Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-530/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixinə ödənilməli olan 1161.29 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq xidmətin Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə tərəflər arasında ünvan 1 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən 167.5 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli, 4056 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 1161.29 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2026-cı il tarixli, 3-21-3/2-123/2026 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4056 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilənin surətindən müəyyən olunur ki, “İcarəyə verən” xx.xx.2023-cü il tarixli, 217 nömrəli sərəncama əsasən, ünvan 2 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 167.5 m2 təşkil edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı 2000 manat təşkil edir. Aylıq icarə haqqının 100%-i (ƏDV-siz) 2000 manat, illik icarə haqqının 100%-i (ƏDV-siz) 24000 manat “İcarəyə verən”in Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesablaşma hesabına ödənilməlidir. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinədək müəyyən edilir. xx.xx.2026-cı il tarixli şəxsi hesabat vərəqindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4056 nömrəli müqavilə üzrə icarəçinin xx.xx.2023-cü il tarixinə 1161.29 manat məbləğində borcu yaranmışdır. İcarəçi tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixdə 2387.1 manat məbləğində edilmişdir. xx.xx.2026-cı il tarixli, 3-21-3/2-123/2026 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış borcunun məbləği (1161.29 manat) barədə məlumat verilmiş, həmin borcun 7 (yeddi) iş günü müddətində tam həcmdə ödənilməsi tələb edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış icarəyə götürdüyü obyektə görə icarə müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı cavabdehlə aralarında öhdəlik hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edən obyektin icarəyə verilməsinə dair müqaviləyə əsasən, torpaq sahəsini cavabdehin sahiblik və istifadəsinə verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını vaxtaşırı iddiaçıya ödəməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığın tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr qanunla müəyyən edilmiş dövlət rüsumu ödəməkdən azad edilirlər. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilməmiş 31.61 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, 4056 nömrəli müqavilə üzrə 1161.29 manat məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə, ödənilməmiş 31.61 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 4056 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə üzrə ödənilməmiş 1161.29 (min yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq, xidmətin Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Ödənilməmiş 31.61 (otuz bir manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(5-103)-530/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-530/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver