Məhkəmə qərarları › İş №2(001)-171/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-171/2022

01.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-171/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh3 Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil qızı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ½ pay olmaqla mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Əmlakın ½ hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq əmlakın naturada bölgüsü aparılmamışdır. Ona görə də ilk iddiaçı faktiki olaraq həmin əmlaka sahiblik edə bilmir. Çünki cavabdehlər tərəfindən fərdi yaşayış evinin çox hissəsi zəbt edilmişdir. Son zamanlar iddiaçı və ailə üzvləri ilə cavabdehlər arasında tez-tez mübahisələr düşür ki, bu şəraitdə də yaşamaq qeyri-mümkündür. İddiaçı ərazinin zəbt olunması və qanunusuz tikililər ilə əlaqədar olaraq dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Bu faktı təsdiq edən məktubların surəti məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən iddiaçının əmlakından istifadə etməsi ilə əlaqədar çətinlik yaranmış, o, mülkiyyət hüquqlarını tam həvata keçirə bilmir. Ona görə də iddiaçı fərdi yaşayış evinin və torpağın naturada ayrılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunduğundan hesab edir ki, tikilinin bölgüsünün tərəflərin faktiki istifadə etdiyi qaydaya uyğun aparılmasının mümkünlüyü araşdırılmalıdır. Ona görə də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb iddiaçıya təhvil verilməsinə, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Q.Musabəyov küçəsində yerləşən 59 saylı ev onun babası Cavabdeh3 Ramazan oğluna məxsus olmuşdur. Babası 1990-cı ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan X2 və İddiaçı öz ailə üzvləri ilə həmin ünvanda yaşamışlar. Babası sağlığında vərəsələrin yaşayış yerlərini özü müəyyən etmişdir. Evin yerləşdiyi torpaq sahəsindən oğlu İddiaçı torpaq sahəsi ayırmışdır ki, özünə ev tiksin. O zaman ailənin birgə vəsaitləri hesabına həmin sahədə İddiaçı üçün ev tikilmiş, təxminən 40 ildir ki, İddiaçı öz ailəsi ilə birgə həmin, heç bir hüquqmüəyyənedici sənədi olmayan evdə yaşayır. Eyni zamanda, hazırda mübahisə predmetinə çevrilmiş iki mərtəbəli, dörd yaşayış otağından ibarət olan ev onun mərhum atası X1 və ailəsinə verilmişdir. Babasının vəfatından sonra qardaşlar olan hər iki vərəsə öz yaşadıqları tikililəri faktiki olaraq qəbul etmiş və həyətyanı sahədən birgə istifadə etmişlər. Ailələrin tələbatları artdıqca, keçən illər ərzində hər bir qardaş öz vəsaitli hesabına öz yaşayış sahəsini yaxşılaşdırmağa çalışmışlar. İddiaçı da öz yaşayış hissəsini artıraraq əlavə otaqlar inşa etdirmişdir. X4 isə atasından qəbul etdiyi dörd otaqlı tikilini özününkü hesab edərək altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, iki hamam-tualet inşa etdirmişdir. Ümumiyyətlə əlavə tikililər evin əvvəlki vəziyyətini tamamilə dəyişdirmişdir. Öncə bu prosess qarşılıqlı razılıq əsasında aparılsa da, sonradan qardaşlar arasında fikir ayrılıqları yaranmağa başlamış, ilk dəfə iddiaçı qismində çıxış edən İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində atalarından qalmış torpaq sahəsində iki tikili olmasını, bir tikilidə özü, digər tikilidə isə onların yaşamasını, həyətin ümumi istifadədə olmasını qeyd etmişdir. Ona maneələr yaratdıqlarından kim hansı tikilidə yaşayırsa, həmin tikilinin onun istifadəsində saxlanmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi 2-825 nömrəli, 08.11.2000-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsi tikililərin heç bir hüquq müəyyənedici sənədlərinin olmaması, özbaşna tikili olması səbəbindən iddianı rədd edir və iş üzrə icraata xitam verir. Mübahisənin həlli uçün qardaşlar yaşadıqları tikililərə hüquq müəyyənedici sənədləri alıb və bununla həyətyanı sahənin bölgüsünə nail olmalı idilər. Göründüyü kimi İddiaçı öz ərizəsində sözü gedən ünvanda faktiki olaraq iki yaşayış tikilinin olmasını və onlara məxsus olan tikilidə yaşamadığını, bir vərəsə kimi o evi nə faktiki qəbul etmədiyini nə də, notariusa vaxtında müraciət etmədiyini təstiqləyir. Amma buna baxmıyaraq o, 17.12.2018-ci il ildə onların yaşadıqları evin ½ hissəsini öz adına qeydiyyata aldırmış və öz adına çıxarış almışdır. İddiaçı 40 il boyunca özünün tikib yaşadığı evlə bərabər mərhum qardaşının övladları üçün inşa etdiyi, əlavə tikililər adı altında sökdürərək babasının 1956-cı ildə tikdirdiyi dörd otağı dağıntılar arasında tapıb və 20 nəfərə yaxın ailə üzvlərini orada yerləşdirməyi düşünür. İş üzrə keçirilən ekspertiza ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə həmin A literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bununla da ilk iddiaçının əmlakın naturada bölünməsinə dair ilk iddia tələbinin rədd edilməsi üçün hüquqi əsas yaranmışdır. Ekspert qarşısında qoyulmuş 3,4 və7-ci suallar üzrə müvafiq mütəxəssis rəyinin təqdim olunmadığına görə bu sualların cavablandırılmadığı qeyd olunsa da hesab edir ki, rəyin 5 və 6-cı suallarına verilən cavab yanakı olaraq 3,4 və 7-ci sualarına cavabdır. Belə ki, 2000-ci ilə kimi tikilən həmin tikililərdən iddiaçının xəbəri olmuş, həmin tikililər 17.12.2018-ci ildə verilən çıxarışda qeyd olunan torpaq sahəsinin daxilində, qismən də ondan kənarda yerləşir. İddiaçı əvvəlki iddiası ilə də bağlı ekspert rəy verilməsinin mümkün olmadığını bildirmişdir. Ekspert rəyində 8-ci sualla bağlı İddiaçı inşa etdiyi evin paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşməsini, texniki pasportda olmamasını müəyyən etmişdir. Onun qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. İddiaçı torpaq sahəsində inşa etdiyi tikiliyə hüquqlarını qeydə aldırmadığından onun fərdi yaşayış evinin sökülməsini tələb etmək hüququ vardır. Buna baxmayaraq yaxın qohum olmalarını, eyni həyətdə yaşamaqda davam etmələrini nəzərə alıb hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslı olsa belə məhkəmə tərəfindən dəfələrlə onlara təklif olunan barışıq İddiaçı tərəfindən diqqətə alınması məhsuldar və effektiv ola bilər. Əks halda qarşılıqlı iddia ərizəsini müdafiə edir. Ona görə də oda, İddiaçı özbaşına olaraq tikdirdiyi fərdi yaşayış evinin sökülməsi iddiası ilə çıxış edir. Bu səbəbdən İddiaçı onlara qarşı qaldırdığı ilk iddianın rədd olunmasına, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı yaşadığı fərdi yaşayış evinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.06.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı evə dair ½ hissədə İddiaçı, 1/6 hissəsdə Cavabdeh3, 1/6 hissədə Cavabdeh1, 1/6 hissəsdə Cavabdeh2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2021-ci il tarixli 10/5110 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə həmin A literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, texniki pasportda qeyd olunan köhnə tikiliyə bitişik əlavə otaqlar inşa olunmuşdur. Faktiki vəziyyətdə texniki pasportda öz əksini tapan 1 və 2 nömrəli tikililərə bitişik (küçə tərəfə) 6,1 x 12,7 m ölçüdə zal otağı, 2 nömrəli otağın sol tərəfində mövcud olan boşluqda 0,85 x 1,5 m, 0,85 x 2,7 m, 0,85 x 1,3 m ölçülərdə hamam tualet otaqları, 6,7 və 8 nörəli otaqlara bitişik 2,3 x 6,3 m ölçüdə mətbəx otağı və 1,8 x 6,1 m ölçüdə yataq otağı texniki pasportda öz əksini tapmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, iddiaçı tərəfindən inşa olunmuş eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin tikili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2018-ci tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 05.10.2017-ci il, 26.01.2018-ci il, 27.02.2018-ci il, 23.05.2018-ci il tarixli eyni məzmunlu məktublarının surətindən müəyyən olunur ki, X3 müraciətinə cavab olaraq qonşusu tərəfindən aparılmış tikinti işlərinə RİH tərəfindən icazə verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 220.6.-cı maddəsinə əsasən Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1in ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə A literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsində ilk İddiaçı tərəfindən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, lakin həmin tikiliyə dair hüquqlar qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.3.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənini 240.1.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənini 240.3.-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənini 180.4.-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölgüsünün aparılması mümkün olmadığından, qeyd olunan daşınmaz əmlaklar tərəflərin paylı mülkiyyətlərində olduğu üçün ilk iddia ərizəsi üzrə cavabdehlərin öz mülkiyyətlərində olan daşınmaz əmlakları zəbt etmələri istisna edildiyindən ilk iddia ərizəsi əsassızdır ona görə də təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh3 İddiaçı tərəfindən inşa edilən fərdi yaşayış evinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbinin ona qarşı ilk iddia tələbinin irəli sürülməsi olmasını etiraf etdiyindən, İddiaçı tərəflərin paylı mülkiyyətlərində olan sahəsi 197,2 m2 evdə deyil, həmin fərdi yaşayış evində yaşadığından, 10 il əvvəl inşa edilən həmin fərdi yaşayış evinin hazırda Cavabdeh3 maraqlarına toxunmasına dair sübutlar məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi də əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumuları iddiaçıların özlərinə, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri isə bərabər hissələrdə iddiaçılara aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh3 İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manat dövlət nəfinə tutulsun. Cavabdeh3 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar