Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1431/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 448 saylı, xx xxx 2007-ci il tarixli qərarı ilə Biləcəri bələdiyyəsinin hüdudları daxilində uzun müddətdən bəri tikilmiş fərdi yaşayış evinin altındakı və ətrafındakı 250 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə X2 adına rəsmiləşdirilmişdir. X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən X4 həmin torpaq sahəsinin və onun üzərində olan tikilinin aidiyyəti məsələlər həll edildikdən sonra gələcəkdə 15.000 manat məbləğində pula İddiaçı satılmasına razılıq vermişdir. Bu müqavilə bağlanan vaxt həmin yaşayış sahəsində pasport qeydiyyatında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etməklə, evin satılmasına etiraz etmədiklərini bildirmişdilər. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi hazırda iddiaçının istifadə və sahibliyindədir. Cavabdehlər bu evdə yaşamırlar, lakin bugünədək pasport qeydiyyatından çıxmamışlar. Onların həmin evə hər hansı faktiki və hüquqi bağlılığı qalmamışdır, pasport qeydiyyatları formal xarakter daşıyır. İddiaçı da bu halları əsas gətirib, onları istifadə hüququnun itirilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin sahəyə münasibətdə istifadə hüququnun ümumiyyətlə yaranıb-yaranmaması, həmçinin hazırda istifadə hüququn mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət belə gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlak olaraq dövlət reyestrində qeydiyyata alınmamış və bu səbəbdən iddiaçının həmin əmlak üzərində sərəncam vermək hüququ əmələ gəlməmişdir. Mübahisəli fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətində deyil, onun istifadə və sahibliyindədir. Bu baxımdan o, həmin əmlaka münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün üstün hüquqa malikdir. Bu da öz növbəsində onun cavabdehlərə qarşı hazırki tələbi irəli sürmək hüququnu yaratmış olur. Lakin artıq müəyyən edildiyi kimi, hazırda mübahisəli əmlak hüquqi nəticə etibarı ilə özbaşına tikili statusundadır. Belə bir əmlaka münasibətdə də, cavabdehlərin istifadə hüququ yarana bilməz. Onların pasport qeydiyyatı isə hazırki iddianın təmin edilməsi üçün əsas yaratmır. Belə ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evində pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin fərdi yaşayış evində pasport qeydiyyatında olması bu evdən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1431/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1431/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver