Məhkəmə qərarları › İş №2(001)-1511/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1511/2022

21.01.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1511/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Ərizəçi cavabdeh olaraq Bakı şəhəri Yasamal Rayon qeydiyyat şöbəsini və maraqlı şəxs olaraq Maraqlı şəxs göstərməklə xüsusi icraat qaydasında ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X1 ölmüş elan edilməsi və 08 may 1992-ci il tarixinin ölüm günü hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(004)- 6122/2021 nömrəli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad belə əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili vəsatət təqdim edərək, mülki iş üzrə cavabdeh kimi qeyd edilmiş Yasamal Rayon Qeydiyyat Şöbəsi əsl cavabdeh Maraqlı şəxs ilə əvəz edilməsini, Yasamal Rayon Qeydiyyat Şöbəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qəbul edilməsini və iddianı ərazi aidiyyəti üzrə cavabdeh Maraqlı şəxs qeydiyyat ünvanı üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı ilə maraqlı şəxs arasında mübahisə olduğundan hazırki iş üzrə cavabdeh Maraqlı şəxs ilə əvəz edilməli və mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 45.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd olunan qərardadı qəbul etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. İş materiallarından göründüyü kimi, ərizəçi xüsusi icraat qaydasında məhkəməyə prosessual qanunvericiliyin tələblərinə riayət etməklə öz yaşadığı yer üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, xüsusi icraat qaydasında işlərə iddiaçı və cavadehin deyil, ərizəçi və maraqlı şəxslərin iştirakı ilə baxılır. Bundan başqa, həmin Məcəllənin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, məhkəmə tərəfindən ərizəyə iddia icraatı qaydasında baxıldığı təqdirdə belə, iddiaçı tərəfindən ərizədə cavabdeh olaraq Yasamal Rayon Qeydiyyat Şöbəsi göstərilmiş, belə olan halda da iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin başqa məhkəməyə göndərilməsi üçün əsas sayıla bilməz. Çünki, yuxarıda istinad edilən Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələblərinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan məsələyə apellyasiya instansiyası məhkəməsi qiymət verməli və buna görə də 2(001)-1511/2022 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 312, 35.1, 44.1, 45.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi şəxsin ölən elan edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə 2(001)-1511/2022 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar