Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2790/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılması, bu mümkün olmadıqda isə əvəzində eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi və sair” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılması, bu mümkün olmadıqda isə əvəzində eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2nda yarımzirzəmidə yerləşən, ümumi sahəsi 150 kv.m-dən artıq olan qeyri-yaşayış sahəsinin geri qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi və iddianın verilməsinə görə ödənilmiş 100 (yüz manat) dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2nda yarımzirzəmidə yerləşən, artırılaraq faktiki ümumi sahəsi 150 kv.m.-dən çox (sənəddə 66.8 kv.m) olan qeyri-yaşayış sahəsi (mübahisəli sahə) İddiaçı1 və İddiaçı2 (bundan sonra “iddiaçılar”) ümumi birgə mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixdə dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin (bundan sonra “cavabdeh”) İddiaçı1 adına saxtakarlıqla düzəldilmiş və ona göndərilmiş xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X8 Müqavilə”yə əsasən “Tikinti Şirkəti” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, 100 kv.m olan 2 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi” isə bu müqavilə şərtlərinə uyğun köhnə 76/31 nömrəli mənzilin altındakı, artırılaraq faktiki ümumi sahəsi 150 kv.m-dən çox (sənəddə 66.8 kv.m) olan tam təmirli və işləyən sahəni “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə (azaldılaraq) ümumi sahəsi 100 kv.m yeni 63 saylı təmirsiz mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən köhnə mənzilindən köçmək üçün “Tikinti şirkəti”ndən 150 manat vəsait tələb etmək, köhnə 66.8 kv.m yarımzirzəmi əvəzinə yeni binada ümumi sahəsi 100 kv.m təmirsiz mənzili “Tikinti şirkəti”ndən qəbul etmək, köhnə yarımzirzəmi əvəzinə alacağı yeni mənzil inşa edilib başa çatanadək köhnə yarımzirzəminin icarə haqqını, “Tikinti şirkəti”nin üzərinə hər ay üçün 800 manat öhdəlik qoymaq mənzil mülkiyyətçisinin hüquqlarıdır. Artıq etibarsızliğı Azərbaycan Respublikasının 3 məhkəməsinin müvafiq Qətnamələri, Qərarı ilə sübuta yetirilmiş həmin saxta müqavilənin 6.6-cı bəndinə əsasən mənzil mülkiyyətçisinin köhnə 76/31 nömrəli mənzilin altındakı qeyri-yaşayış sahəsinin faktiki sahəsi 150 kv.m. (sənəddə ümumi sahəsi 66.8 kv.m) olduğu halda, həmin qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) əvəzində onlara verilən inşa olunacaq çoxmərtəbəli yaşayış binasında yeni mənzilin ümumi sahəsi isə 85 kv.m, xarici perimetr üzrə ümumi sahəsi 100 kv.metrdir. 2013-cü ildən mübahisə predmeti qeyri-yaşayış sahəsinin ərazisi iddiaçılar tərəfindən artırılmış, hazırda faktiki olaraq ünvan 2nda yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 150 kv.m-dən artıqdır. Bunu məntiqi-obyektiv şəkildə belə sübut etmək olar ki, iddiaçıların sahibi olduqları qeyri-yaşayış sahəsi üstündə yerləşən mənzillərindən xeyli artıq ölçüdə olmuşdur və cavabdeh MMC iddiaçıların qeyri-yaşayış sahəsinin artırılmasını nəzərə alaraq obyektin həcmini 66.8 kv.m deyil, hətta onları aldatma məqsədi ilə 100 kv.m yazmışdır və həmçinin təmirli obyektin əvəzinə təmirsiz və hətta obyekt əvəzinə mənzil verilməsini nəzərdə tutan saxta (artıq etibarsız) sənəd düzəltmişdir. Sözügedən halları təsdiq edən fotoşəkillər tərəflərindən məhkəməyə təqdim edilmişdir. Bu da danılmaz faktdır ki, cavabdeh 76 saylı binadakı bütün artırmalar üçün əlavə sahə vermişdir. Məsələn, cavabdeh elə iddiaçılara mübahisəli obyektlərinin üstündə yerləşən 31 saylı rəsmi Çıxarışda 62.3. kv.m həcmdə olan, sonradan artırılaraq 82.2 kv.m olmuş mənzillərinin əvəzi kimi 110 kv.m vermişdir. Digər tərəfdən cavabdeh sökəcəyi binanın bütün sakinlərinə mənzillərinin sahəsindən 20 faiz artıq əlavə verəcəyini vəd etmişdir. Lakin cavabdeh bütün sakinlərə vəd etdiyi 20 faiz əlavəni iddiaçılara verməmişdir. Onlar obyektləri ilə məhkəmələrdə məşğul olduqları üçün “bu vədi” tələb etməyə maraqlı olmamışlar. Budur, iddiaçıların obyektləri – qeyri-yaşayış sahələri 110 kv.m. olan mənzillərindən artırma hissələrlə, fotoşəkillərdən də göründüyü kimi sözsüz olaraq, böyük olmuşdur ki, cavabdehlər saxtakarlıqla düzəldib onlara göndərdikləri – artıq etibarsız olan müqavilələrində hər şey kimi bu əsl sahə ölçüsünü də yanlış yazmışlar. Onların aldatma, saxtakarlıq əməlləri nəinki mülkiyyətlərinin sahəsini az yazmaqda, təmirli əvəzinə mənzil, hələ təmirsiz mənzil verməyi yazmaqda və əlavə 20 faizi onlar üçün hesablamamaqda, 3 məhkəmədə işə baxılarkən, hətta 3 məhkəmə qərarından sonra belə iddiaçılara halal mülkiyyətlərini geri qaytarmamağa israr etmələrində də sübut olunur. Bundan başqa, iddiaçıların mülkiyyətində olan həmin yüksək səviyyədə təmirli qeyri-yaşayış sahəsində sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi, hətta qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə dəyişdirilməsi haqqında heç bir sənədin mövcud olmadığı və "xxxx" MMC-yə verilmədiyi belə fakt olduğu halda, "xxxx" MMC ilin hər kvartalında AR DVX-nə bu obyekt üçün bəyannamə təqdim etdiyi halda onlara sökülüb, yerində tikilən 14 mərtəbəli binanın 3-cü mərtəbəsində (daxildə 85 kv.m) 100 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin verilməsi nəzərdə tutulmuşdur. Həmçinin Cavabdeh MMC tərəfindən tərtib edilmiş artıq etibarsız olan “müqavilənin” 2.1.3-cü bəndində iddiaçılara veriləcək mənzilin ümumi sahəsi 100 kv.m göstərilsə də, 6.6-cı bənddə artıq mənzilin ümumi sahəsi 85 kv.m göstərilmişdir ki, bu onların saxtakarlığını bir da təsdiq edir. Bununla yanaşı cavabdeh tərəfindən cavabdehlər binaya gəldikləri vaxt obyektin 3-cü hissəsində arendator olmadığı bəhanəsi ilə iddiaçılara heç bir ödəniş nəzərdə tutulmamış, sonradan iddiaçılara həmin ödənişin ediləcəyi və təmirli obyektin veriləcəyi barədə məlumatlar verilmiş, lakin bu şərtlər müqavilədə qeyd edilməmişdir. Həmçinin cavabdeh tərəfin baş mühasibi Nigar adlı şəxs İddiaçı1 bu vədləri yerinə yetirəcəklərinə söz verərək onun ölkə Prezidentinə yazdığı məqalənin saytdan çıxarılmasını belə xahiş etmiş, iddiaçı buna əməl etsə belə cavabdeh onları yenə aldatmışdır. Ona görə də bununla əlaqədar iddiaçılar tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanılması və pul tələbinə dair iddia qaldırılmış, nəticədə Bakı Apellyasiya Məhkəməsi sözügedən müqavilənin iddiaçıların aldadılması ilə bağlandığı və ümumiyyətlə, iş üzrə iddiaçıların aldadıldığı qənaətinə gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-445/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmuş, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın “müqavilənin etibarsız hesab edilməsinin təmin edildiyi” hissədə ləğv, iddianın həmin hissədə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 445/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçılar və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilə məhkəmə qaydasında etibarsız hesab edildiyindən iddiaçılar etıbarsız əqd əsasında verılmış yaşayış sahəsinin geri qaytarılması, mülkiyyət hüquqlarının bərpası - "xxxx" MMC-nin onları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin adından (prezident tapşırıb ki, kimin nəyi var verin!- deyə söküntüyə 4 ay qalmış obyektlərini boşaltdırmışdır) aldadaraq məhv etdiyi onlara məxsus faktiki 150 kv.m-dən çox həcmdə, tam təmirli obyektlərinin qaytarılması, onlara dəymiş maddi-mənəvi ziyanın və inflyasiyanın, habelə obyektin bir hissəsi üçün ödənilməmiş məbləğin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edirlər. İddia tələbinə qarşı etiraz: Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə elektron qaydada vəsatət verilərək bildirilmişdir ki, mübahisəli sahənin - ünvan 2nda yarımzirzəmidə yerləşən, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyənləşdirilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanlara əsasən, 2022-ci il üçün ünvan 2nda yarımzirzəmidə yerləşən, ümumi sahəsi 66.8 kv.m olan qeyriyaşayış sahəsinin real bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə ekspertizanın təyin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh 5 mərtəbəli bina və 90 mənzil sökmüş, 90 mənzil əvəzinə 378 mənzil, iki ədəd 12 və 17 mərtəbəli bina tikmişdir. Binalar hələ təhvil-təslim edilməmişdir, artıq camaatı köçürürlər, kirayə haqlarının verilməsini də kəsiblər. O, cavabdeh tərəfindən aldadılmış, o və digər iddiaçı X14 ilə müqaviləyə imza çəkməmişdir. ünvan 1 ünvanı onun öz adınadır, ancaq ünvan 2nda qeydiyyatdadır. Bacısı ona bildirmişdir ki, binanı sökmək istəyirlər, X4 adı ilə xəbər göndərmişdir ki, kimin nəyi varsa versinlər. Cavabdeh tərəf gəlib onun obyektində çıxış etmiş, cavabdehin direktoru Hacıbala Abbasov olmasını bildirsələr də o, onu görməmiş, onlar İsmayıl Quliyevi görmüşdür. Cavabdeh tərəf yalan deyirdi, qonşular hamısı 4 ay qalmış evlərini verməyə razılıq verdilər. Onu həcc ziyarəti üçün çağıranda oraya getmişdir. Ona müqavilə bağlayarkən 9000 manat köçürülməli, o, qardaşı qoyun istədiyi üçün 9600 manata görə tələm-tələsik müqaviləyə imza çəkmişdir. Həmin vəsait "xxxx" ASC-yə köçürülmüş, 600 manat məbləği də qardaşına vermişdir. Bundan sonra isə onun adına yenə eyni məbləğdə bir dəfə pul köçürülmüşdür, buna dair bankın sənədləri vardır. Həmin müqavilədə digər mülkiyyətçi bacısının adı olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov da həmin əsasla onların müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasını təmin etmiş, qətnamədə ikinci payın sahibi nəzərə alınmadan müqavilənin bağlanılması qeyd edilmişdir. O, 2020-ci ilin yanvarında notariusda bacısına 36 illik etibarnamə vermiş, hər şeyini ona təhvil vermişdir. Etibarnamə olduğu halda etibarnamənin sahibi ilə niyə müqavilə bağlanılmamış, yalnız ona imza çəkdirmişlər? Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmli birinci instansiya məhkəməsinin qətnaməsini bacısı Sevincin xeyrinə ləğv etmiş, yenə onun xeyrinə qətnamə çıxarmışdır. Əgər tikinti saxlanılsa, cavabdeh tərəfə ziyan olacaqdır, cavabdeh şirkət bəlkə o zaman onların obyektini təhvil verərlər. Məhkəməyə təqdim edilmiş səsyazısına dair disk də var ki, baş mühasib Nigar xanım orada bildirmişdir ki, onların məsələsi rəhbərlik səviyyəsində həll edilmiş, Fərhad müəllim onlara obyekt verilməsinə razılıq vermişdir, ancaq bir obyekt üçün təmir pulunu vermirlər. Şirkət tərəfindən onun obyektinin salon və internet salonu kimi fəaliyyət göstərən hissələrinə görə birinə 500 manat, digərinə 300 manat icarəyə görə haqq verilirdi, lakin sonra onlar etiraz etdiklərinə və inflyasiya nəzərə alındığına görə icarə haqqı 200 manat artırılmış, lakin yenə də obyektin üçüncü hissəsinə görə onlara icarəyə görə haqq verilməmişdir. Onların obyekti evin altında olmuş, oradan üfunətli kanalizasiya xətti keçmiş, onlar məcbur olub 10000 manat və 15000 manat olmaqla "xxxx" ASC-dən, sonra “X9” ASC-dən kredit götürmüş, oranı təmir etmiş, obyekt halına salmış və işlətmişlər. Onlar hələ də həmin kreditlərə görə banklara ödənişlər edirlər. Onlar o zirzəmini götürəndə gəlir götürmək üçün təmir etməmişlər, sonra isə oranı icarəyə vermişlər. Cavabdeh tərəf bildirir ki, obyektləri vermiş, o da buna görə qışqırmış və bildirmişdir ki, “vermək” sözü pulsuz, təmənnasız deməkdir. O, cavabdeh tərəfin evini istəmir, 62 kv.m sahəsi olan mənzil təmirlidir və həmin mənzilə görə onlara 110 kv.m sahə verilmişdir. Düzdür, evin sahəsi 110 kv.m sahədən çox olmuş, ancaq sənəddə 62 kv.m sahə göstərilmişdir. Evin altı zirzəmidir, işləyən yerdir, kolidoru da daxil etsinlər, qapıdan girəndə evin pəncərəsi olur, balkon içəri salınır, axı burada balkon salınmayıb, artırılıb, bunlar nəzərə alınmayıb. Evin texniki pasportu da var, iş materiallarına əlavə etmişlər. Onlarda obyektin faktiki sahəsi 66.8 kv.m olsa da, oranın sahəsini artırmışlar. Sənəddə 62 kv.m sahəsi olan mənzilə görə sahə üçün 110 kv.m ev verilməsi ilə bağlı cavabdehlə razılaşmışlar, çünki gücləri yox idi ki, iki proses aparsınlar, cavabdeh tərəf deyilən sahəni də əksik veriblər, 110 kv.m sahə verirsə, elə bu obyektə görə də ən azı 110 kv.m sahə verməlidir. Müqavilənin bir yerində obyektə görə verilən evin sahəsi 85 kv.m, bir yerində isə 100 kv.m sahə qeyd etmişlər. Cavabdeh tərəf məhkəmələrə yazır ki, İddiaçı2 icarə haqları almışdır. Ona 9600 manat olmaqla iki dəfə pul köçürülmüşdür. 1000 manata 150 kv.mlik sahə olar? O, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsi üçün arayış verməli idi. O bilir ki, cavabdeh tərəf ona qəpik-quruş verəcəkdir. Onun obyektini verməmiş 3 binanın obyektini satıblar. Cavabdeh tərəf onun şahidlərinə təsir etmişdir. Obyektlərinin icarəyə vermə məbləği onun vergi sirridir. Onun qardaşı onu məhkəmələrə aparırdı. Qardaşı Rövşən bilirdi ki, onlara təmirsiz ev vermişlər. Cavabdeh 62 kv.m sahənin əvəzinə 110 kv.m sahə verib, 110 kv.m sahəni də az verib, 150 kv.m-dən artıq olan obyektinə görə əlavə sahə istəmir. Dərzidən sonra internet klub işlədənlər gəldilər. Ev alğı-satqısı ilə məşğul olan Elşad tərəfindən Sevincin evi üçün kirayəçi gətirən vaxtlar olurdu, o obyektin 3 otaqlı olduğunu bilirdi. Onun sahəsi 150 kv.mdən çox idi, amma o, 150 kv.m istəyirdi. Onun obyekti 3 hissədən ibarət idi: mənzilin qonaq otağının, yataq otağının, uşaq otağının altı və əlavə artırmaları. Cavabdeh isə bunun əvəzində ona 2 otaqlı təmirsiz mənzil vermişdir. Sevinc onlardan pul almayıb, əvvəl pullar banka köçürülüb. Mənzili sadə vəziyyətdə olan, artırması olmayan şəxslərə cavabdeh MMC kvadratı 2775 manatdan verib. O, obyektə görə vergiyə də pul verirdi. Onların iddia ərizəsində inflyasiya nəzərə alınmalıdır. Artıq icarə pullarını da vermirlər. Onun obyektinin sahəsi artırmalar ilə 150 kv.m olub. Cavabdeh bir mərtəbəli 6 bloklunun yerinə yerin alt qatına 3 mərtəbə endirməklə 2 ədəd 17 mərtəbə, bir ədəd 14 mərtəbə tikib. Həmin ərazidə yalnız onlar obyekt sahibi olmuş, ora xərc qoymuşlar. Birinci və ikinci mərtəbə qeyriyaşayış sahəsidir. Müqavilədə yazır ki mübahisə olarsa birinci şirkətə deyilir. O, bu məsələni dekabr ayından mübahisələndirmiş, o vaxtdan bilirdilər ki, o narazıdır. O, vəsatət verməmişdir ki, onun imzalarını saxtalaşdırsınlar. Onlara bildirmişlər ki, qeyri-yaşayış sahəsi tikilmir. O, pul istəmir, onun obyektini versinlər. Hakim Rauf müəllimin məhkəmə iclasından çıxandan sonra obyektə görə 12000 manat istəmədiyini, ona 8000 manat vermələrini bildirmişlər. X2 yanına göndərdilər. Cavabdehin nümayəndəsi Rövşən də orada bildirmişdir ki, 6000-7000 manat verirlər, axırıncı gün icraya gedəndə apelyasiyaya, sonra da kassasiya verib onları gözlətdilər. Bacısı 110 kv.m mənzilin sahənin kvadrat metrini 2200 manata satıb. Onun sahəsi zirzəmi olmayıb, qeyri-yaşayış sahəsidir, 2022-ci ildə sahənin kvadratı elə 6000 manat olmuşdur. Hazırda kvadrat metri 3000 manat olan obyekt yoxdur. Onun təqdim etdiyi səsyazısında 2023-cü ilin aprel ayında ona bildirmişlər ki, 150 kv.m sahəni təmirsiz verməyə razıdırlar. O da həmin sahəni təmirli istəyirdi. O, obyektləri 10000-12000 manata satdıqları yerdən sahəsini istəyir. Cavabdeh MMC 3 bina tikmiş və binalarda obyektləri ikinci mərtəbədə yerləşdirmişdir. Onlar zirzəmidə obyekt istəmirlər. Onlara öz obyektlərinin yerində 150 kv.m sahəsi olan təmirli qeyri-yaşayış sahəsi verilməlidir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o paylı mülkiyyətçi olmuş, lakin adını etibarsız hesab edilmiş müqavilədə yazmamışlar. Onlar zirzəmini obyekt kimi icarəyə verir və icarə müqaviləsini 6 aylıq bağlayırdılar. İş üzrə şahid qismində dinlənilmiş Natella xanım da, Çinarə xanım da bildirir ki, onların hamam-tualeti ayrı olub. Gülnarə xanım əvvəl böyük sahəni götürmüş, lakin sonradan onu oradan uzaqlaşdırmışdır. Şirkət bildirirdi ki, müqavilədə olan şeyi dəyişə bilməzlər. Məhkəməyə təqdim olunmuş videodan görünür ki, orada bir obyekt var, o da onların olub. Cavabdeh tərəf onlar evinin artırmasının olduğunu, obyektin də artırılmasının olduğunu bilirlər. Onlar o vaxt Hacıbala Abbasovu tanımamış, onu görməmişlər. Həmin şəxsi sonradan tanımışlar. O, orada bağ düzəldib, Metlax döşəmişdir ki, obyekti işlədən rahat olsun. Oranın hündürllüyü 2 metr 30 sm-dən çox idi. Ora yarımzirzəmi idi. Onlar ora daxil olanda 3 ədəd pilləkən düşürdü, pəncərələri işıqlı idi. Onların binası 6 blokdan ibarət olmuş, onun evi 3cü blokda yerləşmişdir. Onda yuxarıda 3 otaqlı ev, aşağıda da 3 otaq olmuşdur. Aşağının sahəsi yuxarıda yerləşən mənzilinin sahəsindən daha çox olmuşdur. Aşağı hissənin sahəsi yuxarı hissədən həmişə çox olur. Mənzilinə görə ona 110 kv.m sahəsi olan mənzil vermişlər. Bir də onda balkon evdə içəridə idi, balkonun qabağı da onun idi və ondan da istifadə edirdi. Yeni tikilən binanın altı qarajdır, 1-ci və 2-ci mərtəbə obyektdir. Onlara öz obyektlərinin yerində 150 kv.m sahəsi olan təmirli qeyri-yaşayış sahəsi verilməlidir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin təmirini o etdirmişdir. Onlarda birinci qapı blokdan idi, 3 pilləkən aşağı düşülür, qapısı yox idi. Əslində sonradan o, ora və qonşu tərəfə seyf qapı qoydurmuşdur. Orada qırmızı ağ rəngdə metlax düzdürmüşdür. Sağ tərəfdə bir otaq olmuş, saç ustaları orada işləmişdir. Sol tərəfdə də bir otağa girirdi, evin altında girəcək idi, A klass qapı qoydurdu, reşotka düzəltdirdi, qapı üçün arxa tərəfdə də artırma etmiş, düzəltdirmişdir. Onda sulu oboy təzə çıxmışdı, onu almışdı. 10 ildən artıq olar ki, təmir etdirmişdir. Dəqiq vaxt yadında deyil. İçərisinə divarların yanından beton çıxmışdı, onları yığdırmışdır ki, onlar qəşəng görünsün. Pol vurduranda iki otağın arasından ortadan kanalizasiya turbası gedirdi, ona tapşırdılar ki, onun üstünü bağlamaq olmaz. Ona görə o, polun üstünü elə düzəltdirmişdir ki, hər hansı qəza olan kimi orada işləmək olsun. Evin arxasında bağ sahəsi var idi. Evin arxa tərəfindən də, blokdan da qapı qoydurmuşdu. Hətta palçıq olurdu, orada 2 metlaxlı daş düzdürmüş, üstünə metlax da vurmuşdur ki, ayaqları asfalta gedib gəldikcə palçığa batmasın. Güllər, ağaclar əkmişdi. Blokdan 3 pilləkən aşağı düşürdülər. Oranın hündürlüyü 2 metrdən çox idi. Plastik qapıdan içəri girilmədən 12 kv.m olardı. Sağ tərəf dar uzun idi, sol tərəfə gedəndə enli uzun idi. Bacısının evinin tam altında idi, bacısının evini 110 kv.m ilə hesablayıblar, ancaq 110 kv.m dən çox idi, arxada balaca balkon olmuş, o balkonu artırma edib böyütmüşdü, mətbəxi də balkona keçirmişdi. O, evin arxasına bacısının hesabına, onun xahişi ilə artırma etdirmiş, bacısına texniki olaraq təmirlə, tikinti, ustaların gəlməsi, materialların alması ilə kömək etmişdir. Onların həmin sahənin qabağına da arxasına da artırmaları var idi. Əgər bacısının evini 110 kv.m sahə ilə hesablamışdılarsa, orada həm qabağa, həm də arxaya artırmaları olmuşdur. Oranın sahəsi 110 kv.m-dən çoxdur. Evin içində olan hamam-tualeti var idi, tualeti saxlamış, hamamı içinə qatmış, gözəllik salonu üçün ayrıca ayaqyolu düzəltmişdi, içəri blokdan girəndə kolidor var idi, o kolidorun içində gözəllik salonunda işləyən qızlar üçün ayrıca tualet düzəltmişdi ki, ayrı olsun, bir-birlərinə qarışığı olmasın. Sahəsi bəlkə 150 kv.m, bəlkə də daha da artıq olardı, çünki onların artırmaları çox olmuşdu. Bacısına bu obyektə görə nə qədər sahə verdiklərini bilmir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, iddiaçıların evini əvvəllər kirayə vermişdir. Onlar ilə münasibəti olmuşdur. İddiaçıların orada obyektləri var idi və arxasında da xeyli yer var idi, qabaq tərəfdə də 2 obyekti var idi. Orada qadın salonu, dərzi işləyirdi. O, obyektə girmiş, həmin ərazi Neftçilər deyilən ərazidə 50 nömrəli MKİS-in arxa böyür tərəfində olmuşdur. Pilləkən var idi, blokdan girilirdi, sol tərəfdə də 2 qapı var idi, 2-3 pilləkən düşürdülər. Obyekt yerdən hündür idi, hündürlüyü 2.60-2.70 olardı. Obyektin 3 otaq, əlavə artırması var idi. 2 qapısı var idi, arxa tərəfində böyük həyəti, ağacları var idi, ora yerə metlax döşənmiş, həyət üçün setka alınmışdır və ondan istifadə edilirdi. Gözəyarı hesablanılsa obyektin birinin içi 12-13 kv.m, bəlkə də çox, digəri isə 15- 16 kv.m olardı. İçəri girəndə pəncərənin altında bir qapı var idi, salon idi, yol da çəkmişdilər. İçəridə ayaqyolu tipli düzəltmişdilər, arxa tərəfdə də pilləkən var idi, artırması var idi, oradan da evə girilirdi. Obyekt artırması ilə birlikdə təxminən 110-120 kv.m, bəlkə də daha çox olardı. Obyekt 3 otaqlının altında idi. O, həmin sahənin təxminən 120 kv.m olmasını bildirir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh "xxxx" MMC məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək əlavə olaraq qeyd etmişdir ki, bundan əvvəl də tərəflər arasında məhkəmə çəkişmələri olmuşdur, əqdin etibarsız sayılmasına dair iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsində bina digər mülkiyyətçinin razılığı alınmadan söküldüyü üçün müqavilə etibarsız hesab edilmiş, apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir ki, birgə mülkiyyət olduğuna görə digər şəxsin də razılığı ehtiva edilir. Qeyri-yaşayış sahəsi verib yaşayış sahəsinin alınması inandırıcı deyil, eyni zamanda qeyd edilir ki, ümumi sahə kimi 100 kv.m sahə qeyd edilsə də görünür ki, tikinti altı sahələr də nəzərə alınmaqla 85 kv.m sahədir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Tərəflərin razılığı olub, söküntü işləri aparılıb. O, MMC ilə müqavilə bağladıqdan sonra iddia tələbi ilə tanış olmuş və şirkətə də izah etmişdir ki, burada qeyri-yaşayış sahələri mövcud olub, bunları bir yolla ödəmək lazımdır, ya pul verilməli, ya əvəzləşdirməli, ya da başqa sahə verilərək tərəflə razılığa gəlmək lazımdır. Cavabdeh tərəf razılaşmışdır ki, 66.8 kv.m zirzəmi sahəsi qiymətləndirilsin, onun dəyəri ödənilsin. Cavabdeh tərəfin bildirdiklərinə görə kirayə pulu vaxtında ödənilir. Əgər indiki mərhələdə iddiaçılar iddia tələbini dəqiqləşdirib pul istəmirlərsə, qeyri-yaşayış sahəsi istəyirlərsə, onun verilməsi mümkün deyil, çünki iş üzrə iddiaçılara məxsus sahə zirzəmi sahəsində yerləşirdi, halhazırda zirzəmi qatında yerləşən sahələr qaraj sahələridir, qaraj sahələri də ədəd şəklində, bir-bir satılır, hal-hazırda əvəzləşdirilmə mümkün deyildir. 1-ci və 2-ci mərtəbələr üzrə qeyri-yaşayış sahələri tikilir, iş üzrə iddiaçılar 2-ci və 3-cü mərtəbələr üzrə qeyri-yaşayış sahəsinin tikildiyini bildirsələr də, 1-ci və 2-ci mərtəbələr üzrə qeyri-yaşayış sahələri tikilir, layihədə olduğuna görə belə olduğunu cavabdeh tərəf ona demişdir, ondan sonra yaşayış sahələri başlayır, aşağıda isə qaraj sahələridir, pulun verilməsi ilə müəyyən razılığa gəlmək olar, ancaq qeyri-yaşayış sahəsi verilməsi mümkün deyil, həm qeyri-yaşayış sahəsi ümumiyyətlə qalmayıb, binanın sökülməsi çox çətindir, sahələr artıq qalmır, 20 faiz əlavə sahə nəzərdə tutulsa belə, digər şəxslərə 30, 40, 50 faiz əlavə sahə verilməklə çıxarılır, hər biri fərqli ölçülərlə verilir və burada görünməyən xərclər də var. Xatirə xanıma ayrılan mənzil durur, ona dəyməmişlər, onu da satıb dəyərini müəyyən məbləğlə ödəmək olar. Ola bilsin ki, sonuncu mərtəbələrdə iki mənzil qalıb, ümumiyyətlə onlarda hazırda satış yoxdur, bütün sahələr satılıb. İş üzrə iddiaçıların zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi qətnamə ilə də öz təsdiqini tapıb, iddiaçılar çıxarışlarını da təqdim ediblər, iş materiallarından da göründüyü kimi zirzəmi sahəsidir, zirzəmidə də qaraj sahəsi yerləşir. Zirzəmi sahəsi ilə qeyri-yaşayış sahəsinin arasında qiymət fərqi var və əvəzləşdirilməsi də qeyri-mümkündür. Pulun dəyərinin verilməsi müəyyən olunsa hər halda ödənişlər həyata keçiriləcəkdir. Tərəflər arasında 2 müqavilə mövcuddur, iddiaçılara 2 mənzil veriblər. Məhkəmə yekunda qərarını verəcək, narazı qalan tərəf şikayətini verəcəkdir. Ali məhkəmə oxşar işlər üzrə qeyd edir ki, məhkəmə işləri hərtərəfli araşdırmalıdır. Gələcəkdə əvəzləşmə yaşayış sahəsi ilə də, pulla da ola bilər. Kim pul verib mənzil, qeyri-yaşayış sahəsi alıbsa o, bununla bağlı sübutu təqdim edə bilmir. Həmin şəxslərin sayı çoxdur və o, başqalarına aid sənədləri təqdim edə bilmir. Hal-hazırda iş üzrə cavabdeh deyir ki, müqavilə bağlamış, tikmiş və satmışlar, satışda sahə yoxdur. İş materiallarında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. İddiaçının sahəsi zirzəmidir. O, şahid ifadələrinə münasibətdə bildirmişdir ki, şahidlər məsuliyyətlərini dərk etməlidirlər. Arzu Bağırova ilə iddiaçı tərəfin bildirdikləri üst-üstə düşür, o, eşitdiklərini bildirir. Lakin şahid Natella Əliyevanın ifadəsi ziddiyyət təşkil etmiş, o, birinci dəfə ifadəsində pilləkənlərin sayının 5, sonra isə 3-4 olmasını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında şahid X11 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Xatirə xanmla yaxından tanış olmuşdur. Ona işi ilə bağlı ofis lazım olmuş, orada onların icarə üçün sahələrinin olduğunu bilmiş, həmin sahələr tam şəraitli, böyük olmuş, 2020- 2021-ci ildə fəaliyyətə başlamışdır. O, network marketinq sahəsində azad distrübitordur. O, fəaliyətini orada həyata keçirəcəkdi. O, 150 kv.m sahənin hamısını 2 illik 2020-2021-ci illər üçün icarəyə götürmüşdür. Pandemiya olduğu üçün onun Xatirə xanım ilə arasında şifahi müqavilələri olmuş, həmin sahəyə görə 300 manat haqq ilə başlamışlar, axıra kimi də elə davam etmişdir. Bir böyük otaq idi, 3 otaqlı mənzilin altı idi. Bir tərəfdə giriş, digər tərəfdə mətbəx idi. Bu tərəfdə də əlüzyuyan var idi. O, sahəni ölçməmişdir, təqribi bilirdi ki, 150 kv.m sahədir. Məhkəmənin otağının sahəsi təxminən minimum 25 kv.m-dir, giriş 9 kv.m idi, hündürlüyü bu otaqdan nisbətən balaca olar, ancaq onu ölçələ bilər. Hündürlüyü təxminən 2.30-2.50 olardı. Sağ tərəfdən pilləkanlar, orada bir salon var idi, onun qarşısından keçirdilər. O da bu obyektə aid idi, ancaq ayrıca çıxış var idi, onlar da ümumi girişdən giriridilər, birinci gözləmə zalı idi, düşəndən 3-4 pillə sonra qabaq hissəsində reşotkalı geniş şüşəbənd var idi, sonra gözləmə zalı gəlirdi, birinci otaq idi, təqdimatları, görüşlər, onlayn dərsləri keçirirdilər. İçəridə böyük otaq var idi, tədbirlər, toplantılar orada olurdu, onun sağ tərəfindən 2 pilləkən qalxırdılar, orada əlüzyuyan yeri var idi, ikinci otaqdan sonra arxada bir uzun otaq da var idi, hansı ki, oranı mətbəx kimi istifadə edirdilər. Onun da içəridə yarısı qədər otaqları var idi, onların da bağa tərəf ayrıca çıxışı var idi, oradan bağın içi ilə gedirdilər. Ora evin arxa tərəfi sayılırdı, ora sırf ona aid idi, salon ayrıca idi, salon hissəsini başqası icarəyə götürmüşdü. Salonla birlikdə ora 170 kv.m idi. O, sağ tərəfə keçəndə otaq var idi, ora hamam-tualet hamısı arxasında idi. Məhkəmənin əvvəlki iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Xatirə xanımla birlikdə Azərbaycan Nəşriyyatında işləmişlər və onu 30 ilı yaxındır ki, tanıyır. Xatirə xanım “Cahan” qazetinin baş redaktoru və təsisçisi idi. O, “Haqqın Carçısı” qəzetində redaktor idi. Sonradan Xatirə xanım sırf akademiyada işlədi, o isə öz iş yerində işləmiş, ancaq hər zaman münasibətləri olmuşdur. Obyekt R.Rüsəmov küçəsi, 5 mərtəbəli binada Xatirə xanımın yaşadığı evdə idi. Ev alqı-satqısı ilə məşğul olan yerin sol tərəfində idi, bina 5 mərtələbli idi. Xatirə xanım obyektini təmir etmişdi. Onlar istəyirikdi ki, oranı çap kimi istifadə etsinlər, 2-3 sahədən ibarət idi. Təxminən sahəsi 150-170 kv.m olardı. Gözlə baxanda da görünür ki, balaca yer deyildi, böyük bir otaq idi, içəri girəndə salon var idi, solda da ondan bir az balaca 2 otaq idi. O, gözəyarı 150 kv.m sahəni təxmin edərdi. O vaxt oranı sex kimi istifadə etmək istəyirdilərsə, deməli ora böyük yer olmuşdur. Hündürlüyü 2 metrdən artıq olardı. Ora yarım podval sahə deyildi, çünki aşağı 1-2 pilləkən düşülürdü. Orada əməlli işləyiblər, girişdə hətta dəhlizdən də bir az enli otaq var idi, Xatirə xanım bildirmişdir ki, kompyuter otağı kimi istifadə edə bilərlər. Onlar Xatirə xanımla onun obyektinə dair çəkiliş etmişlər. O, orada axırıncı dəfə 10-12 il bundan əvvəl olmuşdur. Məhkəmənin əvvəlki iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Sevinc xanımla birlikdə danışıb, yer götürüb işlətmiş, sahəni notariusda icarəyə götürmüş və icarə müqaviləsini də göstərmişdir. O, Sevinc xanımdan salon götürmüşdür. Salonun sahəsi 150 kv.mdən çox idi. 2 obyekt idi. Hər ikisinin birlikdə sahəsi 150 kv.m olardı, sahəni dəqiq bilmir, ancaq obyekt böyük idi. Onun götürdüyü yerin sahəsi də böyük idi, təmirli idi, tualeti ayrı idi. Onun yanındakı yer isə ondan da böyük idi, ora 3 otağın altı idi. Giriş hündür idi, hətta balkondan 3-4 pillkən düşürdülər, yanındakı yeri də başqa adam işlədirdi, orada 2 ayaqyolu var idi. Alçaq əyilib giriləsi bir yer deyildi. O, oranı 3 ildən də çox işlətmiş, sonra pandemiya vaxtı anası rəhmətə getmiş, dekabr ayında rayondan qayıdanda söküldüyü bildirilmişdir. Əşyaları orada qalmış, Sevinc xanıma bu barədə müraciət etmişdir ki, ora sökülüb, əşyaları orada qalıb, anası rəhmətə getdiyi üçün ora köçə bilmir. Hətta yer də tapmalı idi ki, köçsün. Anası artıq 4 ildir ki, dünyasını dəyişib. Pandemiya idi. Nicat adlı cavabdehin nümayəndəsi olan üzü saqqalı oğlanı görmüşdür, onun əşyalarını vermirdi. Anasının yasından gələndən sonra bildirdi ki, əşyalar bunların idisə, burada qalmalı, bina söküləndə əşyalar içində qalmalıdır, bu sahəni belə almışlar. O, Sevinc xanıma bildirəndən və Sevinc xanım onlara yaxınlaşandan sonra onun əşyalarını verdilər, feni, şkafı orda idi. O, işlətdiyi salona ad qoymamışdı. Ondan əvvəl orada bir qadın olub, kim olduğunu bilmirdi. Məhkəmənin əvvəlki iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, onlar iddiaçılar ilə Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında qonşu olmuşlar. O, həmin ünvanda mənzil 51-də yaşamışdır. Bina söküləndən sonra oradan köçmüşlər. İddiaçıların həmin binanın 1-ci mərtəbəsində evləri, binanın altında da obyekti olmuşdur. O, onların obyektində dəfələrlə olmuşdur. Ora əvvəl dərzi kimi istifadə edilirdi, sonradan salon kimi istifadə edildi. Evlərin altı hamısı tam şəkildə təmirdən çıxmış, hər bir şəraiti olan, istifadəyə yararlı idi, arxa hissəsi bağa açılırdı. Həyət-baca, gül-çiçək var idi. Obyektin bir tərəfində salon olmuş, oranı da bina sökülənə qədər Çinarə işlətmiş, Çinarədən əvvəl Gülnar olmuş, salonun yerində dərzi olmuş, orada Nazilə xanım olmuşdur. Salon bir tərəfdə idi, çıxışda arxa tərəfdə, girəndə pilləkən var idi, pilləkənlərin pilləsini xatırlamır. Obyektin sahəsi 100 kv.m-dən çox olardı. O, Sevinc xanımın obyektin arxa tərəfə artırmasını görmüşdü, arxada qapı var idi. Qonaq otağı, mətbəx ayrıca idi. Pilləkənin qabağında plaşatka var idi. Sevinc xanımın plaşatkası bağlı idi. Obyektin kənara hörülmüş formada 4-5 kv.m-lik çıxıntısı var idi. Onların qaldığı mənzil ikinci mərtəbədə idi, blokları iddiaçılar ilə ayrı idi. Mənzilinin sahəsi çıxarışda 64 kv.m idi. Ona müqavilə ilə 92 kv.m sahə vermişlər, oranın sahəsi içdən ölçəndə 83 kv.m idi. Evini şirkət təmir edirdi. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv.m olan yarımzirzəmi xx.xx.2013cü il tarixdə İddiaçı1 adına qeydə alınmışdır. - "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 1/12/46 nömrəli “kKöçürülənlərin mənzil tikintisinə və X8” Müqavilədən görünür ki, “Tikinti Şirkəti” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində bu müqavilə şərtlərinə uyğun ümumi sahəsi 62.20 kv.m olan köhnə 3 otaqlı mənzilini “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 46 saylı mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” Müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində bu müqavilə şərtlərinə uyğun köhnə 76/31 nömrəli mənzilin altındakı, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış yarımzirzəmini “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 100 kv.m olan yeni 63 saylı təmirsiz mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 445/2025 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsinin qismən- iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 1455/2025 saylı qərarından görünür ki, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-445/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə ki, qeyd olunan yaşayış binası sökülmüşdür. - X7 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, ünvan 5 binanın İddiaçı2 məxsus 31 saylı 3 otaqlı mənzilin altında yerləşən artırmalı, təmirli (150 kv.m-dən çox) obyektin təxminən 100 kv.m sahəsindən internet klub işlətmiş, obyekt tikinti şirkətinə təhvil verildiyi üçün 2023-cü ilin yanvar ayından icarədən çıxmışdır. - X3 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, neçə ildir ki, ünvan 5 binanın İddiaçı2 məxsus 31 saylı 3 otaqlı mənzilin altında yerləşən binanın 2 tərəfinə artırmalı və tam təmirli (150 kv.m-dən çox) obyektin təxminən 40 kv.m sahəsində yerləşən gözəllik salonunu icarəyə götürərək obyekt tikinti şirkətinə təhvil verilənə kimi, yəni 2022-ci ilin dekabr ayının sonuna kimi işlətmişdir. İcarədarlaradan biri kimi qeyd etmişdir ki, tikinti şirkəti Sevinc xanım və bacısına məxsus bu obyekti onların əvəzini tam ödəyəcəyinə inandırdığı üçün Sevinc xanım və bacısı onları yanvar ayında obyektlərindən çıxartdılar. Ancaq bina 3 ay sonra sökülmüş, onlar icarədarlar olaraq yeni yer tapmaqda əziyyət çəkmişlər. - X11 və X13 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onlar ünvan 5 binanın İddiaçı2 məxsus 31 saylı 3 otaqlı mənzilin altında yerləşən artırmalı, təmirli (təxminən 150-170 kv.m-dən çox olan) obyektdə 2020-2021-ci illərdə icarədar olmuş, qış aylarında həmin obyektdə isti şəraitdə fəaliyyət göstərmişlər. Otaqlar geniş, təmiz, təmirli, işıqlı olmuşdur. Onlar imzaları ilə təsdiq edirlər ki, 2020-2021-ci illərdə həmin ünvanda sahəsi 150-170 kv.m olan obyekt mövcud olmuşdur. - Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-460-1225 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m-nin orta bazar dəyəri köhnə binalarda 3000-3500 manat arasında, yeni tikilən binalarda isə 4300-4700 manat arasında dəyişir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 1/12/46 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X8” Müqavilə ilə “Tikinti Şirkəti” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində bu müqavilə şərtlərinə uyğun ümumi sahəsi 62.20 kv.m olan köhnə 3 otaqlı mənzilini “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 46 saylı mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilə ilə də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində bu müqavilə şərtlərinə uyğun köhnə 76/31 nömrəli mənzilin altındakı, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış yarımzirzəmini “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 100 kv.m olan yeni 63 saylı təmirsiz mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçılar tərəfindən sonuncu müqavilə mübahisələndirilmiş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-445/2025 nömrəli qətnaməsi ilə İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X8” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qeyd edilmişdir ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə cavabdeh tərəfindən iddiaçıların aldadılması əsası ilə etibarsız hesab edilməlidir. Cavabdeh MMC ilə iddiaçılardan İddiaçı2 mülkiyyətində olan mənzilə dair də ayrıca müqavilədə bağlanmış, onun mülkiyyətində olmuş mənzilin əvəzinə ona yeni mənzil verilmiş, həmin müqavilə onun tərəfindən mübahisələndirilməmişdir. Bu hal da onu deməyə əsas verir ki, təmirli qeyri-yaşayış sahəsi əvəzinə iddiaçılara oxşar sahə verildiyi təqdirdə iddiaçılar hazırda xx.xx.2022-ci il tarixli müqaviləni mübahisələndirməzdilər. Həmin qətnamənin 46-cı bəndi, iddiaçılar tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən dindirilmiş şahid ifadələri və iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsi təmirli olmuş, həmin sahədə sahibkarlıq subyektləri fəaliyyət göstərmişlər. Hazırda iddiaçılar onlara məxsus olan qeyri-yaşayış sahəsinin geri qaytarılması, bu mümkün olmadıqda isə əvəzində eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi barədə məhəkmədə iddia qaldırmışlar. Cavabdeh tərəf isə onların tikdiyi binada qeyri-yaşayış sahəsi qalmadığı üçün iddiaçılara qeyri-yaşayış sahəsi verilməsinin mümkün olmamasını, lakin pul formasında kompensasiya verilməsi ilə bağlı müəyyən razılığa gəlinməsinin mümkün olmasını, iddiaçıların qeyri-yaşayış sahəsinin zirzəmi sahəsi olmasını, yeni binalarda zirzəmidə qaraj sahəsinin yerləşməsi və onların əvəzləşdirilməsinin qeyrimümkün olmasını bildirmişdir. Məhkəmə tərəfindən iddiaçılara məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın sökülüb yerinə yeni tikilinin tikilməsi barədə layihələrin, həmin ərazidə yeni tikilən binalardakı qeyri-yaşayış sahələri özgəninkiləşdirildiyi təqdirdə onların özgəninkiləşdirilməsi barədə sübutların (müqavilələrin, maliyyə arayışlarının və s.) məhkəməyə təqdim olunması cavabdehdən tələb edilsə də, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən ünvan 5 ünvana yerli baxış keçirilərkən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin söküldüyü, həmin yerdə cavabdeh şirkət tərəfindən 14 mərtəbəli yeni binanın tikildiyi, binanın alt hissəsində zirzəmi və onun üst hissəsində qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan iki mərtəbənin və həmin hissənin də üst hissəsində mənzillərin inşa edilməsi, həmçinin binanın mənzillər hissəsinin ümumi fasad işlərinin tamamlanması müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ və İİİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq hər birinə ½ hissədə paylı mülkiyyət hüququ əsasında məxsus olmuş və mülkiyyət haqqında çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 ünvanında yarımzirzəmidə yerləşən sahəsi 66,8 kv.m, faktiki ümumi sahəsi isə 150 kv.m olan təmirli qeyri-yaşayış sahəsinin onlara geri qaytarılması, bu mümkün olmadıqda cavabdeh şirkət tərəfindən söküldüyü halda isə onlara həmin qeyri-yaşayış sahəsinin əvəzinə eyni yerdə, eyni faktiki 150 kv.m ölçüdə təmirli qeyri-yaşayış sahəsinin verilməsini tələb edirlər. Məhkəmə iddia tələbinin iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin geri qaytarılması hissəsi ilə bağlı bildirir ki iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh və İddiaçı1 arasında xx.xx.2022-ci il tarixdə 2/3/63 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X8” müqavilə məhkəmə qərarları ilə etibarsız hesab edilsə də müqavilə bağlanılarkən və ondan öncə qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı tərəflərin iradəsi formalaşmışdır. Yəni hər iki tərəf qeyri-yaşayış sahəsinin sökülməsini arzu etmişdir. Lakin əqd bağlanılarkən söküləcək sahəyə görə mənzil qismində verilmiş kompensasiya ilə bağlı iddiaçılar aldadıldıqları üçün əqd etibarsız hesab edilmişdir. Həmçinin mülki iş üzrə tərəflərin məhkəmə prosesində verdikləri izahatlar, eyni zamanda məhkəmə tərəfindən mübahisəli obyektin yerləşdiyi yerə keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, hazırda iddiaçılara məxsus qeyri-yaşayış sahəsi sökülmüş və həmin yerdə cavabdeh şirkət tərəfindən 14 mərtəbəli yeni bina tikilmişdir. Qeyri-yaşayış sahəsinin sökülməsi faktı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı məktubu ilə də bir daha öz təsdiqini tapmışdır. Bu hal isə işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə iddia tələbinin “qeyri-yaşayış sahəsinin əvəzində eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı2 arasında mübahisəli qeyri-yaşayış sahəsinin üzərində yerləşən mənzilinə dair xx.xx.2022-ci il tarixdə, 1/12/46 nömrəli və mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı isə digər İddiaçı1 arasında eyni tarixdə 2/3/63 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X8” müqavilələr bağlanılmışdır. Cavabdeh tərəfindən İddiaçı2 məxsus mənzilə dair bağlanılmış və müqavilə tərəflərinin mübahisələndirmədikləri 1/12/46 nömrəli müqaviləyə görə ümumi sahəsi 62.20 kv.m olan köhnə 3 otaqlı mənzilin əvəzinə ona yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı təmirli mənzil verilmişdir. Lakin cavabdeh tərəfindən bunun əksinə mənzildən daha da artıq sahəyə malik olan, eyni binanın yarımzirzəmisində yerləşən və faktiki sahibkarlıq obyekti kimi fəaliyyət göstərən və hər iki iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə görə onlara aldadılaraq 2/3/63 nömrəli müqaviləyə əsasən 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı təmirsiz mənzil verilmişdir. Sonuncu müqavilə cavabdehlər tərəfindən məhkəmədə mübahisələndirilmiş və qeyd olunan əqd qanuni qüvvəsini almış məhkəmə aktı ilə etibarsız hesab edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-445/2025 nömrəli qətnaməsinin 46-49-cu bəndlərində qeyd edilmişdir ki, iş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsi təmirli olmuş, həmin sahədə sahibkarlıq subyektləri fəaliyyət göstərmişlər. Belə olan halda, iddiaçılar tərəfindən gəlir mənbəyi olan 66.8 kv.m qeyri-yaşayış sahəsinin binanın 3-cü mərtəbədə, 85 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzil ilə əvəz edilməsinə razı olmaları ağlabatan və inandırıcı deyil. O da qeyd edilməlidir ki, cavabdeh MMC tərəfindən tərtib edilmiş müqavilənin 2.1.3cü bəndində iddiaçılara veriləcək mənzilin ümumi sahəsi 100 kv.m göstərilsə də, 6.6-cı bənddə artıq mənzilin ümumi sahəsi 85 kv.m göstərilmişdir. Bundan başqa, işdə olan “Whatsapp” tətbiqindən çıxarışlardan, habelə İddiaçı1 müqavilənin bağlanmasından sonra "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli şikayətin məzmunundan da aydın olur ki, İddiaçı1 “Tikinti Şirkəti” tərəfindən ona təmirli obyektin veriləcəyi barədə məlumatlar verildiyinə, lakin bu şərtlər müqavilədə qeyd edilmədiyindən aldadıldığına istinad edir. Nəhayət, yuxarıda qeyd olunduğu kimi, cavabdeh MMC ilə iddiaçılardan İddiaçı2 mülkiyyətində olan mənzilə dair də ayrıca müqavilədə bağlanmış, onun mülkiyyətində olmuş mənzilin əvəzinə ona yeni mənzil verilmiş, həmin müqavilə onun tərəfindən mübahisələndirilməmişdir. Bu hal da onu deməyə əsas verir ki, təmirli qeyri-yaşayış sahəsi əvəzinə iddiaçılara oxşar sahə verildiyi təqdirdə iddiaçılar hazırda xx.xx.2022-ci il tarixli müqaviləni mübahisələndirməzdilər. Eyni zamanda məhkəmə bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsində məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında göstərmişdir ki, cavabdehlə onun arasında ayrıca onun özünə məxsus olan mənzillə bağlı müqavilə də bağlanmışdır. Onun öz evində 20 kv.m artırması olmuş, bunun əvəzinə ona 110 kv.m ev vermişlər. Bu hissədə razıdır. Hazırkı tələbə münasibətdə isə bildirir ki, evin altında olan obyektdə də 20 kv.m artırma olmuş, ön və arxa qapılar qoyulmuşdur. Ora çöldən 100 kv.m, içəridən 85 kv.m olmuşdur. Ora obyekt olduğu üçün o, cavabdehdən, 300 manat salon, 500 manat klub üçün olmaqla, aylıq 800 manat pul alır. Lakin cavabdeh pizzaçı kimi fəaliyyət göstərmiş obyektin pulunu verməmişdir. Həmin obyekti 200 manata icarəyə vermişdir. Həmçinin həmin məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında göstərmişdir ki, mübahisə predmeti olan əmlakın ölçüsü 66.8 kv.m olsa da, geniş artımlar edilmişdir və hazırda sənəddə 85 kv.m göstərilmişdir. Qeyd olunan mülki məhkəmə işi zamanı iddiaçıların vermiş olduqları və hazırki mülki iş üzrə vermiş olduqları izahatlar, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər, videogörüntülər və şahid ifadələri ilə mübahisəli sahənin faktiki sahəsinin 150 kv.m olması birbaşa öz təsdiqini tapmamış, buna dair digər əsaslı sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 1/12/46 nömrəli müqaviləyə əsasən İddiaçı2 ona məxsus ümumi sahəsi 62.20 kv.m olan köhnə 3 otaqlı mənzilin əvəzinə yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı təmirli mənzil verilməsi, həmin mənzilin altında yerləşən mülkiyyət sənədinə əsasən mənzildən daha artıq, 66.80 kv.m sahəsi olan, təmirli, faktiki sahibkarlıq obyekti kimi fəaliyyət göstərən və hər iki iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə görə köhnə binalar sökülərkən şirkətlər tərəfindən əlavə sahə kimi ən azı 20 faiz əlavə sahə verilməsinə dair sahibkarlıq təcrübəsinin mövcudluğu halları nəzərə alınmaqla ümumi sahəsi 116 kv.metr (iddiaçılara məxsus olan mənzilin əvəzinə verilən 110 kv.m sahə + sökülən mənzil və sökülən qeyriyaşayış sahəsinin arasında olan 4.60 kv.m sahə fərqi + (4.6 kv.mx20%)) olan təmirli qeyriyaşayış sahəsinin verilməsi ağlabatan hesab olunur. Belə ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və cavabdehin üzərinə qeyrimütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Hazırda iddiaçılara məxsus qeyriyaşayış sahəsinin sökülməsinə görə onun əvəzində veriləcək əmlak sökülən əmlaka mütənasib olduğu halda mülkiyyətə müdaxilə ədalətli hesab oluna bilər. Məhkəmə cavabdeh tərəfin mübahisəli sahənin yarımzirzəmidə yerləşməsi, onlar tərəfindən tikilmiş binada zirzəmi və obyektlərin artıq satılmasının nəzərə alınmaqla iddiaçılara köhnə tikilidə yarımzirzəmidə yerləşən anoloji obyektin bazar qiymətinin müəyyən edilərək pul formasında kompensasiyanın verilməsi ilə bağlı razılaşa biləcəklərinə dair mövqeyi ilə bağlı bildirir ki, iş üzrə verilmiş Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-460-1225 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m-nin orta bazar dəyəri köhnə binalarda 3000-3500 manat arasında, yeni tikilən binalarda isə 4300-4700 manat arasında dəyişir. Cavabdeh şirkət tərəfindən tikilən binada artıq zirzəmi və obyektlərin satılması bildirilsə də bu fakt onlar tərəfindən sübut olunmamış, digər tərəfdən isə iddiaçılar pul istəməmələrini bildirərək iddia tələbindən sökülmüş qeyri-yaşayış sahəsinə görə pul kompensasiyasının verilməsi hissəsini çıxararaq, onlara qeyri-yaşayış sahəsinin verilməsinə dair tələblərini müdafiə etmələrini bildirdikləri üçün bununla bağlı məhkəmə tərəfindən araşdırılma aparılmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə araşdırılması ilə mübahisəli sahə köhnə tikilinin yarımzirzəmisində yerləşsə də həm iddiaçıların izahatları, həm də iddiaçılar tərəfindən təqdim olunmuş videogörüntü, fotoşəkillər, şahid ifadələri və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-445/2025 nömrəli qətnaməsində həmin sahənin obyekt kimi fəaliyyət göstərilməsi, oranın təmirli, işlək vəziyyətdə olması, iddiaçıların obyektlərdən müxtəlif məbləğdə icarə haqqı alması, həmin yerdə iddiaçılar tərəfindən əlavə yaxşılaşdırma işlərinin aparılması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 və İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv.metr olan sökülmüş yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə "xxxx" MMC tərəfindən həmin ünvanda inşa edilən 14 mərtəbəli binada ümumi sahəsi 116 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbi qiymətləndirilməyən iddiadır və iddiaçılar tərəfindən 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı2 tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən 99,60 manat dövlət rüsumu ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyindən məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən ödənilmiş 99,60 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilməli, iddiaçılar tərəfindən ödənilməmiş 0,40 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv.metr olan sökülmüş yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə "xxxx" MMC tərəfindən həmin ünvanda inşa edilən 14 mərtəbəli binada ümumi sahəsi 116 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı2 tərəfindən ödənilmiş 99,60 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddiaçılar tərəfindən ödənilməmiş 0,40 manat dövlət rüsumu cavabdeh "xxxx" MMCdən tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2790/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2790/2025
19.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver