Məhkəmə qərarları › İş №2(001)-1742/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1742/2022

07.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1742/2022 07.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu İddiaçı cavabdeh “X1 Xidməti” MMC-yə qarşı “barışıq sazişinin şərtlərini təsdiq edərək, əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “X1 Xidməti” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Barışıq sazişinin şərtlərini təsdiq edərək, cavabdeh “X1 Xidməti” MMC-nin əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvinə dair xx.xx.2021-ci il tarixli, 182/K saylı əmrin ləğv edilməsi və əmək kitabçasında düzəlişin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrasının təmin olunması məqsədi ilə onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ həmin saziş könüllü qaydada icra edilmədikdə və ya sazişin könüllü icrasından imtina olunduqda yaranır. Lakin hazırki iddiadan da göründüyü kimi, cavabdeh barışıq sazişini könüllü qaydada icra etməyə razıdır və onun könüllü icrasından imtina etmir. Əksinə saziş imzalandıqdan sonra aparılmış qeydə düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edilmişdir. Lakin həmin qurum qeyd edilən düzəlişin yalnız məhkəmə aktı əsasında edilməsinin mümkün olduğunu bildirərək, düzəlişin edilməsindən imtina etmişdir. Halbuki, belə bir barışıq sazişinin olması yuxarıda göstərilən qurum tərəfindən elektron sistemdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasına düzəlişin edilməsi üçün əsasdır və bunun üçün əlavə olaraq hər hansı məhkəmə aktınının qəbul edilməsinə zərurət yoxdur. Göstərilənlər öz növbəsində hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Beləliklə hesab edirəm ki, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya barışıq sazişinin icra edilməsindən imtina edən orqanın hərəkətlərinin mübahisələndirməsi üçün Bakı İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “X1 Xidməti” MMC-yə qarşı “barışıq sazişinin şərtlərini təsdiq edərək, əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı barışıq sazişinin icra edilməsindən imtina edən orqanın hərəkətlərinin mübahisələndirməsi üçün Bakı İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar