Məhkəmə qərarları › İş №2(001)-1466/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1466/2022

14.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1466/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxx katibliyi, İddiaçı və onun nümayədəsi X10, Cavabdehin nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 306 saylı tam orta məktəbə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X19 Xidməti cəlb edilməklə) işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 306 saylı tam orta məktəbə qarşı işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 oktyabr 2019-cu il tarixli 223 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işləmədiyi müddət ərzində ödənilməmiş əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Bakı şəhəri Binəqədi rayonu 306 saylı tam orta məktəbdə müddətsiz müqavilə əsasında 01 fevral 2008-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixə kimi katibə kimi işlədiyi müddət ərzində rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və şiddətli töhmət almamış, nümunəvi işçi olmağa çalışmışdır. Bundan əvvəl işləmiş məktəb direktorları ilə arasında heç bir anlaşılmazlıq olmamış, işində çox məsuliyyətli olmuş, həmişə işlədiyi kollektivin və sakinlərin rəğbətini qazanmağa çalışmışdır. Daha sonra həmin məktəbdə direktor vəzifəsinə təyin olunmuş Gültəkin Ədilova məktəbdə hökmranlıq etməyə başlamış, işçiləri yerli-yersiz danlamış, irad bildirmiş, fərqinə varmadan onların şərəf və ləyaqətini alçaltmış, onlarla qul kimi rəftar etmişdir. Belə ki, istirahət, bayram günləri onu işlətmiş, məzuniyyət vaxtı məcburi qaydada 18-20 gün işə çıxarılmağına baxmayaraq əlavə əmək haqqı hesablamamış, bu şəkildə qanunvericiliyin qaydalarını kobud şəkildə pozmuşdur. Direktorla birlikdə işlədiyi müddət ərzində “Yeni Azərbaycan” partiyasının iclaslarında, dövlət və qeyri-hökümət təşkilatlarında direktoru çox vaxt o təmsil etmişdir. Səhhətində baş vermiş xəstəliyə görə həftənin 5-ci günü direktora müraciət edərək, şənbə günü müalicə olmaq üçün icazə istəmiş, o da etiraz etmədən icazə vermişdir. O, şənbə günü həkimdə müalicə aldığı vaxtı direktor mobil telefonla zəng edib onu təcili işə çağırmışdır. O isə direktora xatırlatmışdır ki, istirahət günü olmasına baxmayaraq ondan icazə almış və o da icazə vermişdir. Cavabında onun üstünə qışqıraraq, təhqirli ifadələr işlədərək işdən çıxmağı barədə ərizə yazmağını tələb etmişdir. İşə gedəndə onu yanına çağırtdırıb ərizə yazmağını tələb etmişdir. O da ərizə yazmış və ərizəsində nəyə görə işdən çıxarıldığını göstərmişdir. O isə onu yenidən çağırıb təhqir edərək, qorxudaraq ərizəsini cırmış və başının üstündə durub özü istədiyi kimi ərizə yazdırmışdır. Bundan sonra o, nə əmri nə də əmək kitabçasını ona qaytarmışdır. O, ailəlidir, iki azyaşlı övladı var. Həyat yoldaşı işləmir. Ailənin bütün maddi və mənəvi tələbatlarını o ödəyir, vəziyyətləri çox ağırdır. İşdən qanunsuz çıxarılması barədə Bakı Şəhər Təhsil İdarəsinə müraciət etmişdir. Heç bir yerdə pandemiyaya görə qəbula düşə bilməmişdir. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir kimi qeyd edilmişdir. Nəhayət, cavabdeh heç bir qanunvericiliyə əsalanmadan, ona heç bir xəbərdarlıq etmədən birtərəfli qaydada qanunsuz olaraq onunla müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamış, onun konstitusion hüquqlarını kobud surətdə pozaraq, “burda mənəm Bağdadda da kor xəlifə” prinspinə əsaslanaraq qanunvericiliyə açıq aşkar meydan oxumuşdur. Bu günə qədər Bakı şəhər Təhsil İdarəsindən cavab gözləmişdir. Nəhayət ki, bu ilin iyul ayının axırında məktubla poçt vasitəsi ilə 306 saylı tam orta məktəbə ərizə ilə müraciət edib, əmrdən surəti və əmək kitabçasını almışdır. Ona görə də məhkəməyə indi müraciət edir. Dövlət pandemiyaya qarşı geniş miqyaslı mübarizə apardığı vətəndaşları maddi cəhətdən təmin etdiyi bir çətin durumda onun ailəsini ehtiyac içində saxlamaq nə deməkdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı öz ərizəsi əsasında işdən azad edildiyi vaxtda o, 306 saylı tam orta məktəbdə direktor səlahiyyətlərini icra etməmişdir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müvafiq əmri ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının işinin təşkilinə cəlb edilməyi ilə bağlı olaraq, yeddi məktəbin direktoru, o cümlədən o, 21 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək vəzifəsinin icrasından müvəqqəti olaraq azad edilmişdir. Həmin müddət ərzində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası tərbiyə işləri üzrə direktor müavini N.Cavadovaya həvalə edilmişdir. 21 oktyabr 2019-cu il tarixdə məktəbdə katibə vəzifəsində işləyən iddiaçı işdən çıxması barədə N.Cavadovaya ərizə vermişdir. Həmin vaxt ona da bu barədə məlumat verilmişdir. Onun səlahiyyətlərini müavin N.Cavadova icra etdiyindən ona qanuna müvafiq qaydada ərizəyə baxmasını demişdir. İddiaçı təkidlə işdən çıxmasını tələb etdiyindən, öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən çıxması barədə fikrini əvvəllər də deyirdi. Belə ki, o, katibə işləmək istəmirdi. İmtahanlara hazırlaşıb müəllimə olmaq fikri ilə işdən çıxmışdır. Lakin işdən çıxandan sonra şəxsən tərəfindən adlarını şahid kimi ayrıca ərizədə göstərdiyi şəxləri onun evinə göndərmişdir ki, qayıdıb işləsin. Çünki həqiqətən katibə işinə çox ehtiyacı var idi. İddiaçı işə qayıtmaqdan qəti imtina etdikdən sonra məcbur qalıb həmin işə başqasını qəbul etmişdir. İddiaçı müəllimə olmaq üçün hazırlaşdığı imtahandan keçə bilmədikdən sonra ərinin tələbi ilə bu hərəkətləri etməyə başlamışdır. İşdən çıxdıgı üçün əri onu danlayırdı. Hətta əri məktəbə də hücum edərək xuliqanlıq etmişdir. Qeyd olunan Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti (ərizə verildiyi vaxtdan bir ay) bitənədək, istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Nəzərə almaq lazımdır ki, işçi belə bir ərizə verməmiş, həm də işçinin işdən çıxma barəsində ərizəsini geri götürmək hüququ işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxmanın tarixini göstərmədiyi halda qanunverici nəzərdə tutmuşdur. Ona görə də həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş xəbərdarlıq müddətini gözləmək işəgötürən üçün vəzifə olmamışdlr. İndiki halda işçi işdən çıxma barəsindəki ərizəsində həm işdən çıxmanın tarixini göstərmiş, həm də bir ay ərzində ərizəsini geri götürüb, əmək münasibətlərini davam etdirmək kimi ərizə verməmişdir. İddiaçı ərizəsində sözgüdən Məcəllənin 42-ci (əmək müqaviləsinin tərəfləri) və 45-ci (əmək müqaviləsinin mülləti) maddələrinə istinad edir. Lakin həmin normaların hazırkı mübahisənin həllində əhəmiyyəti yoxdur. Çünki iddiaçının əmək müqaviləsinin tərəfi olması, onunla əmək müqaviləsi bağlanması inkar edilmir. Hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutuldugu kimi işdən çıxma barədə verdiyi ərizəsinin ondan məhz hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə alındığını, hədə-qorxunun nədə ifadə olunduğunu, nədən işə qayıtması barədə təklifləri qəbul etmədiyini, hədə-qorxu barəsində dərhal üst orqana, yaxud hüquq mühafizə orqanlarına müraciət etməməsi ilə baglı dəlillərini təqdim etməlidir. Hesab edir ki, işçinin öz ərizəsi əsasında işdən azad edilməsi mübahisəsiz faktdır. Həmin ərizənin hədə-qorxu, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə alınması barədə sübutlar, ağlabatan və məntiqli izahat yoxdur. İşçinin işdən azad edilməsi prosesində əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddiaçının iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə bağlı ərizə ilə müraciət edərək bildirmildir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini əhəmiyyətli dərəcədə ötürmüşdür. İddia ərizəsindən də göründüyü kimi o, öz ərizəsi ilə 21 oktyabr 2019-cu il tarixdə tutdugu vəzifəsindən işəgötürənin müvafiq əmri ilə Azrbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad edilmişdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə görə işçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından görünür ki, iddiaçı işdən azad edildikdən uzun müddət sonra məhkəməyə müraciət etmişdir. İşdən azad edilməsi ilə hüquqlarının pozuldugunu hesab edirsə, bu məhz 21 oktyabr 2019-cu il tarixdə aşkar edilmiş olmuşdur. Əmrdən çıxarışı və əmək kitabçasını işçi illərlə müxtəlif səbəblərdən almaya bilər. İndiki halda işçinin hüququnun pozulmasını əmrdən çıxarışı və əmək kitabçasını aldığı vaxtdan “aşkar” etdiyi hesab edilsə də yenə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırda o, yazılı qaydada ərizə verərək, iddiaçının “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış müddət ərzində əmək haqqının ödənilməsi” haqqında iddiasına iddia müddətini tətbiq edib, iddiadan imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə cavabdehin etirazına cavab ünvanlayaraq bildirmişdir ki, o, ünvan 1vral 2008-ci il tarixdə müddətsiz müqavilə əsasında işə qəbul olunaraq 21 oktyabr 2019-cu ilə kimi fasiləsiz olaraq katibə vəzifəsində işləmiş, işlədiyi 12 il müddət ərzində rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və ya şiddətli töhmət almamışdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 306 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuş xanım Gültəkin Ədilova ilk gündən məktəbdə hökmranlıq etməyə başlamış, işlədiyi kollektivə qarşı kobud və ədalətsiz davranmış, əmək haqqı ödənilmədən istirahət günləri də onu işləməyə məcbur etmiş, buna etiraz etdikdə isə onu 21 oktyabr 2019-cu il tarixdə öz iş otağına çağıraraq işdən azad olunmağı barədə öz xahişi ilə ərizə yazmağa məcbur etmişdir (bu faktı ərizəsininin necə yazılması təsdiq edir) və 21 oktyabr 2019-cu il tarixli 223 saylı əmrlə qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Bununla kifayətlənməyərək həmin məktəbdə ondan 22 oktyabr 2019-cu il tarixdə (bir gün sonra) qanunsuz izahat yazdıraraq, guya 5 dəfə onun arxasınca iş yoldaşlarını göndərmiş, o, işə gəlməkdən imtina etmişdir, bu isə absurddur (əmri verdikdən sonra). Məktəbin direktoru məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdə özünün məktəbdə olmadığını, guya 20 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixə kimi Mərkəzi Seçki Komissiyası tərəfindən 12 saylı Qaradağ-X3 Dairə Seçki Komissiyası tərəfindən 20 oktyabr 2019-cu il 12/83 saylı məktub göndərmişdir. Ancaq Bakı şəhər Təhsil İdarəsi 31 oktyabr 2019-cu il F-380 nömrəli əmr imzalayaraq 12 saylı Qaradağ-X3 Dairə Seçki Komissiyasının 20 oktyabr 2019-cu il tarixli 12/72 nömrəli məktubunda Seçki Komissiyalarının işinin təşkilinə cəlb edilmələri ilə sənəd də 21 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək vəzifələrinin icrasından müvəqqəti olaraq azad edilmiş hesab edilsinlər. Məktubda göstərilən siyahıda 103 nömrəli, 106 nömrəli və 139 nömrəli tam orta məktəbləri göstərilərək adları qeyd edilmişdir. O, işdən azad ediləndən sonra Bakı şəhər Təhsil İdarəsinin rəisi Rəşad Tağıyevə 21 oktyabr 2019-cu il tarixdə, Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru Zakir Qaralova 22 oktyabr 2019-cu il tarixdə və Bakı şəhər Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya 15 yanvar 2021-ci il tarixdə müraciət etmiş, rəsmi cavabı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 23 aprel 2021-ci il tarixli Q-5449/02/10 nömrəli məktubla cavab vermiş, ancaq bu onu razı salmamışdır. O, 21 oktyabr 2019-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu 306 saylı tam orta məktəbin direktoru Gültəkin Ədilovaya dəfələrlə müraciət etməyisinə baxmayaraq, o, işdən çıxarılması barədə həm əmri, həm də əmək kitabçasını verməkdən imtina etmişdir. Bu ərəflərdə Respublikanın ərazisində pandemiya ilə əlaqədar olaraq karantin rejimi tətbiq edilərək bəzi qadağalar qoyulmuş, bununla da fasilələr yaranmışdır. Nəhayət, o, 17 iyul 2021-ci il tarixdə rəsmi ərizə ilə 306 saylı tam orta məktəbin direktoru Gültəkin Ədilovaya müraciət etmiş (qəbz var) işdən azad olmağı barədə 21 oktyabr 2019-cu il tarixli 223 saylı əmri və əmək kitabçasını 25 oktyabr 2021-ci il tarixdə almışdır, bu faktı AZ 1145 nömrəli poçt göndərişi təsdiq edir. O, əmrin surətini aldıqdan sonra 1 (bir) ay keçməmiş Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinə 27 avqust 2021-ci il tarixdə müraciət etmiş, yeni qanunvericiliyə uyğun olaraq ərizəyə düzəliş edildikdən sonra yenidən məhkəməyə müraciət olunmuşdur (“Mediasiya haqqında” Qanun). İş üzrə cavabdeh Gültəkin Ədilova və vəkil qismində iştirak edən Vəkil iddia ərizəsinə qanunsuz etiraz təqdim edərək göstərmişdir: “guya iddiaçı qismində işdən azad edilən zaman direktor səlahiyyətlərini tərbiyə işləri üzrə direktor müavini N.Cavadovaya həvalə edilməsi” qeyd olunsa da bu qanuni faktlar əsasında öz təsdiqini tapmır, belə ki, onun özü 21 oktyabr 2019-cu ildə və bacısı X1 izahatı məktəb direktoru G.Ədilova 22 oktyabr 2019-cu il tarixdə özü almış, bu faktı Fəxriyyə xanım şahid qismində məhkəmədə təsdiq edəcəkdir. 306 saylı tam orta məktəbin direktoru G.Ədilova bilə-bilə qəsdən saxta sənəd tərtib edərək hakimi və öz vəkilini aldatmışdır. Vəkil qismində iştirak edən Vəkil məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə tanış olan zaman, qanunsuz və əsassız olaraq etirazda və ərizədə qanunvericiliyə istinad etmiş, ancaq özlərinin məhkəməyə təqdim etdikləri sübutlarla təqsirli olduqlarını etiraf etmişlər. Belə ki, iddiaçının işdən azad edilməsi barədə ərizəni direktor G.Ədilova özü şəxsən imza etmiş, bacısı Fəxriyyədən isə 22 oktyabr 2019-cu il tarixdə iş otağında izahat almışdır. Bununla da sübut olunur ki, o, həmin gün məktəbdə olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, işdən azad edildikdən sonra bir dəfə məktəbdə işləyən Niyar və Kəmalə xanım bacısı ilə birlikdə, bir dəfə isə bacısı ilə Niyar xanım onun evinə gəlmiş, onun işə qayıtmasını bildirmişlər. Lakin, o həmin vaxt bildirmişdir ki, imtahana hazırlaşıb, müəllim keçəcəkdir. O, müəllimlərin işə qəbul imtahanında iştirak etmiş, lakin imtahandan keçə bilməmişdir. Direktor ona bir ay bundan əvvəl məktəbdə ocaqçı işini təklif etmiş, lakin o, iş təklifini qəbul etməmişdir. Çünki, o, müddətli əmək müqaviləsi ilə işləmək istəmir. Məhkəmə iclasında dindirilən şahidlərin heç biri ilə şəxsi qərəzliyi yoxdur, hamısı ilə münasibətləri yaxşı olmuşdur. Direktor ona məcburi işdən çıxma barədə ərizəsi yazdırarkən şahidlər orda olmamışlar. O, əmək kitabçasını və əmri 2021-ci ilin iyul ayında almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, həqiqətən də direktorun yanına getsə də sərxoş vəziyyətdə olmamış və direktora qarşı kobud rəftar etməmişdir. İddiaçı işdən azad edildikdən sonra məktəbdə işləyən müəllimlər Fəxriyyə ilə birlikdə onların evinə gəlmiş, iddiaçıya işinə qayıtmasını bildirsələr də iddiaçı əsəbi olduğu üçün işə qayıtmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun iddiaçı ilə hər hansı şəxsi-qərəzliyi yoxdur. O, iddiaçı ilə birlikdə işlədikləri vaxt onun xətrini çox istəmiş və ona hörmət etmişdir. Hazırda da iddiaçıya qarşı hər hansı ədavəti yoxdur və ola da bilməz. İddiaçının özü müəllimlərin işə qəbulu imtahanına hazırlaşmaq üçün işdən çıxmışdır. Onun məqsədi imtahandan uğurlu nəticə əldə edərək, müəllim peşəsinə yiyələnmək olmuşdur. Məktəbdə işləyə-işləyə isə o, imtahanlara hazırlaşa bilmədiyini bildirmişdir. Nəticədə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Buna baxmayaraq, o, dəfələrlə iddiaçı ilə əlaqə saxlayıb işə qayıtmasını bildirmək istəsə də, iddiaçı onun zənglərinə cavab verməmişdir. İiddiaçı işdən çıxdığı günün səhərisi ondan zəng edərək şikayət etmiş, o, məktəbdə işləyən işçilərdən xahiş etmişdir ki, iddiaçnın yaşadığı ünvana gedərək onunla danışsınlar, işə qayıtsın. Çünki, həmin vaxt iddiaçının birdən-birə işdən çıxması onun işlərində çətinlik yaratmışdı. Lakin iddiaçının onun arxasınca gedən şəxslərə cavabı o olmuşdur ki, o, imtahana hazırlaşdığından işə qayıda bilməz. Çünki, o artıq katibə kimi deyil, müəllimə kimi işləmək istəyir. Qeyd etdiyi halı iddiaçının bacısı Fəxriyyə də təsdiq edə bilər, belə ki, o, məktəbdə dalandar işləyir, həmçinin müəllimləri bacısının evinə də şəxsən özü aparmışdır. Göründüyü kimi, əgər onun iddiaçı ilə hər hansı qərəzi olsa idi, o, iddiaçının işə qayıtması üçün bunları etməzdi. İddiaçı işdən çıxdıqdan sonra onun barəsində müxtəlif qurumlara şikayətlər etmiş, habelə həyat yoldaşı - hazırda iclasda nümayəndəsi kimi çıxış edən şəxs sarxoş vəziyyətdə onun xidməti otağına daxil olaraq onu təhqir etmişdir. Lakin o, humanistlik göstərərək, ondan hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Bundan əlavə, necə ola bilər ki, iddiaçının bacısı Fəxriyyə məktəbdə dalandar, iddiaçının bibisinin nəvəsi Xəyalə isə məktəbdə ibtdai sinif müəllimi kimi işləməkdə davam edir, o, yalnız iddiaçıya qarşı qərəzli olub onu işdən çıxarmışdır. Bu məntiqli deyil, iddiaçının özü də bilir ki, onun iddiaçı ilə hər hansı problemi olmamışdır. İddiaçı bildirir ki, o, iddiaçını şənbə günləri məcburi işə çağırmış və işlətmişdir. Bu isə mümkün deyil, çünki o, məktəbə direktor təyin edildikdən sonra məktəbdə həftənin 5 günü iş günü, qalan iki günü isə qeyri-iş günü olmuşdur. Qeyri-iş günlərində isə onun özü də daxil olmaqla məktəbdə heç kəs olmur, məktəbin qapısı bağlı olur. Digər məsələ isə, iddiaçının əmək kitabçasının verilməsi məsələsidir. İddiaçının bacısı Fəxriyyə onun otağına gələrək bildirmişdir ki, bacısının əmək kitabçasını ona versin ki, bacısına çatdırsın. Lakin o, razılaşmayaraq bildirmişdir ki, bacısının evi məktəbin yaxınlığındadır, əmək kitabçasını gəlsin şəxsən özü götürsün. Özü də ehtiyat edərək poçtla göndərməmişdir ki, iddiaçı Tovuz rayonunda qeydiyyatdadır, sonra poçtda itə bilər. Daha sonra, iddiaçının özü rəsmi ərizə ilə məktəbə müraciət edərək, əmək kitabçasınının verilməsini xahiş etmiş, o da iddiaçını çağıraraq əmək kitabçasını şəxsən özünə təqdim etmişdir, bunu iddiaçının özü də etiraf edir. Həmçinin əlavə olaraq qeyd edir ki, o, 1 ay əvvəl yenə iddiaçını qəbuluna çağırmış, ona məktəbdən müddətli müqavilə ilə ocaqçı vəzifəsini təklif etmiş və demişdir ki, o, bu işdə çalışdığı vaxt imtahanına rahat hazırlaşsın. Əgər iddiaçı imtahandan uğurlu nəticə əldə edərsə, o, məmnuniyyətlə onun barəsində təqdimat yazar və məktəbdə müəllim kimi işləməsinə köməklik göstərər. Lakin, iddiaçı ona təklif etdiyi işi rədd edərək, müddətli əmək müqaviləsi ilə işləmək istəmədiyini bildirmişdir. Həmçinin, o, seçkilərə cəlb edilsə də, həmişə məktəbdə öz otağında olmuş, çünki məktəbin özü seçki məntəqəsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin izahatını müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır. O, həftənin bazar ertəsi günü bacısını məktəbdə ağlayarkən görmüş və nə üçün ağladığını soruşduqda isə bacısı ona bildirmişdir ki, direktor ona hədə-qorxu gələrək öz ərizəsi ilə onu məcburi şəkildə işdən çıxartmışdır. Səbəbini soruşduqda isə demişdir ki, direktor onu şənbə günü işə çağırmış, lakin o, işə gələ bilməmişdir. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, 2009-cu ildən 306 saylı məktəbdə dalandar vəzifəsində işləyir. Onun qohumu Xəyalə isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. Direktorun onlarla hər hansı şəxsi qərəzliyi olmamışdır, onları məktəbdə hər hansı formada incitməmişdir. Hazırda da aralarındakı münasibətlər yaxşıdır. Həftənin şənbə və bazar günləri məktəbdə qeyri-iş günüdür, qeyri-iş günlərində isə direktor onu heç vaxt işə çağırmamışdır. Bacısı işdən çıxdıqdan sonra direktor onu çağırmış və bacısının işə qayıtması üçün onu məktəbdə işləyən Niyar xanımla, sonra isə həm Niyar xanımla həm də Kəmalə xanımla bacısının evinə göndərmişdir. Onlar bacısıgilə gedərək, işə qayıtmasını bildirsələr də, bacısı işə qayıtmaq istəməmişdir. O, izahatı yazarkən Niyar xanım həmin izahatda yazılmalı olan mətni sözbəsöz diktə etmişdir. Onlar bacısıgilə 5 dəfə deyil, cəmi 2 dəfə getmişlər. Bacısı həmin vaxt bildirmişdir ki, imtahana hazırlaşıb müəllimə olacaq və katibə işinə qayıtmaqdan imtina etmişdir. Bacısı imtahanına hazırlaşsa da, imtahandan keçə bilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, 306 saylı tam orta məktəbdə direktorun tərbiyə işləri üzrə müavini vəzifəsində çalışır. Həmin məktəbdə 2005-ci ildən etibarən işləyir. İddiaçı isə təxmini 10 il olardı ki, məktəbdə katibə vəzifəsində çalışırdı. 2019-cu ilin oktyabr ayında iddiaçı işdən çıxmaq barədə ərizəsini verərkən direktor səlahiyyətlərini o, icra edirdi. İddiaçı gəlib dedi ki, o, imtahana hazırlaşıb müəllim kimi işləmək niyyətindədir, ona görə də işdən çıxmaq istəyir. Həmin vaxt otaqda o, məktəbin direktoru və iddiaçı, qonşu otaqda isə digər işçilər olmuşlar. Qonşu otaq katibə otağıdır və direktorla katibə otağı arasında olan qapı hər zaman açıq olur. İddiaçı öz xahişi ilə işdən çıxsa da, həmin vaxt onlara katibə lazım olduğu üçün direktor onu həm Fəxriyyə ilə, həm də Kəmalə ilə birlikdə iddiaçının evinə göndərmiş və işə qayıtmasını təklif etmişdir. Lakin, iddiaçı inadkarlıqla işə qayıtmaq istəmədiyini bildirmişdir. Direktorun özü də şəxsən dəfələrlə iddiaçı ilə əlaqə saxlamağa çalışsa da, iddiaçı onun zənglərinə cavab verməmişdir. Onlar iddiaçının işə qayıtmaq istəmədiyini gördükdə, məcbur qalıb işə başqa katibə götürmüşlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, məktəbdə həftənin beş günü iş günü, qalan iki günü isə qeyri-iş günüdür. Fəxriyyə izahatı onun yanında yazmışdır. Fəxriyyə ondan soruşmuşdur ki, izahat necə yazılır, o da bunu başa salmışdır. İzahatda yazdıqlarını Fəxriyyənin şəxsən özü öz sözləri ilə yazmışdır, kimsə tərəfindən ona müdaxilə edilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 2005-ci ildən 306 saylı tam orta məktəbdə kitabxana müdiri vəzifəsində çalışır. İddiaçı isə təxmini 10 il olardı ki, həmin məktəbdə katibə vəzifəsində çalışırdı. İddiaçı ilə arasında həmişə səmimi münasibət olmuşdur. İddiaçı işdən çıxarkən o da pis olmuşdur, səbəbini öyrənəndə isə iddiaçı bildirmişdir ki, o, müəllimlər imtahanına hazırlaşacaqdır. Direktor onu və Niyar xanımı Fəxriyyə ilə birlikdə iddiaçının evinə göndərmiş və iddiaçının işə qayıtmasını bildirmişdir. Lakin, iddiaçı işə qayıtmaq istəmədiyini, imtahana hazırlaşıb müəllim kimi işləyəcəyini bildirmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, məktəbdə həftənin beş günü iş günü, qalan iki günü isə qeyri-iş günüdür. Qeyri-iş günlərində o məktəbə çağırılmamışdır. Direktorla iddiaçı arasında hər hansı bir problemin olduğunu eşitməmişdir. Həmin məktəbdə iddiaçının bacısı Fəxriyyə, həm də iddiaçının qohumu Xəyalə də işləyir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, 306 saylı tam orta məktəbdə uşaq birliyinin rəhbəri vəzifəsində çalışır. O, məktəbdə 15 ildən çoxdur ki, işləyir. İddiaçı isə təxmini 10 il olardı ki, həmin məktəbdə katibə vəzifəsində çalışırdı. İddiaçı ilə münasibətləri həmişə yaxşı olmuşdur. O, uşaq birliyinin rəhbəri olduğundan məktəbin internet saytına tez-tez xəbərlər və şəkillər yerləşdirir və bununla bağlı olaraq da mütəmadi olaraq katibənin otağında olurdu. O, iddiaçının işdən çıxdığı gün də katibənin otağında idi. Direktorun qapısı açıq olduğundan o, görmüşdür ki, iddiaçı nəsə yazır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı işdən çıxdığı gün həmişəki kimi sakit və normal vəziyyətdə idi. Direktorun otağında olanda da iddiaçı ilə direktor arasında hər hansı söz-söhbət eşitməmişdir. Məktəbdə həftənin beş günü iş günü, qalan iki günü isə qeyri-iş günüdür. Qeyri-iş günlərində o, məktəbə çağırılmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, artıq 4 ildir ki, məktəbdə xadimə kimi işləyir. O, iddiaçının həm iş yoldaşı, həmdə qonşusudur. Onun işi məktəbin birinci mərtəbəsini, həmçinin məktəbin direktorunun və katibənin otaqlarını təmizləməkdən ibarətdir. İddiaçı işdən çıxdığı gün o, direktorun otağının qarşısında olan katibənin olduğu otaqda olmuşdur. Katibənin otağı ilə direktorun otağı iç-içədir. Direktorun qapısı həmişə açıq olur. Həmin günü iddiaçı ilə direktor arasında hər hansı söz-söhbətin olduğunu eşitməmişdir. O, iddiaçının işdən çıxmasının səbəbini Fəxriyyədən soruşmuş, Fəxriyyə isə bildirmişdir ki, Nuriyyə ali təhsillidir, onun diplomu var, imtahandan keçib müəllimə kimi işləyəcəkdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məktəbdə həftənin beş günü iş günü, qalan iki günü isə qeyri-iş günüdür. Qeyri-iş günlərində o, məktəbə çağırılmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, 2003-cü ildən 306 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır. İddiaçı isə təxmini 10 il olardı ki, həmin məktəbdə katibə vəzifəsində çalışırdı. İddiaçı ilə münasibətləri həmişə yaxşı olmuşdur. İddiaçı işdən çıxdığı gün o da direktorun qəbul otağında idi. Həmin vaxt gördü ki, iddiaçı ərizə yazır. Sonra o, digər işçilərdən iddiaçının işdən çıxma səbəbini soruşduqda ona dedilər ki, Nuriyyə imtahana hazırlaşmaq üçün işdən çıxır. O, sonradan iddiaçının həyat yoldaşının məktəbin direktorun otağına gəldiyini və direktorla aqqresiv formada danışdığının şahidi olmuşdur. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, həftənin beş günü işləyir, şənbə və bazar günləri məktəbdə qeyri-iş günləridir. İş materiallarında olan: İddiaçı 306 nömrəli tam orta məktəbin direktoruna ünvanladığı 21 oktyabr 2019-cu il tarixli ərizəsindən görünür ki, o sonuncudan öz xahişi ilə 21 oktyabr 2019-cu il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Binəqədi rayon 306 nömrəli tam orta məktəbin 21 oktyabr 2019-cu il tarixli, 223 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı – məktəbin katibəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 21 oktyabr 2019-cu il tarixindən xitam verilməsi əmr edilmişdir. Əsas kimi şəxsin ərizəsi göstərilmişdir. 306 nömrəli tam orta məktəbin dalandarı X2 22 oktyabr 2019-cu il tarixli izahatından görünür ki, bacısı İddiaçı özü, heçə kəs məcbur etmədən öz ərizəsini yazmışdır. Sonra direktor onu geri qaytarmaq üçün onu və müəllim yoldaşlarını 5 dəfə bacısının evinə göndərsədə Nuriyyə işə gəlməkdən imtina etdi və bildirdi ki, o gəlməyəcək, şikayət ərizəsinidə geri götürməyəcək. Məkəbin direktoru G.Ədilova, məktəbin Tərbiyə işləri üzrə direktor müavini N.Cavadova, Həmkarların sədri X.Alıyev, məktəbin tarix müəllimi V.Məmmədov və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi G.Hətəmli tərəfindən tərtib olunmuş və imzalanmış aktın surətindən görünür ki, məktəbin katibəsi İddiaçı hamının gözü qabağında öz istəyi ilə işdən azad olmaq haqqında ərizə yazsa da, sonradan Bakı Baş Təhsil İdarəsinə gedərək, onun ərizə yazmağa məcbur edildiyi barədə şikayət etmişdir. Direktor hamının yanında onu geri çağırmaq üçün zəng etsə də, Nuriyyə telefona cavab verməmişdir. Bundan sonra direktor 4 dəfə evlərinə adam göndərərək işə gəlməsin istədi. Ancaq o bildirdi ki, işləmək istəmir, işə qayıtmaq fikri yoxdur. Bildirdi ki, ərizəsini geri götürməyəcək. Bütün kollektivə aydın oldu ki, onun məqsədi işləmək deyil, sadəcə məktəbdə narahatçılıq yaratmaqdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23 aprel 2021-ci il tarixli məktubdan görünür ki, onun ünvan 3ta məktəbinin sabiq katibəsi olaraq məktəb rəhbərliyi tərəfindən onun qanunsuz olaraq işdən çıxarılması, həmçinin həmin məktəbdə kitabxanaçı vəzifəsinə təyin olunmasına köməklik göstərilməsinə dair ərizələrinə baxılmış və bildirilmişdir ki, ərizəsində qeyd olunan xüsusatlarla bağlı araşdırmaya əsasən müəyyən olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Aərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 21 oktyabr 2019cu il tarixdən xitam verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə vakansiyaların sistemli tətbiq edilməsi və mərkəzləşdirilmiş qaydada idarə olunması, eləcə də bu istiqamətdə müvafiq qurumlarla birgə səmərəli fəaliyyətin təşkili məqsədilə bir sıra vəzifələr üzrə, həmçinin kitabxanaçı vəzifəsi üzrə işə qəbul prosesi dayandırılmışdır. Hazırda mövcud olan və gələcəkdə yaranacaq müvafiq vakansiyalar mütəmadi olaraq Təhsil Nazirliyinə göndəriləcəkdir. Bu səbəbdən hazırki vəziyyətdə müraciətinin tərəflərindən təmin olunması imkanları xaricindədir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 oktyabr 2019-cu il tarixli əmrinin surətindən görünür ki, 106 nömrəli tam orta məktəbin rəhbəri məntəqə seçki komissiyalarının işinin təşkilinə cəlb edilmələri ilə əlaqədar onların əsas iş yeri üzrə aldıqları orta əməkhaqqı saxlanılmaqla 21 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək vəzifələrinin icrasından müvəqqəti olaraq azad edilmiş hesab edilmişdir. 26 avqust 2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 fevral 2008-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixə qədər 306 nömrəli tam orta məktəbin katibəsi vəzifəsində çalışmışdır. AZ-İİ seriyalı 302374 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 2009-cu il təvəllüdlü X7 atası X18, anası isə İddiaçıdır. AZ-İİ seriyalı 951584 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 sentyabr 2012-ci il təvəllüdlü X8 atası X18, anası isə İddiaçıdır. 03 noyabr 2021-ci il tarixli mediasiyaya dəvət məktubundan görünür ki, İddiaçı 25 oktyabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiya təşkilatına müraciət etmiş, tərəflər İddiaçı və X14 mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün 13 noyabr 2021-ci il tarixdə mediasiya təşkilatına dəvət olunmuşlar. 13 noyabr 2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin arayış İddiaçı X6 13 noyabr 2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin İ hissəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 69-cu maddənin birinci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddənin üçüncü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 379.1 və 379.1.6-ci maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, iddiaçı 01 fevral 2008-ci il tarixdə 306 saylı orta məktəbdə katibə vəzifəsinə təyin edilmiş, 21 oktyabr 2019-cu il tarixdə isə ərizə yazaraq həmin tarixdə öz xahişi ilə işdən azad olumuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, onun məcburi şəkildə öz ərizəsi ilə işdən azad edildiyini bildirərək, işdən azad olunması barədə əmrin ləğv edilməsini, işə bərpa edilməsini və işləmədiyi müddət ərzində ödənilməmiş əmək haqqının verilməsini tələb edir, cavabadeh tərəf isə iddianı əsassız hesab etməklə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Əmək və mülki qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə kəsilir. İddiaçının özünün bildirdiyinə görə o, 21 oktyabr 2019-cu il tarixli əmri və əmək kitabçasını 2021-ci ilin iyul ayında cavabdehdən əldə etmişdir. İddiaçı mediasiya təşkilatına 25 oktyabr 2021-ci il tarixdə müraciət etmiş və müvafiq arayışı 13 noyabr 2021-ci il tarixdə əldə etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ərizəsi ilə isə 2022-ci ilin yanvar ayında müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti buraxılmışdır. Belə ki, həm mediasiya təşkilatına müraciət etməmişdən öncə, həm də müvafiq arayışı aldıqdan sonra iddiaçı tərəfindən qeyd edilən iddia müddəti buraxılmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 21 oktyabr 2019-cu il tarixli işdən azad edilməsi barədə ərizəsini cavabdeh məktəbin direktorunun təzyiqinə məruz qalaraq yazdığını bildirsə də, məhkəmə araşdırması zamanı belə bir halın mövcudluğu öz təsdiqini tapmamışdır. Əksinə, məhkəmə iclasında tərəflərin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçının özü müəllimlərin işə qəbulu imtahanına hazırlaşmaq məqsədilə işdən çıxmış, bundan sonra direktorun tapşırığı ilə iddiaçının öz bacısı da daxil olmaqla məktəbin digər işçiləri iki dəfə iddiaçının evinə getmiş, iddiaçının öz işinə qayıtmasını təklif etmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Lakin sonradan iddiaçı qeyd olunan imtahandan keçə bilməmişdir. Bundan əlavə, iddiaçı işdən azad edilməsini direktorun ona qarşı qərəzli mövqeyinin olması, onu istirahət günləri işə çağırması ilə əlaqələndirsə də, bu hal da öz təsdiqini tapmamışdır. Əksinə, cavabdeh məktəbin direktoru iddiaçıya işdən çıxdıqdan sonra başqa iş təklif edilmiş, iddiaçı bu təklifi qəbul etməmişdir. Eyni zamanda, iddiaçı direktorun onu həftənin istirahət günlərində işə cəlb etdiyini bildirsə də, şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, 306 saylı tam orta məktəbdə həftənin şənbə günləri işçilər işə getmir. Nəhayət, o da müəyyən edilmişdir ki, hazırda iddiaçının bacısı və qohumu həmin məktəbdə çalışmağa davam edirlər və onlara qarşı hər hansı qərəzli mövqe nümayiş etdirilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 306 saylı tam orta məktəbə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X19 Xidməti cəlb edilməklə) işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 306 saylı tam orta məktəbə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X19 Xidməti cəlb edilməklə) işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar