Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1451/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: (doğum akt qeydinin bərpa edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MUƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum həyat yoldaşı xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş X1 doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəni onunla əsaslandırmışdır ki, X7 ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. X7 xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən ona təqdim edilmişdir. Yaşadıqları ünvan 1 ünvanı rəsmi olaraq mərhum həyat yoldaşı X4 məxsus olmuşdur. Mərhum həyat yoldaşı vəfat etdiyi üçün mənzili öz adına keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı vərəsəlik haqqında şəhadətnamə almaq üçün 1 saylı Bakı “Asan Xidmət” mərkəzinə müraciət etmiş, vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədlərin siyahısı ona təqdim olunmuş, lakin həmin siyada tələb olunan X1 doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Buna görə də o, həmin sənədin yenidən almaq üçün 1 saylı Bakı “Asan Xidmət” mərkəzinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, lakin 1 saylı Bakı “Asan Xidmət” mərkəzi sənədlərin yalnız məhkəmə qaydasında bərpa edilə bilməsinə əsaslanaraq yazılı qaydada imtina etmişdir. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, mərhum həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqıda şəhadətnamə verilmişdir. Hazırda yaşadığı mənzil mərhum həyat yoldaşının adınadır. Mənzili öz adına rəsmiləşdirmək istəyərkən vərəsəlik işi açılması üçün lazım olan sənədləri toplayarkən mərhumun doğum haqqında şəhadətnaməsi lazım oldu. Lakin şəhadətnaməni tapa bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadə verərək bildirdi ki, X7 onun qardaşıdır, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuşdur. Mərhum qardaşı 8-ci sinifi bitirdikdək sonra Sisyan rayonunu tərk etmişdir. Hesab edir ki, onun doğum haqqında şəhadətnaməsi həmin vaxt orada qalmışdır.
5. Məhkəmə iclasında dindirilmiş şahid X9 eyni məzmunlu ifadə verərək bildirdi ki, X7 onun qardaşıdır, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuşdur. Özünün və bacısının doğum haqqında şəhadətnaməsinin özündə olduğunu, lakin mərhum X1 doğum haqqında şəhadətnaməsinin harada olması barədə məlumatı olmadığını bildirdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
Mülki işin materialları:
7. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-3224/24 nömrəli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyindən ərizəçiyə doğum haqqında akt qeydinin bərpası mümkün olmadığı, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.0428 ha torpaq sahəsində yerləşən 65.03 kv.m ümumi, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 52 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 558 nömrəli reyestr kitabının 51344 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X2 xx.xx.1979-cu il tarixdə Şaumyan rayon VVADQ şöbəsində nikaha daxil olmuşlar, bu barədə akt qeydləri kitabında 174 nömrəli akt qeydi icra edilmişdir.
10. Şəxsiyyət vəsiqəsinin və ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, X7 xx.xx.1956-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır.
11. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-15/188/25 nömrəli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.
12. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 və X5 atası X6, anası X10r.
13. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 1037 nömrə ilə qeyd edilmişdir.
14. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 341 nömrə ilə qeyd edilmişdir.
15. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 808 nömrə ilə qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
18. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
27. Ərizəçinin və şahidlərin izahatları ilə müəyyən olunur ki, ərizəçi mərhum həyat yoldaşı X7 xx.xx.1956-ci il tarixdə Ermənistanın Sisyan rayonunda doğulmuşdur.
28. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-3224/24 nömrəli məktubunun və Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/188/25 nömrəli məktubunun məzmunundan görünür ki, itirilmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilmir, müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyil və vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı yalnız məhkəmə qaydasında müəyyən edilməlidir.
29. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X1 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X1 adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
30. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi X1 doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
31. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X1 xx.xx.1956-ci il tarixdə Ermənistanın Sisyan rayonunda doğulduğu, atasının X6, anasının X13 olduğu faktı ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
32. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.1956-ci il tarixdə Ermənistanın Sisyan rayonunda doğulduğu, atasının X6, anasının X13 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X7”, ata qrafasında “X6”, ana qrafasında “X13” yazılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizəsi təmin edilsin. X1 xx.xx.1956-ci il tarixdə Ermənistanın Sisyan rayonunda anadan olması, atasının X6, anasının X13 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X7”, təvəllüd qrafasında “xx.xx.1956-ci il”, ata qrafasında “X6”, ana qrafasında “X13” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydə alınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova