Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1506/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X11 tərəfindən verilmiş 29.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanıb verilməsi və mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 10 ilə yaxın müddətdir ki, avtomobil fənnini tədris edir. Yüksək göstəriciləri də məhz bu fənn üzrə əldə etmişdir. Diaqnostik qiymətləndirmənin nəticələrinə görə ondan aşağı bal toplayan müəllimlər hazırda da Mərkəzdə işləyirlər və nəticədə yalnız o, ixtisar olunmuşdur. Lakin həmin ştat vahidi ixtisar olunmamışdır və hazırda da mövcuddur. Avtomobil fənnini isə hazırda rəsm müəllimi tədris edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş və həmin müqaviləyə də əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Başqa sözlə, iddiaçı işə qəbul edilərkən və tutduğu vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Digər tərəfdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr 29.10.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı həmin əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 1 ay ərzində mübahisələndirməmiş və hazırki iddianı yalnız 2020-ci ilin dekabr ayında irəli sürməklə iddia müddətini üzürsüz səbəbdən pozmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesində əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən, habelə iddiaçı tərəfindən iddia müddəti üzrsüz səbəbdən buraxıldığından, iddia müddətinin buraxılmasının iddia tələbinin rədd edilməsi üçün əsas olduğundan, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 15.09.2005-ci il tarixdə 6 saylı Bakı Peşə Liseyinə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmiş, 14.09.2011-ci il tarixdən etibarən isə həmin liseyin ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 6 nömrəli Bakı Peşə liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilmiş və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (cavabdeh) yaradılmışdır. Bununla əlaqədar iddiaçının ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə 03.09.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 70-ci maddəsinin “a” hissəsi ilə (müəssisə ləğv edildikdə) xitam verilmiş və iddiaçı cavabdehlə arasında bağlanmış 03.09.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Mərkəzə müəllim vəzifəsinə işə qəbul edilmişdir. 28.09.2020-ci il tarixli əmrlə iddiaçıya Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən ixtisar olunduğu barədə xəbərdarlıq edilmiş və xəbərdarlıq müddətinin 28.10.2020-ci il tarixdə bitəcəyi barədə ona məlumat verilmişdir. 29.10.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29.10.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün xitam verilmişdir. Hazırda iddiaşı əsassız olaraq tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsini “b” hissəsi ilə azad edildiyini, 10 ilə yaxın müddətdir ki, həmin müəssisədə işlədiyini və avtomobil fənnini tədris etdiyini, müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək bal topladığını, lakin ondan aşağı bal toplayan müəllimlərə dərs saatı verilsə də, ona verilmədiyini, o cümlədən dərs dediyi qrupların da ondan alınaraq başqa müəllimlərə verildiyini, onun tədris etdiyi fənnin hazırda rəsm müəllimi tərəfindən tədris edildiyini, nəticədə yalnız onun ixtisar edildiyini, hər hansı müsabiqədə iştirak etməsi tövsiyəsinin ona verilmədiyini və ümumilikdə barəsində əmr rəsmiləşdirilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu, o cümlədən işdən azad olunması barədə əmrin ona müddət pozuntusu ilə verildiyini bildirir və barəsində qəbul edilmiş 29.10.2020-ci il tarixli əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini və bu proseslərdə ona vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat pulun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının əmək qanunveiciliyinin tələblərinə uyğun olaraq tutduğu vəzifədən azad edildiyini, onun barəsində əmr rəsmiləşdirilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığını, habelə barəsində 29.10.2020-ci il tarixdə əmr qəbul edilməsinə baxmayaraq, iddiaçının həmin əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 1 ay ərzində mübahisələndirmədiyini və hazırki iddianı yalnız 2020-ci ilin dekabr ayında irəli sürməklə iddia müddətini üzürsüz səbəbdən pozduğunu qeyd edir. İddianın həm əsassız olması, həm də iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəbdən buraxılması və iddia müddətinin buraxılmasının iddia tələbinin rədd edilməsi üçün əsas olması səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin aşağıdakı əsas hüquqlarındadır; 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. [129] 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 296-cı maddəsinin 2-ci hisəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Lakin Məcəllənin 71ci maddəsinin 3-cü hissəsində bəndindən asılı olmayaraq, 70-ci maddə ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin əsaslandırmasının zəruriliyi imperativ qayda kimi təsbit edilmişdir. Lakin iddiaçı barəsində qəbul edilmiş 29.10.2020-ci il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı adım atılmamış, əmrdə yazılmış “ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün” cümləsi isə cavabdehin qeyd edilən 71-ci maddənin 3-cü hissəsinin tələblərinə əməl etməsi kimi qiymətləndirilə bilməz və əsaslandırma deyil, daha çox məlumat xarakteri daşıyır. Hər bir halda, mövcud vəziyyətə uyğun olaraq əmrdə əvvəlki illərlə müqayisədə dərs yükünün həcminin və qrupların sayının azalması, mövcud dərs yükünün digər müəllimlərlə iddiaçı arasında bölünməsinin qeyri mümkünlüyü və sair bu kimi məlumatlar (məsələlər) əks olunmalı idi. Lakin göründüyü kimi olunmamış və nəticə etibarı ilə əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl edilməməklə tərtib edilmişdir. Bu da öz növbəsində həmin əmrin ləğv edilməsi üçün əsas yaradır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı Həmkarlar İttifaqının üzvüdür. Əmək Məcəlləsinin 80-ci maddəsində də belə şəxslərin Məcəllənin 70-ci maddəsinin “b” hissəsi ilə əmək müqaviləsinə yalnız bu təşkilatın razılığı alınmaqla xitam verilməsinin mümkünlüyü imperativ qaydada təsbit edilmişdir. Bu baxımdan cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməmişdən əvvəl məsələ ilə bağlı X2 rayon komitəsinə müraciət etməli və onun razılığını aldıqdan sonra hazırda mübahisələndirilən əmri qəbul etməli idi. Bununla belə, iddiaçı barəsində 29.10.2020-ci il tarixli əmr rəsmiləşdirilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da həmin əmrin ləğv edilməsini şərtləndirir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə mövcud vəziyyətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilə bilməzdi. Belə ki, iddiaçı artıq neçə ildir ki, eyni fənni tədris edir və onun ötən il bu fənni tədris etdiyi 2-ci kurs tələbələri, hazırda 3-cü kursdadır. Başqa sözlə, ən azı iddiaçı bu kurs üzrə öz fənnini tədris etməyə davam etdirə bilərdi. İddiaçının tədris etdiyi fənnin onu ixtisasına uyğun gəlməməsi barədə dəlillərdə əsassızdır. Hər bir halda, iddiaçı bu fənni birinci ildir ki, tədris etmir və cavabdehin bir neçə ildən sonra bu mövqeydən çıxış etməsi bir qədər anlaşılmazdır. Digər tərəfdən iddiaçı tutduğu vəzifədən azad edildikdən sonra ixtisas üzrə hər hansı yeni müəllimlə əmək müqaviləsi bağlanmamışdır. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının tədris etdiyi fənni hazırda da qeyri ixtisas müəllimi tədris edir. Bundan əlavə Mərkəzdə tələbələr var və tədris davam edir. Sadəcə olaraq qrupların sayı azalmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsindən də müvəffəqiyyətlə keçmiş və ümumilikdə 31 bal toplamışdır. Hazırda mərkəzdə ondan az bal toplayan müəllimələr işləyir. Lakin buna baxmayaraq, həmin müəlimlərdən hər hansı biri deyil, məhz iddiaçı ixtisar edilmişdir. Halbuki, cavabdeh diaqnostik qiymətləndirmənin nəticələrini əsas götürülməli idi. Cavabdeh özü də bildirir ki, hər müəllim 1 ştat vahidi (720 saat) dərs yükü ilə təmin olunmalıdır. 720 saat dərs yükü olmadığı halda mövcud saatlar müəllimlər arasında ixtisasına uyğun və diaqnostik bal nəzərə alınmaqla bölünməlidir. Bu da iddiaçının ixtisar edilməsini deyil, müəllimlər arasında bərabərliyi təmin etməklə, iddiaçıya və digər müəllimlərə daha az həcmdə dərs yükünün verilməsini şərtləndirir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəbdən buraxılması və iddia müddətinin buraxılmasının iddia tələbinin rədd edilməsi üçün əsas olması barədə mövqeyinə (iddia müddətinin tətbiqi barədə ərizəsinə) münasibət bildirərək, qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və bu əsasla iddia rədd edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndində, 189-cu maddəsinin və digər aidiyyəti maddələrində əmrin təqdim edilməsi qaydası dəqiq müəyyən edilmişdir. Bu normaların tələbləri baxımından iddiaçı onun barəsində qəbul edilmiş 29.10.2020-ci il tarixli əmrlə tanış edilməli və bu əmrin surəti ona işəgötürən (cavabdeh) tərəfindən təqdim olunmalı idi. Təqdim olunmanın da sübutu olaraq iddiaçı tərəfindən aidiyyəti sənədlərdə əmrin qəbul edilməsini təsdiq edən imza edilməli idi. Lakin araşdırma zamanı qeyd edilən əmrin surətinin ona təqdim edilməsi aşkar edilməmişdir. Əksinə iddia ərizəsinə əlavə edilmiş və iddiaçı, habelə cavabdeh tərəfindən ATAHİ Binəqədi rayon komitəsinə, komitə tərəfindən də iddiaçıya göndərilmiş məktublardan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən məlumatlı deyil. Məhz bu məsələyə aydınlıq gətirilməsi üçün ATAHİ Binəqədi rayon komitəsinə müraciət etmişdir. Komitə də bu barədə məlumatsız olmuşdurdur (halbuki, artıq yuxarıda bildirildiyi ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri baxımından onun razılığı tələb olunurdu). Bu səbəbdən sorğu ilə cavabdehə müraciət etmiş və iddiaçı ilə bağlı aidiyyəti sənədlər cavabdeh tərəfindən ona təqdim edildikdə sonra, yalnız 02.12.2020-ci il tarixdə iddiaçıya cavab məktubu ünvanlanmışdır. Hazırki iddia da məhkəməyə 10.12.2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh isə öz növbəsində əmrin surətinin 11.11.2020-ci il tarixdən əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilmir. Bu səbəbdən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 29.10.2020-ci il tarixli, 103 saylı əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, həmin əmr ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 müəllim vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 29.10.2020-ci il tarixli, 103 saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 müəllim vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X11 tərəfindən ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 29.10.2020-ci il tarixli, 103 saylı əmri ləğv edilsin. İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 müəllim vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X11 tərəfindən ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1506/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1506/2021
31.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver