Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-391/2025 29.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və X1nun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 16 may 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək ona məxsus 300 manat dəyərində Samsunq markalı telefonun və qızıl-zinət əşyalarının yaxud onların dəyəri olan 6730 (altı min yeddi yüz otuz) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 87,3 manat pulun Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh2 ilə 09 yanvar 2009-cu ildə Nehrəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə nikah qeyd etdirməklə evlənmişik. Bu nikahdan iki övladımız doğulmuşdur. Hazırda nikahımız rəsmi qaydada ləğv olunmasa da, faktiki olaraq ailə münasibətlərimiz pozulduğundan mən övladlarımla birlikdə atam evində yaşayıram. Göstərmək istəyirəm ki, biz Qulu ilə evləndikdən sonra qayınanamla birlikdə yaşayırdıq. Atam evinə getməzdən əvvəl qayınanam Bəsdi ilə sözümüz oldu. O, mənə dedi ki, toyda sənə aldığım qızılları özümə qaytar. Mən, həmin qızılların hamısını gətirib ona verdim. Fikirləşdim ki, hirsi soyuduqdan sonra özümə qaytaracaq. Ancaq qaytarmadı. Hətta balıdızım qızının nişan və toyunda dedim ki, qızıllarımı ver. O, bildirdi ki, mən öləndən sonra qızlarım sənin qızıllarını verər. Hazırda uşaqlarım böyüyüb onların tələbatları da artıb. Qızıllarımı satıb onların ehtiyaclarını ödəmək istəyirəm. Həmçinin bildirmək istəyirəm ki, bir neçə ay bundan əvvəl yenə öz evimə qayıtmışdım. İki ay qaldıqdan sonra öz oğlu ilə yola getmədiyindən və hər gün evdə bir-birlərini döydüklərindən uşaqlarım qorxduğu üçün yenə ata evimə gedərkən Samsunq markalı telefonum evdə qaldı. Qayıdıb götürmək istəyəndə onu da qaynanam götürüb vermədi. Həmin telefonu da atam evində yaşayarkan işləyib 300 manata almışdım. Mənə aid qızıl zinət əşyaları bunlardan ibarətdir: Bakı istehsalı əyarı 18 olan 7.5 qram 2000 manat dəyərində bir dəst brilyant qaşlı qızıl sırğa, üzük, Rusiya istehsalı, əyarı 563 olan 3,5 qram 450 manat dəyərində ağ qaşlı dairəvi qızıl üzük, Türkiyə istehsalı, əyarı 14 olan, 12 qram boyun bağı, 7 qram qolbağı 1900 manat dəyərində bir dəst qızıl boyunbağı və qolbağı, Türkiyə istehsalı, əyarı 14 olan, 5 qram 780 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsalı, əyyarı 583 olan, 3 qram 400 manat dəyərində göy və ağ qaşlı qızıl üzük, Türkiyə istehsalı, əyyarı 585 olan, 3.38 qram 500 manat dəyərində 1 ədəd ağ qaşlı taclı qızıl üzük, Rusiya istehsalı, əyarı 583 olan, 3 qram, 400 manat dəyərində qaşsız dairəvi qızıl üzük. Məhkəmə Rusiya istehsalı, əyarı 583 olan, 3 qram 400 manat dəyərində qaşsız dairəvi qızıl üzük və 300 manat dəyərində “Samsung” markalı mobil telefonla bağlı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək həmin əşyalara münasibətdə iddia tələbinin həcmini azaldaraq iddia tələbinə qalan əşyalara münasibətdə baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək toydan sonra 1 il müddətində qızıl-zinət əşyalarını istifadə etdiyini, lakin sonra qayınanasının qızılları onun əlindən aldığını, qızılları qaytaracağını düşünsə də qaytarmadığını, Cavabdeh2 ilə 2009-cu ildə el adəti ilə toy edib ailə qurduqlarını, həmin vaxt 5 üzük, 2 boyunbağı, 1 qolbaq və 1 dəst sırğa alındığını, 1 üzük və 1 sırğanın brilyant qaşlı olduğunu, Cavabdeh1 qayınatası ilə onu şəhərə aparıb çoxlu qızıl aldığını, qayınatasının satıcıya brilyant qaşlıları göstərin dediyini, toy videosunda sol əlində 4-cü barmaqda olan üzüyün komplektin üzüyü olduğunu, 3-cü barmaqda olan üzüyün isə ağ qaşlı dairəvi qızıl üzük olduğunu, bu üzüklərin xına mərasimində 1-ci video görüntüdə taxılan üzüklərlə eyni olduğunu, qızıl-zinət əşyalarının hamısını toyda gətirdiklərini, komplekt dəstin brilyant qaşlı olduğunu, dəstin neçəyə alındığını bilmədiyini, qarşı tərəfin maddi imkanının yaxşı olduğunu, iddia ərizəsinə əlavə etdiyi fotoşəkilləri göstərib qızıl-zinət əşyalarının qiymətlərini qızıl bazarından öyrəndiyini, təqdim etdiyi videonun toy mərasimindən əvvəlki gün xına mərasimində çəkildiyini, bütün qızıllları həmin gün taxdıqlarını, videoda qızıl-zinət əşyalarının hamısının əks olunduğunu, lakin videonun çoxdan çəkildiyi üçün aydın seçilmədiyini, qızılların hara istehsalı olduğunu əvvəlcədən bildiyini, qızılların hamısını qayınatası Abdulla İmamquliyevin aldığını, qayınatasının vəfat etdiyini, Rusiya istehsalı, əyarı 583 olan 3,5 qram, 450 manat dəyərində ağ qaşlı dairəvi qızıl üzüyün toy vaxtı alındığını, qızılı almağa onu aparmadıqlarını, üzüyün üzərində 1 ədəd ağ rəngli qaşın olduğunu, qaşın sadə yaxud briliyant olduğunu bilmədiyini, videoyazıda ilk taxılan üzüyün sırğa ilə dəst olan üzük olduğunu, toyda Türkiyə istehsalı, 583 əyar, 12 qram dəst qolbaq və boyunbağının taxıldığını, toy mərasimində 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırğa taxdıqlarını, qalanlarını taxmadıqlarını, qızıl-zinət əşyalarının başqa fotoşəkillərinin olmadığını, toyda barmağında 2 ədəd üzüyün olduğunu üzüklərdən birinin sırğa ilə dəst olan üzük olduğunu, digərinin isə parça mərasimində alındığını, parça mərasimində alınan üzüyün göy rəngli və balaca olduğunu, videonun bir hissəsinin toy zamanı çəkildiyini, həmin vaxt üzüklərdən 4 ədədinin barmağında olduğunu, bir ədədi isə barmağına böyük olduğu üçün taxmadığını, evdən çıxarkən özü ilə heç nə götürmədiyini, evdən çıxanda qızılları cavabdehlərin qabağına qoyduğunu, övladlarını götürüb evdən çıxdığını, Qulunun evlənməmişdən əvvəl spazma keçirdiyini və bir tərəfinin işləmədiyini, evin tək oğlu olduğunu, dörd bacısının olduğunu, ailə quran vaxt ona “Səni yaxşı yaşadacağıq” dediklərini, lakin ailə qurduqdan sonra yaxşı gününün olmadığını, övladları 2-3 yaşlarında olarkən Qulu ilə ayrıldıqlarını, qızıllarını qaytaracaqlarını düşündüyü üçün indiyədək qızıl əşyalarının qaytarılması ilə bağlı iddia qaldırmadığını, atasının evində qaldığını, övladları böyüdüyünə görə xərclərinin çoxaldığını, bu səbəbdən qızıllarını tələb etdiyini, ailələrində davamlı sözsöhbətin olduğu üçün bezdiyini və uşaqları ilə birlikdə evdən çıxdığını, həmin vaxt məhrum qayınatasının onları atasının evinə apardığını, həmin vaxt qızıllarını əlindən aldıqlarına görə özü ilə heç nə götürmədiyini, Qulu ilə ailə qurduqdan sonra 1-2 il sonra qayınanasının onunla mübahisə etdiyini və qızılları əlindən aldığını, evdən çıxarkən qızıllarını tələb etdiyini, lakin qayınanasının “Qızıllar sənə çatmır, mənə çatır, biz almışıq” dediyini, daha sonra yenə gedib qızıllarını istədiyini, qayınanasının isə “Qızılları saxlamışam, mən öləndən sonra qızlarım qızıllarını qaytaracaq” dediyini, evdən çıxarkən Qulunun evdə olduğunu, ərinin xəstə olduğunu və qızılların onda yox qayınanasında olduğunu, 2024-cü ildə həmin evə yenidən qayıtdığını, əsas məqsədinin qızıllarını almaq olduğunu, 2 ay birlikdə yaşadıqlarını, daha sonra yenidən oradan çıxdığını, həmin vaxt qızılları görmədiyini, qayınanasının qızılları ona göstərmədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında 2009-cu ildə ailə qurduqlarını, oğlu Qulunun bir az əqli qüsurlu olduğunu, bir tərəfinin iflic (paralij) vurduğunu, toy mərasiminin həyətdə olduğunu, iddiaçıya yoldaşı Abdulla ilə birlikdə qızıl aldıqlarını, komplektdə brilyant qaşlı 1 üzük və 1 sırğanın olduğunu, komplektə təxminən 1300 manat pul verdiklərini, həmin dəsti Gülağa adlı şəxsdən aldıqlarını, komplektin qramını xatırlamadığını, əlavə olaraq qızıl boyunbağı və bilərzik alındığını, qızılların qalanının isə Gülnarəyə toyda hədiyyə olunduğunu, qaynı Müslümün evə gəlin gələn günü Gülnarənin boynuna sadə qapaqlı qızıl sep taxdığını, qiymətini bilmədiyini, qızı Nərgiz Kərimovanın qaşlı kalço üzük hədiyyə etdiyini, həmin üzüyün brilyant qaşlı olmadığını və təqribən 100 manat olduğunu, gəlin evdən çıxarılarkən taxıldığını, baldızı Həlimənin də qızıl üzük hədiyyə etdiyini, ailəli olduqları gündən Gülnarənin tez-tez evdən çıxıb getdiyini, sonda isə bütün qızılları apardığını, sadəcə oğlu Quluya aldığı nişan üzüyünün onlarda qaldığını, Gülnarənin qızılları ona vermədiyini, cehizlərini də apardığını, axırıncı dəfə qayıdıb cəmi 2 ay qaldığını, daha sonra yenidən çıxıb getdiyini, gedəndə paltarlarını da yığıb apardığını, birinci videoda qızılı taxanın qızı Sahibə olduğunu, sağ tərəfdə dayananın isə baldızı olduğunu, komplektin içində sadəcə üzük və sırğanın olduğunu, əlavə olaraq özünün boyunbağı və bilərzik aldığını, ağ gəlin paltarında çəkilən videodakı sırğanın həmin dəstin sırğası olduğunu, iddiaçının əlindəki 3 ədəd üzüyün birini özü, birini qızı, birini isə baldızının aldığını, Gülnarənin 1 il bundan əvvəl onlara gəlib ağlayaraq onu qəbul etmələrini xahiş etdiyini, onu qəbul etdiyini, ondan sonra iddiaçının evdə 2 ay qaldığını, ötən ilin yay aylarında getdiyini, evdən çıxanda əşyalarını apardığını, telefonunun evdə qaldığını, oğlu Qulu həmin vaxt əsəbi olduğundan telefonu vermədiyini, ona “gələndə heç nəyin olmayıb, nə vardısa burda qoy çıx get” dediyini, Gülnarənin gedəndə 4 çanta əşya apardığını, iddiaçının sonuncu dəfə yox, ondan əvvəl gedəndə qızılları özü ilə apardığını, ümumiyyətlə həmin qızılları o getdikdən sonra evdə görmədiyini, qızılları götürmədiyini, Qulunun qızılları götürəcəyi halda ona verəcəyini, Gülnarənin onlarda olanda harasa gedəndə qızılları taxmadığını, ümumiyyətlə Gülnarənin üstündə qızıl görmədiyini, onun ümumiyyətlə heç bir yerə getmədiyini, Qulunun qızılları özündə saxlamadığını, onun telefonunu da əsəbiləşdiyi üçün vermədiyini, əvvəllər qızılların harada saxlanıldığını da bilmədiyini bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Gülnarənin qaynı arvadı olduğunu, qohum kimi onlara hərdənbir gedib-gəldiyini, toyda iştirak etdiyini, amma iddiaçıya hansı qızıl-zinət əşyalarının verildiyini bilmədiyini, qızılları ona baldızı Nərgizin taxdığını, bunu uzaqdan gördüyünü, amma hansı qızılların taxılmasını və iddiaçının üzərinə nə qədər qızıl taxılmasını bilmədiyini, yaxşı yola getdiklərini, sadəcə iddiaçının o evdə oturmaq niyyətinin olmadığını, təxminən bir neçə ay bundan qabaq iddiaçının yenidən qayıtdığını, onu qohum kimi görməyə getdiyini, amma üstündə heç bir qızılın olmadığını, qayını və ya qayınanasının qızıl satmasını eşitmədiyini, Gülnarəyə “hirsləri soyusun qızılları qaytaracaqlar” kimi ifadəni söyləmədiyini bildirmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-391/2025 nömrəli qərardadı ilə iddiaçının razılığı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin 09 yanvar 2009-cu ildə nikaha daxil olması, bununla bağlı olaraq toy mərasiminin təşkil olunması, el adəti ilə iddiaçıya qızıl-zinət əşyalarının hədiyyə olunması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilən AZ-İ seriyalı, 418932 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında Babək rayon Nehrəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində nikahın bağlanması aydın olur. Məhkəmə iddia tələbinin 2000 manat dəyərində Bakı istehsalı 583 (18) əyar, 7.5 qram bir dəst brilyant qaşlı qızıl sırğa və üzük, 450 manat dəyərində Rusiya istehsalı, 583 əyar 3.5 qram ağ qaşlı üzük, ümumilikdə 1900 manat dəyərində Türkiyə istehsalı, 585 (14) əyar, 7 qram qol bağı və 12 qram boyunbağıya dair hissəsi ilə bağlı qeyd edir ki, sözügedən zinət əşyalarının iddiaçıya hədiyyə edilməsi zinət əşyalarının iddiaçıya hədiyyə edildiyini özündə əks etdirən toy və xına mərasiminə dair videoyazı və cavabdehin sözügedən faktları etiraf etməsinə dair izahatı əsasında sübuta yetirilir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh1 həmin qızıl zinət əşyalarının həqiqətən də iddiaçıya toy mərasimində hədiyyə edildiyini, hədiyyə edilən dəst sırğa və üzüyün qızıl olmaqla qaşlarının brilyant olduğunu, həmin dəstdən əlavə iddiaçıya qızıl qolbağı və boyunbağının alındığını, həmçinin toy mərasimində iddiaçıya əlavə 3 ədəd qızıl üzüyün hədiyyə edildiyi faktına istinad etmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə cavabdehin faktın etirafına dair izahatını sübut kimi təqdim edilmiş toy mərasiminin görüntüləri ilə birlikdə nəzərdən keçirərək qəbul edilə bilən olması qənaətinə gəlir. Həmçinin Cavabdeh1 həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığına istinad etsə də bunun əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, izahatında Gülnarənin heç vaxt qızıl-zinət əşyası taxmadığına istinad etmişdir. Sözügedən izahat məhkəmədə həmin qızıl-zinət əşyalarının iddiaçının saxlancında olmadığına dair daxili inam formalaşdırmışdır. Həmin əşyaların dəyərinə gəldikdə isə qızıl-zinət əşyaları naturada məhkəməyə təqdim olunmadığından onların çəkisi, ölçüsü, istehsal yeri və dəyərinin müəyyən edilməsi üçün həmin sahə üzrə mütəxəssis işə cəlb edilmişdir. Mütəxəssis yazılı izahatında 2-ci video videogörüntüdə nümayiş etdirilən qızıl sırğanın Bakı istehsalı olub, 583 əyar, təqribən 10-11 qram çəkidə olduğunu, videogörüntüdən həmin qızıl sırğanın brilyant qaşlı olub-olmamasını konkret olaraq bildirməyin mümkün olmadığını, həmin illərdə bu sırğaların həm sadə, həm də brilyant qaşlı formada istehsal edildiyini, hazırda 1 qramının orta bazar qiymətinin 150 manat, brilyant qaşlı formada istehsal edildiyi halda isə 1 qramının orta bazar qiymətinin 160 manat təşkil etdiyini, ikinci videogörüntüdə nümayiş etdirilən və iddiaçının sol əlinin 4-cü barmağında olan qızıl üzüyün Bakı istehsalı olub, 583 əyar, təqribən 4-5 qram çəkidə olmaqla sadə formada istehsal edildiyi halda hazırda 1 qramının orta bazar qiymətinin 150 manat, brilyant qaşlı formada istehsal edildiyi halda isə 1 qramının orta bazar qiymətinin 160 manat təşkil etdiyini, həmin sırğa və üzüyün dəst təşkil etdiyini və hər ikisinin ümumi çəkisinin təqribən 15-17 qram aralığında dəyişdiyini, videogörüntüdən həmin qızıl üzüyün brilyant qaşlı olub-olmamasını konkret olaraq bildirməyin mümkün olmadığını, həmin illərdə bu üzüklərin həm sadə, həm də brilyant qaşlı formada istehsal edildiyini, 2-ci video videogörüntüdə nümayiş etdirilən və iddiaçının sol əlinin 3-cü barmağında olan qızıl üzüyün tək qaşlı üzüyə bənzədiyini, Rusiya istehsalı, 583 əyar, təqribən 3,5-5 qram çəkidə olduğunu, hazırda 1 qramının orta bazar qiyməti 160 manat təşkil etdiyini, 2-ci video videogörüntüdə nümayiş etdirilən və iddiaçının sağ əlinə taxılan qızıl qol bağının və boyunbağının “Rolex” modeli olmaqla Türkiyə istehsalı, 585 əyar birlikdə çəkisinin 35 qram təşkil etdiyini və hazırda 1 qramının orta bazar qiymətinin 180 manat təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9.5-ci bəndində göstərilir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Məhkəmə hesab edir ki, Bakı istehsalı, 583 əyar, təqribən 4-5 qram çəkidə qızıl üzük, Bakı istehsalı, 583 əyar, təqribən 10-11 qram çəkidə qızıl sırğa, Rusiya istehsalı, 583 əyar, təqribən 3,5-5 qram çəkidə tək qaşlı qızıl üzük, Türkiyə istehsalı, 585 əyar, 35 qram “Rolex” model qol bağının iddiaçıya hədiyyə olunması məhkəməyə təqdim olunmuş toy mərasimin görüntülərini özündə əks etdirən videoyazı və cavabdehin etirafedici izahatı əsasında öz təsdiqini tapmış, həmçinin hazırda cavabdehin sahibliyində olmaması ilə bağlı cavabdehin etirazının əsası kimi istinad edilmiş hallar öz təsdiqini tapmamışdır. Həmin əşyaların dəyərinə gəldikdə isə qızıl-zinət əşyası naturada məhkəməyə təqdim olunmadığından onun çəkisi, ölçüsü, istehsal yeri və dəyərinin müəyyən edilməsi üçün həmin sahə üzrə X1 işə cəlb edilmiş və ondan müvafiq məsləhətin verilməsi tələb olunmuşdur. X1 yazılı məsləhətində bildirmişdir ki, 2-ci video videogörüntüdə nümayiş etdirilən qızıl sırğanın brilyant qaşlı olub-olmamasını konkret olaraq bildirmək mümkün olmasa da, bu sırğalar həm sadə, həm də brilyant qaşlı formada istehsal edilir. Bu sırğalar hər iki halda Bakı istehsalı olub, 583 əyar, təqribən 10-11 qram çəkidə olmaqla sadə formada istehsal edildiyi halda hazırda 1 qramının orta bazar qiyməti 150 manat, brilyant qaşlı formada istehsal edildiyi halda isə 1 qramının orta bazar qiyməti 160 manat təşkil edir. 2-ci videogörüntüdə nümayiş etdirilən və iddiaçının sol əlinin 4-cü barmağında olan qızıl üzüyün brilyant qaşlı olub-olmamasını konkret olaraq bildirmək mümkün olmasa da, bu üzüklər həm sadə, həm də brilyant qaşlı formada istehsal edilir. Bu üzüklər hər iki halda Bakı istehsalı olub, 583 əyar, təqribən 4-5 qram çəkidə olmaqla sadə formada istehsal edildiyi halda hazırda 1 qramının orta bazar qiyməti 150 manat, brilyant qaşlı formada istehsal edildiyi halda isə 1 qramının orta bazar qiyməti 160 manat təşkil edir. Videogörüntüdən həmin qızıl üzüyün brilyant qaşlı olub-olmamasını konkret olaraq bildirmək mümkün olmasa da, həmin illərdə bu üzüklər həm sadə, həm də brilyant qaşlı formada istehsal edilirdi. Bu səbəbdən həmin qızıl üzüyün brilyant olması mümkündür. Sözügedən qızıl üzük yuxarıda qeyd edilən qızıl sırğa ilə dəst təşkil edir və hər ikisinin ümumi çəkiləri təqribən 15-17 qram arası dəyişir. 2-ci video videogörüntüdə nümayiş etdirilən və iddiaçının sol əlinin 3-cü barmağında olan qızıl üzük tək qaşlı qızıl üzüyə bənzəyir. Bu cür üzüklər Rusiya istehsalı, 583 əyar, təqribən 3,5-5 qram çəkidə olmaqla hazırda 1 qramının orta bazar qiyməti 160 manat təşkil edir. 2-ci video videogörüntüdə nümayiş etdirilən və iddiaçının sağ əlinə taxılan qızıl qol bağı “Rolex” model olmaqla Türkiyə istehsalı, 585 əyar, dəsti təqribən 35 qram çəkidə olmaqla hazırda 1 qramının orta bazar qiyməti 180 manat təşkil edir. Boyun bağının isə modelinin, çəkisinin, əyarının və hansı ölkənin istehsalı olmasını konkret olaraq bildirmək mümkün deyil. Lakin bu cür boyunbağı sarı qızıldan hazırlandığı halda adətən Türkiyə istehsalı olur və sözügedən qolbaqla birlikdə dəst təşkil edir. Məhkəmə belə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyası məhkəməyə naturada təqdim olunmadığından və bu səbəbdən də qızıl-zinət əşyalarının çəkisini, ölçüsünü, istehsal yerini və dəyərinin başqa formada müəyyən edilməsinin mümkünsüzlüyü baxımından mütəxəssisin məsləhəti sübut kimi qəbul edilə bilər. Bununla belə Türkiyə istehsalı, 585 əyar, 3.38 qram 1 ədəd ağ qaşlı taclı qızıl üzüyün iddiaçıya toy mərasimində hədiyyə edilməsi və mövcudluğu öz təsdiqini tapsa da məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən aydın görüntüsü məhkəməyə təqdim olunmadığından dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tələb etdiyi zinət əşyasının dəyərinin müəyyən edilməsi üçün yetərli sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehdən alınmalı əmlakın dəyərinin müəyyən edilməməsini iddianın rədd edilməsi üçün əsas hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmçinin iddiaçı məhkəməyə Rusiya istehsalı, 583 əyar, 3 qram 400 manat dəyərində göy və ağ qaşlı üzüyün və Türkiyə istehsalı, 585 (14) əyar, 5 qram 780 manat dəyərində qızıl boyunbağının mövcudluğunu və hazırda cavabdehin sahibliyində olmasını təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı izahatında sözügedən qızılların təsvirini əks etdirən görüntüləri məhkəməyə təqdim edə bilmədiyini, həmin zinət əşyalarının toy mərasimində, yəni təqdim edilən görüntülərdə üzərində olmadığını bildirmişdir. Bununla da da sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasına əsasən iddiaçı həmin əşyaların hədiyyə şəklində ona verildiyini, hazırda mövcud olmaqla cavabdehin sahibliyində olmasını və cavabdehin sahibliyindən geri götürülmədiyini sübuta yetirməli idi. Sözügedən halları nəzərə alaraq məhkəmə iddia tələbini qalan hissədə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə iddianın Cavabdeh2 tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə sözügedən şəxs arasında nikah münasibətlərinin mövcudluğu müəyyən olunsa da Cavabdeh2 barəsində gəlir məlumatlarından onun 2-ci dərəcə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Eyni zamanda tərəflərin izahatları əsasında şəxsin xəstəliyi səbəbindən ailədə bu kimi məsələlərə müdaxiləsinin olmaması, zinət əşyalarının onun sahibliyində olmasının ağlabatan olmaması müəyyən olunmuşdur. Bunu nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırda mütəxəssisin rəyi ilə qızıl-zinət əşyalarının dəyərinin iddiaçının tələb etdiyindən yüksək müəyyən edilməsini, bununla belə məhkəmənin işə iddia tələbi həddində baxmalı olduğunu nəzərə alaraq sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı istehsalı 583 (18) əyar, 7.5 qram bir dəst brilyant qaşlı qızıl sırğa və üzük və ya onların dəyəri olan 2000 manat pul vəsaiti, Rusiya istehsalı 583 əyar 3.5 qram ağ qaşlı üzük və ya onun dəyəri olan 450 manat pul, Türkiyə istehsalı 585 (14) əyar, 7 qram qol bağı və 12 qram boyunbağı və ya onların dəyəri olan 1900 manat pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh1 münasibətdə qalmış hissədə rədd edilməli, iddia Cavabdeh2 münasibətdə tamamilə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 56.42 (əlli altı manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddianın rədd edilmiş hissəsinə mütənasib olan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Bakı istehsalı 583 əyar, 7.5 qram bir dəst brilyant qaşlı qızıl sırğa və üzük və ya onların dəyəri olan 2000 manat pul vəsaiti, Rusiya istehsalı 583 əyar 3.5 qram qaşlı üzük və ya onun dəyəri olan 450 manat pul vəsaiti, Türkiyə istehsalı 585 (14) əyar, 7 qram qol bağı və 12 qram boyunbağı və ya onların dəyəri olan 1900 manat pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh1 münasibətdə qalmış hissədə rədd edilsin. İddia Cavabdeh2 münasibətdə tamamilə rədd edilsin. 56.42 (əlli altı manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-391/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-391/2025
29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver