Məhkəmə qərarları › İş №2(001)-1714/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1714/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1714/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Binəqədi Rayon Şöbəsinə, Bakı şəhəri 20 saylı Notariat Ofisinə və Hüseyn-zadə Hüseyn Canbulat oğluna qarşı “mirasın faktiki qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Binəqədi Rayon Şöbəsinə, Bakı şəhəri 20 saylı Notariat Ofisinə və Hüseyn-zadə Hüseyn Canbulat oğluna qarşı “mirasın faktiki qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpası” tələbi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108-də yerləşən 1 saylı mənzilin qanuni varisləri Ərizəçi və Hüseyn-zadə Hüseyn Canbulat oğlu arasında qanuna uyğun qaydada faktiki qəbul etməklərinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi X11 oölu ilə 15.07.1986-cı il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan 29.11.1989-cu il təvəllüdlü Hüseyn-zadə Hüseyn Canbulat oğlu anadan olmuşdur. Ərizəçi ailə qurduqdan sonra həyat yoldaşının adına olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108-də yerləşən 1 saylı mənzildə yaşamış və həmin mənzildə qeydiyyatda olmuşdur. 25.03.2017-ci ildə həyat yoldaşının qəfil ölümü onları çox sarsıtmış, həmin an aidiyyatı idarələrə müraciət edə bilməmişlər. 2019-cu ilin ortalarında Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət edərək mərhum ərindən qalmış əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Notariat Ofisi müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ərizəçi hesab edir ki, maraqlı şəxs olan təşkilatın ona şəhadətnamə verməməyi qanun üzrə birinci növbəli vərəsə kimi hüquqlarını pozur, belə ki, mərhum həyat yoldaşından miras qalmış əmlakı faktiki qəbul etmiş və əməli idarəçiliyi həyata keçirir. Bu səbəbdən ona həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməlidir. Məhkəmə iclasında ərizəçi məhkəməyə ərizə təqdim edərək, mərhum həyat yoldaşı X3 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108-də yerləşən 1 saylı mənzilin qanuni varisi X13 tərəfindən mirasın faktiki qəbulu, ötürülmüş müddətin üzrlü hesab edilməsi və bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Hüseyn-zadə Hüseyn Canbulat oğlu izahatında bildirdi ki, o, ərizəçinin oğludur. X1 vəfat etdikdən sonra anası Ərizəçi atasından qalan miras əmlakı faktiki qəbul etmişdir və hal-hazırda onun istifadə və sahibliyindədir. Həmçinin atasından qalan mirasın anası Ərizəçi tərəfindən qəbul edilməsi üçün Notariat Ofisə müraciət etməsinə heç bir etirazının olmadığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər maraqlı şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 ilə Rzayeva (Hüseynova) İradə Rza qızı 15.07.1986-cı ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan 29.11.1989-cu il təvəllüdlü Hüseyn-zadə Hüseyn Canbulat oğlu anadan olmuşdur. - Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən 28.03.2017-ci il tarixdə verilmiş AZ-İ 858251 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25.03.2017-ci il tarixdə komotoz vəziyyət səbəbindən vəfat etmişdir. - ünvan 1 ünvanlanmış 23.08.2019-cu il tarixli, 251 nömrəli məktubdan görünür ki, 25.03.2017-ci ildə vəfat etmiş atası – X5 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmış və Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən müddətin ötürülməsi səbəbindən vərsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, bununla əlaqədar buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108, 1 nömrəli mənzil 01.12.1992-ci il tarixdə ilkin olaraq X8 adına qeydiyyatdan keçmiş, 10 sayı DNK-nın D-5-1250 reyestr nömrəli 06.04.1993cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmiş və adındadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. -1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestri xidmətinin 04.03.2021-ci il tarixli məktubuna görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108, 1 saylı mənzil mülkiyyət hüququ əsasında X5 (Nürətdinoviç) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 25.03.2017-ci il tarixdə Ərizəçi əri Canbulat Hüseynov Bakı şəhərində vəfat etmişdir. Ərizəçi Ərizəçi (müraciət edən ərizəçinin oğlu Hüseyn-zadə Hüseyn Canbulat oğlu) mərhum əri C.Hüseynovun vəfatından təxminən 2 il keçdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108 ünvanda yerləşən 1 saylı mənzil vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 20 saylı Notariat ofisinin 23.08.2019-cu il tarixli, 251 nömrəli məktubu ilə 25.03.2017-ci ildə vəfat etmiş X4 miras ünvan 2 ünvanda yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi üçün Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən müddətin ötürülməsi səbəbindən vərsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, miras qoyanın qanun üzrə vərəsəsi Ərizəçi tərəfindən miras əmlak faktiki qəbul edilmiş və idarə olunmuşdur. Məhkəmə qeyd edir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir, mirası əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Mirasın nədə ifadə edilməsminin və harada olmasından asılı olmayaraq ərizəçi evi miras əmlakın bir hissəsi kimi qəbul etdiyindən o bütün mirasın hamısını tam və bütöv halda qəbul etmiş hesab olunur. Qanunvericilik mirasın qəbul edilməsinin iki üsulunu müəyyən edir: formal üsulunu; qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Qeyri-formal üsulun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu; miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində sahiblik edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, miras qoyan C.Hüseynovun vərəsəsi Ərizəçi miras qoyanın ölümündən sonra miras əmlakını faktiki qəbul edərək mirasın saxlanılması xərclərini çəkmişdir. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, yəni miras qoyanın əmlakını lazımi səviyyədə saxlayır, miras qoyanın əmlakı ilə bağlı vergi ödəmək, sığorta haqqı və ödənişlər verir, miras qoyanın həyətyanı təsərrüfatını şəxsən aparmış, (həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq) və bunun üçün başqa şəxsin əməyindən istifadə etmək. Avropa Məhkəməsi qeyd edir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin Avropa Məhkəməsi hesab edir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, Ərizəçi miras qoyan C.Hüseynov vəfat etdikdən sonra əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmiş sayılır. Bununla da Ərizəçi mirasa sahiblik etməyə faktiki başladığı vaxtdan hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 25.03.2017-ci il tarixdə vəfat etmiş, mərhumun ölümündən sonra ərizi Ərizəçi vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat Ofisinə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqdan yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. İddiaçının 3 ay ərzində mirası qəbul etməməsi və ya ondan imtina etməməsi (vərəsənin susması) onun bu hüquqdan imtinası kimi qiymətləndirilə bilməz, çünki bu bilikli olmayıb. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Bu müddəa qanunu bilməməyi üzrlü səbəb hesab etməyi məhkəməyə qadağan etmir. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Hazırkı işin digər halları (qətnamə əsasında çıxarışın alınması) məhkəməyə imkan verir ki, mirasın qəbulu müdətinin ötürülməsini üzrlü səbəb hesab etsin. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən gecikdirmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müddət üzrlü hesab edilməklə 3 (üç) ay uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X4 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 108-də yerləşən 1 saylı mənzili faktiki olaraq qəbul etdiyi müəyyən edilsin. 25.03.2017-ci il tarixdə vəfat etmiş X5 mirasının qəbul edilməsi üçün Ərizəçi tərəfindən buraxılmış müddət üzrlü hesab edilsin və Ərizəçi mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ərizəçi adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 20 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Ödənilmiş dövət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar