Məhkəmə qərarları › İş №2(001)-14/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-14/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-14/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı X2 cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzilinin açıq hərracdan satılaraq pulun paylara uyğun bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 əşyaları ilə birlikdə mənzildən çıxarılması, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzilinin açıq hərracdan satılaraq pulun paylara uyğun bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə xx.xx.1988-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan Könül adlı bir qızları doğulmuşdur. Hazırda ailə qurmuşdur, ayrı yaşayır. Cavabdeh ilə ayrılmışdır. Birgə nikah dövründə əldə etdikləri 2 otaqlı mənzili öz aralarında bərabər bölmüşlər. Lakin cavabdeh tez-tez bu bölgünü pozur. Satılaraq pulun bölünməsinə də razılaşmır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, o, 1991-ci ildə növbəyə dayanıb ev almışdır. 1992-ci ildə qızı Könül doğulmuşdur. 2005-ci ilədək evi o, özü təmir etmişdir. Cavabdeh qızı Cavabdeh3 ailə quraraq həyat yoldaşı olan Cavabdeh2 yanına, Astara rayonuna köçmüşdür. Bütün cehizləri ilə birlikdə daimi olaraq orada yaşamaq üçün köçmüşdür. Bir neçə vaxt bundan əvvəl Bakı şəhərinə yaxınlıqda yerləşən hərbi hissələrin birinə işə düzəlmişdir. Müvəqqəti olaraq onun icazəsi və razılığı olmadan, o, evdə olmayan zaman keçmiş həyat yoldaşı tərəfindən evə buraxılmış və hər gün onunla dava-dalaş şəraitində yaşamağa davam edirlər. Cavabdehlər köçüb gedəcəklərinə söz versələr də, sonradan imtina etdilər. Qızının əri, yəni Mehrabov X5, Könülün uşaqları isə onun evində qeydiyyatdadırlar. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, vəkil X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək, verdiyi izahatında bildirmişdir ki, mənzil birgə nikah dövründə əldə edilsə də, mənzili cavabdeh öz vəsaiti hesabına almamışdır. Mübahisə predmetini təşkil edən mənzil cavabdehin atası tərəfindən alınmışdır. Mənzil alınan zaman cavabdeh Ukraynada olmuşdur. Mənzilin alğı-satqı müqaviləsi ilə sübut olunur ki, mənzili cavabdeh almamışdır. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəməyə ünvanladığı yazılı etirazında qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə payları müəyyən olunmuş mənzil dövlət tərəfindən əvəzsiz olaraq onların hər ikisinin razılığı əsasında özəlləşdirilmiş əmlakdır, əmlak 1999-cu ildə özəlləşdirilərkən və hazırki dövrdə onların birgə nikadan olan qızları-1993-cü ildə bu evdə anadan olmuş, burada fasiləsiz yaşayan, mülkiyyətində və istifadəsində başqa yaşayış yeri olmayan Mehrabova (Abiyeva) Könül Rüstəm qızı və onun iki azyaşlı körpələri mənzildə həmin vaxtdan yaşayırlar. Mənzil özgəninkiləşdirilərkən K,Mehrabova azyaşlı olduğundan onun adından mənzilin özəlləşdirilməsinə razılığı Rüstəm Abiyev bildirib. Cavabdeh3 və iki nəfər azyaşlı uşaqların qeyd olunan mənzildə istifadə hüququ vardır və onun qeyd olunan mənzildən başqa yaşaya biləcək başqa mənzili yoxdur. O, bu mənzildə anadan olduğu vaxtdan hazırki vaxta qədər yaşamaqla qeydiyyatdadır. Cavabdeh3 2 azyaşlı körpələri bu evdə anadan olublar və burada yaşayırlar. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh3 izahatında və yazılı ərizəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. 2013-cü ildə ailə qurmuşdur. Gəlin kimi dayısının evinə köçmüşdür. 10 gün orada qalmışdır. Təhsil aldığı üçün Bakıya qayıtmalı oldu. Evə ortaq xərc qoymuşlar. 2 otaqlı evlərini 3 otağa artırmışlar. Yoldaşı evin təmiri xərclərini etmişdir. Hərbi hissədə işə qəbul olunmağı ilə bağlı Sumqayıtda 9 ay kirayədə qalmışdır. Atasının razılığı ilə kirayədə qaldıqdan sonra ata evinə qayıtmışlar. Əşyaları atasının evindədir. İddiaçı tərəflə barışmaq istəyir. İddiaçı mənzildə istifadə hüquqlarına malik olan şəxslərin kompensasiya verilmədən çıxarılmasını, əmlakın açıq hərracda satılaraq pulun mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin qeyd olunan tələb AR KM-nin qərarları ilə müəyyən olunan mövqeyə və mülki qanunvericiliyə ziddir. Çünki onun bu mənzildən başqa yaşayış yeri yoxdur və mənzildən istifadə hüququna malikdir. Bu mənzildə 1993-cü ildə anadan olmaqla 2000-ci ilə qədər və sonrakı illərdə bu mənzildə davamlı və fasiləsiz yaşadığı üçün mənzildən istifadə hüququna malikdir. 1993-cü ildə bu evdə anadan olmuş, burada fasiləsiz yaşayır. Mülkiyyətində və istifadəsində başqa yaşayış yeri yoxdur. İki nəfər azyaşlı körpələri bu mənzildə onunla bərabər qeydiyyatda olmaqla, mənzildə yaşayırlar. Mənzil özgəninkiləşdirilərkən azyaşlı olduğundan, mənzili atarı Rüstəmov Abiyevin adına özəlləşdirilib. İki nəfər azyaşlı uşaqları həmin mənzildə anadan olublar. Mənzildə istifadə hüququ vardır və qeyd olunan mənzildən başqa yaşaya biləcək başqa mənzili yoxdur. O, bu mənzildə anadan olduğu vaxtdan hazırki vaxta qədər yaşamaqla qeydiyyatdadır. 1993cü ildən sonra bu mənzilin hər iki mülkiyyətçiləri olan valideynləriin himayəsində yaşamaqla, bu mənzildə yaşamaqla valideynlərinin razılığı ilə ailə qurduqdan sonra ailəsi ilə birlikdə bu mənzildə yaşayır. O, ailənin yeganə övladıdır. Ailə üzvüdür. Əvvəlki məhkəmə iclaslarında cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, cavabdehlərdən Cavabdeh3 uşaqları ilə birlikdə atasının evində qeydiyyatdadır. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Sonuncu məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi əmlakın 90000 manata real alıcısının olduğunu bildirərək, iddiaçıya 40000 manat payın alınması üçün kompensasiya verilməsini, qalıq 10000 manatın isə qızına, yəni Cavabdeh3 istifadə hüququ ilə bağlı kompensasiya kimi verilməsini təklif etmiş, iddiaçının nümayəndəsi təklifi qəbul etməmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinə görə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına aşağıdakılar aiddir. 1) ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 30,82 kv.metrdən ibarət olan 2 otaqlı 51 saylı mənzil X2 və X1 hər birinin ½ hissədə paylı mülkiyyətindədir. 2) İddiaçı X2 cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsi tələbinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-3442/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. 3) Cavabdeh3 iddiaçının qızıdır və uşaqları ilə birlikdə hal-hazırda mübahisəli mənzildə yaşayırlar. 4) Cavabdeh2 digər Cavabdeh3 keçmiş həyat yoldaşıdır və həmin mənzildə yaşamır, onların xx.xx.2013-cü ildə bağladıqları nikah xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. 5) Keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq əmlakın qiymətinin 80000 manat olması müəyyən edildikdən sonra iddiaçı tərəfin 40000 manat kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi barədə təklifini cavabdeh tərəf rədd etmişdir. İşin mübahisələndirilən hallarına aşağıdakılar aiddir: 1) İddiaçı tərəf Cavabdeh3 istifadə hüququnun artıq itirilmiş olduğunu bildirir. 2) Cavabdeh tərəf iddiaçının payın alınması ilə bağlı kompensasiya məbləği ilə razılaşmamasını iddianın rədd edilməsi üçün əsas hesab edirlər. 3) Cavabdeh tərəf istifadə hüququna kompensasiya verilmədən xitam verilmədən əmlakın açıq hərracda satılmasına etiraz edirlər. İddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 213, 214, 221, 32-ci maddələrinə istinad edir. Cavabdeh iddia tələbinə Mülki Məcəllənin 220-ci və 228-ci maddələrinə və bununla bağlı Konstitusiya Məhkəməsinin qərarlarına istinad edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə əmlakın açıq hərracdan satılaraq paylara uyğun bölüşdürülməsi ilə bağlı iddia tələbinə qiymət verir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşin hallarından görünür ki, mübahisəli mənzilə dair paylar müəyyən edilmişdir, naturada ayrılmasının mümkünlüyü yoxlanılmışdır, kompensasiya ilə bağlı paylı mülkiyyətçilər arasında razılıq əldə olunmamışdır. Yəni iddiaçı tərəfindən əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada həyata keçirilməsinə əməl edilmişdir. Odur ki, iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı ilə müəyyən edilmiş əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formasına əməl etdiyindən, onun əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehlərin iddiaçının kompensasiya məbləği ilə razılaşmamasına münasibətdə məhkəmə hesab edir ki, cavabdehlərin bu dəlili iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər.Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilmiş “Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.” hüquqi əsaslandırması cavabdehin kompensasiya məbləği ilə razılaşmamaq, onu mübahisələndirmək hüququnu istisna etmir. Belə ki, iddiaçı payın əvəzinə kompensasiyanı almaqdan imtina etmir, sadəcə kompensasiya məbləği ilə razılaşmır. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 əşyaları ilə ilə birlikdə mənzildən çıxarılması tələbini qismən əsaslı hesab edir. Belə ki, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 xx.xx.2013-cü ildə nikaha daxil olmuşlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bir müddət, yəni iddiaçının dediyinə görə 6 aydan artıq, cavabdehlərin dediklərinə görə daha az müddətdə başqa yerdə yaşadıqdan sonra, nəticədə mübahisəli mənzildə yaşamaqları işin faktiki halları ilə məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh3 isə mənzilin qeydiyyata alındığı yəni xx.xx.1999-cu ildən nikaha daxil olanadək orada yaşaması işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh3 iddiaçının qızıdır və onun nikaha daxil olanadək orada yaşaması faktını iddiaçı inkar etmir. Cavabdeh2 münasibətdə iddia əsaslıdır. Belə ki, həmin cavabdeh iddiaçının kürəkəni kimi mübahisəli mənzildə yaşamış və nikah pozulduqdan sonra evdən çıxıb getmişdir. Hər bir halda Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Çünki tərəflər arasında hüquq münasibəti 2013-ci ilə yaranmışdır. Cavabdeh2 iddiaçının keçmiş kürəkənidir.Tərəflər arasında notariat qaydasında təsdiq edilmiş razılaşma yoxdur. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Qüvvədə olan Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh2 mənzilin mülkiyyətçisinin, yəni iddiaçının nə “ailə üzvü”, nə də “digər qohum” olmadığı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı mövqedən aydın olur. Odur ki, Cavabdeh2 “digər şəxs” kimi yanaşılmalı və istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olubolmadığı müəyyən edilməlidir. Lakin işin hallarından göründüyü kimi belə bir razılaşma yoxdur. Bu baxımdan Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ nə Mülki Məcəllənin 228-ci maddəsi, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaranmadığından həmin mənzildən istifadə etməsi üçün hər hansı əsas yoxdur və iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbi baxımından Cavabdeh2 əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbi əsaslıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər Cavabdeh3 münasibətdə isə məhkəmə hesab edir ki, onun istifadə hüququ mövcuddur və ona kompensasiya ödənilmədən istifadə hüququna xitam verilə və mənzildən çıxarıla bilməz. Belə ki, Cavabdeh3 iddiaçının qızıdır və 1999-cu ildən hal-hazıradək həmin mənzildə yaşadığından bir neçə əsasla istifadə hüququ yaranmışdır. Əvvəla 1999-cu ildə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilmişdir ki, İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, Cavabdeh3 iddiaçının ailə üzvüdür və mübahisəli mənzil 1999-cu ildən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdeh K.Mehrabovun qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə istifadə hüququnun yaranması müəyyən edilir. Lakin iddiaçı həmin hüququn artıq itirildiyini bildirir. O, bunu Cavabdeh3 ərə getməsi və 6 aydan artıq həmin mənzildən istifadə etmədiyi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsində qeyd edilmiş “İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır” müddəası, həmin Məcəllənin 53-cü maddəsində qeyd olunan icarədar və onunla yaşayan ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər. Lakin məhkəmə həmin normalarda “mülkiyyətçi” ifadəsinin “icarədar” ifadəsi ilə eyni məna daşıdığı kimi qiymətləndirsə belə, iddiaçı cavabdehin daimi olaraq başqa yerə getməsi və yaşayış sahəsinə ehtiyacının aradan qalxması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Üstəlik, Cavabdeh3 ailə qurduqdan bir müddət sonra yenidən mübahisəli mənzilə qayıdaraq hal-hazıradək orada yaşaması isə işin mübahisəsiz halıdır. Yəni Cavabdeh3 nikaha daxil olduqdan sonra 6 aydan artıq müddətdə başqa yerdə yaşamış olması təsdiq olunsaydı belə, onun bir müddət sonra yenidən həmin mənzildə yaşayaraq istifadə hüququnun yaranmasına mane ola bilməzdi. Yəni itirilmiş hüququn sonradan yeni əsasla yaranması imkanı qanunvericilikdə istisna edilmir. Necə ki, Qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Odur ki, Cavabdeh3 həm qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü, həm də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən istifadə hüququ yaranmışdır və bu hüquqa kompensasiya ödənilmədən xitam verilməsi və mənzildən çıxarılması mümkün deyildir. Belə ki, nə qədər ki Cavabdeh3 iddiaçının ailə üzvüdür, ailə münasibətlərinə xitam verilməyibdir, onun mübahisəli mənzildə yaşamağa ehtiyacı vardır, istifadə hüququ itirilmiyibdir, onun kompensasiya ödənilmədən istifadə hüququna xitam verilə bilməz. Məhkəmənin bu mövqeyi həm “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarından, həm Mülki Məcəllənin 228.2-ci maddəsinin mahiyyətindən, həm də Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin mənasından irəli gəlir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmlakın yüklü olaraq, yəni istifadə hüququ olan şəxsin razılığı və ya payı olmadan, o cümlədən istifadə hüququ olan şəxsə kompensasiya ödənilmədən hərracda satılması, istifadə hüququ olan şəxsin hüquqlarının məhdudlaşdırılması hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzil açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, Cavabdeh2 mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-30-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzil açıq hərracdan satılsın və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Cavabdeh2 Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar