-4991/15 saylı məktubundan müəyyən olunur ki, X1 doğum faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi töysiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi 13.03.2013-cü il tarixdə ev şəraitində bir oğlan uşağı doğması faktı öz təsdiqini tapdığından, ərizəçi bu faktı təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi 13.03.2013-cü il tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1399/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1399/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver