Məhkəmə qərarları › İş №2(001)-1619/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1619/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1619/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 21 oktyabr 1964-cü il tarixdə Ermənistan Respublikası Kalinino rayonunda anadan olması haqqında doğum aktı qeydi bərpa edilməsi, doğum akt qeydində onun ata qrafasında X5, milliyyəti azərbaycanlı, ana qrafasında X12, milliyyəti azərbaycanlı yazılmaqla doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun valideynləri X1 Uru Osman qızı ilə Ermənistan Respublikasında faktiki nikaha daxil olmuşlar. Həmin faktiki nikahdan 5 uşaq eləcə də o, 21 oktyabr 1964-cü il tarixdə Ermanistan Respublikası Kalinin rayonunda dünyaya gəlmişdir. Qeyd etməlidir ki, valideynləri milliyyətcə azərbaycanlıdırlar. Onun doğum faktını təsdiq edən doğum haqqında şəhadətnamə o zaman Ermənistan Respublikasında verilmişdir, lakin hamıya məlum səbəbələrə görə o və ailəsi Ermənistan Respublikasından qaçqın düşdüyü zaman onun doğum haqqında şəhadətnaməsi itmişdir. O, Azərbaycan Respublikasının vətəndaşıdır, hətta burada yaşadığı zaman o, şəxsiyyət vəsiqəsi də almışdır. Xarici pasport əsasında o, Qazaxıstan Respublikasına getdiyi zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qeydiyyat şöbəsi ondan şəxsiyyət vəsiqəsini almışdır. Sonradan o, Bakı şəhərinə dönüb burda qalıb işləmək istəsə də şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi olmadığı üçün bir çox çətinliklər yaşamışdır. Doğum haqqında şəhadətnaməsini o zaman itirdiyi üçün o, doğum haqqında şəhadətnamə təqdim edib şəxsiyyəti təsdiq edən vəsiqə ala bilmir, şəxsiyyəti müəyyən olunmur. Bundan əlavə, onun şəxsiyyətini təsdiq edən sənəd olmadığından Bakı şəhərində qeydiyyata düşüb işləyə də bilmir. Doğum haqqında şəhadətnaməsi itdiyi üçün hal-hazırda onu təqdim edə bilmir. O, doğum haqqında şəhadətnaməni təkrar almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Bakı şəhəri Maraqlı şəxs 24 dekabr 2021-ci il tarixli, 05/q3006/13 saylı məktubuna əsasən onun şəxsiyyətini təsdiq edən sənəd olmadığından və yetkinlik yaşına çatdığından ərizəsi təmin edilməmişdir. Ona şəxsiyyətin müəyyən edilməsi və təkrar doğum haqqında şəhadətnamənin alınması barədə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlandığı 27 yanvar 2022-ci il tarixli məktubunda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. X2, anası isə X9r. O, ailə həyatı qurarkən “Osmanova” soyadını qəbul etmişdir. Onlar ailədə 5 uşaq olmuşdur. Qardaşı Ərizəçi 21 oktyabr 1964-cü il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur. Məlum səbəblərdən Ermənistan Respublikasından qaçqın düşdüklərindən onlara məxsus sənədlərin çoxu itmişdir. Atasının və anasının, o cümlədən onun və qardaş-bacılarının milliyyətləri azərbaycanlıdır. Atası 2007-ci ildə, anası isə 2010-cu ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin kiçik qardaşıdır. O, 1966-cı ildə Kalinin rayonunda anadan olmuş, X2, anası isə X8r. Onlar ailədə 5 uşaq olmuşdur. Qardaşı Ərizəçi 21 oktyabr 1964-cü il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur. Məlum səbəblərdən Ermənistan Respublikasından qaçqın düşdüklərindən onlara məxsus sənədlərin çoxu itmişdir. Atasının və anasının, o cümlədən onun və qardaş-bacılarının milliyyətləri azərbaycanlıdır. Atası 2007-ci ildə, anası isə 2010-cu ildə vəfat etmişdir. Qardaşı bir müddət Qazaxıstan Respublikasında yaşayıb işləsə də, hazırda vətənə dönmüşdür. Lakin, şəxsiyyətini təsdiq edən sənədi ala bilmədiyinə görə işləyə bilmir. İş materiallarında olan: “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi Binəqədi Rayon Polis İdarəsi tərəfindən 08 oktyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi olmuş, həmin vəsiqədə təvəllüdü 21 oktyabr 1964-cü il, doğulduğu yer Kalinin rayonu, vətəndaşlığı AZE, ailə vəziyyəti evli, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 11/34, qan qrupu B (İİİ) RH+, göz rəngi şabalıdı, boyu 169 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 20 sentyabr 2012-ci il tarixdə verilmiş P5121597 nömrəli xarici pasportun surətindən görünür ki, Ərizəçi təvəllüdü 21 oktyabr 1964-cü il, doğulduğu yer Ermənistan, Kalinino rayonu, vətəndaşlığı isə Azərbaycan olaraq qeyd edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 04 aprel 2013-cü il tarixli arayışından görünür ki, 1964-cü ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş Ərizəçi məhkumluğu barədə hər hansı məlumat yoxdur. İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 dekabr 1966-cı il tarixdə Kalinin rayonunda anadan olmuş X3 X2, anası isə X8r. AZ-İ seriyalı 290905 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 noyabr 2007-ci il tarixdə baş beyin infarktı səbəbi ilə ölmüşdür. AZ-İ seriyalı 395894 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 yanvar 2010-cu il tarixdə ürəyin dayanması səbəbi ilə ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 24 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə qəy- yumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığı səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizəsini təmin edə bilmirlər. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 25 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları” nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin edə bilmirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı 11 mart 2022-ci il tarixli məktubdan görünür ki, 21 oktyabr 1964cü il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsinin surəti və eləcə də digər qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlanma müddəti bitdiyi üçün həmin sənədlərin təqdim edilməsi imkanları xaricindədir; 17 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi 21 oktyabr 1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Kalinin rayonu, ata qrafasında – X5 (milliyyəti azərbaycanlı), ana qrafasında – X12 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi 21 oktyabr 1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Kalinin rayonu, ata qrafasında – X5 (milliyyəti azərbaycanlı), ana qrafasında – X12 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar