Məhkəmə qərarları › İş №2(001)-1732/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1732/2021

02.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1732/2021 02.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmış və İİ qrup əlildir. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18.01.2019-cu il tarixli, 480 №-li Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04.06.2019-cu il tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmitədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun Məşğulluq sahəsində dövlətin vəzifələri barədə 8-ci maddəsinin 8.03-ci bəndinə uyğun olaraq işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda qeyd olunan Fərmanın icrasının ƏƏSMN tərəfindən guya gerçəkləşdirildiyi vaxt onu 29.03.2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) öz xahişi ilə həmin tarixdən işdən azad olunması barədə ərizə yazmağa məcbur etmişlər. Elə həmin tarixdən də ona ƏƏSMN-in tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada işlə təmin olunmasına dair X1 adına ərizə yazdırmışlar. 29.03.2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan onun öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 29.03.2020-ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 29.06.2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar o, yenə evdə olduğuna görə işə çağırılıb işdən azad olunduğu ona şifahi olaraq bildirmişdir. İşdən azad olunduğu gün ona bu barədə bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar onlar 02.07.2020-ci il tarixdə ƏƏSM X4 kollektiv müraciət etmişlər. Belə ki, onunla birlikdə 12 nəfər işdən eyni qaydada azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 №-li sənədə uyğun olaraq pandemiya şəraitində işçilərin orta əmək haqlarının ETTM-də saxlanılması və həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, ona məcburi ərizə yazdıraraq yeni yaradılan Observatoriyada e-sosial portaldan verilən çıxarışa əsasən 30.03.2020-ci il tarixdən, 30.06.2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 saylı əmək müqaviləsini bağlamaqda məqsədi ona məlum deyildir. O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi öz xahişi ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda ona 3 ay fəaliyyət göstərməsinə baxmayaraq əmək haqqı əskik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə ona təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən Observatoriya tərəfindən öncədən pozulmuşdur. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi məlum deyildir. O, cavabdehin hazırki əməlləri nəticəsində əmək kitabçasını əldə edə bilməmişdir. İşdən azad edildikdən sonra ona Observatoriyada işlə təmin olunacağı bildirilmiş, təxminən 1,3 ay sonra müəssisənin ləğv edilməsi ilə bağlı onun əmək müqaviləsinə xitam verilmiş, ərizə yazaraq öz hesabına məzuniyyətə buraxılmışdır. Pandemiya ilə əlaqədar yalnız 2020-ci ilin iyun ayında işə bağlamışdır, 20 gündən sonra 29.03.2020-ci ildə ona əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verildiyi bildirilmişdir. Bu barədə ƏƏSMN-in tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İdarə heyətinin sədri vəzifəsini icra edən Elşən Əsədovun onun İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi 30.06.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilməsinə dair 30.06.2020-ci il tarixli **********8 saylı əmri vardır. O, əmək müqaviləsini 29.06.2020-ci il tarixdə imzalamışdır. Ona əmək müqaviləsi üzrə aylıq 1200 manat ödənilməli olsa da, o, hər ay əmək haqqını əskik şəkildə almışdır. Son haqq-hesab olaraq ona 142 manat ödənilmişdir. Onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlanması özlüyündə qanun pozuntusudur. Belə ki, onun vəzifə səlahiyyətləri müddətli xarakter daşımır. Həmçinin cavabdeh tərəfindən ayrı seçkiliyə yol verilmişdir. Belə ki, köhnə işçilərin əksəriyyəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq daha sonra müddətin bitməsi ilə bağlı müqavilələrə xitam verilmişdir. Bu halı onun yeni iş yerində faktiki olaraq cəmi 15-20 gün işlədikdən sonra əmək müqaviləsinə xitam verilməsi bir daha təsdiq edir. İşdən azad olunduqdan sonra işəgötürən ona başqa iş təklif etməmişdir. Ona görə də 30.06.2020-ci il tarixli əmrin ləğv edilməsinə, onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməsinə, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Observatoriya Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi deyil, yeni yaradılan publik hüquqi şəxsdir. ETTM ləğv edilmişdir. Ləğv edilmiş ETTM-nin əvvəlki işçilərini işlə təmin etmək yeni yaradılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin öhdəliyi, vəzifəsi deyildir. Cavabdeh iddiaçını təcrübəsindən faydalanmaq üçün işə götürmüş, lakin iddiaçının proqramlarla işləmək bacarığı olmadığı üçün onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Əmək müqaviləsi bağlanarkən müqavilənin 3 aylıq müddətə bağlanması barədə iddiaçının məlumatı olmuşdur. Həmin vaxt iddiaçının bununla bağlı hər hansı etirazı olmamışdır. Əmək müqaviləsinin ləğvi barədə bildiriş iddiaçıya verilmişdir. İddiaçıya qarşı hər hansı ayrıseçkiliyə yol verilməmişdir. Belə ki, 29 nəfər köhnə işçidən yalnız 12 nəfəri ilə bağlanan müddətli əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X3 izahatında göstərmişdir ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında 30.03.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanarkən, daha sonra işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi 30.06.2020-ci il tarixli **********8 saylı əmri ilə İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verərkən İddiaçı qanunla qorunan əmək hüquqularını pozmuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlandığı hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində dəqiq müəyyən edilmiş və bu hallar tərəflər arasında bağlanan əmək müqaviləsinə şamil edilə bilməz. Ona görə də iddia ərizəsinin tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış 30.03.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən işçi 30.03.2020-ci il tarixdə işə başlayır. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür; 3.2. kadrlar üzrə cari prespektiv planları işləyib hazırlayır. Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təklifinə dair təkliflər hazırlayır. Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir. Kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir. Struktur rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirir. Əmək müqaviləsinin 4.12-ci bəndindən müəyyən olunur ki, işçinin iş dövrü 30.03.2020-30.03.2021-ci ili əhatə edir. Əmək müqaviləsinin 4.13-cü bəndindən müəyyən olunur ki, .... işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür. Əmək müqaviləsinin bağlanması ilə bağlı 31.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, İddiaçı 30.03.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən 30.06.2020-ci il tarixədək aylıq əmək haqqı 1200 manat olmaqla Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarə edilməsi şöbəsinə əsas iş yeri üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin 30.06.2020-ci il tarixli **********8 saylı əmrindən müəyyən olunur ki, İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı 30.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 01.07.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, işçi İddiaçı ilə 30.03.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 30.06.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qəbul etdiyi əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi daşıyan işəgötürənin nümayəndəsi tərəflər arasında qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsinin bağlamasını bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan tərəflər arasında bağlanan əmək müqaviləsində hansı səbəbdən müqavilənin müddətli bağlamasına dair hər hansı bir şərt göstərilməmişdir. Əksinə əmək müqaviləsindən müəyyən olunur ki, işçinin əmək funksiyalarına müəyyən müddətə deyil, icrası müddətsiz xarakter daşıyan işələr daxildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasına yol verilir. Lakin tərəflər arasında bağlanan əmək müqaviləsindən bu prinsipə əməl edilməsi, yəni uzun müddət müddətsiz əmək müqaviləsinə əsasən işləyən işiçinin işlədiyi müəssisə ləğv edildikdən sonra hansı səbəbdən daimi xarakter daşıyan işlərə görə müddətli əmək müqaviləsi bağlamağa razı olması bu müqavilədən müəyyən olunmur. Daha sonra cavabdehin nümayəndəsi iddiaçı ilə bağlanan əmək müqaviləsinin müddətinin işəgötürən tərəfindən uzadılmamasının səbəbinin işçiyə tapşırılan işin öhdəsindən gəlməməsi ilə izah etsə də, bu halı da sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya nə vaxt, hansı tapşırığın verilməsi, bu tapşırığın sonuncu tərəfindən icra edilməməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, 2020-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin təbiq olunmasına başlanılması nəzərə alındıqda işəgötürənin işçinin öz əmək funksiyalarını yerinə yetirə bilməsini müəyyən etməsi üçün şərait, vaxt mövcud olmamışdır. Bundan başqa tərəflər arasında bağlanan əmək müqaviləsinin şərtinə əsasən işəgötürən işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürdüyü halda bu əsasla işiçi ilə bağlanan əmək müqaviləsinə xitam verə bilməzdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işəgötürən əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, daha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yolvermişdir. Ona görə də məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilənin müddətsiz hesab edilməklə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi tələbini əsaslı hesab edib təmin edir. Belə ki, ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. (ƏM-nin 16-cı mad) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddi hüquq normasının tələbinə əsasən məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqqı tələbini də əsaslı hesab edib təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin 30.06.2020-ci il tarixli **********8 saylı əmri ləğv edilsin. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış 30.03.2020-ci il tarixli əmək müqaviləsi müddətli bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar