Məhkəmə qərarları › İş №2(001)-1665/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1665/2022

21.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1665/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı 26.11.2021-ci il tarixli 330 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı 26.11.2021-ci il tarixli 330 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı Humanitar Kollecində metodist vəzifəsində çalışmışdır. Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 26.11.2021-ci il tarixli 330 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, 26.11.2021-ci il tarixli 330 nömrəli əmr ləğv edilməlidir. Onun çalışdığı ştat ixtisara düşməmişdir. Bundan başqa o, bir sıra üstünlüklərə malikdir. Belə ki, onun 40 ilə yaxın iş stajı vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-cı maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-cı maddəsinin 1-ci bəndinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. O, Mediasiya Şurasına müraciət etmiş, lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa hesab edir ki, onunla bağlanan əmək müqaviləsinə qərəzli olaraq xitam verilmişdir. Belə ki, o, N.Qaralova direktor təyin edilərkən ona toplanması həvalə edilən məlumatları olduğu kimi N.Qaralovaya təqdim etmiş, daha sonra N.Qaralova barəsində kollektivin digər üzvləri ilə birlikdə şikayət etmişdir. Təhsili, təcrübəsi, yaşı ilə bağlı tyutor vəzifəsində işləyə bilməz. Hal-hazırda Kollecdə ədəbiyyat müəllimi, direktor müavini vəzifələri boş olduğundan işəgötürən onu bu vəzifələrə işə götürə bilər. Ona görə də, cavabdehin 26.11.2021-ci il tarixli 330 nömrəli əmrinin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya cavabdehin 10.10.2021-ci il tarixli struktur dəyişikliyi barədə 167 saylı əmri izah edilmişdir. Struktur dəyişikliyi barədə həmin əmrin 3.7-ci maddəsinə əsasən hərbi səfərbərlik üzrə mühəndis, fiziki hazırlıq rəhbəri, metodist, böyük kitabxanaçı, biblioqraf, texnik, laborant, katibə-makinaçı, katib ştatları ləğv edilmiş, əvəzinə təhsil ixtisasları şöbəsinin müdiri, kulturologiya şöbəsinin müdiri və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. İddiaçıya tyutor vəzifəsi təklif edilmiş lakin o, imtina etmişdir. Bundan başqa iddiaçı nəzərə almır ki, 40 ilə yaxın iş stajının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu mədəsinin müddəaları altına düşmür. İddiaçının həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvu olan işçilərin, məzuniyyətdə ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçı səhfən qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququnu əsas gətirmişdir. Lakin iddiaçı nəzərə almır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur, yəni, mübahisələndirılən hal üzrə əsas məsələ iddiaçının çalışdığı metodist vəzifəsının ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır. Bu səbəbdən Əmək Məcələsinin 78-ci maddəsinə istinad düzgün deyildir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli 250 saylı qərarınına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilmişdir. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04.08.2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05.07.2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəli təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29.07.2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021-ci il tarixli, F-65 nömrəli əmrinə əsasən, audit şöbəsinin şöbə müdiri müavini (audit sektorunun sektor müdiri) Rəşidov Mürşüd Fəxrəddin oğlu, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X18 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01.01.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16.03.2021-ci il tarixli arayış tərtib edilmişdir. Arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcə də təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuş və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14.09.2021-cı il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Eyni zamanda İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmiş və həmin müraciətlərə aidiyyatı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsasları yetərincədir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 cavabdehin digər nümayəndəsi Nümayəndə2 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bakı Humanitar Kollecinin rəhbər və inzibati-idarə, tədris-köməkçi, xidmətedici heyətin 23.12.2020-ci il tarixli ştat cədvəlindən müəyyən olunur ki, metodist vəzifəsi üçün 1 ştat vahidi ayrılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli 250 saylı nömrəli Qərarının icrası barədə 04.08.2020-ci il tarixli № F-355 saylı əmrindən müəyyən olunur ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-iqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X22 Kollecinin, X11 Kollecinin, X23 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 250 nömrəli Qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutub ... Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Əmrdən daha sonra müəyyən olunur ki, kolleclərin yenidən təşkili ilə əlaqədar müvafiq ardıcıllıq gözlənilməklə Azərbaycan Respublikasının Mülkü və Əmək Məcəllələrindən irəli gələn tədbirlərin (aktivlərin və öhdəliklərin inventarizasiyası, möhürün, ştampın, ciddi hesabat blənklannın Təhsil Nazirliyinə, arxiv sənədlərinin yeni yaradılacaq kolleclərə təhvil verilməsi, əvvəlki kolleclərin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə tədbirlərin görülməsi və s.) görülməsi eləcə də bu əmrin icrasından irəli gələn digər məsələlərin həllinin təmin edilməsi təhsil müəssisələrinin rəhbərlərinə, əmrin icrasına nəzarət tədris işləri üzrə nazir müavini Firudin Qurbanova həvalə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.04.2021-ci il tarixli 05.16.291/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021ci il tarixli F-65 nömrəli əmrinə əsasən, Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərsməşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər bərəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əmək haqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçun zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovaya tapşırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Bakı Humanitar Kollecində 01.01.2019-cu il tarixindən 01.01.2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılmasına dair 16.03.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, araşdırma ilə əhatə olunan dövrdə Kollecin direktoru vəzifəsində 01.07.2016-ci il tarixindən 15.12.2020-ci il tarixinədək X4, 18.12.2020-ci il tarixdən hal-hazıra kimi X5, təsərrüfat işləri üzrə direktor müavini X7 12.11.2016-cı il tarixindən 02.02.2021-ci il tarixinədək, tədris işləri üzrə direktor müavini X13 12.12.2016-cı il tarixdən 20.11.2020-ci il tarixə kimi, X14 18.12.2020-ci il tarixdən hal-hazıra kimi, baş mühasib vəzifəsində 15.08.2016-cı il tarixdən hal-hazıra kimi X2 fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olundu ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147 nəfərinin dərs yükünün 250-500 olmasının əsas səbəbi yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində kollecin rəhbərliyi tərəfidən öz vəzifə səlahiyətlərini aşaraq 47 müəllimi daimi işə qəbul edilməsi olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinin 07.07.2021-ci il tarixli Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Kollec Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli 250 nömrəli Qərarına əsasən Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Nizamnamənin 4.2-ci bəndinə əsasən, kollecin təsisçisinin səlahiyyətləri aşağıdakılardır: 4.2.5. strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əmək haqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin və digər ödənişlərin) təsdiqi; Nizamnamənin 4.10-cu bəndinə əsasən, kollecin cari fəaliyyətinə direktor rəhbərlik edir. Nizamnamənin 4.14.-cü bəndinə əsasən direktor: 4.14.4.təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Universitetə təkliflər verir və sənədlər (o cümlədən, kollecin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir; 4.14.5.müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Universitetlə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 05.07.2021-ci il tarixli № 38/1-12 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin publik hüquqi şəxs statusuna malik kollecə çevrilməsi ilə yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə tərtib olunan yeni ştat cədvəlinə münasibət bildirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyindən xahiş olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli № 04-26-718/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi kollecin ştat cədvəlinin təsdiq olunmasına etiraz etməmiş, eyni zamanda, ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində onların başqa işlə təmin olunması məsələsinə baxılmasını kollec rəhbərliyinə tövsiyə etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 23.07.2021-ci il tarixli № 56/02-12 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin publik hüquqi şəxs statusuna malik kollecə çevrilməsi ilə yenidən təşkili ilə əlaqədar olaraq, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəlinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli 04-26- 718/15 nömrəli məktubuna əsasən ştat cədvəlinin təsdiq edilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bildirilməklə kollecin yeni ştat cəvəli təsisçiyə təqdim edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 23.07.2021-ci il tarixli № 11-01/293 saylı məktubundan müəyyən olunur ki, ADMİU-nun 07.07.2021-ci ildə keçirilən Elmi şurasının iclasında kollecin ştat cədvəlinin şura üzvlərinə tanışlıq üçün təqdim edilməsi, Elmi şuradakı məlumat nəzərə alınaraq kollecin təklifinin səsə qoyularaq qəbul olunması, Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli 0426-718/15 saylı məktubuna əsasən ştat cədvəlinin təsdiqi ilə bağlı göndərilmiş vəsatətin təmin edilməsi kollecə bildirilərək Təhsil Nazirliyinin ştat cədvəlinin təsdiqi ilə bağlı məktubunun və ADMİU-nun razılığının Bakı Humanitar Kollecinin fəaliyyəti üçün əsas kimi qəbul edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 29.07.2021-ci il tarixli № 141 saylı əmrindən müəyyən olunur ki, ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021- 2022-ci tədris ili üçün ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 20.09.2021-ci il tarixdə təsdiq edilmiş yeni ştat cədvəlindən müəyyən olunur ki, metodist vəzifəsinə ştat vahidi ayrılmamışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən X8 İttifaqı komitəsinin sədri X9 ünvanlanmış 30.07.202-ci il tarixli №58A/02-12 saylı məktubdan müəyyən olunur ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X22 Kollecinin, X11 Kollecinin, X23 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisar edildilməsi zərurəti yaranmışdır. Məktuba əlavə edilən işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısından müəyyən olunur ki, İddiaçı tutduğu metodis ştatı kollecdə ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısına daxil edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X6 İttifaqı Komitəsinin 10.09.2021-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışdan müəyyən olunur ki, Kollecin Həmkərlar ittifaqı Komitəsinə daxıl olmuş 30.07.2021-ci il tarixli 58A/Q2-12 nömrəli məktubu müzakirə edilmiş və ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərin sənədləri və iş fəaliyyətləri araşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrini və Azərbaycan Təhsil işçiləri X20 ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X21 Həmkərlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv müqavilənin tələbləri rəhbər tutaraq məktubda əlavə edilən cədvəldə qeyd edilən İddiaçı ixtisar edilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 10.09.2021-ci il tarixli 167 saylı əmrindən müəyyən olunur ki, ADMİU-nun nəzdində humanitar Kollecdə idarəetmə strukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi və optimallaşdırılması məqsədilə tədris köməkçi heyətinin aidiyyətində olan metodist ştatı ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 14.09.2021-ci il tarixli 177 saylı əmrindən müəyyən olunur ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-iqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X22 Kollecinin, X11 Kollecinin, X23 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkili ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsi, ixtisar edilən ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin direktor müavini Kamran Mənsimova həvalə edilməsi əmr edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Bakı Humanitar Kolleci ilə işçi İddiaçı arasında 09.03.2018ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanaraq İddiaçı aylıq əmək haqqı 375 manat olmaqla Bakı Humanitar Kollecinə metodist vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən İddiaçı ünvanlanmış 23.09.2021-ci il tarixli 77-27/02-12 saylı xəbərdarlıqbildirişdən müəyyən olunur ki, ADMİU-nun nəzdində Humanitar Kollecin metodisti İddiaçı Kollecin 14.09.2021-ci il tarixli 177 nömrəli əmri ilə çalışdığı vəzifə ştatının ixtisara düşməsi, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi İddiaçı bildirilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26.11.2021-ci il tarixli № 330 əmrindən müəyyən olunur ki, Kollecin metodisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 26.11.2021-ci il tarixdən xitam verilmiş, onunla son haqq-hesab mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış, əmrin verilməsinə əsas işçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə 14.09.2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli 10.09.2021-ci il tarixli məktubu (№ 29 protokoldan çıxarış) olmuşdur. İT-№ ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 26.11.2021-ci il tarixdən xitam verilmişdir. Bakı 4 saylı Mediasiya Təşkilatının 18.01.2022-ci il tarixli MŞB/4-00056 saylı arayışından müəyyən olunur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 09.03.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri tərəfindən tyutor vəzifəsi təklif edilmiş, İddiaçı tyutor vəzifəsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir : bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinə çevrilməsi nəticəsində işəgötürən yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisarını keçirmiş, təsdiq etdiyi yeni ştat cəvəlində metotis ştatı nəzərdə tutulmadığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. Məhkəmə iclasında iddiaçı onunla bağlanan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cəvəlində yeganə olan metodis vəzifəsində işləmiş, yeni ştat cəvəlində metodis vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almış, məhkəmə iclasında isə iddiaçı ona təklif olunan tyutor vəzifəsinin onun yaşına uyğun olmadığını, işəgötürən tərəfindən ona hazırda boş olan direktor müavini vəzifəsinin verilməsini təklif etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsində istinad olunan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl etməklə xitam verdiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı 26.11.2021-ci il tarixli 330 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar