Məhkəmə qərarları › İş №2(001)-1484/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1484/2022

11.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1484/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, heç bir hüquq və əsasları olmadan onun mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu, X6 küçəsi, ev 1V ünvanında yerləşən 85 nömrəli mənzilindən (yeni qaydalarla:AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi 93, M2, m2) Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 13 may 2015-ci ildə satıcımülkiyyətçi X3 (şəxsiyyət vəsiqəsi seriya AZE №01415980, Bakı şəhəri, Binəqədi RPİ tərəfindən 10 oktyabr 2003-cü ildə verilib) və kreditor-ipoteka saxlayan, "xxxx" ASC arasında bağlanmış İK-İP-278-İ nömrəli Alqı-satqı və İpoteka müqaviləsi əsasında X2 ünvan 2 ünvanda 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 85 nömrəli mənzili satın almışdır. Həmin müqavilə Bakı şəhəri 12 saylı notariat kontorunda həmin gün təsdiq edilmiş və reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin HDQHDƏD Reyestrindən Seriya RX, ******* nömrəli Çıxarış almaqla həmin mənzili öz mülkiyyətinə keçirmişdir. Əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13765 nömrəli vərəqində qeydiyyata alınmışdır. Alqı-satqı və ipoteka qarışıq müqaviləsinin 2.2.4-cü bəndinə əsasən, Müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində, satıcı X1 mənzildən (ipoteka predmetindən) qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmalı idi. X5 həmin mənzildən qeydiyyatdan çıxdığı halda, mənzildə alqı-satqı zamanı qeydiyyatda olmuş digər şəxslər- xx.xx.1979-cu il doğumlu Cavabdeh1 və 21.04.1984-cü il doğumlu Cavabdeh2 qeydiyyatdan çıxmamışlar. Hal-hazırda onlar heç bir qanuni hüquqları, əsasları və mülkiyyətçi kimi onun razılığı olmadan onun mülki olan mənzildən qeydiyyat yeri kimi istifadə etməkdə davam edirlər. Buna görə də onların onun mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Kontorunda 13 may 2015-ci il tarixdə bağlanmış İK-İP-278-İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, ev 1V, 85 saylı mənzilini İddiaçı satmış və həmin mənzil "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, Müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində, satıcı X1 mənzildən (ipoteka predmetindən) qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmalıdır. Mülki işin materiallarında olan Cavabdeh2 02.05.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 3 ünvanındakı mənzilin ipotekaya qoyulmasına və satılmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. Mülki işin materiallarında olan Cavabdeh1 02.05.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 3 ünvanındakı mənzilin ipotekaya qoyulmasına və satılmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* №li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, ev 1V, 85 saylı mənzil(yeni qaydalarla: AZ1115, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 93, M2, m2) İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 16.05.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 02.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, ev 1V, 85 saylı mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 13.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, ev 1V, 85 saylı mənzili almış, hazırda onun xüsusi mülkiyyətindədir. Mənzilin alqı-satqısı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notarial qaydada ərizələr verərək mənzilin satılmasına etiraz etməmişdir. Hazırda cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə yaşamırlar. Göründüyü kimi, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Belə olan halda, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, ev 1V, 85 saylı mənzilə (yeni qaydalarla: AZ1115, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 93, M2, m2) istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, ev 1V, 85 saylı mənzilindən (yeni qaydalarla: AZ1115, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 93, M2, m2) istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar