Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-157/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi, Cavabdeh hüquqi varisi X7 və hüquqi varisin vəkili X11, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh (hüquqi varisi X13) və X8 qarşı (cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 269z saylı bağ sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılmaqla sahiblik və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 1/16 152 BTK tərəfindən 269z saylı Binəqədi rayon Goradil bağ massivində iddiaçıya bağ sahəsi ayrılmışdır. xx.xx.2012-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri şöbəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü, xx.xx.2014-cü ildə isə DTXK-dan kadastr almışdır. İddiaçı uzun müddət bağ sahəsində abadlıq işləri görmüş və torpaq sahəsini sərhədlərin müəyyən edilməsi üçün on daş hasarlamışdır. Səhhəti ilə əlaqədar uzun müddət torpaq sahəsinə baş çəkməmişdir. Artıq uzun müddətdir ki, torpaq sahəsini cavabdehlər tərəfindən zəbt olunaraq hasarı sökülərək öz həyətlərinə qanunsuz birləşdirmişdilər. Hazırki şəraitdə torpaq sahəsinə maneəsiz girib çıxmama mümkün deyil, torpaq sahəsi boşaldılıb ona verilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və cavabdeh X12 məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddia həmin cavabdehə münasibətdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 157/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarında məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyinə görə məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh hüquqi varisi X13 özü və nümayəndəsi olduğu üçüncü şəxs X3 adından verdiyi izahatında bildirmişdir ki, orderin kökü ilə bağlı əllərində sənədlər vardır. Kooperativin siyahısında bu adamın ümumiyyətlə adı keçmir. Bağ rəhmətlik atasının bağı olmuşdur. Bağa dair sənədləri vardır, heç kimin ərazisinə daxil olmamışlar. İddiaçı bir dəfə də cəhd etmişdir ki, onların bağına daxil olsun, qıfılı qırmışdır. İndi yenə müdaxilə etmək istəyir. Arada isə bağların hasarını sökmüşdülər. Bu hadisə onun atasının sağlığında olmuşdur. İddia tələbini qəbul etmir və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin Cavabdeh hüquqi varisi X13 məhkəməyə ünvanladığı etirazında qeyd etmişdir ki, İddiaçı Novxanıda 0,12 ha olan 269z saylı bağ sahəsinin zəbt edildiyini bildirsə də, bununla bağlı hansı sübutların olduğunu, onun mülkiyyətində olan 269q saylı torpaq sahəsi ilə 269z saylı sahə arasında hansı əlaqənin olmasını göstərməmiş, zəbtin neçənci ildə baş verməsinə aydınlıq gətirməmiş və s. İlkin olaraq İddiaçı belə bir ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilməmiş, ərizədə məhkəməyə yanlış məlumatlar verilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı heç bir əsas olmadan 0,12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğunu bildirmiş, həmin əmlakın ona Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 1/16 152 BTK tərəfindən 269z saylı Binəqədi rayon Goradil bağ massivində verildiyini göstərmişdir. Lakin uzun müddət ərzində hansı səbəbdən belə bir iddia ilə məhkəməyə müraciət etməməsini və ya zəbt barədə cavabdehlərlə danışıb-danışmamasının, mübahisənin məhkəməyə qədər nizamlanmasına dair hansı işlərin görülməsini qeyd etməmiş, sübutlar təqdim etməmişdir. İddiaçı 269z saylı bağ sahəsinə dair 2012-2013-cü illərdə məhkəmə mübahisəsi açmış, torpaq sahəsinə texniki sənədlər əldə etmişdir. İddiaçının fikirləri həqiqəti əks etdirmir. Məqsədi qeyri-qanuni yollarla onların mülkünə sahib çıxmaqdır. Bunu isə əvvəlki işlərdə olduğu kimi məhkəmənin qərarları ilə həyata keçirmək istəyir. Vurğulanmalıdır ki, 152 saylı, 269z saylı torpaq sahəsi ilə 121 saylı, 269q saylı bağ sahəsi üst-üstə düşə bilməz. “q” ilə”z”arasında xeyli sayda torpaq sahəsi yerləşir. İddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsinin məramını anlamaq çətinlik törədir. Novxanı-Goradil bağları tikinti kooperativləri üzvlərinin siyahısına nəzər yetirdikdə aydın olur ki, 32 nəfər şəxs arasında İddiaçı adı keçmir. RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın 269q saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarına əsasən mərhum atası Cavabdeh 121 saylı kooperativinin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi verilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının Dövlət qeydiyyatı haqında müvafiq Çıxarışı yoxdur. ərizəçinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması (iddiaçıdan fərqli olaraq cavabdehin hüquqları qeydiyyata alınmışdır), həmçinin işdəki sənədlərə əsasən istinad olunan ərazilərin fərqli məkanlarda yerləşməsi, heç bir zəbt faktının olmaması, İddiaçı başqasının mülkiyyətində olan əmlakı mübahisələndirməsi və məhkəmədə tərəf kimi iştirakını istisna edir. Məhkəmə iclaslarında Cavabdeh hüquqi varisi X10 vəkili X16 verdiyi izahatında bildirmişdir ki, iddiaçı öz fərziyyələrini irəli sürür. O, aidiyyəti üzrə sorğular göndərmiş, bu sorğulara cavab olaraq bildirilmişdir ki, belə bir sənəd yoxdur. Cavabdehin iddia ərizəsində qeyd olunmuş bağ sahəsinə çıxarışı vardır. Lakin iddiaçının çıxarışı yoxdur. Cavabdeh Fidan xanım torpağı başqasına satmışdır, ondan ayrı adam, həmin adamdan da ayrı adam almışdır qeyd olunan torpaq sahəsini. Cavabdehin 12 sot yerini 2 ayrı adam tutmuşdur, iddia ərizəsi səhv tərtib edilmişdir. Əvvəla onlar burda tərəf deyillər, həmin torpaq cavabdehlə bacısına keçmişdir, həmin torpağı bacı-qardaş sənədləşdirmişlər, hər ikisi mülkiyyətçidirlər. Bu səbəbdən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, İddiaçı adına Bakı şəhəri, 152 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağ massivi, 269 Z nömrəli bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. İdarənin arxivində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-4435/13 saylı qərarı ilə 269 Z nömrəli bağ sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi mövcuddur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 497837 saylı plan və ölçüsü haqqında sənədin surətindən görünür ki, Binəqədi rayonu Goradil bağ massivində 1200 kv.m sahəsi olan 269z saylı bağ evinin tikintisi üçün toraq sahəsi Azərbaycan Respublikasının adından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-4435/13 saylı qərarına əsasən İddiaçı adına tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın 269q saylı bağ sahəsi xx.xx.2018-ci il tarixdə ½ hissədə X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın 269q saylı bağ sahəsinin ½ hissədə X7 adına qeydiyyatı açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında A 300570 saylı sənədin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın 269q saylı bağ sahəsinin hüquq sahibi kimi X9 və X13 qeyd olunmuşdur. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının surətindən görünür ki, Cavabdeh 121 saylı kooperativin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2219/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin X2 və X6 bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən B/S nömrəli order üzrə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0,12 ha olan 269 z saylı bağ sahəsinin plan-sxeminin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. 428344 saylı, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş Cavabdeh vərəsələri X13, X5r və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlaka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008ci il tarixdə Cavabdeh verilmiş **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın 269q saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi də daxildir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyinin 10 saylı orderinin surətindən görünür ki, Cavabdeh 121 saylı kooperativin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 269q saylı bağ sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın ümumi sahəsi 0,12 ha olan 269q saylı bağ sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 4435/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin xx.xx.2013-cü il tarixli, xx/xx-2534 saylı məktubunun əsassız hesab edilməsi, Bakı şəhəri, Binəqədi ryonu, Goradil bağ massivində yerləşən sahəsi 0,12 ha olan 269 z saylı bağ sahəsinin plan-sxeminin verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 269z saylı bağ sahəsinin boşaldılmasını xahiş edir, cavabdeh olan Cavabdeh hüquqi varisi X14 məhkəməyə təqdim etdiyi sənədlərdə Cavabdeh miras əmlak kimi qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı/Goradil bağ massivi, 121 saylı BTK-nın 269q saylı bağ sahəsini onun və bacısı tərəfindən qəbul edildiyini bildirir, cavabdehin hüquqi varisi hesab edir ki iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinin onların mülkiyyətində olan torpaq sahəsi ilə hər hansı bağlılığı yoxdur, iddiaçı iddia verərəkən torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və Ölçüsü olduğuna istinad edir və həmin sənədi iddia ərizəsinə əlavə edir, cavabdehin hüquqi varisi O.Paşayev isə onun və bacısının ½ hissədə payları müəyyən edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edir. Məhkəmə prosesi gedişində Cavabdeh hüquqi varisi X13 məhkəməyə sübutlar təqdim edərək iddiaçının tələb etmə hüququnun əsasını təşkil edən məhkəmə qərarının və onun əsasında verilmiş sənədlərin ləğv edildiyini bildirmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2209/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X1 apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-4435/2013 saylı, xx.xx.2019-ci il tarixli qərardadının və 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4435/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi, X1 ərizəsinin təmin edilməsi, X1 hazırki iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 4997/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və üçüncü şəxs X4 qarşı torpaq sahəsinə plan və ölçünün verilməsinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14517/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən maraqlı şəxs X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2219/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin X2 və X6 bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən B/S nömrəli order üzrə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi ryonu, Goradil bağ massivində yerləşən sahəsi 0,12 ha olan 269 z saylı bağ sahəsinin plan-sxeminin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na ma-lik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-lidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.” "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. Belə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən sübut kimi istinad etdiyi müvafiq Torpaq sahəsinin Planı və Ölçüsü və bunun verilməsi üçün əsas olmuş məhkəmə aktı artıq ləğv olunmuşdur. Bundan başqa iddiaçının cavabdehlə bağlı olmayan torpaq sahəsindən sonuncunun çıxarılmasını tələb etmək üçün də subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı) Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarının və işə sonradan əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından aydın olur ki, İddiaçı Bakı şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 269z saylı bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Eyni zamanda cavabdeh kimi qeyd edilmiş Cavabdeh mübahisələndirilən torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı yoxdur. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki mübahisə ilə bağlı bağ sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılmaqla sahiblik və istifadəsinə verilməsini tələb etmək üçün subyektiv hüququ olmadığından iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, İddiaçı Cavabdeh (hüquqi varisi X13) qarşı (cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. İddia rədd edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh (hüquqi varisi X13) qarşı (cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-157/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-157/2020
23.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver