Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1473/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 16 noyabr 2021-ci il tarixli 541/K saylı əmrinin etibarsız hesab edilməsi və həmin MMC-də satış üzrə nümayəndə kimi işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 19.09.2018-ci il tarixli 773/k saylı əmr əsasında Cavabdeh MMC-də satış üzrə nümayəndə kimi işə qəbul edilmişdir. 16.11.2021ci il tarixli 541/K saylı əmrə əsasən isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 16 noyabr 2021-ci il tarixli 541/K saylı əmr, habelə onun işdən azad edilməsinə gətirib çıxaran prosesi müsayiət edən tədbirlər və bu proses çərçivəsində qəbul edilən müxtəlif xarakterli sənədlər tamamilə qanunsuz və əsassızdır. Onun işdən çıxarılması barədə haqında əmrin qəbul edilməsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarının pozuntusuna yol verilməsi onun iddia tələbinin haqlı olduğuna dəlalət edir. Belə ki, o, 2018-ci ildən etibarən cavabdeh şirkətin işçisi olmuş və bütün bu müddət ərzində vəzifə öhdəliklərini, habelə funksiyalarını daim nümunəvi şəkildə yerinə yetirdiyi üçün barəsində işəgötürən tərəfindən çoxsaylı həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur. Eyni zamanda işlədiyi müddət ərzində heç bir zaman barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Hal-hazırda həmin qeydin əmək kitabçasında olması ona əmək funksiyalarını digər müəssisələrdə həyata keçirməsinə maneə törədir. İşə vaxtıvaxtında və intizamlı qaydada və davamlı olaraq geməyinə baxmayaraq əsassız olaraq işdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra- MPM): 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.2-ci maddəsinin tələblərinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; İddia ərizəsindən göründüyü kimi ərizə iddiaçı Maçanov İddiaçı tərəfindən imzalanmamışdır. Bundan başqa iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallara dair iddia ərizəsində əsaslandırma aparmamışdır. Halbuki MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin əsaslandırması həmçinin ona görə vacibdir ki, məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri cavabdehə göndərsin və cavabdeh öz növbəsində iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim edə bilsin. Lakin iddianın mahiyyətindən görünür ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən qanunsuz olaraq işdən azad edildiyinə istinad etsə də, bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsində qeyd edilmişdir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1473/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1473/2022
21.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver