Məhkəmə qərarları › İş №2(054)-691/2025

Oğuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(054)-691/2025

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-691/2025 10.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi ləğv edilməsi, Cavabdeh 27,000 (iyirmi yeddi min) manat məbləğində avtomobilin dəyəri və ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyəti xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 fevral 2025-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1102/002 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən **-YG-*** dövlət qeydiyyat nişanlı, BYD markalı HİBRİD MİNİK modelli avtomobil gündəlik 50,00 manat ödəmək şərti ilə Cavabdeh icarəyə verilmişdir. xx.xx.2025ci il tarixli icarə müqaviləsində **-YG-*** dövlət qeydiyyat nişanlı BYD markalı HİBRİD MİNİK modelli avtomobilinin saz vəziyyətdə olduğunu və istifadəsində olan müddət ərzində avtomobilə dəyə biləcək hər hansı zərərin ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. Sözügedən müqavilənin 2.1.6-cı bəndinə əsasən "İcarəyə verən" istifadə zamanı baş vermiş zədə və nasazlığa görə heç bir məsuliyyət daşımır və bu "İcarəyə verən"- nin öz öhdəliklərini düzgün yerinə yetirə bilməməsi kimi qiymətləndirilmir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, "Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexaniz və qurğularına vurulmuş ziyana görə "İcarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşıyır". xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, Cavabdeh icarəyə götürdüyü **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olduğu müddət ərzində avtomobil qəzası nəticəsində tam yararsız vəziyyətə düşdüyündən təmiri mümkün olmamışdır. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında Razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh oğıu 22 (iyirmi iki) ay olmaqla avtomobilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh Razılaşma Müqaviləsinin tələblərini yerinə yetirməmişdir. Odur ki, **-YG-*** dövlət qeydiyyat nişanlı BYD markalı HİBRİD MİNİK modelli avtomobilin dəyəri 27,000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən "xxxx" MMC-nə ödəməlisinə dair cavabdehin ünvanına xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin, Cavabdeh tərəfindən **-YG-*** dövlət qeydiyyat nişanlı BYD markalı HİBRİD MİNİK modelli avtomobilin dəyəri 27,000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti bu günə qədər ödənilməmişdir. Bununla yanaşı, Cavabdeh icarəyə götürdüyü **-YG-*** dövlət qeydiyyat nişanlı BYD markalı HİBRİD MİNİK modelli avtomobili 5000 (beş min) manata sataraq pulunu mənimsəmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Sadalananlara əsasən, “İL AUTO" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi ləğv edilməli, Cavabdeh 27,000 (iyirmi yeddi min) manat məbləğində avtomobilin dəyəri və ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi ləğv edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Razılaşma Müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh 27,000 (İyirmi yeddi min) manat məbləğində avtomobilin dəyəri və ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə yenidən ərizə təqdim edərək "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi ləğv edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Razılaşma Müqaviləsinin ləğv edilməsi və Cavabdeh 27,000 (İyirmi yeddi min) manat məbləğində avtomobilin dəyəri və ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı MMC iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu iddiaçıdan 4 avtomobil icarəyə götürmüşdür. Cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. O, avtomobili satıb iddiaçıya 5000 manat ödəyəcəyinə söz versə də, bu vədinə də əməl etməmişdir. Cavabdehlə razılaşma müqaviləsi bağlanaraq hər gün ödəyəcəyi təqdirdə 5000 manat güzəşt edilməklə qalan 22000 manat məbləğində vəsait aylara bölünmüş, 3 gün ödəniş edilməyəcəyi təqdirdə isə müqavilənin ləğv edilərək 27000 manatın ödənilməli olması qeyd edilmişdir. Bu səbəbdən hazırda avtomobilin dəyəri olan 27000 manat cavabdehdən təələb edilir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddiaçıdan indiyədək 4 avtomobil icarəyə götürmüş və həmin avtomobilləri başqa şəxslərə icarəyə vermişdir. xx.xx.2025-ci il tarixdə də İddiaçı MMC ilə aralarında bağlanmış 1102/002 nömrəli avtomobili icarə müqaviləsinə əsasən BYD markalı HİBRİD MİNİK modelli avtomobili gündəlik 50 manat ödəmək şərti ilə İddiaçı MMC-dən icarəyə götürmüşdür. O, həmin avtomobili başqa şəxsə icarəyə vermiş, həmin şəxs avtomobillə qəza törətdiyindən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. O, iddiaçı ilə borcun 22 aya qaytarılması ilə bağlı razılığa gəlmişdir. O, avtomobillə qəza etmiş şəxsdən də dəymiş zərər məbləğini alaraq iddiaçıya ödəyəcəyini düşünmüşdür. O, avtomobili 4700 manata satmış, həmin məbləğdən hissə-hissə- 40-50 manat olmaqla cəmi 1000 manatı iddiaçıya ödəmişdir. Eyni zamanda, avtomobilin kasqo sığortası olduğundan sığorta şirkəti iddiaçıya 1290 manat ödəniş etmiş, beləliklə iddiaçıya cəmi 2290 manat ödəniş edilmişdir. O, növbəti iclasda qeyd etdiyi xüsusatları təsdiq edəcək zəruri sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2025-ci il tarixli avtomobilin icarə müqaviləsinin surətindən görünür ki, 2024-cü il buraxılışlı, BAN № LC0C76C40R0409595, ** YG *** dövlət nömrə nişanlı, BYD markalı QİN PLUS PLUG-İN HİBRİD MİNİK modelli avtomobil gündəlik 50 manata İddiaçı MMC tərəfindən Cavabdeh 1 il müddətinə icarəyə verilmişdir. - Təhvil-təslim aktından görünür ki, ** YG *** dövlət nömrə nişanlı, BYD markalı QİN PLUS PLUG-İN HİBRİD MİNİK modelli avtomobili cavabdeh qüsursuz, heç bir vuruğu və əziyi olmadığı vəziyyətdə təhvil almışdır. - xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin direktoru Nümayəndə1, İddiaçı MMC-nin hüquqşünası Nümayəndə2 və Cavabdeh tərəfindən tərtib edilmiş aktdan görünür ki, icarəçi Cavabdeh icarəyə götürdüyü ** YG *** dövlət qeydiyyat nişanlı BYD markalı QİN PLUS PLUG-İN HİBRİD MİNİK modelli avtomobil onun istifadəsində olduğu müddətdə avtomobil qəzası nəticəsində tam yararsız vəziyyətə düşmüşdür və istismara yararsız olmaqla təmiri mümkün deyildir. -xx.xx.2025-ci il tarixli Razılaşma Müqaviləsindən görünür ki, xx.xx.2025-ci il tarixli "Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi №1102/002" əsasında Cavabdeh 2024 il buraxılışlı, **- YG-*** dövlət qeydiyyat nişanlı, BYD markalı QİN PLUG-İN HİBRİD MİNİK modelli avtomobilə görə 27,000.00 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabına ödəməli idi, lakin, 2024 il buraxılışlı, **-YG-*** dövlət qeydiyyat nişanlı, BYD markalı avtomobil Cavabdeh istifadəsində olduğu müddət ərzində avtoqəza nəticəsində istismara tam yararsız olduğundan, hazıkı Razılaşma Müqaviləsi əsasında xx.xx.2025-ci il tarixdən başlayaraq, 22 (iyirmi iki)`ay ərzində Cavabdeh tərəfindən "xxxx" MMC-yə hər bir sutka üçün 34 (otuz dörd) manat məbləğində pul vəsaiti ödəməlidir. İcarəçi avtonəqliyyat vasitəsinin dəyəri olan 22,000.00 (iyirmi iki min) manat məbləğində pul vəsaitini hər bir sutka üçün 34 manat olmaqla 22 (iyrmi iki) ay ərzində İcarəyə verənə ödəyəcəkdir. Ödəniş hər gün saat 18:00-a kimi ödənilməlidir. Gecikdirilən hər gün üçün ümumi aylıq ödənişin 10% qədərində cərimə ödəyəcəkdir. Əgər İcarəçi hazırkı razılaşma müqaviləsi üzrə ödənişi 3 (üç) gün ödəməzsə, İcarəyə verən Razılaşma Müqaviləsini birtərəfli qaydada ləğv etmək və avtomobilin dəyəri olan 27,000.00 (iyirmi yeddi min) manat pulu tam şəkildə icarəçidən tələb etmək hüququnu özündə saxlayır (4.1-ci bənd) . Əgər İcarəçi 3 gün davamlı olaraq ödəniş etməzsə, Razılaşma Müqaviləsi ləğv olunacaq və müqavilə ləğv olunanandək aparılmış ödənişlər hesablanmayacaq. Bu müqavilə tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirdiyi günədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh tərəfindən icraəyə götürülmüş ** YG *** dövlət qeydiyyat nişanlı BYD markalı avtomobilə görə 27000 manat məbləğində pulun 25 oktyabr 2025-ci il tarixədək İddiaçı MMC-nin hesabına ödənilməsi təklif olunmuş, əks təqdirdə işin məhkəmə qaydasında həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. ********* saylı poçt qaiməsindən görünür ki, həmin məktub xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına göndərilmişdir. -xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 171 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 692.2.1. Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. Qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ona görə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “**-YG-*** dövlət qeydiyyat nişanlı, BYD markalı QİN PLUG-İN HİBRİD MİNİK modelli avtomobil gündəlik 50 manata İddiaçı MMC tərəfindən 1 il müddətinə Cavabdeh icarəyə verilmişdir. Həmin avtomobil Cavabdeh istifadəsində olduğu müddətdə qəza törədilmiş və avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Tərəflər öz aralarında xx.xx.2025-ci il tarixdə razılaşma müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh avtomobilin razılaşdırılmış dəyəri olan 22000 manatı gündəlik 34 manat olmaqla 22 ay müddətə ödəyəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən icarəçi hazırkı razılaşma müqaviləsi üzrə ödənişi 3 (üç) gün ödəmədiyi halda, icarəyə verən Razılaşma Müqaviləsini birtərəfli qaydada ləğv etmək və avtomobilin dəyəri olan 27,000.00 (iyirmi yeddi min) manat pulu tam şəkildə icarəçidən tələb etmək hüququnu özündə saxlamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hadisənin baş verməsi və cavabdeh tərəfindən iddiaçının avtomobilinə maddi ziyan vurulması nəticəsində avtomobilin yararsız vəziyyətə düşməsi və cavabdehin avtomobilin razılaşdırılmış dəyəri kimi 27000 manat məbləğində vəsaiti ödəməyi öz öhdəsinə götürməsi işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən hal avtomobilin dəyərindən edilmiş ödənişlərlə bağlıdır. İddiaçı hazırda xx.xx.2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi və xx.xx.2025-ci il tarixdə bağlanmış Razılaşma Müqaviləsinin ləğv edilməsini, cavabdehdən avtomobilin dəyərini və ödənilmiş dövlət rüsumunu tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edərək, avtomobilin dəyərindən 1000 manat özü, 1290 manat isə sığorta şirkəti olmaqla cəmi 2290 manat ödənildiyini bildirir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin və razılaşma müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun qaydada avtomobilin dəyəri olan 27000 manat vəsaitin ödənilməsini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, həmçinin, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduğundan, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında xx.xx.2025-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, icarəçi hazırkı razılaşma müqaviləsi üzrə ödənişi 3 (üç) gün ödəmədiyi halda, icarəyə verən Razılaşma Müqaviləsini birtərəfli qaydada ləğv etmək və avtomobilin dəyəri olan 27,000.00 (iyirmi yeddi min) manat pulu tam şəkildə icarəçidən tələb etmək hüququnu özündə saxlamışdır. Cavabdehin hazırki mövqeyindən bəlli olur ki, o, avtomobilin dəyəri üzrə ödənişləri ardıcıl olaraq həyata keçirməmiş, beləliklə iddiaçının müqavilənin ləğv edilərək 27000 manat məbləğində pul vəsaitini tələb etmək hüququna əsas yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə də haqlıdır. Məhkəmə iddia tələbinin 27,000 (iyirmi yeddi min) manat məbləğində avtomobilin dəyərinin iddiaçıya ödənilməsinə dair hissəsi ilə əlaqədar bildirir ki, cavabdeh avtomobilin dəyərinin 27000 manat olması və həmin məbləği ödəyəcəyi ilə bağlı razılığa gəlmiş, bununla bağlı müqavilə bağlamış, lakin məhkəmə iclasında qeyd edilən məbləğdən 2290 manat ödənildiyini bildirərək qəbzlər təqdim edəcəyini desə də, həmin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilin dəyəri cavabdehdən tam həcmdə tutulmalıdır. Qeyd edilənlərə əsasən iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 27000 manat vurulmuş maddi ziyanın əvəzi hesablanmalıdır. Məhkəmə həmçinin iddianın 171 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 171 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi və xx.xx.2025-ci il tarixli Razılaşma müqaviləsi ləğv edilsin. Cavabdeh 27000 manat məbləğində pul vəsaiti və 171,0 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 27171,0 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar