Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1467/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 20 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi “A”, və “B” tikililər xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının atası X4 məxsus olmuşdur. X8 ilə X3 birgə nikahından Saleh, Valeh və Solmaz adlı övladları doğulmuşdur. 1995-ci ildə Əliqan Həşimov mülkiyyətində olan fərdi yaşayış evinin “A” tikilisindən sahəsi 40,4 kv.m olan yaşayış sahəsini iddiaçıya, “B” tikilisini bütövlükdə digər övladı Salehə bağışlamış, “A” tikilisinin qalan hissəsi isə onun özünün mülkiyyətində qalmışdır. xx.xx.2008-ci il tarixdə Əliqan Zamanov vəfat etmişdir. Əliqan Zamanovun ölümündən sonra övladı Valeh Zamanov ikinci dəfə hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin vaxtdan sonuncuya məxsus Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evində yaşamışlar. X11 ölümündən sonra onun birinci növbəli vərəsələri olan övladları - Saleh, Valeh, Solmaz və həyat yoldaşı Nuridə fərdi yaşayış evinin mərhuma aid hissəsini miras əmlak kimi qəbul etmişlər. Sonradan Saleh, Valeh və iddiaçı miras əmlakdakı paylarından anaları Nuridə Zamanovanın xeyrinə imtina etmişlər. xx.xx.2012-ci il tarixdə evin iddiaçıya məxsus “A” tikilisinin 40,4 kv.m yaşayış sahəsi və Saleh Zamanova məxsus “B” tikilisi istisna olmaqla qalan hissəsi Nuridə Zamanovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2015-ci il tarixdə Nuridə Zamanova ilə Valeh Zamanovun arasında bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə Nuridə Zamanovanın adına verilmiş reyestr çıxarışına əsasən paylı mülkiyyət üzrə qalan hissə Nuridə Zamanova tərəfindən Valeh Zamanovun mülkiyyətinə verilmişdir. Bu müqavilənin əsasında Valeh Zamanovun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Valeh Zamanov bundan sonra isə cavadeh Cavabdeh həmin ünvana pasport qeydiyyatına saldırmışdır. Daha sonra - xx.xx.2016-cı il tarixdə Valeh Zamanov və arvadı, hazırki iş üzrə Cavabdeh arasında bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X13 Namazovanın mülkiyyətinə fərdi yaşayış evinin “A” tikilisində ona məxsus hissəsini hədiyyə vermişdir. Valeh Zamanov tərəfindən fərdi yaşayış evinin “A” tikilisi (İddiaçı aid hissə istisna olmaqla) Cavabdeh bağışlandıqdan sonra, sonuncu öz adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh mübahisəli ünvana olan qeydiyyatının formal xarakter daşıması, onun həmin ünvanda heç vaxt yaşamaması ilə təsdiq edilir. Bu hal həmçinin tərəflər arasında əvvəlki məhkəmə mübahisələri zamanı Təhminə Zamanovanın məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində öz təsdiqini tapmışdır. Cavabdeh özünün mülkiyyətində olan və Xırdalan şəhəri, H.Əliyev küç, keçid 12-60, ev 4 ünvanda yaşamışdır. Sonradan İddiaçı və Saleh Zamanov cavabdehlər Valeh Zamanov, Cavabdeh, Nuridə Zamanova, Bakı şəhəri 11 saylı Notariat Kontoru, Bakı şəhəri, 3 saylı Notariat Kontoru və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “Bağışlama müqavilələrinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi və “iddianın həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli bağışlama müqavilələrinin və həmin müqavilələrin əsasında dövlət reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi, İddiaçı, Saleh Zamanov və Nuridə Zamanovanın adına reyestrdən çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Valeh Zamanov və Cavabdeh isə öz növbələrində Saleh Zamanov və İddiaçı qarşı “evdən çıxarılma və evin boşaldılması tələbi barədə” qarşılıqlı iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Saleh Zamanovun ailəsi ilə birlikdə evin “V” tikilisindən, İddiaçı isə evin “E” tikilisindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər iki iddia əsasında mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə ilk iddia qismən təmin olunmuş, Nuridə Zamanova və Valeh Zamanov arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin, habelə Valeh Zamanov və Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin, həmin müqavilələrin əsasında Valeh Zamanovun adına verilmiş xx.xx.2015-ci il tarixli, Cavabdeh adına isə xx.xx.2016-cı il tarixli reyestr çıxarışlarının etibarsız hesab edilməsini, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsini qət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Valeh Zamanov və Təhminə Zamanova tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 26.01,2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı (İş № 2(102)-7746/2017) ilə Valeh Zamanov və Təhminə Zamanovanın birgə verdikləri kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-2420/2018) ilə Valeh Zamanov və Cavabdeh birgə verdikləri apelyasiya şikayətinin qismən təmin edilməsini, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın qismən təmin edilməsini, Nuridə Zamanova və Valeh Zamanov arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin mübahisəli fərdi yaşayış evinin bir hissəsinə (“A” tikilisindən İddiaçı payı olan 40,4 kv.m yaşayış sahəsi çıxıldıqdan sonra həmin tikilidə qalan hissəyə) münasibətdə etibarsız sayılmasını, ilk iddianın qalan hissəsədə, qaqşılıqlı iddianın isə tam həcmdə rədd olunmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi kassatorlara münasibətdə mübahisələndirilən hissə, yəni ilk iddianın təmin edilməyən Nuridə Zamanova və Valeh Zamanovun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin fərdi yaşayış evinin bir hissəsinə (“A” tikilisindən Solmaz Zamanovanın payı olan 40,4 kv.m yaşayış sahəsi çıxıldıqdan sonra həmin tikilidə qalan hissəyə) münasibətdə etibarlı sayılması hissəsində ləğv edilmiş, işə həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin Nuridə Zamanova və Valeh Zamanovun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin, həmçinin həmin müqavilənin əsasında sonuncunun adına xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın fərdi yaşayış evinin bir hissəsinə (“A” tikilisindən Solmaz Zamanovanın payı olan 40,4 kv.m yaşayış sahəsi çıxıldıqdan sonra həmin tikilidə qalan hissəyə) münasibətdə etibarsız sayılmasına dair hissədə, habelə Valeh Zamanov və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsinin, eləcə də həmin müqavilənin əsasında sonuncunun adına xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair hissədə dəyişdirmədən saxlanılmasını qət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası sözügedən xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd edilən mülki işə məhkəmələr tərəfindən baxılan zaman fərdi yaşayış evinin, iddiaçıya məxsus “A” tikilisinin 40,4 kv.m yaşayış sahəsi və Saleh Zamanova məxsus “B” tikilisi istisna olmaqla qalan hissəsinin mülkiyyətçisi Nuridə Zamanova xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X7 miras qalmış həmin əmlakda olan paylardan mərhumun vərəsələri olan İddiaçı xeyrinə imtina etmiş və sonuncunun fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydə alınmışdır. Qeyd olunduğu kimi, Cavabdeh xx.xx.2008-ci il tarixdə iddiaçının qardaşı Valeh Zamanov ilə rəsmi nikaha daxil olduqdan, habelə fərdi yaşayış evinin “A” tikilisi ona hədiyə kimi bağışlandıqdan sonra bu evdə yaşamamış, evin əvvəlki paylı mülkiyyətçiləri - iddiaçı, habelə Saleh Zamanov və mərhum Nuridə Zamanova ilə birgə təsərrüfat aparmamışdır. Cavabdeh və Valeh Zamanov ailə qurduqları gündən Xırdalan şəhəri, Heydər Əliyev prospekti, keçid 12-60-da yerləşən Cavabdeh məxsus 4 nömrəli fərdi yaşayış evində yaşamışlar. Daha sonra 2018-ci il tarixdə onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh, yalnız xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi imzalandıqdan sonra mübahisəli ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşdür ki, halhazırda həmin bağışlama müqaviləsi məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Cavabdeh mübahisəli ünvanda yerləşən yaşayış evi ilə heç bir əlaqələsi yoxdur və heç vaxt da olmamışdır. Onun tərəfindən kommunal xərclər də ödənilməmişdir. Cavabdehin sözügedən ünvan üzrə qeydiyyatda qalması formal xarakter daşıyır və mülkiyyətçi kimi İddiaçı yaşayış evindən maneəsiz istifadə etməyinə imkan vermir. Əvvəla, iddiaçı cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, cavabdehin qeydiyyatda qalması iddiaçının həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını da məhdudlaşdırır. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində göstərilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Hesab edirəm ki, cavabdehin faktiki olaraq, başqa yerdə yaşaması, amma mənim mənzilimdə qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bununla bağlı, Cavabdeh könüllü olaraq mübahisəli ünvandan qeydiyyatdan çıxması barədə iddiaçı cavabdehlə dəfələrlə əlaqə yaratmağa çalışsa da, müsbət nəticə əldə olunmamışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qanunvericliyin tələblərini, eləcə də yuxarıda göstərilən halları nəzərə almaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 20 saylı ev xx xxxxxxx 2020-ci il tarixdən İddiaçı mülkiyyəti kimi qeydiyata alınmışdır. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-117/19 saylı qətnaməsi ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, X10 və İddiaçı X9, Cavabdeh, X6, Bakı şhəəri 11 saylı Notariat Kontoru, bakı şəhəri 3 saylı Notariat Kontoru və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı bağışlanma müqavilələrinin, bununla əlaqədar verilən reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası qismən təmin edilərək, Bakı şəhəri 11 saylı Notariat kontorunda, reyestrdə 4Ə-57 nömrəsi ilə qeyd edilmiş X6 ilə X9 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli bağışlama müqaviləsi, onun əsasında sonuncunun adına xx xxxxxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın, bakı şəhəri 3 saylı Notariat kontorunda, reyestrdə 4Ə-51 nömrəsi ilə qeyd edilmiş X9 və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli bağışlama müqaviləsi, eləcə də əsasında sonuncunun adına xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qərara alınmış, qətnamə həmin hissələrdə apellyasiya instansiyası tərəfindən dəyişdirilməmiş, qanuni qüvvəyə minmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildə yaşamır və onun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, hazırkı halda cavabdehin mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdehn Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 20 saylı mənzilindən istifadə hüquqları olmayan şəxs hesab edilməli, bu qətnamə həmin şəxsin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 20 saylı mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 20 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1467/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1467/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver