Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1418/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat təmirə xərclədiyi pulu və ödənilmiş dövlət rüsumuna görə 120 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ünvan 1 ünvanında yerləşən kafe kimi fəaliyyət göstərən obyekti icarəyə götürmüşdür. Obyekt çox bərbad vəziyyətdə olduğu üçün əsaslı təmirə ehtiyacı var idi. Obyekt sahibi Cavabdeh obyekti təmir etdirib sonra ona verilməsini xahiş etmişdir, çünki təmirə çoxlu xərc lazım idi. Cavabdeh iş adamı olduğunu, vaxtı olmadığını və təmir onun tərəfindən olsun, çəkilən xərci təmirdən sonra qaytaracağını bildirdi. Cavabdeh yaşadığı ev həmin kafenin üstündədir, kafedə gedən təmiri Cavabdeh hər gün özü görürdü. 2024cü ilin avqust ayının sonunda obyektin tam əsaslı təmirini qurtardı. Təmirə 10.000 manat pul xərcləmişdir. İcarə müqaviləsində kafenin sahəsi 34 kv.m olsa belə, faktiki olaraq 60 kv.metrdən çoxdur. 03 sentyabr 2024-cü il tarixdə Cavabdehlə icarə müqaviləsi bağlamışlar. İcarə haqqını aylıq 200 manat məbləğ ilə razılaşmışlar. Müqavilə bağlayarkən Cavabdeh kafeyə təmir üçün xərclədiyi 10000 manatı istədikdə Cavabdeh həmin pulu icarə haqqından hissə-hissə götürməyini bildirdi. Bununla razılaşaraq kafeyə çəkdiyi xərci ona ödəməsini bildirmişdir. Bundan sonra Cavabdeh bilə-bilə qeyri yaşayış sahəsini həyat yoldaşının adına rəsmiləşdirib. Bundan sonra 19-20 oktyabr 2024-cü ildə Cavabdeh və həyat yoldaşı kafeyə gələrək, onu kafedən qovmağa çalışdılar, o isə xərclədiyi pulu vermədikləri halda kafedən çıxmayacağını bildirdi. Bundan sonra onu təhqir edərək, vurmuşlar. Hazırda həmin iş üzrə Binəqədi rayon 7-ci Polis Bölməsində araşdırma gedir. Bundan sonra kafeni bağlamaq məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsi əsassızdır, təmirə pul xərclənməyib. Əksinə onun 10000 manata yaxın malını oğurlayıb, satıb. Xəstəyəm adıyla həkimə verəcəm deyib 800 manat borc alıb və qaytarmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil da bənzər məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, mikrorayonda yaşayır. Təmir-tikinti işləri ilə məşğul olur, iş icraçısıdır. Böyükəli ona müraciət edərək, Bakıda təmir işləri gördürmək istədiyini bildirmişdir. Böyükəliyə təmirin təxminən 8000- 11000 manat arası tutacağını demişdir. Kafel işini 15 manata razılaşmışlar. Danışıqları iyul ayının 17 və ya 18-i baş tutmuş, fəhlələr cəlb edərək işə avqust ayının axırı başlamışlar. Təxminən ay yarım yaxud 2 ay iş getmişdir. Obyektin kafel, santexnik, boya və elektrik işlərini Əlövsət görmüşdür. Ustalara təxminən 5000 manat pul çıxmışdır. Materiallara daha çox pul xərclənmişdir. Xərcləri Böyükəli çəkmişdir. Obyekt sahibi köməklik etməmişdir, onu ara-sıra həyətdə görmüşdür. Böyükəlinin bu işlərə görə ona 600 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, təxminən iyul ayının ortalarında Nəzərəli sözügedən obyekt və orada görülməli işlər barədə ona məlumat vermişdir. Gedib baxmışlar. Obyektin zirzəmidə yerləşdiyini və bərbad gündə olduğunu görmüşlər. İş çox olduğundan işləmək istəməmişdir. Sonra razılaşmışdır. Obyektdə kafel, metlax, elektrik işlərini və başqa işləri görmüşdür. Materialları Böyükəli ilə almışlar. Materialların, fəhlənin və onun pulunu Böyükəli vermişdir. Böyükəlidən hissə-hissə olmaqla təxminən 2800 manata yaxın pul almışdır. Təxminən ay yarım iş getmiş, avqust ayının axırına kimi orada işləmişdir. Hətta laqonda ilə iş gördüyünə görə polis onu cərimələmişdir. İşi görərkən Əmirağa fəhlə kimi ona kömək etmişdir. İşlərin icrası zamanı cavabdehin qardaşı tez-tez gələrək işlərin gedişatını müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Böyükəli onun qonşusudur. Əvvəllər də birlikdə Azenkoda işləmişlər. Ona demişdir ki, obyekt götürüb, gəl kömək et. Beləcə, gedib usta Əlövsətə kömək etmişdir. Pulunu Böyükəli vermişdir. Təxminən 400-460 manat almışdır. İşlərin icrası zamanı Vaqif kişini görməmişdir. İş bitdikdən sonra da orada inzibatçı işləmiş, obyektə nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, onu Böyükəli çağırmışdır. Gəlib krantları, kanalizasiyanı dəyişmiş, su və xətlərini çəkmiş, obyektə qaz plitəsi qoymuşdur. Obyektdə 2 gün işləmişdir. Böyükəli ona 200 manat vermişdir. Vaqif kişi də orada olurdu, lakin pul verməmişdir. Materialları Böyükəli almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, onu Müşfiqin çağırdığını, obyektdə santexnikə kömək etdiyini bildirmişdir. Bununla belə o, sədrlik edənin sifarişçini tanıyıb-tanımaması, tanıdığı halda, məhkəmə zalında onu (sifarişçini) işarə edib göstərməsi tələbini icra edə bilməmiş, iddiaçının ona kənardan işarələr etdiyi və jestləri ilə onu yönləndirməyə çalışdığı müşahidə edildiyindən adı çəkilən şahid məhkəmə iclas zalından çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdeh dayısıdır. Bildiyinə görə, tərəflər icarə barədə razılaşmışlar. Lakin aralarında təmirlə bağlı razılıq olmamışdır. Onsuz da obyekt hər il yüngül təmir edilirdi. Misal üçün, orada emusya işi görülüb, pulunu da Vaqif kişi verib. Çünki obyektdə iş əsasən çöldə olur. Orada dəmir masalar olmuş, sonra dəyişdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, həmin zirzəmi 45 ildir mövcuddur. Ora kafe demək də mümkün deyil əslində, adətən pensiyaçılara və qazilərə 1 manata çay verilirdi. Sonra iddiaçı oranı götürmüşdür. Təmirin aparıldığını görməmişdir, çöl divarı ağardıb fəaliyyətə başlamışdır. Oraya gedən zaman çayın 3 manat olduğunu demişlər. Buna görə daha getməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Vaqif kişinin qardaşıdır. 30 ildir orada yaşayır. Həmin obyektdə yay aylarında 1 manata çay verilirdi, qutab olurdu. Qış aylarında yüngülvari təmir olunurdu, emusya vurulub ağardılırdı. Obyektdə elə bir təmir işinə ehtiyac olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 32 saylı notariat ofisində 3M-2086 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı icarəyə verməyi, icarəçi isə həmin sahənin istifadəsinə görə icarəyə verənə aylıq 200 manat icarə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2034-cü il tarixədək müəyyən edilir. Müqavilənin 8-ci bəndində isə icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmirtikinti işləri aparmayacağı nəzərdə tutulmuşdur. Binəqədi RPİ 7-ci PB-nin təhqiqatçısı Rəşad İsmayılov tərəfindən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı icarəyə götürdüyü ünvan 3 ünvanında obyektin sahibi Cavabdeh tərəfindən döyülməsi barədə xx.xx.2024-cü il tarixdə saat 17:24 radələrində DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı icra olunmasından ötrü ərazi aidiyyəti üzrə sahə inspektoruna həvalə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, M.Cəlal 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yarı zirzəmidə yerləşən 60 kvadrat metr kafe kimi obyektdə görülən əsaslı təmir işləri aşağıdakılardır: 1. Kafedə olan məişət tullantılarının daşınması, 2. Kafedə köhnə divardakı suvağın sökülməsi və daşınması. 3. Kafenin döşəmə hissəsində keyfiyyətsiz beton tökülmüş qatın sökülməsi və daşınması. 4. Kafedə köhnə su xətləri və kanalizasiya şəbəkəsinin sökülməsi və yenisi ilə əvəz olunması. Daxildir: ariston, duş, avtava, unitaz baçoku. 5. Kafenin döşəməsinə yenidən nazik qat betonla üzlənməsi(qum, çınqıl, sement). 6. Kafenin döşəməsinə 50 kavdrat metrinə yeni metlaxın döşənməsi(plintus daxil). 7. Divarların və tavanın ağ dağ suvağı ilə suvanması. 8. Divarların və tavanın üzlük suvağla üzlənməsi. 9. Divarların və tavanın sulu boya ilə rənglənməsi. 10. Obyektin zalında və zirzəmisində 2 otaq kabinetin inşa olunması. Daxildir: alçipan, metal profil, şurup, kley, şpaklyovka ilə üzlənməsi. 11.Obyektin fasad hissəsinin suvanması və rənglənməsi. 12. Obyektin 2 ədəd metal qapısının qaşınması, skurkalanması və yağlı boya ilə rənglənməsi. 13. Obyektin bütün köhnə elektrik avadanlıqlarının və xətlərinin sökülməsi və yenidən yeni avadanlıqlarla montaj olunması. Daxildir: işıq şiti, avtomatlar, elektrik avadanlıqları, rozetkalar və led lampalar. 14. Obyektin həyətinin köhnə elektrik xətlərinin sökülməsi və yenisi ilə əvəz olunması . 15. Kafenin mətbəxinin təmir olunması və yeni aksesuarlarla təchiz olunması. Daxildir: 2 ədəd qaz plitəsi, 1 ədəd soyuducu, 1 ədəd moyka ilə bərpa olunması. 16. Mətbəx üçün 2 ədəd iş stolunun yığılması. 17. Kafe üçün avadanlıqların alınması. Daxildir: 13 ədəd stol, 40 ədəd stul, qab-qacaq 40 komplekt, qazanlar, tavalar, qaşıq,çəngəl, çayniklər, stəkan, nəlbəki, mürəbbə və limon qabı, qənd qabılar, duz qabılar, salfetka qabları, çömçələr, bıçaqlar, buludlar, nimçələr, bakallar, kabab üçün şişlər, blendr, ətçəkən maşın, balta, manqal və sairə. 18. Obyektin divarlarında olan hava nəfəsliklərinin rənglənməsi və setkalanması. 19. Zirzəmidə olan kabinetin yarı divarlarının yeni divar kağızı ilə üzlənməsi. 20. Divarlarda köməkçi polkaların yığılması. Daxildir: metal dirsəklər, şurup, taxta və laminat, polkalar. Evro home Zirvə dekor mağaza tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 26547 nömrəli məhsul çekindən görünür ki, FAB binder 4kg, dekor rolik 20 lik, kist N4 Türkiyə üçün ümumilikdə 38 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 75696 Nömrəli çekdən görünür ki, FAB beşli duz exterior 25 kq hədiyyəli, FAB mata mine 300 ml və şkurka parça üçün ümumilikdə 77,65 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. Lider İnşaat tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 39 nömrəli qaimədən görünür ki, “Okuklu Mata 25 kq ++” və “Norm sement A Class (400M) ++” üçün ümumilikdə 55,40 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. Lider İnşaat tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 55 nömrəli qaimədən görünür ki, “Okuklu Mata 25 kq ++” üçün 23,50 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. Lider İnşaat tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 52 nömrəli qaimədən görünür ki, “dekor 232 seramik mala dişli 40” və “Okuklu Mata 25 kq ++” üçün ümumilikdə 34 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. Lider İnşaat tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 100 nömrəli qaimədən görünür ki, “Okuklu Mata 25 kq ++”, “Norm sement A Class (400M) ++” və “qum qırmızı ++” üçün ümumilikdə 34,80 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş satış çekindən görünür ki, BEDE Başı izyapı dəst xrom shut off, baçok nova 4084, Hillfan dirsək kanalizasiya 90 x50 mm, tesco plastik yuvarlaq vintil 20 MM Q/80, P/10, hillfan dirsək, hillfan 3lü keçid, Q 50 MM Tik dodaqlı kanalizasiya salniki və salafan torba üçün ümumilikdə nağd qaydada 46 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətləri olmuşdur. İddiaçı icarəyə götürdüyü obyektdə cavabdehin razılığı ilə 10000 manat məbləğində təmir işləri apardığını bildirərək, həmin xərclərin əvəzini cavabdehdən tələb edir, cavabdeh isə icarəyə götürülən sahədə təmir-tikinti işlərinin aparılmasına icazə vermədiyini və faktiki olaraq da iddiaçı tərəfindən orada hər hansı təmir işi aparılmadığını bildirərək iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsində cavabdehin razılığı ilə təmir işləri aparmasını və buna 10000 manat məbləğində xərc çəkməsini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasındakı icarə müqaviləsinin 8-ci bəndində isə icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparmayacağı nəzərdə tutulmuş, cavabdeh isə sözügedən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması üçün razılıq vermədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən təqdim edilmiş və müxtəlif tikinti materiallarının alınmasını özündə əks etdirən qəbzlərin mövcudluğu da özü-özlüyündə fərqli qənaətə gəlmək üçün yetərli deyildir. Belə ki, həmin materialların məhz icarə obyektindəki təmir-tikinti işləri üçün alındığı və orada istifadə edilmiş olduğu sübuta yetirilmir. İş üzrə dindirilmiş şahidlərin izahatlarına gəldikdə isə, iddiaçının həmin şəxslərdən Əmirağa Zeynalov ilə qonşu olduğu, habelə onun iddiaçının işlətdiyi kafedə inzibatçı işləyərək obyektə nəzarət etdiyi müəyyən edilmişdir. Bundan başqa, şahidlərdən Nəzərəli Ağayev təmirə avqust ayının axırı başladıqlarını və təxminən ay yarım yaxud 2 ay iş getdiyini bildirdiyi halda, onun (Nəzərəli Ağayevin) nəzarəti altında usta qismində təmir işi gördüyü deyilən Əlövsət Zeynalov ifadəsində təxminən işin ay yarım çəkdiyini və avqust ayının axırına kimi orada işlədiyini göstərmişdir. X17 işin sifarişçini göstərə bilməmiş və ona kənardan iddiaçı tərəfindən edilən işarə və yönləndirmələr səbəbindən məhkəmə iclas zalından çıxarılmışdır. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidlər isə, icarəyə verilən sahədə təmir-tikinti işlərinin aparılmadığını bildirmişlər. Bu mənada şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən və iddia təmin edilmədiyindən hazırki mübahisə ilə bağlı tərəflərindən dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1418/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1418/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver