Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1478/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvləri olan, yetkinlik yaşına çatmamış şəxslər X5 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 81 saylı evin, 12 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və həmin məhkəmə iclası təxirə salındıqdan sonra növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin lazımi qaydada xəbərdar edildiyini nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 81 saylı evin, 12 saylı mənzili X1 mülkiyyətində olmuş və onun ölümündən sonra həmin mənzil xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri olan Cavabdeh, habelə X4 və X2 paylı mülkiyyətinə verilmişdir. Bundan sonda həmin şəxslər, o cümlədən cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qeyd edilən mənzilin mülkiyyətlərinə uyğun hissəsini İddiaçı bağışlamışdılar. Mənzil hazıda iddiaçının mülkiyyətindədir. Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları, X9 və X12 ilə birlikdə hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı da hazırda ona qarşı iddia qaldıraraq, cavabdehin mənzildə yaşamadığını, uşaqları ilə birlikdə mənzildən pasport qeydiyyatından çıxmağa vəd verməsinə baxmayaraq, öz vədinə əməl etmədiyini, onun iradəsinə və verdiyi vədə zidd olaraq uşaqları ilə birlikdə bugünədək həmin mənzildə pasport qeydiyyatında qaldığını, bununla da onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığını bildirir və cavabdehin, uşaqları ilə birlikdə mənzilə olan istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdehin formal pasport qeydiyyatından başqa, həmin mənzillə hər hansı faktiki və hüquqi bağlılığı aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsinə əsasən keçmiş mülkiyyətçi olan cavabdeh tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verildiyindən və bu hal mübahisə doğurmadığından, bağışlama müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla (mülkiyyətçi olaraq) cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun saxlanılması kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X12 da hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdeh bu mənzildən istifadə hüququna xitam verilməsi hüquqi nəticə etibarı ilə onun yetkinlik yaşına çatmayan uşaqlarının da mənzildən istifadə hüququna xitam verilməsinə əsas yaradır. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülkiprosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni cavabdeh (atası) Cavabdeh qoruyur. Ona görə bu cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi, hüquqi nəticə etibarı ilə həmçinin, onun uşaqlarının da həmin mənzildən istifadə hüququna xitam verilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən 81 saylı evin, 12 saylı mənzilindən Cavabdeh (yetkinlik yaşına çatmayan uşaqları, X9 və X12 ilə birlikdə) istifadə hüququna xitam verilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən 81 saylı evin, 12 saylı mənzilindən Cavabdeh (yetkinlik yaşına çatmayan uşaqları, X9 və X12 ilə birlikdə) istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1478/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1478/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver